Müstəqilliyimizin
20-ci ildönümü Şimali
Kiprdə də qeyd edilib
Şimali Kipr Türk Cümhuriyyətində
yerləşən Doğu Akdeniz Universitetində, eyniadlı
universitetin təşkilatçılığı ilə Azərbaycanın
dövlət müstəqilliyinin 20-ci ildönümü
münasibətilə konsert
keçirilib.
Konsert
Azərbaycan Respublikasının və Türk Cümhuriyyətinin
dövlət himni ilə açıq elan edilib. Bundan sonra
Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət
göstərən və ölkəmizi təmsil edən “Buta”
rəqs qrupunun iştirakı ilə
Azərbaycan rəqsləri “Sarı gəlin” və “Nəlbəki”
nümayiş etdirilib. Rəqs tədbir
iştirakçılarının böyük marağına
səbəb olub və alqışlarla qarşılanıb. Bu
barədə qəzetimizə həmin universitetin tələbəsi
Cəfər Mənsimli məlumat verib. Tədbirdə Azərbaycanın
tarixi və mədəniyyətindən bəhs edən slayd-şou
dan sonra universitetin rektoru professor Abdullah Öztoprak və onun
müavini Məcid Haşhemipour Azərbaycan xalqını
dövlət müstəqilliyinin 20-ci ildönümü
münasibətilə təbrik
ediblər.
Konsertdə
DAU-da təhsil alan 480 azərbaycanlı tələbə və universitetin müəllim və
professor heyətilə yanaşı, Azərbaycandan Bakı şəhər Baş Təhsil
İdarəsinin rəis müavinləri, ölkəmizin ən
qabaqcıl olan 28 məktəbinin direktorları iştirak edib.
Sonda
Tələbə Qəbulu Dövlət Komissiyasının
keçirdiyi qəbul imtahanlarında 600-dən yüksək
bal toplayıb və bu universitetdə təhsil almaq imkanı
qazanan 20 tələbəyə DAU tərəfindən
xüsusi mükafatlar təqdim olunub.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsertdə
respublikamızın əməkdar
artisti Tünzalə Ağayeva və ölkəmizi “Evrovizion
2010” müsabiqəsində təmsil edən müğənni Safura
Əlizadə çıxış
edib.
Elgün
Kaspi.-2011.-20 oktyabr.-S.8.