2014-cü ilə
qədər turizmdə nəyi dəyişəcəyik?
Otellər artır, xidmət necə?
“Turizm ili” çərçivəsində
ötən gün Bakıda daha bir mehmanxana kompleksinin
açılışı reallaşdı. “Hilton” otellər
şəbəkəsinə aid bu otel də daxil olmaqla, təkcə
paytaxtda bu il və gələn il beşulduzlu 6 otel fəaliyyətə
başlayacaq. Amma otel tikintisi hələ turizm sahəsinin
inkişafından xəbər vermir. Burada mühüm məsələlərdən
biri də orada qurulan xidmətlərdir.
Xidmət
sahəsinin vacibliyini açılışda iştirak edən
ölkə başçısı da xatırladıb: ”Mən
otelin yaradılmasında əməyi olan bütün insanlara
minnətdarlığımı bildirmək istəyirəm.
İlk növbədə investorlara minnətdaram ki, onlar
ölkəmizin gələcəyinə inanıb Bakıya
çox böyük həə investisiyalar qoymuşlar.
“Hilton” otellər şəbəkəsinin rəhbərliyinə
minnətdaram ki, onlar qərar qəbul ediblər ki, Bakıda
otel açsınlar. Bu binanın tikintisində iştirak
etmiş bütün inşaatçılara minnətdaram.
Burada işləyən əməkdaşlara sözüm ondan
ibarətdir ki, siz yaxşı bilirsiniz, ən gözəl otel
odur ki, orada gözəl xidmət göstərilir. Xarici
gözəllik, daxili dizayn, tərtibat – bütün lazımi
məsələlər təbii ki, vacibdir. Ancaq xidmətdən
çox şey asılıdır. Mən şübhə
etmirəm ki, burada çox gözəl xidmət göstəriləcəkdir”.
Turizm
sahəsində xidmət deyincə isə ağıla ilk gələn
ofisiantlar olur. Hərçənd, turizmin xidmət sferasında
çalışanlar yalnız ofisiantlarla
məhdudlaşmasa da, onları
adıçəkilən sahənin əsas simaları
sırasına daxil etmək olar. Çünki məhz
onlar müştərilərlə birbaşa təmasda daha çox olan xidmətçilərdir.
Belə bir deyim var: “Yaxşı ofisiant
müştərilərin sifarişlərini gecikdirmədən
yerinə yetirir, əla ofisiant
isə onların istəklərini qabaqcadan
duyur”.
Ümumiyyətlə,
mütəxəssislər hesab edirlər ki, müştəri
və xidmət personalı arasında münasibətlər
“ev sahibi və qonaq” qismində qurulmalıdır. Bu prinsipin əsasında
qarşılıqlı olaraq şəxsiyyətə
hörmət məsələsi öndə gəlir. Hətta
deyirlər ki, xüsusi
hazırlıqdan keçməsi vacib olan ofisiantlar özündə
aktyor, diplomat, həkim,
psixoloq, tacir və sosioloq kimi peşə
bacarıqlarını da
daşımalıdır. Məhz bunları əsas
götürərək, beynəlxalq təcrübədə bu gün öz
kadrlarını xüsusi psixoloji
treninqlərdən keçirən otel, restoranlar da az deyil. Ofisiantdan
tələb olunan başqa
məsələ onun ən azı iki dil bilməsidir. Bu kimi bacarıqlara yiyələnən
və gün ərzində ən müxtəlif
insanları qarşılayıb-yola salan ofisiantlar öz
bacarıqları ilə karyera pillələrində
də rahatlıqla irəliləyə bilərlər. Məsələn,
restoran biznesində ofisiant,
daha sonra barmen, daha sonra
isə restoranın baş ofisiantı kimi yüksəlişlərə çatmaq mümkündür.
Ofisiantın yaxşı yaddaşı olmalı, müştərinin
suallarına qısa, dəqiq, aydın, nəzakətli cavablar verməli, eyni zamanda, verilən sifarişləri zamanında
təqdim etməyi bacarmalıdır. “Müştəri ilə
ofisiantın saatları fərqli işləyir” ifadəsi təsadüfi
formalaşmayıb. Müştəri ofisiantın ləng olduğunu, ofisiant isə onun üçün
saatın sürətli keçdiyini düşünür.
Ümumiyyətlə,
otel, restoran, mehmanxana kompleksinin imkanları ilə müştərilərin
artan tələblərinin uyğunlaşdırılması
xidmət sahəsində uğura aparan açardır. Ona görə
də xidmət sektorunun daim
mükəmməlləşdirilməsi, gələn
qonaqların razı salınması üçün
bütün şəraitin
yaradılması və s. kimi
amillər daim diqqətində mərkəzində
olmalıdır. Ümumilikdə bu gün turizm sektorunun canlandırılması üçün kifayət qədər həllini
gözləyən problemlər qalmaqdadır. Gözlənilən
məqsədlərə çatmaq üçün isə ilk
növbədə nəzərdə tutulan
tədbirlər reallaşdırılmalıdır.
Bütün
bu istiqamətlər “Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı”nda əksini tapıb ki, burada da turizm
infrastrukturunun beynəlxalq tələblər səviyyəsində
qurulması, turizm haqqında qanunvericiliyin təkmilləşdirilməsi
əsas yer tutur. Proqramın həyata
keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, turizm və rekreasiya
zonalarının müəyyən edilməsi, bu
zonalarda müxtəlif növlər
üzrə turizm fəaliyyətinin təşkilinə
dair normativ hüquqi bazanın təkmilləşdirilməsi
nəzərdə tutulub. 2011-ci ildə də
davam etdirilməsi nəzərdə tutulan bu işin
icrası Nazirlər Kabineti, Ədliyyə,
Mədəniyyət və Turizm nazirliklərinə
həvalə olunub. Proqram
çərçivəsində əsas işlərdən biri də tarix və mədəniyyət
abidələrinin, qədim arxitekturaya malik binaların turizm məqsədləri
üçün istifadəsinə dair təkliflərin hazırlanmasıdır.
Bu təkliflərin
verilməsi Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Nazirlər
Kabineti yanında “İçəri şəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu
İdarəsi və yerli icra
hakimiyyəti orqanlarının üzərinə
düşüb. 2012-ci ilə qədər
sağlamlıq imkanları məhdud şəxslərin, əlillərin,
aztəminatlı əhalinin, uşaq və
tələbələrin sosial turizmdən
istifadəsinin təmin edilməsi ilə bağlı təkliflər
də nəzərdə tutulur. Bu təkliflərin hazırlanmasına isə
Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası cəlb ediləcək. Milli
parklarda, ekoloji turizm üçün
yararlı olan digər ərazilərdə
ekoturizm fəaliyyətinin təşkili, ərazi
turizm inkişaf
planlarının hazırlanması da nəzərdə
tutulub. Mədəniyyət və Turizm, Ekologiya və Təbii
Sərvətlər nazirliklərinə həvalə olunmuş bu iş 2014-cü ilə qədər davam edəcək.
Proqramda
kadr təminatı da öz əksini tapıb. Belə ki, turizm
sahəsinə aid olan
işçilərin Vahid Tarif Sorğu
Kitabçası təsdiqlənməsi, Turizm
İnstitutunun nəzdində turizm üzrə milli təlim
mərkəzinin yaradılması, turizm
üzrə mütəxəssis hazırlayan ali,
orta ixtisas və
texniki-peşə təhsilli müəssisələrində müvafiq tədris proqramların təkmilləşdirilməsi
planlaşdırılır. Turizm obyektlərində sanitariya və
gigiyena tədris proqramı həyata
keçiriləcək, turizm sahəsində
təhsillə bağlı yeni vasitələrin
araşdırılacaq və beynəlxalq təcrübə nəzərə
alınmaqla onların tətbiqi barədə təkliflər
hazırlanacaq. Turizm sektorunda
statistika və tədqiqatlar da aparılmalıdır. Bunun
üçün ilk növbədə
turizm sahəsi üzrə statistik
məlumatların toplanılması sistemi
və metodologiyası beynəlxalq təcrübəyə
uyğunlaşdırılaraq təkmilləşdirilməsi nəzərdə
tutulub.
Dövlət Statistika Komitəsi ilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq ölkə üzrə turizm fəaliyyətinə dair illik statistik toplu hazırlanacaq. Bu qurumlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Miqrasiya Xidməti 2014-cü ilə qədər ölkəyə gələn və ölkədən gedən turistlərin sayı, məqsədləri və xərcləri barədə statistik məlumatları toplayacaq. Proqramın digər istiqaməti tanıtma və marketinqlə bağlıdır. Belə ki, xarici turistlər üçün milli mətbəx, incəsənət, sənətkarlıq və Azərbaycanın tarixi-mədəni abidələri haqqında məlumat toplusunun yaradılması və təbliği nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Kaspi.- 2011.- 5 oktyabr.- S.11.