Memar Əcəminin möhtəşəm yaradıcılığı

 

Əcəmi Əbubəkr oğlu Naxçıvani - Mənşəcə Azərbaycan türklərindən olan, XI-XII əsrlərdə indiki Azərbaycan ərazisində fəaliyyət göstərmiş və dünya şöhrəti qazanmış memar, Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi.

 

XI və XII əsrlər - Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə yaşayıb-yaratmış dahi şəxsiyyətlərin bolluğu da adamı heyrətə gətirir: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbül-əla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları...

Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır.

Tanınmış sənətşünaslardan Ə.V.Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir Dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrar olunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır."

Əcəmi öz ömrünü İraq Sultanlığında - Azərbaycan Atabəylər dövlətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi. Atabəylər dövləti böyük atabəy Şəmsəddin Eldənizin dövründə yaranmış, onun oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə çiçəklənmişdi.

Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsərinin-İl-Dənizin xanımı Mömünə Xatun türbəsi üzərində belə yazmışdı:

"Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə."

Bəli, xatirə qaldı. Müsəlman şərqində yalnız bir neçə memarlıq ansamblı məşhurdur. Bunların içərisində Səmərqəndin, İsfahanın memarlıq ansambllarını, eləcə də Tac-Mahalı göstərmək olar. Güman ki, həmin ansamblların yaranmasından çox-çox qabaqlar dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda (Bibliyadakı rəvayətlərə görə, bu şəhərin əsası Nuh peyğəmbər tərəfindən qoyulub) orta əsrlərin dahi memarı Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəmlikdə bunlardan heçgeri qalmayan arxitektura kompleksi tikilmişdir. Nəhəng bir ərazidə İl-Dənizlərin Sarayı, Cümə məscidi, Xatirə abidələri, çox güman ki, mədrəsə, karvansara və digər hökumət tikililəri qurulmuşdu. Bütün bu məlum və ehtimal olunan tikililərdən bizim dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu sətirləri oxumaq olar:

"Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üç və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər (savad) olduqca gözəldir, axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir... İl-Dənizin mübarək zamanında (Naxçıvan) tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı (dar-əl-mülk) və hökumət binaları (dövlətxana) tikildi..."

O zamanın mənbələrinə əsaslansaq, Əcəmi dövründə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Xatırlanan meydandan dövrümüzə gəlib çıxmış tikililər arasında ən qədimi xalq arasında Atababa Günbəzi adlanan Yusif Küseyir oğlu türbəsidir. Türbənin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizguşəli çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan tərəfi kərpic bloklarla hörülmüş naxışlarla bəzədilmişdir. Abidənin giriş hissəsində kufi xətti ilə yazılıb:

"Bu, şərəfli dinimizin məşhur rəisi, İslamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyrin məqbərəsidir. Şəvval ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il)."Məqbərənin üzərində kufi xətti ilə Qurandan dekorativ ayələr yazılmışdır. Girişin sol tərəfində memarın adı həkk olunmuşdur: "Əcəmi ibn Əbubəkr Naxçıvani."

Azərbaycanda daha gözəl və daha möhtəşəm bir məqbərə isə Mömünə Xatunun şərəfinə salınmış və xalq arasında Atabəy Gümbəzi kimi məşhur olan xatirə abidəsidir. Mömünə xatun Atabəy Şəmsəddin Eldənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü. O,1175-ci ildə dünyasını dəyişir. Bundan az sonra İl-Dəniz özü də rəhmətə gedir və yalnız 1186-ci ildə başa çatmış məqbərənin tikintisini onların oğlu Cahan Pəhləvan davam etdirir. Bu məqbərə də yeraltı və yerüstü hissələrdən ibarətdir. Birinci qismə xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz formasına görə kəsik onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində kufi xətti ilə Qurandan ayələr həkk olunmuş haşiyə yerləşdirilib. Təqribən bir metr hündürlüyündə olan bu yazı minalanmış kərpiclərlə işlənmişdir və məqbərənin bəzəyi sayılır. Hündürlüyünə və monumentallığına baxmayaraq, məqbərə çox zərif və dikdir. Bu da onun qadın şərəfinə ucaldıldığından xəbər verir.

Bu məqbərəyə baxanda istər-istəməz adamın yadına Hindistan arxitekturasının ölməz incisi Tac-Mahal düşür. Həmin kompleks də qadın - Mümtaz Mahalın (1648-ci il) şərəfinə, həm də Cahan adlı türk hakimi tərəfindən ucaldılmışdır. Möminə xatun məqbərəsi haqqında akademik V.M.Alpatovun "Ümumi incəsənət tarixi" külliyyatında deyilənlərə nəsə əlavə eləmək çox çətindir. O yazır:

"Bu cür inkişaf tapmış forma hissiyyatı, bu cür klassik kompozisiya bitkinliyi və kompozisiyanın gerçəkləşdirilməsindəki bu cür kamillik o dövrlərdə Orta Avropa arxitekturasında rast gəlinmir. Klassik şərq ədəbiyyatının ən gözəl nümunələrindən olan Firdovsinin (X-X1 əsrlər) "Şahnamə", Nizaminin (XII əsr) "Leyli və Məcnun" kimi ölməz poemalarında olduğu kimi, Naxçıvandakı bu məqbərə də bəşəri mahiyyəti ilə fərqlənir."

Əcəmi Naxçıvaninin Naxçıvanda heykəliİslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən Şərqdə yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü abidələri əvəz edirdi. Bu tikililərin məzarlıq hissələri yerin altında olur, yerüstü hissəsi isə bəzən hətta 30 metrə qədər yüksələrək, öz gözəlliyi və ifadəliliyi ilə dəfn olunmuş şəxsin xatirəsini əbədiləşdirməyə xidmət edirdi.Böyük memar hər iki əsərində həmin qayəni yüksək sənətkarlıqla gerçəkləşdirə bilmişdi.

Bu meydanda yerləşən tikililərdən biri də hansısa möhtəşəm bir memarlıq abidəsinin qoşa minarəli piştağıdır. Həmin abidə XIX əsrdə dağıdılmış, onun şəkilləri və təsviri isə qalmışdır. Abidə dağıdılmamışdan onun üzərindəki "Memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin əsəridir" sözləri aydın oxunurdu.

Piştağ 1187-ci ildə, Mömünə Xatun türbəsindən bir il sonra tikilmişdir. Mütəxəssislər təsdiq edirlər ki,qoşa minarəli portal kompozisiyası ilk dəfə Əcəmi tərəfindən tətbiq edilmişdir. Sonralar müsəlman dünyasının bir çox ölkələrində bu kompozisiyaya tez-tez rast gəlinir.

Əcəminin xatırladığımız tikililərinin ümumi kompleksinə nəhəng bir Cümə məscidi (Cümə məscidi (Naxçıvan))də daxil idi. Bu məscidin təsviri fransız səyyahları Tavernye və Delafruanın qeydlərindəki şəkillərdə verilmişdir. XIX əsrin ortalarında V.Engelqart "Qafqaz" qəzetində bu məscid haqda yazırdı:

"Bu - yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb, o biri his-səsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda hündürlüyü 20 sajenə çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir."

Tamamilə mümkündür ki, həmin- boş qalmış yerdə adətən belə komplekslərə daxil olan mədrəsələr və ya karvansaralar da tikilibmiş. Üstəlik Bretanitskinin yazdıqına görə, atabəyin Naxçıvanda Möminə xatun vəqfinə daxil olan bir mədrəsə tikdirdiyi qeyd edilmiş yarlıq da mövcuddur.

Maraqlıdır ki, zaman keçdikcə Əcəminin ustalıqı ilə bərabər, cəmiyyətdə tutduqu mövqe də artır. Bunu məlum abidələrdə onun adının yazılış forması da aydın köstərir. Yusif ibn Küseyrin məqbərəsində bu yazı o qədər namünasib şəkildədir ki, ilk tədqiqatçılar hətta bunu körə də bilməmişlər. Üstündən 20 il keçdikdən sonra Möminə xatun məqbərəsində isə həmin yazı girişin üzərində və diqqəti cəlb edən bir tərzdə həkk olunmuşdur. Növbəti yazı isə monumental piştağın üzərindədir.

Əcəminin yaradıcılığı uzun əsrlər boyunca Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham və təqlid mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşamış Böyük Türkiyə memarı Memar Sinanın əsərlərində də tədqiqatçılar dahi ustadın təsirini qeyd edirlər. Qoy çağdaş memarlar da Əcəminin devizini yaddan çıxarmasınlar: "Biz öləcəyik, bu əsərlərsə xatirə kimi qalacaq."

 

 

Samir Sadıqov

 

Kaspi.-2011.-19 oktyabr.- S.12.