Əxlaq hər kəsdə
və hər yerdə olmalıdır
Akademik Ədilə Namazova: “Ot
kökü üstə bitər - deyib atalar. Heç
görmüsünüz, qızılgülün kökündən
qanqal bitsin?”
Azərbaycan
xalqının özünəməxsus, qədim əxlaqi dəyərləri, əxlaq
normaları var. Nəsillərin bir-birinə ərməğan
etdiyi əxlaq qanunları bütün dövrlərdə bəzən
aşılanmağa məruz qalsa belə, yenə də
qorunaraq gələcək nəsillərə
ötürülür.
Akademik
Ədilə Namazova “Kaspi”yə müsahibəsində cəmiyyətdə
əxlaqi dəyərlərin qorunmasının hər bir kəsin
vəzifəsi olduğunu bildirdi.
Cəmiyyətin əxlaqı
- Bu gün cəmiyyətdə əxlaqi
dəyərlərin aşılanması, mənəvi
deqradasiyanın baş alıb getməsi ilə bağlı
fikirlər səslənir. Cəmiyyətin ayrı-ayrı
üzvləri prosesə müsbət mənada necə təsir
edə bilər?
- Cəmiyyətdə
əxlaq məsələsi hamıya eyni dərəcədə
aiddir. İstər kişi olsun, istər qadın, istər gənclər,
istərsə də uşaqlar. Cəmiyyətdə
qadınların adını bəlkə ona görə daha
çox əxlaqla bağlayırlar ki, o, anadır. Qadın
ailədə ab-hava yaradandır. Əgər onun əxlaqı
yaxşıdırsa, böyük-kiçiyin yerini bilsə, tərbiyəsi
olsa, demək uşağını da elə tərbiyəli, əxlaqlı
böyüdəcək. Nə qədər olmasa, həyat
yoldaşı da ona baxıb ibrət götürəcək.
O, həyat yoldaşını da düzgün istiqamətləndirəcək.
Əxlaq bizim gündəlik davranışımızdadır.
Əxlaq bizim bir-birimizə münasibətimizdədir. Əxlaq
bizim təfəkkürümüzdədir. Əgər əxlaqımız
yaxşı olsa, təfəkkürümüz də
yaxşı olacaq. Bir var peşə əxlaqı, mənəviyyat,
bir də var ailə əxlaqı. Bunlar gərək
hamısı eyni səviyyədə inkişaf etsin. Müəllim
əxlaqı, həkim əxlaqı var. Bir dəfə ulu
öndər Heydər Əliyev davranış qaydalarına
riayət etməyən sürücülərə “mən bu
mənəviyyatı sizə öyrədə bilmədim” deyə
bildirdi. Demək, hər bir kəsin öz daxili mənəviyyatı
olmalıdır. Bu daxili mənəviyyat da əxlaq kimi
görünür.
-
Sizcə insanlar gündəlik həyatlarında necə
davranmalıdırlar ki, bir-birlərinə zərərləri
dəyməsin? Amma biz gündəlik həyatımızda
çox neqativ hadisələrin şahidi oluruq.
- Cəmiyyəti
təşkil edən ayrı-ayrı insanlardır. O insanlar da
ayrı-ayrı ailədən gələn, tərbiyə alan
şəxslərdir. Onlar ailədə qoyulan əxlaqla davam
edirlər. Cəmiyyətin əxlaqı da ayrı-ayrı fərdlərin
əxlaqından toplanmış görünüşdür.
Ona görə bizim borcumuz ilk növbədə ailədə
uşaqlarımızı tərbiyə etməkdir. Hər kəs
öz sahəsində bu vəzifəni yerinə yetirməlidir.
Əgər müəllimdirsə tələbələriylə,
həkimdirsə xəstələriylə davranmağı
bacarmalıdır. İnsanlar da öz aralarında əxlaqi
norma və qaydaları gözləməlidirlər. Bir var
yazılmış əxlaqi qanunlar, bir də var
yazılmamış qanunlar. Yəqin
razılaşarsınız, həyatda yazılmamış
qanunlar, yazılmamış əxlaqi davranışlar daha
çox həyata keçirilir. Siz yazılmış
qanunların hamısını yadda saxlamırsınız.
Amma yazılmamış münasibətlər, əxlaqi
qanunlar daim sizin beyninizdədir. Siz onu həyata
keçirirsiniz. Çünki siz doğulan andan bugünə
qədər tərbiyədə onu almısınız. Ola bilməz
ki, insan tərbiyəni almasın, ancaq bu və ya digər dərəcədə
çatışmazlıqlar ola bilər.
- Yazılmayan əxlaqi qanunlar
hansılardır?
-
İlk növbədə ailədə özündən
böyüyə, ata-anaya olan normal münasibət. Əgər
insan ağlı kəsəndə ona ailədə
ata-ananın yerini göstərirlərsə, böyük
bacı-qardaşlarına hörməti, özündən
kiçik bacı-qardaşlarına məhəbbəti ona
aşılayırlarsa, o, elə də böyüyür. O, həmişə
də bu qaydaları yerinə yetirir. Heç dərinliyinə
varmadan yaşlı adam gələndə ona yer verir.
Özündən kiçik, körpə görəndə
heç vaxt ona ziyan yetirmir, ona məhəbbətlə
münasibət göstərir. Bu da əxlaqın bir təzahürüdür.
Peşə əxlaqı
- Sizcə yazılı qanunlarla cəmiyyəti
əxlaqlı eləmək mümkündürmü? İnsanlar həmişə o qanunlara tabe olurlarmı?
- Mənə
elə gəlir ki, bu millətlərdə milli xüsusiyyətdir.
Bizdə belə bir məsəl var: «Yol böyüyün, su
kiçiyindir». Bu, əxlaqi qanundur. Bunu harda yazıblar? Və
ya bunu yazmağın nə mənası var? Amma əsrlər
boyu nəsildən-nəsilə keçəndir. Biz Tibb
Universitetində tələbələrə və hətta həkimlərə
həkimlik etikasından mühazirə də oxuyuruq, təcrübə
dərsləri də aparırıq. Tələbələrlə
müxtəlif etik treninqlər də keçirik. Biz istəyirik
ki, tibbi etikanı, mənəviyyatı əsaslı şəkildə
gələcək həmkarlarımız arasında
aşılayaq.
- Sizcə əxlaqı şikəst
bir insan yaxşı həkim ola bilərmi?
- Akademik
Zərifə Əliyeva 1970-ci illərdə əxlaq və mənəviyyat
haqqında yazdığı kitabında “yaxşı həkim
ilk növbədə yaxşı insan olmalıdır. Əgər
o, yaxşı insan deyilsə, yaxşı həkim də ola
bilməz. Əgər yaxşı həkim insanı qiymətləndirməsə,
onu başa düşməsə, onunla nəvazişli
davranmasa onun biliyinin nə qiyməti olacaq?” deyə
yazırdı. Zərifə xanım yaxşı həkimi
günəşlə bərabərləşdirir. Yazıb ki,
yaxşı həkim cəmiyyətə günəş qədər
lazımdır. «Müalicə və diaqnostikanın texniki təminatı
nə qədər mükəmməlləşsə, həmişə
olduğu kimi insan sağlamlığının keşiyində
duran canlı həkim əsas yer tutur. O, dəyişməyə,
yeniləşməyə bilməz. Yeganə dəyişməyən
həkimin qarşısında duran yüksək mənəvi,
etik peşəkarlıq tələb edir. Bu tələbləri
hər bir həkim yerinə yetirməlidir. Yaxşı həkim
öz münasibəti, öz sözü ilə insanı
sağaldır”. Bu da həkimin mənəvi peşə əxlaqının
göstəricisidir.
Ailə əxlaqı
- İnsanın əxlaqının
formalaşması, mənəviyyatının zənginləşməsi
üçün hansı vasitələr köməkçi
olmalıdır?
- İlk
növbədə onun tərbiyəsi, daha sonra biliyi.
İnsanın dərrakəsi, düşüncəsi onun mənəviyyatının
zənginləşməsində mühüm rol oynayır. Ailə
əxlaqı valideynlərdən başlayır. Ailədə əxlaq
olmasa, o ailədə böyüyən uşaqda da əxlaq
olmaz. «Ot kökü üstə bitər» - deyib atalar. Heç
görmüsünüzmü, qızılgülün
kökündən qanqal bitsin? Və yaxud buğda
kökündən hər hansı alaq bitdiyini
görmüsünüzmü?
- Bu gün ümumilikdə cəmiyyətin
əxlaqı sizə necə təsir bağışlayır?
- Bir az
qloballaşmış, bir az urbanizasiyaya uğramış
dövrümüz bir qədər mənfi təsir göstərir.
Axı bizim xalqımızda həmişə əxlaqi dəyərlər
yüksək götürülüb. Siz avtobusa minəndə
də, yolla gedəndə də ola bilsin ki, cavan bir oğlan
sizi itələyib getsin. Bu onun əxlaqının, mənəviyyatının
zəif olmasını göstərir və yaxud ucqar kəndlərə
də gedəndə kimsə nalayiq söz danışır,
onda yaşlı adamlar ətrafına baxaraq «burda uşaq,
qadın var nalayiq söz danışmaq olmaz» - deyirlər. Bu,
bizim kökümüzdən gəlir. Bizim də borcumuz bu ənənəni
davam etdirməkdir. Biz öz uşaqlarımıza, yeni
dünyaya gələnlərə, böyüyən gənclərə
də bu dəyərləri aşılamalıyıq.
- İncəsənətin
müxtəlif növlərinin insanın təlim-tərbiyəsində,
əxlaqının formalaşmasında rolu danılmazdır.
Amma bu gün gənclərin zövqü çox dəyişib.
Onlar daha çox müasir texnologiyalara meyl edirlər. Sizcə
inkişafın əxlaqa mənfi təsiri ola bilərmi?
- Hər
bir televiziya kanalı həftə müddətində tərbiyəvi,
əxlaqi əhəmiyyətli verilişlər təqdim etməlidir.
İndi böyük romanları oxuyan azdır. Və yaxud
müasir ədiblərimizin böyük kitablarını da
oxuyan azdır. Belə bir vəziyyət 30-40 il bundan əvvəl
başqa ölkələrdə baş vermişdi. Mən bir dəfə
«Oqonyok» jurnalından Lev Tolstoyun Amerikada yaşayan nəvəsinin
müsahibəsini oxudum. Ona sual vermişdilər ki, indi
Amerikada Tolstoyun əsərlərini oxuyan, tanıyan varmı?
O isə cavabında demişdi ki, biz indi elə dövrdə
yaşayırıq ki, insanların Tolstoyun «Hərb və
sülh», «Anna Karenina» kimi qalın əsərlərini
oxumağa hövsələsi çatmır. Onlar daha çox
detektiv janrında olan xırda kitablara üstünlük verirlər.
Metroda gedərkən, parkda dincələrkən bu cür
kitabları oxuyurlar. Mən onda təəccüblənirdim,
axı bizdə hamımız Mirzə İbrahimovun «Gələcək
gün» romanını əldən-ələ oxuyurduq. Və
yaxud Süleyman Rəhimovun əsərlərini mütaliə
edirdik. Səməd Vurğunun şeirlərini əzbər
bilirdik. Görünür, dediyimiz inkişaf insanları bir qədər
böyük əsərlərdən uzaqlaşdırır. Təbii
ki, bu da onların əxlaqına təsir edir. Digər tərəfdən,
biz mənəviyyatı, əxlaqı özümüz də
inkişaf etdirməliyik.
Dədə-babalarımızın
mirası
- Cəmiyyətin bütövlükdə
əxlaqlı olması mümkündürmü?
- Əxlaq
normaları ayrı-ayrı ölkələrdə müxtəlifdir.
Məsələn, Azərbaycanın əxlaq norması,
Rusiyanın və ya Fransanın əxlaq normaları fərqlidir.
Bunların da hər biri ayrı-ayrılıqda cəmiyyətdir.
- Bizim cəmiyyətin əxlaq normaları
necə olmalıdır?
- Bizim
ixtiyarımız yoxdur ki, dədə-babalarımızın, əcdadımızın
bizə ötürdüyü əxlaqı itirək. Bizim
borcumuz bizə verilən əxlaqi normaları daha da inkişaf
etdirmək, daha da saflaşdırmaq, balalarımıza, gənclərimizə
ötürməkdir. Biz onları xalqımıza uyğun tərbiyəli,
əxlaqi keyfiyyətlərlə öyrətməliyik. Bu,
kimliyindən asılı olmayaraq, hər bir vətəndaşın
borcudur.
Təranə Məhərrəmova
Kaspi.-2011.-20 oktyabr.-S.9.