Kitab ƏDV-dən azad olarsa...
Şahbaz Xuduoğlu deyir ki, belə
olan təqdirdə kitabın dəyəri faktiki olaraq 40 faizə
qədər enmiş olacaq
“Kitab oxunmur”, “Kitaba maraq azalıb”,
“Azərbaycan kitabı böhran səviyyəsindədir ” - cəmiyyətdə
bu kimi fikirlər tez-tez səslənir. Psixoloqların,
sosioloqların kitaba marağının azalması ilə
bağlı apardıqları sorğularda bir sıra amillərlə
yanaşı “kitabın baha olması” fikirləri də
üstünlük təşkil edir.
“Qanun” nəşriyyatının
rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə
kitabın qiymətinin baha olmasına aydınlıq gətirərək
problemi ölkəmizdə kitabın üzərinə 18 faiz ƏDV-nin
yüklənməsi ilə izah edib: “Moldova, Tacikistan və
Gürcüstanda kitabın dəyərinə qoyulan vergi dərəcəsi
0%-dir. Niderlandda 6%, Macarıstan, Litva, İspaniya, İtaliya,
Almaniyada - 4%, Böyük Britaniya, İrlandiya, Norveç,
Kiprdə 0%-dir. Azərbaycanda isə 18 faizdir. Mən
bütün kitabsevərləri kitabın qiymətini yüksək
edən ƏDV-nin ləğvini tələb etməyə səsləyirəm”-
deyə naşir bildirib.
Kitabın
qiymətinin baha olmasını ölkəmizdə kitaba bilik mənbəyi
kimi deyil, qazanc mənbəyi kimi yanaşılması fikri ilə
izah edənlər də çoxdur. “İnsanların daha
çox kitaba meyilli olması üçün kitabın
üzərinə nəinki ƏDV qoymalı, əksinə
kitabın dəyərinin 18 %-ni dövlətin özü
ödəməlidir” deyənlər də az deyil. Həmçinin
“kitabın qiyməti aşağı düşsə belə
insanlar teleseriallardan, internetdən ayrılıb kitaba meyl etməyəcəklər”
kimi fikirlər də səslənir.
Cəmiyyətin sifarişi varsa
Ancaq maraqlıdır, kitab üzərindən
ƏDV-nin götürülməsi cəmiyyətdə
oxucuların sayının çoxalmasına, kitabların
yüksək tirajla çapına və satışına,
ümumilikdə nəşriyyatların işinin
yaxşılaşmasına və s. təkan verəcəkmi?
Mədəniyyət
və Turizm Nazirliyinin şöbə mdiri Vaqif Bəhmənli
hazırkı internet zamanında, elektron informasiyaların
çox olduğu bir vaxtda kitabı müdafiə etmək xətrinə
mümkün olan bütün variantlardan istifadə etməyin
zəruriliyini bildirir. “Kitab nəşri mədəniyyət
abidəsidir. Ədəbiyyatın, insan düşüncəsinin
bir formasıdır. Bununla yanaşı, kitab dünya
çapında biznes formasıdır. Əgər bir şey
satışa çıxarılırsa, bu, dövlətin
mövcud qanunları ilə idarə olunur. Vəziyyət elədir
ki, mövcud vergi qanunları hamıya, o cümlədən
kitaba da eyni cür şamil olunur. Əgər cəmiyyətin
buna sifarişi, tələbatı varsa, şübhəsiz ki,
orada dəyişiklik də, müəyyən güzəştlər
də nəzərdə tutula bilər. Bu, kompleks, hüquqi
müstəvilərdə araşdırılan bir məsələdir”.
Ölkəmizdə
kitaba tətbiq olunan ƏDV-nin yüksək olmasına
münasibət bildirən V.Bəhmənli hesab edir ki,
qanunvericilikdə bununla bağlı dəyişiklik etmək
olar: “Bu yolla yaradıcı insanlar stimullaşa, daha
yaxşı kitablar hazırlaya bilərlər. Kitaba tətbiq
olunan 18 faiz ƏDV gətirilən kağızla
bağlıdır. Gətirilən kağıza verginin tətbiqini
götürəndə bu, şübhəsiz ki, kitabın maya
dəyərinə təsir edəcək. Bildiyim qədər
uşaq kitablarının, dövlət məqsədi ilə nəşr
olunan müəyyən prestij kitabların vergi güzəştləri
var. Bədii ədəbiyyat və ya kommersiya məqsədilə,
tutaq ki, hər hansı bir müəllif ideyalarını
toplayıb kitabda nəşr etdirirsə, buna, mövcud
qanunvericilik əsasında baxıla bilər”.
Nazirlik rəsmisi
hesab edir ki, kitaba 18 faiz ƏDV müəssisələrin
xarakterindən asılı olaraq tətbiq edilir. Belə ki, əgər
fiziki şəxsin gəlirləri müəyyən həddini
keçmirsə, o, 4 faiz ödəyir”. V.Bəhmənlinin
fikrincə, kitablar üzərindən ƏDV-nin
götürülməsi arzu ilə yox, dövlət
orqanlarının səlahiyyəti çərçivəsində
həyata keçirilən vəzifədir: «Bu, ölkə
qanunvericilik bazasında nəzərdə tutulmalıdır ki,
tətbiq edilsin».
V.Bəhmənli
şöbə müdiri olduğu nazirlikdə kitabın mədəniyyət
faktoru kimi inkişafı ilə bağlı çoxlu tədbirlərin
həyata keçirildiyini və təkliflərin
hazırlandığını bildirib. Belə ki, Azərbaycanda nəşriyyat
işinin inkişafını dəstəkləmək məqsədilə
2009-2013-cü illər üçün Tədbirlər
planı hazırlanıb. Plana görə, nəşriyyatların
fəaliyyətinin tənzimlənməsi, kitab
standartlarının təmin olunması, Azərbaycan
kitabının dünyada tanıdılması, ölkədə
iki ildən bir beynəlxalq kitab sərgi yarmarkasının
keçirilməsi və s. nəzərdə tutulur. Eləcə
də “Nəşriyyat işi haqqında” qanunda dəyişikliklərin
və əlavələrin edilməsi də həmin plana
daxildir: «Bütün bunlar mərhələ-mərhələ
həyata keçir. Mənə elə gəlir ki, son 3-4 il ərzində
nəşriyyatların fəallığı xeyli yüksəlib.
İki dəfə beynəlxalq kitab sərgi yarmarkası
keçirilib, 30-a yaxın ölkədə Azərbaycan
kitabı təqdim olunub. İkinci sərgi yarmarkaya 50 mindən
artıq insanın gəlişi, 20 ölkədən
qonağın qatılması, 35 dünya nəşriyyatının,
ölkəmizin 113 nəşriyyatının iştirakı
göstəricidir. Nəşriyyat işi Azərbaycanda sürətlə
inkişaf etməyə başlayıb. Əgər bu sahəyə
cəmiyyətin tələbatı varsa, əlbəttə ki,
inkişaf edəcək».
Harada və necə satmalı?
V.Bəhmənli
nəşriyyatların çap etdirdikləri məhsulu harada
və necə satmaq problemi ilə üzləşdiklərini də
istisna etmir: «Bu sahədə bir qədər pərakəndəlik
var. Sovet vaxtından qalma sistem dağılıb. Xarici ölkələrdə
bunlar kompleks şəkildə olur. Yəni nəşriyyatlar
özləri çap edir, özləri də satış məntəqələrində
satışı həyata keçirirlər». Şöbə
müdirinin fikrincə, nəşriyyatlar özləri də
satış məntəqələrini yarada bilərlər:
«Bu, o qədər
də çətin bir iş deyil. Məsələ onda deyil
ki, hər yerdə bir köşk və ya dükan tiksinlər.
Bu, əlbəttə, çətindir. Ancaq mövcud imkanlardan
istifadə edib müəyyən yayım nöqtələri
vasitəsilə, kitabxanaların qüvvəsindən istifadə
etməklə kitabın satışını təşkil
etmək olar”. V.Bəhmənli kitabların yolunun rayonlara daha
çətin olduğunu qeyd edib: “Bakıda böyük və
balaca kitab dükanları var. Ümumiyyətlə, ilk təşəbbüslər
var. Bədii və elmi kitablar, lüğətlər satan
dükanlar da təbii axarla çoxalır».
Qaldı
ki, satılan kitabların insanların cibinə uyğun
olub-olmamasına, Vaqif Bəhmənli bildirdi ki, əgər
kitabı alan həqiqi oxucudursa, o, bunun fərqinə
varmır: «Elə bil ki, bizim camaatın psixologiyasında bir qədər
boşluq yaranıb. Mer-meyvə, pal-paltar və s. zəruri tələbat
mallarına həvəslə pul xərcləyirlər. Ancaq mənə
elə gəlir ki, kitab evə gedən çörək qədər
vacibdir. Bu mənada Azərbaycanda hər bir ailənin
özünəməxsus kitabxanası olmalıdır. Bu, cəmiyyəti
inkişaf etdirər və bizi internet təhlükəsindən
qoruya bilər». Nazirlik rəsmisi özünün də öz
alıcılıq həvəsi ilə razı
olmadığını bildirib: «Mən mağazalara gedərək
xoşum gələn yeni kitablarla maraqlanıram. Demək olar
ki, köhnə ədəbiyyatın hamısını
oxumuşam. Amma yeni nəşrlərlə bağlı prosesin
necə getdiyi mənim üçün maraqlıdır. Əlbəttə,
biz kitabı da həvəslə almalıyıq.
Görünür, gələcəkdə başqa həvəsləndirici
tədbirlər keçirmək olar. Kitabxanaların rolunu
yüksəltmək, kitabxanalarla nəşriyyatların əlaqəsini
daha yaxın etmək və s. Kitabxanalara daha sərbəstlik
vermək lazımdır ki, onlar oxucuların istədikləri
kitabları nəşriyyatlardan ala bilsinlər. Mənə elə
gəlir ki, bu da problemi xeyli aradan qaldıra bilər».
Azərbaycan kitabının böhran
dövrü
«Qanun» nəşriyyatının
direktoru Şahbaz Xuduoğlu hesab edir ki, kitabın üzərindən
ƏDV götürüləcəyi halda həm insanların
kitaba məhəbbəti artacaq, həm kitab
satışının təşkili yaxşılaşacaq, həm
də nəşriyyatların işi asanlaşacaq: «Əgər
kitab ƏDV-dən azad olarsa, onda kitab kağızı da, kitab
satışı da ƏDV-dən azad olmuş olacaq. Faktiki
olaraq 40 faizə qədər kitabın dəyəri
aşağı enmiş olacaq. Kitabın dəyəri
aşağı enəndə istər-istəməz kitabın
ümumi sayı da, nüsxəsi də artır. Bu da yeni
oxucuların prosesə cəlb olunmasına səbəb olur”.
Ş.Xuduoğlunun
sözlərinə görə, hazırda kitab
satışına tətbiq olunan ƏDV Azərbaycan dövlətinə
böyük gəlir qazandırmır. Belə ki, ƏDV-ni
götürməklə kitabın satışına təkan
verilər. “Necə olur ki, Gürcüstanda kitab üzərində
heç bir vergi yoxdur. Ümumiyyətlə, qonşu ölkəyə
kitabla bağlı nə material daxil olursa, rüsumlardan və
vergilərdən azaddır. Həmçinin ölkədə
kitabın satışı, istehsalı vergilərdən
azaddır. Bəs nə üçün Azərbaycanın
imkanları böyük olduğu halda kitaba bu cür kəskin
vergilər tətbiq olunur?”- deyə naşir bildirir.
“Vergilərin
götürülməsi ilə biz oxucuların artımına
nail ola bilmərik” - fikrinə münasibət bildirən
Ş.Xuduoğlu “biz buna nail ola bilərik” deyə cavab verir:
“İlk növbədə dövlət tərəfindən bir
jest olsun. Kitaba ciddi nəzarət və qayğı
lazımdır. Ölkədə kitab evləri olmalıdır.
Əgər bu evlər açılmırsa, kitabxanaların
yanında kitab-satış məntəqələri
qurulmalıdır. Həmçinin rayonlarda kitab
mağazaları yaradılmalıdır. Kitaba yardım edən
insanlar – milli sahibkarlar vergilərdən müəyyən
güzəşt də əldə etməlidirlər. Yəni
kitab stimullaşdırılmalıdır”.
Ş.Xuduoğlunun
fikrincə, hazırda Azərbaycan kitabı böhran
dövrünü yaşayır. “Hər yerdə kitab dotasiya
ilə işləyir. Heç yerdə kitab böyük gəlir
mənbəyi deyil. Hətta, böyük kitab sənayesi olan
Almaniya kimi bir ölkə kitabdan gəlir götürmür.
Amma həmişə müxtəlif fondlar vasitəsilə
kitaba yardım edir». Ş.Xuduoğlunun fikrincə, kitaba dəstək
göstərmək baxımından Azərbaycanın da
böyük imkanları var və ilk növbədə bu dəstək
ƏDV-nin ləğvindən başlayır.
Ş.Xuduoğlu
rəhbərlik etdiyi nəşriyyatın timsalında ƏDV-nin
yaratdığı problemlərə
qarşılaşdığını açıqlayıb:
«Kitab kollektoru adlı qurum bizdən kitabı alaraq Azərbaycanın
müxtəlif kitabxanalarına yayır. Statistikaya görə,
Azərbaycanda 4000 kitabxana var. Düzdür, onun böyük əksəriyyəti
fəaliyyət göstərmir. Amma heç olmasa sovet
dövründən qalan o kitabxana kollektorun şəbəkəsi
mövcuddur və onun kitabxanalarla əlaqəsi var. Kollektora
kitab verə bilmirik, çünki kollektor da ƏDV ödəyicisidir.
Təsəvvür edin, biz kitabı ƏDV ilə onlara veririk,
onlar da 18 faiz ƏDV gələrək kitabxanalara satırlar.
Kitabxanalar bunu necə ala bilər? Bu cür işləmək
mümkün deyil. Ona görə də kollektorlar bu gün
iflic durumdadır. Biz metro olaraq müxtəlif yayım şəbəkələrinə
kitab verə bilmirik. Çünki biz də ƏDV ilə
işləyirik, onlar da. Əvəzləşmə aparmaq
mümkün deyil. ƏDV ödəyicisi kimi hər iki təşkilat
vergi ödədiyindən kitabın qiyməti ikiqat qalxır.
Ona görə də heç kəs kitab almır”.
Ş.Xuduoğlu
hesab edir ki, əgər bizdə ƏDV olmazsa, kitabın maya dəyəri
aşağı düşər, nəticədə naşirlər
istədikləri yazıçılar, tərcüməçilərlə
normal qonorar şərtləri əsasında işləyə
bilərlər. “ƏDV ciddi şəkildə kitabın
inkişafına mane olur. Vergilər Nazirliyi yalnız ƏDV-dən
gələn gəlirin ödənilməsi məqsədilə
ildə bir dəfə təşkilatlarda yoxlama aparır. Həmin
yoxlamalar da bəzən nəşriyyatların və kitab
satıcılarının işinə ciddi mane olur. ƏDV-dən
azad olarsa, biz yalnız mənfəət vergisi ödəyicisi
kimi yoxlanıla bilərik. Bu da elə problem yaratmaz».
Ölkədə
yalnız dərsliklərə və dövlət xətti ilə
nəşr olunan kitablara güzəştin olduğunu deyən
Ş.Xuduoğlu ümumilikdə bu qənaətdədir
ki, Azərbaycanda kitablara güzəşt
yoxdur.
Təranə Məhərrəmova
Kaspi.-2011.-11 oktyabr.-S.6.