Hamı jurnalist ola bilərmi? 

 

Ənənəvi və yeni medianın toqquşması yeni situasiya yaradıb

 

Sosial media və ənənəvi media arasında münasibətlər müasir jurnalistikanın əsas müzakirə mövzularından birinə çevrilib. Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun panellərindən biri də bu aktual mövzunun müzakirəsinə həsr olunmuşdu.

 

Oktyabrın 11-də keçirilən müzakirələrdə çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirib ki, qloballaşma dünyada informasiya mənbəyi kimi sosial şəbəkələrin əhəmiyyətini getdikcə artırır. Artıq sosial şəbəkələr XXI əsrin sosial tələblərindən birinə çevrilib. Yeni reallıqlara əsasən, hər bir kəsin jurnalist olmaq imkanı var. Buna baxmayaraq, sosial media ilə ənənəvi media arasında nəzərəçarpacaq fərqlər də var. Bu gün sosial medianın inkişafı fonunda ənənəvi medianın, xüsusilə də informasiya agentliklərinin gələcəyi sual altına düşməyə başlayıb. Bəziləri hesab edirlər ki, sosial medianın inkişafı ənənəvi informasiya agentliklərini sıradan çıxaracaq.

Rusiyanın «İTAR-TASS» İnformasiya Agentliyinin baş direktoru Vitali İqnatenko isə qeyd edib ki, bu gün sosial media cəmiyyət həyatının bütün səviyyələrinə təsir göstərir. Sosial jurnalistika cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar arasında fikir mübadiləsi üçün platforma yaradır. Bununla bərabər, yeni situasiyada ənənəvi medianın yerinin necə olacağı da sual doğurur.

 

Sosial medianın mənfi və müsbət tərəfləri

 

“Associated Press” İnformasiya Agentliyinin direktor müavini Tomas Kentə görə, son vaxtlar sosial şəbəkələr ənənəvi media üzərində üstünlük qazanmağa başlayıblar. Əvvəllər insanlar «Dünyada nə baş verir» - sualına cavab tapmaq üçün televiziyaları açırdılarsa, indi «twitter» şəbəkəsini açmağa üstünlük verirlər. Amma bununla belə, ənənəvi medianın yeri hələ də möhkəmdir. Belə ki, əksər hallarda sosial mediadakı xəbərlər də ənənəvi mediaya istinadən verilir.

Məruzəçi əlavə edib ki, ənənəvi media ilə sosial medianın bir neçə ciddi fərqləri var. Əsas fərq ondan ibarətdir ki, ənənəvi media informasiyanı bir neçə mənbədən dəqiqləşdirməklə, peşə etikası qaydalarına əməl etmək şərti ilə yayır. Sosial mediada isə xəbərlər redaktə olunmadan və heç bir prinsip gözlənilmədən yayılır. Bu baxımdan, həmin xəbərlərin mötəbərliyinə heç kim arxayın ola bilmir.

Bununla belə, sosial medianın müəyyən üstünlükləri də var. Məsələn, cəmiyyətdə böyük nüfuzu olan kino ulduzları adətən evlənmələri, boşanmaları haqqında xəbərləri sosial şəbəkələrdəki səhifələri vasitəsi ilə yayırlar. Bu da yeni mediaya bu kimi xəbərlərlə bağlı əlavə üstünlük verir. T.Kent qeyd etdi ki, təhlükəli olan məqam ənənəvi media ilə sosial media arasında sərhədlərin itməsidir. Ənənəvi mediada jurnalist ancaq xəbəri yaymaq hüququna malikdir. Peşə prinsipləri jurnalistə yaydığı xəbərləri şərh etmək hüququ vermir. Sosial mediada isə məlumatı verənlər onun istənilən kimi şərh edirlər. Həmin məlumatlara çoxsaylı əlavə şərhlər də yazılır. Bundan əlavə, sosial şəbəkələrdə manipulyasiya üçün münbit şərait var. «Buna görə də sosial medianın ciddi etibarlılıq problemi var» - deyə T.Kent vurğulayıb. O əlavə edib ki, sosial medianın digər bir problemi yayılan xəbərlərin yalnız dost çevrəsinə çatmasıdır. Ənənəvi medianın isə auditoriya problemi yoxdur. Sosial medianın inkişafı ilə əlaqədar xeyli sayda bloqqerlər də peyda olub. Onların çox özlərini jurnalist və publisist kimi təqdim edir. Amma onların jurnalist hesab edilib-edilməməsi ilə bağlı fikir ayrılıqları hələ də qalır. Məruzəçi qeyd edib ki, yalnız xəbərləri şəffaf yayanları, peşə prinsiplərinə əməl edənləri jurnalist hesab etmək lazımdır. Onun sözlərinə görə, sosial medianın tərəfdarları iddia edirlər ki, bir neçə ildən sonra artıq ənənəvi media olmayacaq. İnsanlar xəbərləri sosial media vasitəsi ilə alacaqlar: «Amma mənim fikrimcə, bu, heç vaxt olmayacaq. İnsanlar hələ uzun müddət etibarlı xəbər almaq üçün ənənəvi mediaya müraciət edəcəklər». T.Kent onu da bildirib ki, bəzən informasiya agentliyində çalışan jurnalist xəbəri peşə prinsiplərinə uyğun yaydıqdan sonra sosial şəbəkələrdə bununla bağlı öz fikirlərini bölüşür. Onun fikrincə, bunun özü də mübahisəli məsələdir. Bunun nəzərə alan “Associated Press» öz müxbirlərinə yazdıqları xəbərlərlə bağlı sosial şəbəkələrdə məlumat yaymağı qadağan edib.

 

YUNESKO sosial medianın inkişafını dəstəkləyir

 

YUNESKO baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yanis Karklins isə qeyd edib ki, hazırda dünyada iki milyard insan internetdən istifadə edir, 156 milyon ictimai bloq var. İndi əsas problem sosial media ilə ənənəvi media arasında balans yaradılmasıdır. YUNESKO fikir azadlığının təmin olunması baxımından sosial medianın inkişafını dəstəkləyir. Eyni zamanda, qurum sosial mediada ifadə azadlığının qorunub saxlanmasının tərəfdarıdır. YUNESKO təmsilçisi onu da bildirib ki, sosial medianın inkişafı bir sıra yeni problemlər yaradıb. Belə ki, bu xətlə yayılan xəbərlərdə neytrallıq olmadığından əsl həqiqəti üzə çıxarmaq xəbəri oxuyanların özündən tələb olunur. Bunun üçün isə insanların savadlılığına ehtiyac var. Yəni insanların savadı elə bir səviyyədə olmalıdır ki, onlar xəbəri oxuyanda onun mənbəyini fərqləndirə bilsinlər.

 

Gəlin, peşəkar jurnalistlərə bir az hörmətlə yanaşaq»

 

Rusiyanın «Moskovskiy komsomolets» qəzetinin redaktoru Pavel Qusev məsləyə başqa aspektdən yanaşıb. Onun fikrincə, sosial şəbəkələr informasiya vasitəsi deyil, rabitə vasitəsidir. Bu gün 140 milyon əhalisi olan Rusiyada 60 milyon internet istifadəçisi var. Amma bu o demək deyil ki, onların hamısı internetdən sosial şəbəkələr vasitəsi ilə xəbər almaq üçün istifadə edirlər. Hesablamalar göstərir ki, istifadəçilərin böyük əksəriyyəti internetdə müxtəlif oyunlar oynayır, erotik pornoqrafik materiallara baxırlar. Onların yalnız 10-12 faizi sosial mediadan xəbər mənbəyini kimi yararlanırlar. Bu ismə o deməkdir ki, Rusiya əhalisinin cəmi 6-7 milyon nəfəri sosial medianın auditoriyasına daxildirlər. Ənənəvi media isə bütövlükdə Rusiyanı əhatə edirlər. Yəni bu iki media sistemi arasında böyük auditoriya fərqi var.

P.Qusev qeyd edib ki, əvvəllər qəzetlərə xeyli sayda məktublar gəlib. Həmin məktublarda insanlar müxtəlif məsələlərlə bağlı öz ürəklərini boşaldıblar. Onlardan çox az bir hissəsi qəzet səhifələrinə çıxarılası olub. Son illər isə bu tipli adamlardan qəzetlərə gələn məktubların sayı minimuma enib. İndi həmin adamlar öz ürəklərini sosial şəbəkələrdə boşaldırlar: «İndi biz onları necə media hesab edə bilərik? Diqqət yetirsək, görərik ki, sosial şəbəkələrdə söyüşdən çox geniş istifadə olunur, insanlar dini irqi ayrı seçkiliyə məruz qalırlar». P.Qusev onu da bildirib ki, bəzi dairələr sosial şəbəkələrdən öz məqsədlərinə nail olmaq üçün istifadə edirlər. Onun fikrincə, ərəb inqilablarını da sosial şəbəkələrlə əlaqələndirmək doğru deyil. Həmin ölkələrdə inqilabi şərait çoxdan yetişmişdi, internet isə bu prosesə sadəcə təkan verdi.

Rusiyalı jurnalist sosial şəbəkələrdə fəallıq göstərənlərin, bloqerlərin jurnalist kimi təqdim olunması ilə razı olmadığını da bildirib. Onun sözlərinə görə, jurnalist olmaq üçün həm insanda müəyyən istedad olmalıdır. «Bu baxımdan mən düşünürəm ki, hamı jurnalist ola bilməz. Bu gün biz səkilərə, tualet divarlarına xəstə təfəkkürlə yazılan minlərlə fikir görürük. Məgər onları yazanları jurnalist adlandırmaq olarmı? Gəlin, peşəkar jurnalistlərə bir az hörmətlə yanaşaq» - deyə P.Qusev fikrini tamamladı.

 

Gənclərin başının bəlası

 

Türkiyənin «Anadolu» agentliyinin baş direktoru Kamal Öztürk qeyd edib ki, internetin meydana çıxması ilə jurnalistikada yeni bir dövr başlayıb. Hər bir oxucu üçün fotomüxbir ya publisist olmaq imkanı yaranıb. Bu səbəbdəndir ki, bu gün sosial media ənənəvi informasiya agentliklərinə meydan oxumağa başlayıb. Danılmaz faktdır ki, müasir gənclik ənənəvi media orqanlarından çox, sosial şəbəkələrdə fəaldır: «Biz ənənəvi media orqanları üstünlüyümüzü paylaşmaq istəmirik, amma aşağıdan da çox böyük güc gəlir. Mənim fikrimcə, biz müəyyən bir nöqtədə anlaşıb, birləşməliyik. Yoxsa sosial mediaya uduzacağıq».

K.Öztürk qeyd edib ki, bu gün ən çox oxunan qəzetlər 500-600 min tirajla çap olunursa, sosial şəbəkələr vasitəsi ilə gün ərzində iki milyard mesaj yayımlanır. Əgər Anadolu agentliyi gün ərzində maksimum 2500 foto yayımlayırsa, sosial şəbəkələrdə minimum 250 milyon foto yayımlanır. «Bu, böyük bir məlumat, foto video bombardmanıdır. Bu, gənclərin başına bir bəladır». Bütün bunlarla yanaşı, K.Öztürk sosial media fəallarını jurnalist adlandırmağın doğru olmadığını bildirib. Onun sözlərinə görə, məlumat verənlə xəbər verəni qarışdırmaq lazım deyil. Sosial şəbəkələr məlumat, ənənəvi media isə xəbər verir. Bu baxımdan, məlumat verənlər deyil, xəbər yazanlar jurnalist hesab olunmalıdırlar.

 

 

İlham QULİYEV 

 

Kaspi.-2011.-12 oktyabr.-S.6.