Filmlərimiz “Altun Portağal”da
Aynur Əsgərova: “Bu
festival bizim üçün çox böyük ənənəylə
tanışlığa və ilkin təcrübəyə
əlverişli təkan oldu”
Son
zamanlar kinomuzun təbliği sahəsində aparılan işlərdə
aktivlik nəzərəçarpacaq dərəcədə
artıb. Belə ki, son aylarda rejissorlarımız Rusiyada,
ABŞ-da, İrlandiyada və s. ölkələrdə
keçirilən çoxsaylı festivallara qatılaraq
uğurlara imza atıblar. Ölkəmizin təmsil olunduğu
bu cür beynəlxalq festivallardan biri də “Atlun
Portağal”dır.
Xatırladaq
ki, bu festival Türkiyənin ən ciddi kino festivalı
olduğuna görə başqa ölkələrin
kinorejissorları çalışırlar ki, həmin
festivalda iştirak eləsinlər. Filmlərin
çoxluğuna və janr rəngarəngliyinə görə
hər il “Altun Portağal” film festivalında iştirak edən
filmlərin sayı gözləniləndən də artıq
olur. Bu festivalın dünya əhəmiyyətli
olmasını təsdiqləyən bir nüans da var: Bu
festivalda yer qazanmış filmlərə Avropa kino
festivallarında da xüsusi dəyər verilir. Bu il isə Azərbaycan
filmləri həmin festivalın iştirakçısı
olub. Tədbirdə ölkəmizi Mədəniyyət və
Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin kinoların təbliği
və reystrı üzrə aparıcı məsləhətçisi
Aynur Əsgərova, rejissorlardan Samir Kərimov, Yavər Rzayev
və İlqar Safat təmsil ediblər.
“Altun
Portağal” festivalının “Avrasiya Sineması”
bölümündə Azərbaycan
kinematoqrafçılarının son illərdə istehsal
etdiyi beş bədii film – “Niyyət”, “Buta”, “Aktrisa”, “İlahi
məxluq”, “Sahə” və “Əlvida, cənub şəhəri”
nümayiş etdirilib. Filmlər əsasən gündüz və
axşam seanslarında nümayiş etdirilib. Filmlərin
rejissorları hələlik ölkəmizdə
olmadığından, Aynur Əsgərova ilə əlaqə
saxladıq və festival haqqında təəssüratlarını
öyrəndik: “Yəqin bilməmiş deyilsiniz ki, “Altun
Portağal” Türkiyənin ən say-seçmə film
festivallarından biri, bəlkə də birincisidir. Həmin festivalda yer tutan filmlərin necə məşhur olduğunu çoxları
yaxşı bilir. Sevindirici haldır
ki, Azərbaycan da həmin festivala
qatıldı. Bizim filmlərimizin
festivalda iştirakı
“Avrasiya Sineması” bölümünün layihəsi
ilə reallaşdı.
Bu layihə əsasında
festivalda ötən il Gürcüstan
iştirak etmişdi, gələn il isə Qazaxıstan iştirak edəcək. Onu da qeyd
edim ki, festivalda TÜRKSOY-a üzv ölkələrdən
ilk olaraq məhz Azərbaycan belə bir proqramla təmsil
olunub. Filmlərin nümayişindən sonra
Antalya şəhər bələdiyyəsinin
sədri və festivalın rəhbəri
Mustafa Akaydının da
iştirak etdiyi mətbuat
konfransı keçirildi
və Azərbaycan filmləri bir-bir təhlil olundu, geniş müzakirəyə
səbəb oldu. Deməliyəm ki, bu
festival təkcə Azərbaycan
və Türkiyə üçün yox, həm də dünya üçün maraqlıdır. Festivala xeyli
sayda xarici ölkə telekanalları
da qatılmışdı,
milli televiziyalarımızdan
isə AzTV çəkiliş aparırdı.
Mətbuat konfransından sonra
iştirakçılara son illərdə çəkilmiş
filmlərimiz barədə
bukletlər, DVD disklər,
mədəniyyət və
turizm mövzularında
müxtəlif tipli materiallar təqdim elədik. Bu festival bizim üçün çox böyük ənənəylə tanışlığa
və ilkin təcrübəyə əlverişli
təkan oldu”.
Qeyd edək
ki, ölkəmiz “Altun Portağal”dan başqa bir festivala da qatılıb. Belə
ki, hazırda Tacikistanın paytaxtı Düşənbə şəhərində
ölkəmizin Tacikistandakı
səfirliyinin təşəbbüsü
ilə “Baktriya” Beynəlxalq Mədəniyyət
Mərkəzində (BMM) Azərbaycanın
müstəqilliyinin 20 illiyinə
həsr olunmuş Azərbaycan kino həftəsi keçirilir.
Azərbaycan kinosu həftəsi çərçivəsində
“Mənim vətənim
Azərbaycan”, “Azərbaycan
motivləri”, “Bakı
sitadelində gəzərkən”,
“Qobustan”, “Hər şey yaxşılığa
doğru”, “Azərbaycan
diplomatiyasının 90-cı ildönümü” və
”Sarı gəlin” filmləri ingilis dilində subtitrlərlə
nümayiş olunacaq.
Bütün bu festivallarda iştirak etmək üçün dövlətin
ayırdığı maliyyə
dəstəyi də ciddi amillərdəndir. Maliyyə məsələlərinin
həll edilməsi sənətkarlarımıza ciddi
yaradıcılıq imkanları
yaradır. Bütün
bu yaradılan imkanlardan sonra rejissorlara və aktyorlara bircə yeni ekran əsərləri
düşünmək və yaratmaq qalır.
Fərid Hüseyn
Kaspi.-2011.-20 oktyabr.-S.16.