Jurnalistlərdə dövlətçilik əqidəsi olmalıdır 

 

Əli Həsənov: “Biz azad, demokratik mətbuatı bizi təhdid edən deyil, Azərbaycana xidmət edən bir vasitə kimi dəyərləndiririk”

 

Oktyabrın 19-da Gəncədə Mətbuat Şurasının təşkilatçılığı ilə «Azərbaycan dövlət müstəqilliyi və mətbuat» mövzusunda tədbir keçirilib. Konfransı açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, hazırda Gəncədə quruculuq işləri gedir. Tədbirdə iştirak edən jurnalistlər quruculuq işləri ilə şəxsən tanış olublar.

«Gəncə jurnalistlərin, o cümlədən ictimaiyyət nümayəndələrinin üzünə həmişə açıqdır» - deyə E.Vəliyev vurğulayıb. O qeyd edib ki, bu yaxınlarda quruculuq işləri çərçivəsində Gəncədə Mətbuat Evi də  tikiləcək. İcra başçısı tədbirdə iştirak edən jurnalistləri həmin evin açılışında iştiraka dəvət edib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, tədbirin keçirildiyi Gəncə Aqrar Universitetinin akt zalı vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin yerləşdiyi binadır. Tədbirin burada keçirilməsi indiki müstəqil Azərbaycanın 1918-20-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasına bir işarədir.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuatın inkişaf tarixi barədə məlumat verib. Mətbuatın inkişaf tarixini dörd mərhələyə bölən PA rəsmisi deyib ki, birinci mərhələ 19-cu əsrin ikinci yarısında başlayıb 1918-ci ildə başa çatıb. İkinci mərhələ cümhuriyyət dövründə - 1918-1920-ci illərdə olub. Üçüncü mərhələ SSRİ-nin mövcud olduğu illərə təsadüf edib.

Dördüncü mərhələ isə müstəqillik illərindəki dövrdür. Ə.Həsənov onu da bildirib ki, sovet dövründə Azərbaycan jurnalistikası azad olmasa da, həmin dövrün də jurnalistikamızın inkişafında rolu olub. Təsadüfi deyil ki, müstəqillik illərində fəaliyyətə başlayan yeni media orqanlarının rəhbərləri də sovet jurnalistika məktəbinin təmsilçiləri olub.

«Mən düşünürəm ki, keçmiş SSRİ tərkibində olan respublikaların həyatına baxanda, onlarla müqayisə edəndə alınan nəticələr postsovet məkanında Azərbaycan mətbuatının qabaqcıl yerlərdən birini tutduğunu deməyə əsas verir. Bu baxımdan, sovet jurnalistikası da bizim mətbuat tariximizin tərkib hissəsidir» - deyə PA rəsmisi vurğulayıb. O əlavə edib ki, müstəqillik illərində Azərbaycan mediası digər sahələr kimi inkişafda olub. Ə.Həsənovun sözlərinə görə, müstəqillik dövrünün mətbuatı müəyyən problemlərlə başlayıb. Media 1989-1993-cü illərdə kəskin qarşıdurma, çox ciddi senzura şəraitində fəaliyyət göstərib: "Mətbuata qarşı hər tərəfdən təxribatlar mövcud idi. Mətbuat orqanları ayrı-ayrı postsovet məkanındakı ideologiyaların, ayrı-ayrı dövlət maraqlarının təmsilçisi kimi Azərbaycanın milli birliyini pozurdu, vətəndaş cəmiyyəti dəyərlərinə ziddiyyət təşkil edən istiqamətlər mövcud idi. Azərbaycanda milli mətbuatın formalaşması prosesi təxminən 1998-ci ilə qədər davam etdi. Həmin ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mediası üzərindən senzuranı ləğv edəndən, medianın inkişafı yolunda bütün maneələri aradan qaldırandan sonra qəzetlərin, jurnalların, jurnalistlərin, redaktorların əl-qolu açıldı. Faktiki olaraq bu gün Azərbaycanda elə sahə yoxdur ki, media oraya müdaxilə etməsin, mövcud olan hadisələrlə bağlı medianın məlumatı olmasın". Ə.Həsənov deyib ki, Azərbaycan jurnalistləri sərbəst şəkildə istənilən dövlət, ya qeyri-dövlət təşkilatları, cəmiyyət və qurumlar haqqında informasiya toplamaq imkanına malikdirlər.

Ə.Həsənov sonrakı illərdə müstəqil mətbuatın formalaşdığını və bir ictimai institut kimi mövcudluğunu sübut etdiyini vurğulayıb. Bu institutun özünütənzimləmə mexanizmi yaranıb. Azərbaycan jurnalistlərinin seçkili orqanlarının formalaşdığını deyən Ə.Həsənovun sözlərinə görə, sevindirici haldır ki, dövlət mətbuat üzərindən bütün tənzimləmə mexanizmini götürüb. Hazırda Azərbaycan mətbuatı postsovet məkanının ən qabaqcıl nümunələrindən biridir və bunun təməlini ümummilli liderimiz Heydər Əliyev qoyub. Bu siyasət bu gün də davam edir. Bu gün Azərbaycan dövlətinin mətbuat siyasəti sözün əsl mənasında dünya dövlətləri sırasında özünəməxsus dəsti-xətti ilə seçilir.

PA rəsmisi qeyd edib ki, Azərbaycanın dövlət başçıları sırasında medianın dostu mükafatını ilk dəfə Heydər Əliyevin alması da təsadüfi deyil: “Heydər Əliyev o zaman bir ifadə işlətdi: "Mən ömrümdə çox mükafat və ordenlər almışam, amma jurnalistlərin mənə verdiyi bu ödül çox dəyərlidir və mənim həyatımda xüsusi dəyəri var". Eyni sözləri ötən il prezident İlham Əliyev də dedi. Dövlət başçısının "Mən jurnalistlərin bu mükafatını xüsusi dəyərləndirirəm və fəxr edirəm ki, jurnalistlər məni özlərinin dostu seçiblər" deməsi onu göstərir ki, dövlətin maraqlarında müstəqil medianın inkişafı siyasəti mövcuddur".

Bununla yanaşı, PA rəsmisi mətbuatın adından sui-istifadə edənlərin də olduğunu deyib. Onun sözlərinə görə, bəzən mətbuat əxlaqı olmayan jurnalistlərə də rast gəlmək mümkündür. Belələrinə qarşı təkcə dövlət deyil, jurnalist təşkilatları da mübarizə aparırlar: «Əgər hər hansı bir dövlət orqanı yazılanlara reaksiya vermirsə, bu, məmurun yox, jurnalistin günahıdır. Elə mətbuat nümayəndələri var ki, dövlət orqanı haqqında gündə yüz dəfə uydurma yazırlar. Sonradan düzgün yazan olanda da məmur onlara inanmır”. Ə.Həsənov jurnalistlərə dövlətçilik əqidəsi arzuladığını da bildirib. Onun fikrincə, qəzetlərdən yalanı yığışdırmaq lazımdır: «Bəzi qəzetlər var ki, onlar bütün nömrələrini hər hansı bir nazirin və ya icra başçısının şərəf və ləyaqətinin təhqir edilməsinə həsr edir. Belə qəzetlərdən qurtarmaq lazımdır. Yalan xəbərləri qəzet səhifələrindən yığışdırmaq lazımdır ki, cəmiyyətin qəzetlərə inamı olsun və medianın ictimai rəydəki nüfuzu bərpa olunsun».

Ə.Həsənov son vaxtlar bəzi mətbuat orqanlarında Azərbaycanın görkəmli şəxsiyyətləri barədə dərc olunan təhqiramiz məlumatlara da toxunub. O qeyd edib ki, mətbuatda Bəxtiyar Vahabzadə, Üzeyir Hacıbəyli kimi tarixi şəxsiyyətlərimizin müzakirə mövzusuna çevrilməsinin əleyhinədir: «Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli-mənəvi tarixində rolu olan bir şəxsiyyətdir. Onun milli mənsubiyyətini şübhə altına alanların özləri erməni əsillidirlər».

Çıxışının sonunda Ə.Həsənov qəzetləri sağlam informasiya daşıyıcısı olmağa çağırıb. Onun sözlərinə görə, bu gün Azərbaycan prezidenti və onun yürütdüyü siyasət sözün həqiqi mənasında azad, demokratik mətbuatın formalaşmasına yönəlib. "Biz azad, demokratik mətbuatı bizi təhdid edən bir vasitə kimi deyil, Azərbaycana, dövlətə və dövlətçiliyə xidmət edən bir vasitə kimi dəyərləndiririk. Biz hər şeyi görə bilmərik, amma mətbuat hər şeyi görür" – deyə Ə.Həsənov vurğulayıb.

Tədbirdə çıxış edən Bakcell şirkətinin icraçı direktoru Riçard Şirer bildirib ki, 20 illik müstəqillik tarixində Azərbaycan dövləti gücləndiyi kimi mətbuatı da inkişaf edib. Ötən illər ərzində Azərbaycan mətbuatı müasir informasiya texnologiyalarından da aktiv şəkildə istifadə etməyə başlayıb. Bakcell şirkəti də yeni informasiya texnologiyaları ilə təmin edilməsi sahəsində fərqlənib. Şirkət hazırda da mətbuat sahəsində bir sıra layihələr həyata keçirir. Son vaxtlar Bakcellin işinin intensivləşməsinin bir səbəbi də şirkətin mətbuatla əlaqələrinin genişlənməsi ilə bağlıdır.

Daha sonra tədbirdə çıxış edən qəzet rəhbərləri mətbuatımızın 20 illik inkişaf yoluna nəzər salıblar. Tədbirin sonunda Bakcell şirkəti region qəzetlərinin baş redaktorlarına mobil telefonlar hədiyyə edib. Daha sonra isə Mətbuat Şurası mətbuat təmsilçilərini diplomlarla təltif edib.

 

 

İlham QULİYEV

 

Kaspi.-2011.-20 oktyabr.-S.3.