“Mən əsgərdən birbaşa general rütbəsini aldım” 

 

Ramil Qasımov: “Artıq sıradan olan rollara getmirəm və getməyəcəm də”

 

“Azadinform”un suallarını Musiqili Komediya Teatrının solisti Ramil Qasımov cavablandırıb.

 

- Yay mövsümü artıq bitib, hər kəs iş başına dönüb. Necə istirahət etdiniz?

- Hər bir insan istirahətini müxtəlif cür qura bilər. Mən bizim bölgələrimizə getdim. Amma çox istirahət etmədim. Nəyə görə? Paralel iki kitab üzərində çalışıram, bu yay mən daha çox bu kitablarla məşğul oldum. Şübhəsiz ki, öz üzərində çalışan və daim yenilik axtaran şəxs dincəlmək haqqında az düşünür və o cümlədən də mən dincəlməyə o qədər də yer ayırmadım. Və buna görə heç də peşman deyiləm.

- Musiqi təhsilinizi daha da professional səviyyəyə qaldırmaq haqqında düşünürsünüzmü?

- Bu bu il həm də Gürcüstanda oldum. Gürcüstanın məşhur professoru, akademik heyəti və onların məşhur vokalçıları ilə görüşüm oldu, onların bəzi tövsiyyələrini aldım. Düşünürəm ki, bu, təhsilimi daha da genişləndirmək və inkişaf etdirmək üçün dəyərli olacaq. Bununla yanaşı, gələn il İtaliyada təhsil almaq barədə də fikrim var. İtaliyada konservatoriyalar çoxdur, amma mənim arzum Mario Dermonikanın oradakı tələbəsinin yanına getməkdir. Ancaq indi fərdi dəslər olaraq Gürcüstanın böyük ifaçısı, Xalq artisti, professor Temuraz Ququqşvilinin yanında məsləhətlər alıram.

- Siz Musiqili Komediya Teatrının solistisiniz. Yeni mövsümdə hansı tamaşalarda rollar almısınz?

- Musiqili Komediya Teatrı ilə mənim sıx əməkdaşlığım var. Deyim ki, mən sırf Musiqili Komediya Teatrının aparıcı solisti, vokalçısıyam, yox. Mən həm də Opera və Balet Teatrı ilə əməkdaşlıq edirəm və Şərqin ilk gənc Koroğlusi kimi yaradıcılığımı davam etdirirəm. Azərbaycan mədəniyyəti, incəsənəti, onun inkişafı üçün nə varsa mən orda varam. Musiqili Komediya Teatrında mənim üçün nəzərdə tutulub yazılan “Amerikalı kürəkən” tamaşasında baş rolu oynayıram, gürcü rejissoru Qoçe Kapanadzenin qurduğu tamaşada əsas obrazı ifa edirəm.  Mən artıq sıradan olan rollara getmirəm və getməyəcəm də. Çünki rolun nəyə xidmət etməsi, mahiyyəti olmalıdır. Hardasa gülüş doğuran rollar mənim ampluamda deyil. Mən qəhrəman obrazlarını sevirəm və artıq obrazların içərisindən baxıb seçirəm. Libretto müəllifləri, teatr rəhbərləri  təklif edirlər, amma hələ ki, məni qane edəcək bir obraz yoxdur. Ancaq yeni başqa obrazlar var. Sadəcə olaraq tam açıb demək istəmirəm, sirr qalsın. Çünki dinləyicilər və oxucular bir balaca həsrətdə qalsa, yaxşı olar. 

- Konkret olaraq iş yeriniz haradır?

- Mən Musiqili Komediya Teatrında çalışıram və həm də Azərbaycan Dövlət Televiziyasının solistiyəm, eləcə də Opera və Balet Teatrında müqavilə ilə işləyirəm. Bunlarla yanaşı, özümün istehsalat birliyim var.

- Siz Koroğlu obrazında çıxış edən ən gənc ifaçı oldunuz. 26 yaşında opera səhnəsində Koroğlu obrazını ifa etmək çox vokalçıya qismət olmayıb. Artıq 6 ay ötür. Hansı təəssüratlarınız qalıb?

- Mən artıq unutmuşam, o təəssüratla yaşamıram. Heç elə bil o obrazı ifa etməmişəm, sadəcə olaraq tarixdə qaldı və televiziyanın qızıl fonduna çəkildi. Bir az təkəbbürlükdən uzaq olsun, mən çətin və yeni operalar istəyirəm, dünya səviyyəsində, Koroğlu səviyyəsində olmasa da, ona yaxın operalar istəyirəm.

- Koroğlunu ifa etdikdən sonra özünüzə tənqidi baxımdan yanaşanda hansı səhvlərinizi tutdunuz?

- O qədər səhvlər tuturam. Şübhəsiz səhvlər var. Çünki əgər bir opera ifaçısı, bir peşəkar sənətçi özündən razıdırsa və deyir ki, “bəli, mən ən yaxşı oxudum”, demək  artıq o tükənib və bitib. Düzdür, mən özümdən çox da narazı deyiləm, amma şübhəsiz ki, səhvləri tuturam və deyirəm ki, gərək bunları etməzdim, bunları gələn dəfə etməyəcəm. Yəni artıq səhvlərimi bilirəm.

- Bu tamaşanı Bülbülə həsr etdiyinizi bildirmişdiniz? Bu ideya haradan yaranmışdı?

- Mənim müəllimim Mobil Əhmədov Bülbülün 6 tələbəsindən biri olub. Ona görə Bülbülə ithaf etdim ki, mənim bünövrəm Bülbül məktəbidir. Azərbaycanda peşəkar vokal məktəbinin banisi Bülbüldür. 1937-ci ildə “Koroğlu” operası elə Bülbülə yazılıb, onun üçün nəzərdə tutulub. Şübhəsiz ki, Lütfiyar İmanov da bu rolu ifa edib. Onunla mən hələ uşaqlıqdan dostluq edirdim. Amma Bülbül Bülbüldür. Ona ithaf etməyim də heç də təsadüfi deyildi.

- “Koroğlu” operası artıq 70 ildən artıqdır ki, repertuardadır. Məlumdur ki, bu vaxta kimi başda Bülbül olmaqla, böyük sənətkarlarımız bu operada əsas rolu ifa edib. Siz ən çox kimi Koroğluya bənzədirsiniz və onu bəyənirsiniz?

- Mən Bülbül müəllimin ifasında Koroğlunu sevmişəm, amma Lütfiyar İmanovun da Koroğlusunu çox bəyənirəm. Lüfiyar İmanovda mən bu tamaşanı, bu obrazı canlı görmüşəm, Koroğlunun bəzi sirlərini də Lütfiyar müəllimdən öyrənmişəm.

- Səhnəyə atla girmək çətinlik yaratmadı ki? Bu mizana necə hazırlaşmışdınz, birdən atın səhnədən qaça biləcəyindən qorxmadınız?

- Mən bir ay Qobuda atla məşq etdim. Demək olar ki, hər gün mən at çapmışam. Bəlkə ona görə də mən indi at yarışlarına getmək istəyirəm, özümü bu yöndə də sınamaq istəyirəm. At çapmağı çox sevirəm, at azadlıqdır. At çapa bilmədən necə Koroğlu olmaq mümkündür?! Çapmaqdan başqa, atla danışmağı, ünsiyyət qurmağı da bacarmaq lazımdır. Əgər Azərbaycan musiqi tarixində 7-ci Koroğlusansa, demək sıradan bir ifaçı deyilsən. Sıradan bir ifaçı olmamaq üçün seçilməlisən, seçilmək üçün də bütün kişilik atributlarının hamısı yerində olmalıdır. O ki qaldı atın qaçmağına, mən artıq onun çəmini tutmuşdum. 

- Obraza neçə hazırlaşdınız? Özünüzdən əvvəlki tamaşaları izləmişdinizmi və ya videolentə baxmışdınızmı?

- 15 yaşından “Koroğlu” obrazı mənim qəlbimdəydi. 15 yaşımdan mən bu obrazla yaşayırdım. 15 yaşımdan mən deyirəm ki, xalqa sübut edəcəm: “Bulbul, Lütfiyar İmanov, Ramil Qasımov”. Bilmirəm buna nə dərəcədə nail oldum, amma onu deyə bilərəm ki, içimdə olan böyük bir yanğı, böyük bir alov bir az söndü. Bir az rahatlandım ki, uşaqlaqdan arzuladığım bu obrazı nəhayət ki, oynadım. Koroğlu haqqında kitablar oxudum, tarix boyu kimlər ifa edib hamısını dinləmişəm və çalışdım ki, öz Koroğlumu yaradım, bu rolu özünəməxsus edim, onun bığını oynatmasından tutmuş, yerişi, hərəkətləri, ümumi fəlsəfi düşüncəsini yaradım. 

- Daha hansı obrazlarla çıxış etmək arzusundasınız?

- Planlaşdırıram ki, bu ilin sonu da olmasa gələn ilin əvvəlində bəzi operalarımıza müraciət edim. Onlardan biri Ramiz Mustafayevin “Vaqif” operasıdır. “Nizami” operasında Nizami obrazını ifa etmək istəyirəm. İkisi də Xalq şairi, ikis də əbədiyaşar tarixi şairlərdir. Bu obrazlar dramatikdir, mən də dramatik rolları sevirəm. “Trubador” operasında əsas obrazı ifa etmək istəyirəm. İstəyirəm deyəndə, mənə mane olan da yoxdur. Amma Koroğlu Oprea və Balet Teatrına böyük bir vəsiqə idi. Mən əsgərdən birbaşa general rütbəsini aldım.

- Siz Koroğlunu Opera və Balet Teatrının səhnəsində ifa etdiniz. Bu sənət ocağından sizə dəvət gəldimi?

- Şübhəsiz, teatr rəhbərliyi məni dəvət edib. Sadəcə olaraq mən bir ampluada çıxış etməyi sevmirəm. Siz görürsünüz ki, Ramil Qasımov həm opera, həm mahnı, həm romans, həm də estrada mahnıları ifa edir. Bir yerdə çox qalmağı sevmirəm, darıxıram.

- Ola bilərmi ki, Musiqili Komediya Teatrından çıxıb Opera və Balet Teatrına işə girəsiniz?

- Musiqili Komediya Teatrında işləməyin o qədər də arzusunda deyiləm. Ora mənə lazım deyil, mən onlara lazımam. Xətirlərinə dəysə də, bu, reallıqdır. Bu gün teatrda baş qəhrəman mənəm. Bu gün dövlətin mədəniyyətinə nə qulluq varsa, orda olmaq mənim borcumdur. Sadəcə olaraq, mən Musiqili Komediya Teatrından ayrıldığım zaman da karyeram dayanmayacaq. Opera Teatrı da var, digər mədəniyyət ocaqları da var. Opera və Balet Teatrında müqavilə ilə işləyirəm və düşünürəm ki, bir azdan Musiqili Komediya Teatrında da elə edəcəm. Çünki vaxt məhdudiyyəti var, axı mənim solo karyeram da var, solo yaradıcılığıma mane olmamaq şərti ilə vaxtımı ölçüb çalışıram ki, bütün yerlərdə işimi çatdırım. Hara dəvət olsa, ora düşünüb gedəcəm və haranı istəsəm qalacam.

- Sizdə oxumaq istedadı və vokal imkanlarını kim aşkar edib?

- Mən orta məktəbdə oxuyanda Şəfiqə xanım adlı musiqi müəlliməm var idi. Uşaqlarla dayanıb oxuyurduq, o mənə dedi ki, çıxıb qarşıda oxuyum və keçdim qarşıya solo oxumağa başladım. Sonra Əbilov klubunda özfəaliyyət dərnəklərinə getməyə başladım və gedib Mobil Əhmədovla görüşdüm. Onun mənə böyük ruh verməyi məni həvəsləndirdi. Müəllimlərin tələbəyə müsbət enerji verməyi böyük şeydir. 15 yaşında mən Musiqili Komediya Teatrında işə düzəldim. Tarixdə nadir hadisə oldu ki, 15 yaşında uşaq teatrda ştatda işlədi.

- Müğənni kimi də fəaliyyət göstərirsiniz. Hansı yenilikləriniz var?

- 263 əsər yazdırmışam, onların arasında 5 kontata, 4 oratoriya var. “Bu yaşıl sahil” adlı diskim çıxıb. İndi Ruhəngiz Qasımova mənim üçün əsərlər yazıb. Onların içərisindən bəzilərini seçmişəm. Rəhmətlik Oqtay Kazıminin son yazdığı polislərə ithaf edilən “Polis marşı” əsərini ifa etdim. Bu yaxınlarda Zərdab haqqında himn ifa etdim. Nəriman Məmmədov, Nəriman Əzimovla əsər yazdıq,  Elvis Preslinin reperturından olan bir mahnı ifa etmişəm. Elviz Preslinin repertuarından olan yeni mahnım artıq radio dalğalarında səslənir. Təəssüf ki, klassik əsərləri radioların çox vermir. Mən bunu çəkinmədən deyirəm. Əslinə qalsa, hər bir malın özünün alıcısı var. Gənc bəstəkarlar da mənə bir neçə mahnı təqdim edib. Amma xoşuma gələni yoxdur. Çox bəsit və oğurluq, plagiat mahnılardır. Mən 15 yaşımdan mahnılar yazdırmağa başlamışam.

- Yeni mahnılara kliplər çəkdirəcəksiniz?

- “Laçın”, “Bakı haqqında nəğmə”, “Bu dünya”, “Əbədi rəhbərimiz” adlı mahnılarımızın klipləri var. Ruhəngiz Qasımovanın “Elegiya” adlı əsərinə klip çəkdirmək istəyirəm. Bu klipə gürcüstanlı rejissor Koçe Kapanadze quruluş verəcək. “Elegiya” əsərini Teymur Göyçayevin dirijorluğu ilə Kamera Orkestri müşayət edib və lirik mahnıdır.

- Solo konsert proqramı ilə çıxış etmək fikriniz yoxdur?

- Dekabr ayının sonu planlaşdırıram. Moskva və Yekaterinburqda da konsertlərim olmalıdır. Əgər vaxt baxımından çatdıra bilməsəm, qalacaq gələn ilin mart ayına. Şübhəsiz ki, konsert Heydər Əliyev Sarayında olacaq.

- Yaddan çıxan, unudulan sənətkarlar barədə gənc nəsli məlumatlandırmaq üçün layihəniz var. Onların disklərini öz hesabınıza çıxartdırırsınız. Bu layihə davam edirmi və sırada hansı sənətkar durur?

- Sədrlik etdiyim bu istehsalat birliyini yaratmaqda məqsədim yaradıcı gəncləri bir araya yığmaq, mənəvi dəyərlərimizi inkişaf etdirməkdir. Bu layihədə 10-15-dən çox disk və bir neçə kitab çıxıb. İstəyirəm indi də gənclərə müraciət edəm. Konservatoriyada oxuyan tələbələr var ki, doğrudan da səsləri var, amma disk çıxarmağa imkanları yoxdur. İstəyirəm onların təbliğat işləri ilə məşğul olum. Bu mənim borcumdur, mən də dövlətin bir zərrəsiyəm. Bu vaxta qədərsə Xan Şuşinskinin yeganə tələbəsi olan Oqtay Hacıyev, Xalq artistləri Eldar Axundov, Elxan Əhədzadə, Nəriman Əzimov, Mobil Əhmədov kimi sənətkarların diskləri çıxıb. Hazırda isə “Axırıncı aşırım” filmində oxuyan Firudin Mehdiyev, Ağababa Bünyadzadə, Lütfiyar İmanovun diskini çıxaraq haqqında fikirləşirəm.

- Dünya səhnələrinə çıxmaq istəyirsinizmi və bu yolda hansı addımlar atırsınız?

- Arzularımdan biri La-Skalada Azərbaycan dilində Koroğlunu oynamaqdır. Əlbəttə bu, birdən olmur, amma yavaş-yavaş bu yöndə işlər görürəm.

- Sənətdə ən böyük arzunuz nədir?

- Sənətdə ən böyük arzum budur ki, Qarabağda – Cıdır düzündə Koroğlunu oynayım. Mən and içmişəm ki, Qarabağda atın belində canlı olaraq, mikrofonsuz, orda ət bişə-bişə, qoyun təmizlənə-təmizlənə mən də Koroğlunu ifa edim. İstəyirəm mənə həmişə xalqın qəhrəmanı kimi baxsınlar.

 

 

Ümidə Həsənli

 

Kaspi.-2011.-12 oktyabr.-S.13.