Azərbaycanın
müstəqilliyi 20 il: “QHT-lər 20 illik fəaliyyətləri ilə bağlı
alnı açıq, üzü ağ danışa bilərlər”
QHT-lərə Dövlət Dəstəyi
Şurasının katibliyinin icraçı direktoru Fərasət
Qurbanov gələcəklə bağlı nikbin
danışdı
Oktyabrın
18-də Azərbaycanın yenidən müstəqilliyə
qovuşmasının 20 illik yubileyi qeyd olunacaq. Müstəqillik
tarixi üçün 20 il o qədər də böyük
müddət olmasa da, bu illər ərzində çox
böyük işlər görülüb. Həyatımızın
bütün sahələrində nəzərəçarpacaq
dəyişikliklər müşahidə olunmağa başlayıb.
Müstəqillik illərində Azərbaycanın QHT sektoru da
böyük inkişaf yolu keçib. Rubrikamızın
bugünkü qonağı QHT-lərə Dövlət Dəstəyi
Şurasının katibliyinin icraçı direktoru Fərasət
Qurbanovla söhbətimizdə vətəndaş cəmiyyəti
sektorunun müstəqillik illərində keçdiyi yola nəzər
salmağa çalışdıq.
- Fərasət müəllim, 20
illik müstəqillik tariximizdə Azərbaycan QHT-lərinin
keçdikləri yolu necə qiymətləndirərdiniz?
- 20
il QHT sektorunun inkişafı üçün Çox da
böyük müddət olmasa da, bizim vətəndaş cəmiyyəti
institutları bu müddət ərzində çox
böyük bir yol qət ediblər. Mən 1995-96-cı
illərdə QHT sektorunun vəziyyətini,
ictimaiyyətin bu sektora
münasibətini yaxşı xatırlayıram. Ümumiyyətlə,
həmin dövrlərdə QHT fəaliyyətinə
münasibət birmənalı deyildi. Bəzi
hallarda QHT-lərin mövcudluğu
düzgün başa düşülmürdü. Bu
yanaşma istər ayrı-ayrı dövlət
məmurları tərəfindən, istərsə də
ayrı-ayıra vətəndaşlar tərəfindən nümayiş etdirilirdi. Bəzən
QHT-ləri antihökumət təşkilatları kimi qələmə verirdilər. Amma zaman keçdi və biz bu problemi
həll edə bildik. Çoxsaylı təbliğat
işləri, QHT-lərin həyata keçirdikləri nəzərə
çarpan layihələr Azərbaycanda
QHT işinin düzgün
anlaşılmasına şərait yaratdı. Sonrakı illərdə
ölkədə QHT sektorunun
inkişafı üçün dövlət
tərəfindən çox münbit şərait yaradıldı. Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə QHT-lərlə bağlı
qanunvericilik bazası daha
da təkmilləşdirildi. QHT-lər və
ictimai təşkilatlar haqqında qanunlar qəbul olundu.
Ayrı-ayrı dövlət komissiyalarında QHT nümayəndələri
təmsil olunmağa başladı. Ölkə
prezidentinin iştirakı ilə təşkil
olunan beynəlxalq tədbirlərdə
QHT-lərin təmsilçiliyinə şərait
yaradıldı. Bütün bunlar ictimaiyyətə bir
mesaj oldu. Bundan sonrakı dövr
QHT-lərin sürətli inkişafı ilə müşahidə
olundu. Vətəndaş cəmiyyəti
institutları yavaş-yavaş paytaxt Bakıdan regionlara
yönəlməyə başladı. Ayrı-ayrı rayonlarda QHT-lər tərəfindən təqdir
qazanan layihələr həyata keçirildi. 20 illik
müstəqillik tariximizdə QHT sektoru üçün ən mühüm
hadisələrdən biri də 1999-cu ildə
Milli QHT Forumunun təsis edilməsi oldu.
95 təşkilatın təsisçiliyi ilə yaradılan forum çox qısa bir zamanda 450-dən
artıq təşkilatı öz ətrafında
birləşdirməyi bacardı. Bu qurumda yönümündən, əqidəsindən
asılı olmayaraq bütün
QHT-lər birləşdilər. Forum
QHT-ləri milli dövlətçiliyin
möhkəmləndirilməsi prosesinə yönəltməyi
bacardı. QHT-lərimiz ən çətin anlarda
belə dövlətin, xalqın yanında oldular.
Onu da qeyd edim ki, 90-cı illərin sonlarında QHT təmsilçiləri çox ağır şəraitdə işləyirdilər. Ciddi maliyyə problemləri var idi. Amma forumun təmsilçiləri olaraq biz respublikanın bütün şəhər və rayonlarını gəzərək QHT işini təşviq edirdik. Biz QHT qanunvericilinin təkmilləşdirilməsi üçün də çalışırdıq. Bununla bağlı müxtəlif maraqlı tərəflərlə müzakirələr aparılırdı. Ümumilikdə 20 il ərzində keçdiyimiz yola nəzər yetirdikdə qısa müddət ərzində fantastik inkişafa nail olduğumuzu vurğulamalıyam. Şəxsən mən bütün bunların canlı şahidi olmuşum. Bu gün QHT-lər müstəqillik illərindəki 20 illik fəaliyyətləri ilə bağlı alnı açıq, üzü ağ danışa bilərlər. QHT-lərin bu illərdəki fəaliyyəti fədakarlığın, dözümlülüyün ən gözəl nümunəsi kimi qiymətləndirilə bilər.
- QHT-lərin bu fədakarlıqlarına
misal olaraq nələri göstərə bilərsiniz?
- Mən
ilk növbədə QHT-lərimizin qaçqın və məcburi
köçkünlərin həyatında oynadığı
rolu vurğulayardım. Bütün
müstəqillik illəri boyu
qaçqın və məcburi köçkünlərin
ehtiyaclarının təmin edilməsində QHT-lər həmişə
dövlətin əsas yardımçılarından olublar. Həm qaçqınların həyat
şəraitinin yaxşılaşdırılmasında, həm
dava-dərmanla təmin olunmasında vətəndaş cəmiyyəti
institutlarının xüsusi rolu olub. O ağır illərdə
məcburi köçkünlər arasında ağır yolxucu xəstəliklərin
yayılmasının qarşısının alınması üçün QHT-lər çox
böyük fədakarlıqlar nümayiş etdiriblər. QHT işinin
özəlliyi və gözəlliyi də ondadır ki, bu sektorun
təmsilçiləri təmənnasız fəaliyyət
göstərirlər. Onlar könüllü
şəkildə özlərini problemlərin həlli üçün fəda edirlər.
- QHT-lərin dövlət büdcəsindən
maliyyələşdirilməsinə başlaması vətəndaş
cəmiyyətinin inkişafında hansı rolu oynadı?
- Təbii ki, bu, QHT-lərimizin inkişaf tarixində yeni bir mərhələ oldu. Bilirsiniz ki, dövlətin vətəndaş cəmiyyəti institutlarına dəstəyi nəzərdə tutan Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu. 2007-ci ilin dekabrında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Növbəti ildən dövlət bu şura vasitəsi ilə vətəndaş cəmiyyəti institutlarına dəstək verməyə başladı.
- Müstəqilliyin ilk illərində
QHT-lərin çox ciddi donor problemləri var idi. Bu problem necə həll edilirdi?
- Bəli, o illərdə
donor tapmaq çox çətin idi. QHT-lərin əksəriyyəti
bu problemi həll edə bilmirdi. Yalnız bəzi QHT-lər
xarici donorlardan qrantlar ala bilirdilər.
Digər
QHT-lər isə öz məhdud imkanları çərçivəsində
fəaliyyətlərini davam
etdirirdilər. Bu QHT-lər
bütün imkanlarını
səfərbər edib
ölkədə milli-mənəvi
dəyərlərin qorunması,
gənclərimizin milli
ruhda böyüməsi,
ailə institutunun gücləndirilməsi
üçün iş
aparırdılar. QHT-lər maliyyə imkanlarının məhdudluğuna
baxmayaraq, çox böyük uğurlara da imza atmışdılar.
- 20 illik inkişafın sonunda QHT-lərimizin əsas problemləri nədən ibarətdir?
- QHT sektorunda problemlər həmişə olur. Hesab edirəm ki, bu problemlərin həlli üçün inkişafın növbəti
mərhələsində daha
yaxşı imkanlar olacaq. Ölkə iqtisadiyyatının inkişafı ilə əlaqədar bütün
sahələrdə müasir
infrastruktur qurulur.
Bu baxımdan QHT infrastrukturunun da müasir tələblər
səviyyəsində qurulacağına
şübhə etmirəm.
Bu gün QHT-lərin
əsas problemi kimi mən onların
normal fəaliyyətinə şərait yaradan bir binanın olmamasını qeyd edərdim. Dəfələrlə QHT-lərin ayrı-ayrı
tədbirlərində müzakirə
olunan məsələlərdən
biri də ölkədə ayrıca
bir QHT evinin yaradılması məsələsi
olub. Hələ
ki, biz buna nail ola bilməmişik.
Əgər QHT evi olarsa,
burada fəaliyyətdə
olan QHT-lərə yerlər təklif etmək olar. Bununla da onların hüquqi ünvan problemi aradan qalxar. Məsələ burasındadır ki, bu gün
əksər QHT-lər
təsisçilərdən birinin mənzillərində
fəaliyyət göstərirlər.
Bu da onlar
üçün əlavə
problemlər deməkdir.
Bundan əlavə mən, milli donor institutunun olmamasını da problem kimi vurğulayardım.
Bilirsiniz
ki, dövlətin QHT-lərə verdiyi dəstək onların tələbatlarını tam ödəmir.
Bu baxımdan özəl sektorun QHT-lərə dəstəyinə
ehtiyac var. Belə olarsa, bu, dövlətin
də işini yüngülləşdirər, yükünü azaldar.
Əslində artıq bu problemin həlli üçün də gözəl imkanlar yaranıb. Bizim transmilli şirkətlərimiz
inkişaf etməkdədirlər.
Onlar koorporativ sosial məsuliyyət proqramları
çərçivəsində QHT-lərə müəyyən
dəstək verə bilərlər. Yəni
onların sosial sahə ilə bağlı planlarının
reallaşdırılmasında vətəndaş cəmiyyəti
institutlarının xüsusi
rolu ola
bilər. Hazırda
QHT-lərə Dövlət
Dəstəyi Şurası
bununla bağlı müxtəlif qanun layihələri üzərində
çalışır. Bu qanun layihələri gələcəkdə qeyd
etdiyim istiqamətdə
işlərin həyata
keçirilməsinə şərait
yaradacaq. Milli donor institutunun
formalaşdırılması QHT-lərin maliyyə probleminin aradan qaldırılmasında xüsusi
rol oynaya bilər.
- Bəs
QHT-lərin peşəkarlıq
səviyyəsi necə,
qaneedicidirmi?
- Peşəkarlıq səviyyəsinin
müəyyənləşdirilməsi bir qədər mübahisəli məsələdir.
Bu gün sektorda həm peşəkar, həm yeni yaranmış,
həm də fəaliyyəti zəif olan QHT-lər var. Bu baxımdan biz QHT məktəbinin
yaradılması ideyasını
gündəmə gətirmişik.
Belə bir məktəbin olması QHT təmsilçilərinin
maariflənməsinə, təşkilatların
qanunlara uyğun və müasir tələblər əsasında
idarə olunmasında
xüsusi rol oynaya bilər. Bilirsiniz ki, bizdə həm Bakıda, həm də regionlarda QHT-lərin təlim və resurs mərkəzləri fəaliyyət göstərməkdədirlər.
Onların fəaliyyətini gücləndirməklə QHT-lərin
peşəkarlığının artırılmasına təkan
vermiş olarıq.
- 20 illik müstəqillik tariximizin
yekunu olaraq Azərbaycanda mükəmməl
vətəndaş cəmiyyəti
institutunun formalaşdığını
iddia edə bilərikmi?
- MDB ölkələri ilə müqayisə etsək, Azərbaycanda QHT sektoru xeyli inkişaf etmiş hesab oluna bilər. Hər halda, Azərbaycan yeganə dövlətdir ki, öz QHT-lərinə maliyyə yardımı ayırır.
Mən bunu 20 illik müstəqillik
tariximizin ən böyük nailiyyəti kimi qiymətləndirərdim.
Bizim dövlətin bu siyasəti beynəlxalq təşkilatlar tərəfindən
də dəstəklənir.
Bəzi ölkələr bizim təcrübəmizdən nümunə
kimi istifadə etmək fikrindədirlər.
Daha mükəmməl QHT sektorunun
yaradılmasına gəldikdə
isə hələ qarşımızda bir sıra vəzifələr
durur. Biz ötən
20 il ərzində
ümumilikdə götürdükdə
güclü bir QHT sektoru formalaşdıra bilmişik. Növbəti mərhələdə isə bu sektoru
daha da inkişaf
etdirməli və beynəlxalq səviyyəyə
çatdırmalıyıq.
- Fərasət bəy, növbəti illər üçün
QHT sektoru ilə bağlı proqnozlarınız
necədir?
- Təbii ki, proqnozlarım çox müsbətdir. Heç kimə sirr
deyil ki, Azərbaycan iqtisadiyyatı
sürətlə inkişaf
etməkdədir. Bu inkişafdan QHT sektorunun da faydalanacağına heç bir şübhəm yoxdur.
Mən əminəm ki, çox möhkəm təməl üzərində
qurulan QHT sektorumuz növbəti illər ərzində də daha böyük uğurlara imza atacaq. Sirr deyil ki, bu gün dövlətimiz
QHT-lərə çox
böyük dəstək
verir. Vətəndaş cəmiyyəti institutlarına
konsultativ, təşkilati,
texniki, metodiki informasiya dəstəyi verilir. Bütün bunlar QHT sektorunun
müasir tələblər
səviyyəsində inkişafını
təmin edən cəhətlər kimi qiymətləndirilməlidir. Mən əminəm ki, QHT-lər onlara yaradılmış bu şəraiti düzgün
qiymətləndirərək gələcəkdə də
dövlətçiliyimizin möhkəmləndirilməsi üçün
əllərindən gələn
bütün köməklikləri
göstərəcəklər.
İlham QULİYEV
Kaspi.-2011.- 6 oktyabr.- S.6.