Azərbaycan müstəqilliyin 20 illik yubileyini qeyd edir 

 

Görülən işlər müstəqilliyimizin daimi, dönməz və əbədi olmasını təmin edib

 

Bu gün Azərbaycanın müstəqilliyinin 20 ili tamam olur. Düz 20 il əvvəl 1992-ci il oktyabrın 18-də parlament milyonlarla azərbaycanlının arzusunu reallaşdıraraq Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Kifayət qədər ağır olan bir durumda elan olunan müstəqillik 20 ildir ki, davam edir.

20 il bundan öncə çoxlarımızın ürəyində qoruyub saxladığı müstəqillik arzusu reallaşdırıldı. Həmin vaxtlar 1918-ci ildə elan olunan, amma cəmi 23 ay ömrü olan 1-ci müstəqillik tariximizin acı təcrübəsi əsas götürülərək 2-ci müstəqilliyimizin də heç də rəvan olmayacağı güman olunurdu. Elə belə də oldu. Müstəqilliyin ilk illərində ölkəmiz çox böyük çətinliklər və məhrumiyyətlərlə üzləşdi. Azərbaycanı itirmək istəməyən, müstəqilliyimizi qəbul etməyən qüvvələr bu yolda əllərindən gələni etdilər. Müstəqillik yolunda yenicə addımlamağa başlayan Azərbaycan üçün minbir problem yaradıldı. Ölkəmiz Dağlıq Qarabağ uğrunda müharibəyə sövq edildi. Dövlət strukturları hələ tam oturuşmamış Azərbaycanda daxili katakalizmlər quraşdırıldı. Ölkə vətəndaş müharibəsi səviyyəsinə gətirilib çıxarıldı. 1993-cü ildə Azərbaycan hətta, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Bu illər ərzində müstəqilliyi qorumağın onu əldə etməkdən heç də asan olmadığı əyani şəkildə sübut olundu.

Bütün bu problemlərə baxmayaraq Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən ümummilli lider Heydər Əliyev ikinci dəfə əldə etdiyimiz müstəqilliyin qorunub saxlanılması üçün xalqa ən doğru olan yolu göstərdi. Məhz onun rəhbərliyi altında müstəqil Azərbaycanın lazımi dövlət institutları formalaşdırıldı. Ölkə daxilində siyasi sabitlik təmin olundu, yaxın-uzaq xaricdən idarə olunan 2 dövlət çevrilişi aktının qarşısı alındı. Ölkədə xarici qüvvələrin əllində alətə çevrilmiş silahlı müxalifət ləğv olundu.

Sonrakı illərdə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün çox mühüm addımlar atıldı. Bu sırada xüsusilə də əsası ümummilli lider tərəfindən qoyulan neft strategiyasını qeyd etməliyik. Məhz Heydər Əliyevin qətiyyətli və sistemli siyasəti nəticəsində regiondakı böyük güclərin etirazlarına baxmayaraq, 1994-cü ildə «Əsrin Müqaviləsi» imzalandı. Dünyanın tanınmış neft şirkətləri Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsinə cəlb olundular. Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılmasını təmin edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərləri işə salındı.

Ölkə daxilində sabitliyin təmin olunmasından sonra Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunun reallaşdırılmasına başladı. Məhz bu siyasətin nəticəsində müstəqil Azərbaycanın dünyanın bütün böyük gücləri ilə bərabərhüquqlu münasibətləri formalaşdırıldı. Azərbaycan beynəlxalq təşkilatlardakı fəaliyyətini aktivləşdirərək öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa başladı.

20 illik müddət müstəqillik üçün o qədər də böyük deyil. Amma bu illər ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib. Müstəqilliyin ilk illərində dövlət büdcəsi heç 1 milyard dollar olmayan Azərbaycan indi 20 milyard dollarlıq büdcəyə malikdir. Ölkə iqtisadiyyatının inkişafı dünyanın digər dövlətləri tərəfindən həsədlə izlənilir. İndi Azərbaycanın valyuta ehtiyatlarının cəmi 30 milyard dollardan çoxdur. Regionun bir çox dövlətləri maliyyə problemləri ilə üzləşəndə Azərbaycana üz tuturlar. Bu illər ərzində Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilibdir.

Müstəqillik illərində iqtisadiyyatın sıçrayışlı inkişafı əhalinin sosial problemlərinin həlli üçün də böyük miqyaslı işlərin görülməsinə təkan verdi. Məhz bu işlərin nəticəsində 90-cı illərin sonunda 49 faizlə ölçülən yoxsulluq səviyyəsi 2010-cu ildə 9 faizə endirildi. Yoxsulluqdan əziyyət çəkən insanların problemlərinin həllinə yönəlmiş ünvanlı sosial yardım institutu formalaşdırıldı. Bu illər ərzində ölkədə bir milyona yaxın yeni iş yeri açıldı. Başqa sözlə, dünyanın ən inkişaf etmiş ölkələrini də narahat edən işsizlik problemi böyük miqyasda aradan qaldırıldı. Ölkədə böyük pensiya islahatları həyata keçirildi. Qəbul olunmuş yeni pensiya strategiyasına əsasən pensiyaların ədalətli hesablanması formatı yaradıldı. Bu gün Azərbaycan MDB ölkələri arasında adambaşına düşən pensiyanın orta məbləğinə görə yalnız Qazaxıstandan geri qalır.

Müstəqillik illərində Azərbaycanda çox böyük infrastruktur layihələr həyata keçirildi. Ölkənin enerji, ərzaq təhlükəsizliyi təmin olundu.

Müxtəlif tərəddüdlərin olmasına baxmayaraq, Azərbaycan Avropaya inteqrasiya xətti yürütdü. Ölkəmiz Avropa Şurasına daxil oldu, Respublikada geniş əhatəli demokratik islahatlar reallaşdırıldı, çoxpartiyalı sistem quruldu. İnsan hüquq və azadlıqlarının qorunması dövlətin bir nömrəli problemi kimi gündəmə gətirildi.

Həyata keçirilən bütün bu işlər ölkəmizin həqiqi müstəqilliyinin təmin olunmasına təkan verdi. Məhz bu işlərin nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Bu gün Cənubi Qafqaz dedikdə ilk növbədə Azərbaycan yada düşür. Region iqtisadiyyatının 75 faizi Azərbaycana aiddir. Artıq hamı qəbul edir ki, bu regionda Azərbaycanın razılığı olmadan heç bir layihə və plan reallaşdırmaq mümkün deyil. geridə qalan illərdə biz bir neçə dəfə bunun əyani şahidi olmuşuq. Məhz Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistan bütün regional layihələrdən uzaqlaşdırılıb və dünyadan təcrid olunmuş duruma salınıb. 2009-cu ildə ABŞ, Fransa və hətta, Rusiyanın dəstəklədiyi Türkiyə-Ermənistan normallaşma prosesi məhz Azərbaycanın müdaxiləsilə reallaşmadı. Vaşinqton və Parisdən gələn açıq təhdidlərə baxmayaraq rəsmi Bakı ölkənin milli maraqlarına uyğun olmayan bu layihənin reallaşdırılmasına imkan vermədi. Azərbaycanın Ermənistanla müqayisədə nə qədər müstəqil dövlət olduğunu bir müddət bundan öncə keçirilən hərbi paradlar da sübut etdi. Bakıda keçirilən parad həm möhtəşəmliyi ilə fərqləndi, həm də parada Azərbaycan bayrağı altında yerli müdafiə sənayemizin istehsal etdiyi silahlar nümayiş etdirildi. Yerevanda keçirilən parad isə miskinliyi ilə yadda qaldı. Ermənilər yalnız rusların onlara hədiyyə etdiyi sınıq-salxaq köhnə silahları nümayiş etdirə bildilər. Üstəlik, parada Rusiya bayrağı altında rus əsgərləri də iştirak etdilər.

20 illik müstəqillik tarixi ərzində Azərbaycanın həll edə bilmədiyi yeganə problem şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsidir. Ötən illər ərzində münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqlar heç bir nəticə vermədi. Ermənistan tərəfi mövcud status-kvonu qoruyub saxlamaq, Azərbaycan isə münaqişənin ədalətli həllinə nail olmaq üçün çalışdı. Ötən illər ərzində aparılan işin nəticəsi olaraq bütün dünyanın Ermənistanı işğalçı dövlət kimi tanımasını qeyd etmək olar. İndi demək olar ki, dünyanın bütün mötəbər beynəlxalq təşkilatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını qəbul edirlər. 18 ildir münaqişənin həlli istiqamətində ciddi irəliləyişə nail ola bilməyən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər də mövcud status-kvonun saxlanılmasının qeyri-mümkün olduğunu qəbul edirlər. Bu isə o deməkdir ki, artıq Ermənistanın uzun illərdir reallaşdırmağa çalışdığı mövcud status-kvonun qorunması arzusu real deyil. Gec-tez Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa addımlar atılmalıdır. Onu da qeyd etmək lazımdır ki, artıq həm Ermənistan, həm də münaqişənin həllində vasitəçilik edən qüvvələr yaxşı dərk edirlər ki, bugünkü Azərbaycan 1993-94-cü illərdəki Azərbaycandan xeyli fərqlənir. Ötən illər ərzində Azərbaycan özünün çox güclü ordusunu formalaşdırıb. Bütün müstəqil ekspertlər etiraf edirlər ki, Cənubi Qafqazda Azərbaycan ordusuna müqavimət göstərmək gücündə olan ikinci ordu yoxdur. Azərbaycanla Ermənistanın hərbi gücləri arasındakı fərq müqayisəolunmaz dərəcədə böyüyüb. Əgər bu gün hərbi əməliyyatlar yenidən bərpa olunarsa, Azərbaycanın Ermənistanı məğlub edəcəyi heç kimdə şübhə doğurmur. Buna baxmayaraq, Azərbaycan böyüklük nümayiş etdirərək və geosiyasi reallıqları nəzərə alaraq münaqişənin sülh yolu ilə həlli variantına üstünlük verir. İndii Ermənistanın özündə də yaxşı dərk edirlər ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq.  

Beləliklə, bu gün 20 illik müstəqillik tarixini bayram edən Azərbaycan gələcəyə çox inamla addımlayır. Bu gün vətənin sevən hər bir soydaşımız üçün müstəqilliyimiz bir qurur mənbəyidir. Bu gün hər birimizin milli maraqlarının qorunmasını özünün əsas hədəfi hesab edən, təbii sərvətlərimizin bizə lazım olan istiqamətlərə yönəldilməsini həyata keçirən, millət kimi taleyimizi müəyyənləşdirən müstəqil dövlətimiz var.

Ən əsası isə, ötən illər ərzində təməli qoyulan uğurlar müstəqilliyimizin daimi olduğunu iddia etməyə əsas verir. Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycanın müstəqilliyi daimi, dönməz və əbədidir.

 

 

İlham QULİYEV

 

Kaspi.-2011.-18 oktyabr.-S.4.