Nazirlik jurnalistləri mükafatlandırdı 

 

İqtisadi İnkişaf Nazirliyi KİV nümayəndələri arasında elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb

 

Dünən İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci il dönümü ilə bağlı KİV nümayəndələri arasında elan etdiyi “Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər” mövzusunda yaradıcılıq müsabiqəsinə yekun vurub. Bu məqsədlə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə nazirliyin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

 

   Tədbiri  giriş sözü ilə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev açaraq müsabiqə qaliblərinin artıq müəyyən olunduğunu bildirdi: “Müsabiqəyə təqdim olunmuş məqalə və sujetlər nazirlikdə yaranmış Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir”.

   Abbas Əliyevin çıxışından sonra Azərbaycanın dövlətçiliyi haqqında KİV nümayəndələrinə qısa film təqdim edilib. Filmin ardınca İqtisadi İnkişaf Nazirliyi aparatının sədri, müsabiqə komissiyasının rəhbəri Samir Vəliyevə söz verilir: “Hörmətli tədbir iştirakçıları, bildiyimiz kimi bu il Azərbaycan müstəqilliyinin bərpasının 20-ci il dönümüdür və bununla bağlı ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Bu iyirmi ildə Azərbaycanın iqtisadi sahədə çox böyük uğurları olmuşdur. Müstəqilliyimizin ilk illərindəki çətin vəziyyəti nəzərə alsaq Azərbaycan iqtisadiyyatının nə qədər çətin və böyük yol keçdiyini görmüş olarıq.

Bu uğurların ictimaiyyətə çatdırılmasında siz jurnalistlərin, xüsusilə də iqtisadi sahədə yazanların rolu çox böyükdür. Biz bu müsabiqə komissiyasını keçirərkən bir daha əmin olduq ki, Azərbaycanda iqtisadi sahədə yazan jurnalistlərin peşəkarlıq səviyyəsi çox artıb”.

   Samir müəllim qeyd etdi ki, müsabiqəyə təqdim edilən məqalələr çox sanballı və mövzu ətrafında əhatəli təhlil mövcud idi. “Həqiqətən səmimi etiraf edim ki, qalibi müəyyən etmək komissiya üçün asan olmayıb. Biz müsabiqəni təşkil edərkən mükafatlandırılacaq yerlərin sayı 10 yer idi. Amma təqdim olunmuş materialların keyfiyyəti yüksək olduğuna görə komissiyanın təqdimatı və nazirliyin əmrinə əsasən mükafat alacaq yerlərin sayı 14-ə artırıldı. Ümid edirəm ki, siz jurnalistlər bundan sonra da İqtisadi İnkişaf Nazirliyinin təşkil elədiyi tədbirlərdə fəal iştirak edəcəksiniz və bizim əməkdaşlığımız daha da sıx olacaqdır. Hər bir qalibi təbrik edirəm”.

            Samir müəllimin nitqindən sonra, Abbas Əliyevin dediyi kimi, tədbirin ən maraqlı məqamı yetişişir. Beləliklə, qalib jurnalistlərin adları açıqlanır. Onlara diplomlar və pul mükafatları verilir, öncədən qeyd edək ki, ikinci və üçüncü yerlərə iki və daha artıq yer veril

            1-ci yer: İlahə Məmmədli, “Trend” İnformasiya agentliyinin əməkdaşı;

            2-ci yer: Nicat Nəsirli –AzTV-nin əməkdaşı; Vaqif Bayramov–“Xalq 

qəzeti”.

            3-cü yer: Suriyyə Şirinova–“Space” TV-nin əməkdaşı; Elbrus Cəfərli–  “Yeni Azərbaycan” qəzetinin müxbiri; Günay Əfəndiyev–  “Üç Nöqtə” qəzetinin əməkdaşı;

  Növbəti həvəsləndirici yerlərə isə Əfqan Qafarlı–“Modern.az” saytı; Samirə Quliyeva–“Azərtac”; Təbriz Vəfalı–“Həftə İçi” qəzeti; Zülfiyyə Quliyeva–“Mərkəz qəzeti”; İlkin Ağayev–“Palitra qəzeti”; Asif Nərimanlı–“Paritet qəzeti”; Əfsun Sucayev–“Üç nöqtə qəzeti”; Ülkər Nəbiyeva–“525-ci qəzet”;

   Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin iyun ayında elan etdiyi bu müsabiqənin şərtlərinə görə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları tək və ya müştərək halda iştirak ediblər.

   Məqalələr Azərbaycan və ya rus dillərində, televiziya süjetləri isə Azərbaycan dilində təqdim olunub. Qaliblərin pul mükafatına gəldikdə isə, birinci yer – 1 nəfər – 500 (beş yüz) mant, ikinci yer – 2 nəfər – hər biri üçün 400 (dörd yüz) mant, üçüncü yer – 3 nəfər – hər biri üçün 300 (üç yüz) mant pul mükafatı verilib. Həvəsləndirici mükafat isə hər biri üçün 150 (yüz əlli) mant olub.

 

 

Elgün Mənsimov 

 

Kaspi.-2011.-18 oktyabr.- S.8.