QHT-lər müstəqilliyimizin qorunması üçün çalışmalıdırlar 

 

Bu fikir dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masada səsləndirildi

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycanda QHT-lərin 20 ildə keçdiyi yoldan bəhs etdi. O qeyd etdi ki, bu illər ərzində QHT sektoru kifayət qədər inkişaf yolu keçib.

 

20 illik dövlət müstəqilliyi ərzində Azərbaycanda ictimai sektorun inkişaf tarixini şərti olaraq 4 mərhələyə bölmək olar. Birinci mərhələ 1988-1993, ikinci mərhələ 1993-2003, üçüncü mərhələ 2003-2007 və dördüncü 2007-2011-ci illəri əhatə edir. Şura sədri qeyd edib ki, QHT təmsilçiləri müstəqilliyin ilk illərindən daim dövlətçiliyin keşiyində durublar və öz üzərilərinə düşən işi şərəflə yerinə yetiriblər. Müstəqilliyin ilk illərində çətin şəraitdə işləyən vətəndaş cəmiyyəti institutları sonrakı illərdə xeyli inkişaf edərək ölkə həyatının müxtəlif sahələrində öz sözlərini deyiblər. İlk illərdə QHT-lər əsasən xarici donorların köməyi ilə fəaliyyət göstəriblər. Müstəqilliyin 20 ili ərzində QHT-lərin xətti ilə Azərbaycana təxminən 600 milyon dollar daxil olub. Bu vəsait müxtəlif problemlərin həllinə yönəldilib. QHT-lərin inkişafının dördüncü mərhələsində dövlətin QHT sektoruna diqqəti daha da artıb. Dövlət şura vasitəsi ilə QHT layihələrinin maliyyələşdirilməsinə başlayıb. Şuranın prezident yanında yaradılması ona verilmiş xüsusi status olaraq QHT təmsilçiləri tərəfindən yüksək qiymətləndirilib. Artıq dördüncü ildir ki, şura ölkədə QHT-lərə məlumat-informasiya, konsultativ, təşkilati-texniki, metodiki və maliyyə dəstəyi verir. Şuranın fəaliyyətə başlaması ilə QHT-lərin xarici donorlardan asılılığı azaldılıb. İndi ölkə QHT-ləri daha çox milli-mənəvi dəyərlər, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, mədəniyyətimizin inkişafı və təbliği kimi məsələləri prioritet istiqamət kimi müəyyənləşdiriblər. Fəaliyyəti dövründə şura müxtəlif QHT-lərin 1118 layihəsinə 7,5 milyon manat həcmində maliyyə yardımı ayırıb.

Tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı müstəqilliyin digər sahələrlə müqayisədə QHT sektoru üçün xüsusilə önəmli olduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması məhz müstəqilliyin əldə olunması ilə başlayıb. Bu baxımdan, vətəndaş cəmiyyəti təmsilçilərinin müstəqilliyimizin 20 illik yubileyini qeyd etmələri üçün xüsusi əsasları var. Millət vəkili vətəndaş cəmiyyətinin inkişafında qadın hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərin xüsusi rolunun olduğunu da qeyd etdi. Onun sözlərinə görə, son illər dövlətin QHT sektoruna qayğısı artsa da, bu sahənin hələ də yardıma ehtiyacı var. Bu baxımdan, növbəti illərdə dövlət büdcəsindən QHT-lər üçün ayrılan vəsaitin həcmi bir qədər də artırılmalıdır.

Millət vəkili Çingiz Qənizadə isə qeyd etdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq bundan da çətindir. Bu baxımdan müxtəlif QHT rəhbərlərinin müstəqilliyin əldə olunmasında, ümumilikdə vətəndaş cəmiyyəti sektorunun isə onun qorunub-saxlanılmasında xüsusi rolu var. «Bugünkü tədbirdə həm müstəqilliyimizin əldə olunmasında iştirakı olan veteranlar, həm də müstəqilliyin qorunması üçün çalışan gənclər iştirak edirlər» - deyə millət vəkili vurğuladı. O qeyd etdi ki, QHT təmsilçiləri ötən 20 il ərzində Azərbaycanın müstəqilliyinin qorunmasında ciddi rol oynayıblar və gələcəkdə də onların üzərinə böyük yük düşəcək. Müstəqilliyin qorunmasının təkcə dövlətin işi olmadığı deyən natiq QHT təmsilçilərini bu istiqamətdə fəal olmağa çağırdı.

Vaxtilə QHT sektorunda çalışmış, hazırda Turizm İnstitutunun rektoru olan Cəfər Cəfərov müstəqillik üçün 20 ilin o qədər də böyük müddət olmadığını bildirdi. Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycan QHT-ləri böyük inkişaf yolu keçiblər. Onların ölkənin müstəqilliyinin möhkəmləndirilməsində özlərinə məxsus rolları olub. C.Cəfərov QHT-lərin yeni üsullardan istifadə etməklə növbəti illərdə də ölkənin inkişafına töhfə vermələrini arzuladı. Onun sözlərinə görə, QHT sektoru Azərbaycanda həm də yaxşı kadr bazası rolunu oynayır. Vaxtilə bu sektorda çalışmış insanlar indi müxtəlif vəzifələrdə işləməkdədirlər. «Öz təcrübəmdən çıxış edərək deyirəm ki, QHT sektorunda qazanılan təcrübə sonrakı fəaliyyətimizdə bizə çox böyük kömək edir» - deyə C.Cəfərov vurğuladı.

Qeyd edək ki, tədbirdə müstəqilliyin 20 illiyinə həsr olunmuş «Azərbaycanda QHT sektoru dövlət müstəqilliyinin 20 ilində» adlı kitabın da təqdimatı keçirildi. Kitabda ölkədə QHT-lərin yaranmasında və inkişafında xüsusi xidmətləri olan dövlət məmurlarının, deputatlar və tanınmış QHT rəhbərlərinin məqalə və müsahibələri əksini tapıb.

 

 

İlham QULİYEV

 

Kaspi.-2011.-14 oktyabr.-S.6.