“Balalarımızı əlimizdən alırlar” 

 

Tahir Kərimli əxlaqsızlığa qarşı mübarizə məqsədilə Əxlaq Polisinin yaradılmasını təklif edir

 

Qəzetimizin ötən saylarında cəmiyyətdə əxlaq mövzusu ilə bağlı açılan müzakirələr ictimai diqqət kəsb edib. Redaksiyamıza çoxsaylı telefon zəngləri gəlməkdədir. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslər bu mövzunu gündəmə gətirdiyimizə görə, bizə təşəkkürlərini bildirirlər. Vəhdət Partiyasının sədri Tahir Kərimli də mövzu ilə bağlı fikirlərini bölüşmək istədiyini bildirdi. Biz də onun arzusunu nəzərə alaraq bu mövzudakı növbəti müsahibəni onunla etdik.

 

Bizim milli xarakterimiz və özgələşmə

 

- Tahir bəy, belə görünür ki, cəmiyyətdə əxlaq məsələsi ilə bağlı sizin də deyəcəkləriniz var.

- Siz çox aktual bir mövzuya toxunmusunuz. Cəmiyyətimizin bütün təbəqələrinin təmsilçiləri bu mövzuya reaksiya verməli, öz fikirlərini bildirməlidirlər. Əxlaqdan danışarkən ilk növbədə onun nə olduğunu müəyyənləşdirməliyik. Mənim fikrimcə, əxlaq hər şeydən əvvəl insanlar, cəmiyyətin kəsimləri arasında münasibətlərdən irəli gələn vəzifələr haqqında elmdir. Əxlaq bu münasibətlərin xarakterini müəyyən edir. Təsəvvür edin ki, Məhəmməd peyğəmbərdən soruşublar ki, səndən əvvəlki peyğəmbərlərin hər birinə Allah tərəfindən bir möcüzə verilib. Biri ölü dirildib, digəri başqa üstünlüyə malik olub. Bəs sənin möcüzən nədir? Peyğəmbərimiz buyurub ki, «Mən bu dünyaya əxlaqı tamamlamaq üçün göndərildim». Çoxlarının dinsiz hesab etdiyi Mirzə Fətəli Axundov da deyirdi ki, «dinin əsas vəzifəsi ilk növbədə əxlaqdır». Göründüyü kimi, əxlaqa münasibət həmişə yüksək olub. Vaxtilə mən Azərbaycan Ali Sovetinin deputatı seçiləndə ölkədə əxlaq polisinin yaradılması təşəbbüsü ilə çıxış etmişdim. Amma təəssüf ki, bu təklifimi keçirə bilmədim. Mən hələ o vaxt görürdüm ki, cəmiyyətimizdə əxlaq deqradasiya olunur. Əxlaq elə bir prosesdir ki, o, daim eroziyaya məruz qalır. İndi elə vəziyyət yaranıb ki, bizdə cəmiyyət daxili əxlaq xarici dövlətlərin təsiri altında formalaşır. Biz Şərqdən İslam əxlaqını, Qərbdən isə xristian əxlaqını, postmoderist əxlaqı götürməyə meylliyik. Qloballaşmanın da təsirinə məruz qalırıq. Bizim özümüzün elə bir əxlaq sistemimiz də yoxdur ki, xaricdən gələn bu axınların qarşısında duruş gətirək. Bizim milli xarakterimizdə də özgələşməyə bir meyil var. Bəzən hallarda biz özümüzünkünə nifrət edir, özgələrininkinə pərəstiş edirik. Adicə reklamlarımıza diqqət yetirsək, bunu bütün çılpaqlığı ilə görə bilərik. Bəzən biz ərəbə, farsa, ingilisə oxşayırıq, amma özümüzə yox. Buna görə də bu gün dövlətimizin əsas vəzifəsi ölkədə mükəmməl bir əxlaq sistemi yaratmaq olmalıdır. 

 

Əxlaqsızlığın qarşısını almalıyıq

 

- Bəzən əxlaq məsələlərinin müzakirəsi fikir ayrılıqları yaradır.

- Bəli, bu tamamilə təbiidir. Ola bilər ki, nə isə gözəldir və mənim ondan xoşum gəlir. Bu, təbii ki, estetikaya söykənir. Xüsusilə də gənclər arasında bunun qarşısını almaq mümkün deyil. Amma bunun sərhədlərini müəyyən etmək üçün mütləq etikaya güvənmək lazımdır. Müəyyən etmək lazımdır ki, estetik görünən həm də etikdirmi? Adətən, etika ictimai xarakterli olsa da, estetik bir davranış etikaya uyğun gəlsə də, bəyənilməyə bilər. Bu mərhələdə dövriyyəyə adətlər girir. Hər hansı bir davranış estetik cəhətdən gözəl, etikaya uyğundursa da, adətlərimizə ziddirsə, bundan qaçmaq lazımdır. Belə hallarda mütləq çərçivə olmalıdır. Təəssüf ki, Avropa Şurasına üzvlük ərəfəsində bizim Cinayət Məcəlləsindən 113-cü maddəni çıxardılar və eynicinslilərin ailə qurmasına icazə verdilər. Bu məni çox yandırdı.

- Bəzən cəmiyyətdə əxlaqsızlığın artması ilə bağlı da həyəcan təbili çalınır. Bu narahatçılığı bölüşürsünüzmü?

- Əlbəttə ki, bölüşürəm. Biz bütün imkanlarımızdan istifadə edib əxlaqsızlığın qarşısını almalıyıq. Müdriklərdən biri deyib ki, qanunları kişilər ixtira edir, əxlaqı isə qadınlar. Ona görə mən bu əxlaq məsələsində daha çox qadınların üzərində dayanıram. Nəinki Şərq cəmiyyətində, elə Qərbdə də qadınlar əxlaqın dəyəri hesab olunur. Amma təəssüf ki, bu gün Romeo və Cülyettalar, Leyli və Məcnunlar pərəstiş mənbəyi deyil. Bu gün pərəstiş mənbəyi əxlaqsız madonnalar, ledi qaqalardır. Azərbaycanda da onları yamsılayanlar var. Bir dəfə səslərini eşitmədiyimiz adlarını müğənni qoyanlar mahnılarından qabaq çılpaq şəkillərini yayırlar. Bu azmış kimi, çıxıb televiziyalardan insanlara əxlaq dərsi keçirlər. Baxırsan, özü boşanıb, amma ideal ailə münasibətlərindən danışır, camaata məsləhət verir. Televiziyalar, internet işğal olunub. Bununla biz insanlığın evini yıxırıq. Bütün bunlar xalqımızın mənəviyyatını eroziyaya uğradır. Diqqət etsək, görərik ki, Azərbaycan xalqı sanki 15 il əvvəlki kimi xalq deyil. Xristian, Qərb adətləri hətta toylarımıza da daxil olub. Nə qədər çalışsaq da, bundan qurtula bilmirik.

 

Əvvəllər əxlaqsızlıq ancaq mehmanxanalarda idi. İndi isə…

 

- Tahir müəllim, sizin narahatçılığınız başa düşüləndir. Amma məsələ burasındadır ki, dünyaya qapanmaq da mümkün deyil axı? Yəqin razılaşarsınız ki, dünyadan təcrid olmaq, internetə çıxışı bağlamaq da düzgün çıxış yolu deyil. Sizcə, çıxış yolu nədədir?

- Mən bir müddət Amerikada olmuşam. Orada olanda gördüm ki, televiziyaların yanında xüsusi pultlar qoyulub. O zaman qiyməti 8 dollar idi. Soruşdum ki, bu nəyə xidmət edir. Dedilər ki, televiziyaların uşaqlara təsirini tənzimləmək üçün valideynlər tərəfindən istifadə olunur. Yəni, Amerikada belə uşaqların əxlaqının bu cür qayğısına qalırlar. Vaxtilə Şotlandiyada rast gəldiyim bir mənzərə də uzun illərdir yaddaşımdan silinmir. Orada qızlar uzun ətəkli paltara və hörüyə üstünlük verirlər. Dövlət milli adət-ənənələrinin qorunmasına xüsusi diqqət yetirir. Mən düşünürəm ki, bizim dövlətimiz də artıq bu proseslərə əl qoymalıdır. Dövlətin adətlərin qorunması ilə bağlı sanksiya hüququ olmalıdır. Hər şey qanunlarda əksini tapmalı və onlara əməl olunmalıdır. Əxlaq polisi və mənəviyyat komissiyası yaradılmalıdır. Əvvəllər əxlaqsızlıq ancaq mehmanxanalarda idi. İndi isə adi bir hala çevrilib. Bəzən övladlarımız da bizə qulaq asmaq istəmirlər. Hətta mən deyərdim ki, gözləyirlər ki, bizim kimi qocalar nə vaxt öləcəklər ki, tənələrindən yaxa qurtarsınlar.  Bizim nəsillə gənc nəsil arasında çox böyük fərqlər var. Məsələn, mən ömrümdə qumar oynamamışam, hətta çimərliyə belə getməmişəm ki, orada başqa qadınları görməyim. Rəqs etməmişik ki, başqa qadınların əlinə əlimiz dəyməsin. Amma bu gün məlum olur ki, bütün bunları etməməklə uduzmuşuq. Televiziyalarda qumar oynanılır, əxlaqsız səhnələr nümayiş olunur. Bu yolla balalarımızı əlimizdən alırlar. Amma bunun tərsi olmalıdır. Televiziyalar və digər Kütləvi İnformasiya Vasitələri qanuna əsaslanan sanksiyalarla işləyib cəmiyyət əxlaqının qorunmasına töhfə verməlidirlər. Bunların hamısına əxlaq polisi nəzarət etməlidir. Düşünürəm ki, bizdə internetə də nəzarət olmalıdır.

- Bəzən bu problemlərin kökünü cəmiyyətin dindən uzaq düşməsində axtarırlar.

- Mən sizə bir şeyi deyim ki, bizim adət-ənənələr hətta dinin tələblərindən də mühafizəkardır. Məsələn, dində kişi qurşaqdan aşağı bağlanıbsa, küçəyə çıxa bilər. Amma Azərbaycan kişisi heç vaxt mayka geyinib küçədə gəzməzdi. Yəni din icazə versə də, adətlərimizə görə bunlara getməmişik. Amma çox təəssüf ki, bu gün Azərbaycan qadını küçədə mayka ilə gəzir, ona irad tutan olmur. Qonşu Gürcüstanda xristian cəmiyyəti olmasına baxmayaraq, küçədə öpüşmək qadağandır. Buna yol verənlər qanunla cərimələnirlər. Niyə belə qadağalar bizdə olmasın?

 

Gec partlayan bombalardır

 

- İcazə verin sizə opponentlik edim. Bəlkə sizin bu narahatçılığınız nəsillərarası fikir ayrılıqları ilə bağlıdır? Bəlkə bu məsələlərdə gənc nəslin də maraqlarını nəzərə almalıyıq? Sizcə, hər şeyi sizin kimi düşünən yaşlı nəslin düşüncələrinə uyğun etmək nə dərəcədə düzgündür? Axı həmişə “gənclər bizim gələcəyimizdir” deyirik.

- Razıyam ki, atalar, oğullar məsələsi həmişə olub, bu gün də var, gələcəkdə də olacaq. Bu, daimi bir problemdir. Ancaq bir şey də var ki, biz valideynlər övladlarımızın gələcəyi üçün məsuliyyət daşıyırıq. Valideyn övladının gələcəyini yönəltməlidir. Axı uşaq beyni ağ kağızdır. Şəhvət doğuran hər şey gəncə, yeniyetməyə maraqlı gəlir. Amma bu istək onun gələcəyini təhlükə altına atır. Bununla o, öz gələcək ailəsinin bünövrəsini sarsıdır. Bütün bunlar gec partlayan bombalardır. Sualınıza cavab olaraq isə deyim ki, gəncləri başa düşmək lazımdır, ancaq onlar da gərək bir az bizi başa düşsünlər. Onlar da bilməlidirlər ki, biz onların gələcəyi üçün narahatıq. Nolar, bir az elmə meyl etsinlər, intellektlərini artırsınlar. Bu Boloniya prosesi də bizim ziyanımıza oldu. Tələbəyə deyirik ki, istəsən dərsə gəlməyə bilərsən, yəni təlim-tərbiyəni arxa plana keçiririk. Sovet təhsil sistemi isə ilk növbədə təlim-tərbiyə deyirdi.

- Tahir müəllim, doğrudanmı vəziyyət siz təqdim etdiyiniz kimi kritikdir?

- Bu problemlər 15-20 il əvvəldən başlayıb. Bu gün isə kritik həddə çatıb. Bilirsiniz, sosializm hər şeyi qadağan edən sistem idi. Kapitalizm isə hər şeyə icazə sistemidir. Bu sistemdə hətta əxlaqsızlığa da icazə verilir. Bunun nəticəsi olaraq bizim qadınların Dubay, İstanbul “səfərləri”nin əsası qoyulub. Klassikada əxlaq iki kateqoriyaya bölünür. Biri var aktiv, biri də var passiv əxlaq. Passiv əxlaq insanları pis şeylərdən çəkindirməkdir. Aktiv əxlaq isə insanları yaxşı işlərə sövq etməkdir. Təsəvvür edin ki, pozulmuş əxlaqın bərpasına yüz illər tələb olunur.

- Bəziləri deyirlər ki, bu aşınmanın qarşısını almaq üçün cəmiyyətin tanınmış, nüfuzlu insanları nümunə olmalıdırlar.

- İndiki halda kiminsə nümunə olması ilə bu prosesin qarşısının alınacağına inanmıram. Problem ondadır ki, ziyalıların özləri də deqradasiyaya uğrayaraq, mənəvi eroziyanın subyektinə çevriliblər.

- Xaricdə bu məsələyə münasibət necədir?

- Düzdür, biz bəzən Qərb əxlaqını bəyənmirik. Amma diqqət yetirsək görərik ki, ABŞ-da, Avropa ölkələrində də əxlaqın qorunmasına böyük diqqət yetirilir. Məsələn, ABŞ-da elə ştatlar var ki, orada cinayətkarlığın artmasının qarşısını almaq məqsədi ilə qadınların mini yubka geyinməsinə qadağa qoyulub. Bir həftə bundan əvvəl Böyük Britaniyada axşam saat 9-a kimi açıq-saçıq geyinən qadın aparıcıların efirə çıxmasına qadağa qoyulub. Yəni Qərb dövlətləri də öz əxlaqlarının keşiyində durmağa çalışırlar.

 

 

İlham QULİYEV 

 

Kaspi.-2011.-11 oktyabr.-S.5.