Gəncə
Avropanın ən gözəl şəhərlərindən
birinə çevrilir
Azərbaycanın ikinci
böyük şəhərində bütün sahələrdə
yeniliklər müşahidə etmək mümkündür
Azərbaycanın
iqtisadi inkişafı regionlardan da yan keçmir. Müstəqilliyimizin
20 illik tarixi ərzində paytaxtımız dünyanın ən
gözəl şəhərlərindən birinə
çevrildiyi kimi digər şəhərlərimiz də
gözəlləşməkdədir. Ölkə rəhbərliyi
də regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət
yetirir. Bunun nəticəsidir ki, indiyədək regionların
sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət
proqramı qəbul olunub icra edilməkdədir. Proqramın
icrası birbaşa ölkə prezidenti İlham Əliyevin nəzarətindədir.
Hər il proqramda nəzərdə tutulan işlərin
gedişinin nəzarətdə saxlanılması məqsədi
ilə toplantılar keçirilir.
Xatirə Parkı genişləndirilir
Regionların
sosial-iqtisadi inkişafının ən bariz nümunələrini
respublikanın ikinci böyük şəhəri olan Gəncənin
timsalında görmək mümkündür. Elmar Vəliyevin
şəhər icra hakimiyyətinin başçısı təyin
olunmasından dərhal sonra şəhərdə geniş
miqyaslı abadlıq işlərinə başlanılıb.
Oktyabrın
18-19-da baş redaktorların Gəncəyə səfərləri
zamanı bu işlərlə əyani tanışlıq
imkanı yaradıldı. «Dövlət müstəqilliyimiz və
media» adlı ümumrespublika konfransından əvvəl
jurnalistlər şəhərdə aparılan iri miqyaslı
quruculuq işləri ilə tanış oldular. Şəhər
icra hakimiyyətinin başçısı konfransda iştirak
etmək üçün Gəncəyə gəlmiş
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovu və
qonaqları görülən işlərlə tanış
etdi.
Başlanmış
işlərin bir qisminə diqqət yetirdikdə görülən
işlərin miqyasını müəyyənləşdirmək
mümkündür. Məsələn, Gəncədə
1979-cu ildə «Quru Qobu» adlanan məişət
tullantıları üçün istifadə olunan 360 hektar
sahədə Xatirə Parkı adlı yaşıllıq
massivi salınıb. Uzunluğu bir kilometr, eni 53 metr olan
mövcud xiyaban Gəncə-Şəmkir yoluna qədər
1,15 km genişləndirilib. Həmin hissədə 800 metr məsafədə
xiyabanın eni 52 metr, 350 metr məsafədə isə 150 metr
olmaqla «qıf» şəklində genişləndirilir. Yeni
salınan xiyabanın ümumi sahəsi 73500 kv.metrdir.
Xiyabanın mərkəzi hissəsində 23 ədəd fəvvarəli
hovuz yerləşdirilib.
Möhtəşəm Heydər Əliyev
Mərkəzi inşa olunur
Gəncə-Şəmkir
magistral yolunun kənarında 350 metr məsafədə
ölçüləri 48,8 metr x 20,5 metr olan «Zəfər
tağı» yerləşdirilib. Tağın hündürlüyü
36 metrdir. Onun 30 metr yüksəkliyində parkı, xiyabanı
və şəhər mərkəzini seyr etmək
üçün meydança nəzərdə tutulur. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
bu xiyabanda onun öz əli ilə əkdiyi ağaclar var. Bu
ağaclardan biri də Gəncədə məşhur olan Xan
Çinarıdır. Şəhər rəhbərliyi məhz
bu ağacın yaxınlığında Heydər Əliyev Mərkəzinin
binasını layihələndirib. Üç mərtəbədən
ibarət olan binanın birinci mərtəbəsində sərgi
zalı, istirahət guşələri, ikinci mərtəbəsində
Azərbaycanın inkişaf tarixini əks etdirən ekskursiya
zalı, elektron və adi kitabxana, üçüncü mərtəbəsində
köməkçi sahələri ilə birlikdə
müşavirə zalı və 400 nəfərlik iclas
zalı nəzərdə tutulur. Binanın daxili və xarici tərtibatında
İtaliya, Afrika ölkələri və Çindən gətirilən
ən yüksək keyfiyyətli inşaat materiallarından
istifadə olunması planlaşdırılır. Mərkəzin
binası önündə Heydər Əliyevin 7,5 metr
hündürlüyündə heykəli, arxa hissəsində
isə 50 metr yüksəklikdə Azərbaycan
bayrağının yerləşdirilməsi nəzərdə
tutulur. Artıq mərkəzin tikintisi ilə bağlı
inşaat işlərinə start verilib. Tikinti ərazisinin
hazırlanması məqsədi ilə maşın və
mexanizmlər fasiləsiz çalışmaqdadırlar. Paralel
olaraq mərkəzin bünövrəsinin beton-armatur işlərinə
də başlanılıb və üç min kubmetr beton və
250 ton armatur işlədilməsi nəzərdə tutulur.
Şəhərin qaz təminatı
yaxşılaşdırılır
Şəhərin
qaz təminatının yaxşılaşdırılması
istiqamətində işlər də davam etdirir. Rayon Qaz
İstismar Sahəsinin rəisi R.Qasımov «Kaspi»yə bildirib
ki, oktyabrın 1-ə olan məlumata görə, Gəncə
şəhəri üzrə 804 km metal borulardan çəkilmiş
qaz xətti mövcuddur. Hazırda şəhərdə metal
boruların polietilen borularla əvəz olunması işləri
aparılır. İndiyə qədər müxtəlif
diametrli polietilen qaz xətti çəkilib. Bu xətlər
şəhərin Keçid, Zülfi Hacıyev,
İ.Qayıbov, Zərrabi, Əlösət Məmmədov,
Cavadxin, Mehmandarov, Şeyx Zamanov, Fərhad Əliyev, Nizami
küçələrini Heydər Əliyev, Atatürk
prospektlərini əhatə edib. Hazırda polietilen xətlərin
Keçid küçəsindən Şah İsmayıl Xətai
prospektinə kimi olan hissəsi tam istifadəyə verilib. Digər
küçələrdə isə son tamamlanma işləri
aparılır.
Qaz İstismar İdarəsi
qışa hazırlıqları davam etdirir
Qaz
İstismar İdarəsi payız-qış
mövsümünə hazırlıqları da davam etdirir. Bu
məqsədlə dörd min metr qaz xətti təmir edilib, həyətlərdən
keçən, əhali üçün təhlükə
törədən qaz xətləri küçələrə
çıxarılıb. Şəhərdə 8 ədəd
yeni qaztənzimləyici, 14 ədəd qaz kranı
quraşdırılıb. Tərtib edilmiş qrafikə
uyğun olaraq 400 ədəd qaz tənzimləyicisi təftiş
və təmir edilib. Oktyabrın 1-nə qədər olan
müddətdə 2165 ünvanda Smart-kart və İtron tipli sayğac
(ümumilikdə 41130 ədəd) quraşdırılıb.
Hazırda Gəncə şəhəri üzrə 68995
abonentdən 66106 abonent sayğacla təmin edilib. Gündəlik
yoxlamalar zamanı Qaz İstismar Sahəsi əməkdaşları
tərəfindən 355 qaz sızması faktı aşkar
olunub və aradan qaldırılıb. İdarəyə
abonentlər tərəfindən 516 ərizə daxil olub və
onlara müvafiq qaydada baxılıb.
Elektriklər təmir işlərinə
100 min manata yaxın vəsait xərcləyiblər
Əhalinin
elektrik enerjisi ilə təmin olunması istiqamətində də
fasiləsiz iş aparılır. Gəncə Elektrik Şəbəkəsinin
rəisi Ə.Musayev əməkdaşımıza bildirib ki,
2011-ci ilin 9 ayın ərzində şəhərin elektrik
enerjisi təsərrüfatının daha da təkmilləşdirilməsi
istiqamətində bir sıra işlər görülüb.
Şəhər üzrə 1339 ədəd yeni sinkləşdirilmiş
dayan quraşdırılıb. Yeni dirəklərin üzərinə
42,1 km (SİP) kabeli köçürülüb. 0,25 km məsafədə
elektrik veriliş hava xətləri yeniləri ilə əvəzlənib.
3 ədəd transformator məntəqəsinin yeri dəyişdirilib.
İl ərzində böyük həcmli əsaslı təmir
işləri də həyata keçirilib. Məsələn,
7,4 km-lik 6-10 kV-luq hava xətləri,
110 ədəd transformator məntəqəsi, 21 ədəd
transformator məntəqəsinin tikinti hissəsi, 22 ədəd
güc transformatoru təmir olunub. Əsaslı və cari təmir
işlərinə ümumilikdə 100 min manata yaxın vəsait
xərclənib. İlin doqquz ayı ərzində yeni
sayğacların quraşdırılması da davam etdirilir.
Hesabat dövründə 125 ədəd 3 fazalı, 923 ədəd
1fazalı sayğac quraşdırılıb.
Payız-qış mövsümünə hazırlıq
işləri ilə əlaqədar ilin birinci, ikinci və
üçüncü rüblərində nəzərdə
tutulan 9 tədbirin hamsısı yerinə yetirilib. Atatürk
prospekti, Zülfü Hacıyev, Təbriz, Bağbanlar, İsmət
Qayıbov, A.Abbaszadə, Heydər Əliyev prospektində,
Nizami prospektində, Nəriman Nərimanov prospektində yeni
sinkləşdirilmiş truba-dayaqlar basdırılmaqla 0,4
kV-luq şəbəkə yenidən qurulub. Hazırda Gəncə
şəhəri üzrə 0,4 kV-luq şəbəkənin
yenidən qurulması işləri davam etdirilir. Qrafikə
uyğun olaraq şəhərdəki bir yarımstansiyanın
dam örtüyü təmir edilib. Elektriklər ehtiyat-güc
transformatorlarının hazırlanması işini də davam
etdirirlər.
Gəncəyə 3 yeni istiqamətdən
su veriləcək
Gəncənin
su və kanalizasiya sisteminin təkmilləşdirilməsi
istiqamətində də fasiləsiz işlər
aparılır. Gəncə «Sukanal» törəmə ASC-nin
direktoru B.Ramazanov müxbirimizə bildirib ki, ilin 9 ayı ərzində
magistral su kəmərlərində və şəhərdaxili
su şəbəkəsində yeniləşdirilmə işləri
aparılıb. Bu müddət ərzində iki ədəd
160 kvt-lıq elektrik mühərriki, 5 ədəd su nasosu
stansiyası, 10 min metrdən artıq müxtəlif
ölçülü elektrik kabeli, 54 ədəd su artezian
nasosu, 972 metr kanalizasiya boru xətti, 77 dəst kanalizasiya lyuk
qapağı dəyişdirilərək yenisi ilə əvəz
olunub. Bununla yanaşı 3 ədəd müxtəlif gücə
malik elektrik mühərriki, 1297 ədəd müxtəlif
ölçüdə su nizamlayıcı siyirtmələr, 271
ədəd müxtəlif gücə malik olan su artezian
nasosları, 16 ədəd güc transformatorları əsaslı
təmir olunub. Su şəbəkəsində 406 yerdə su
axıntısının və 245 yerdə kanalizasiya
tutulmasının qarşısı alınıb. B.Ramazanov onu
da bildirib ki, bu il şəhərin Natəvan qəsəbəsində
bir ədəd su artezian quyusu qazılıb, 3030 metr kanalizasiya
xətti və 3430 metr su xətti çəkilib. Cavadxan
küçəsində də su və kanalizasiya
borularının yeniləri ilə əvəz olunması
işi həyata keçirilib. Hazırda şəhərin bir
neçə məntəqəsində yağış suları
kanalizasiyasının, yeni nasos stansiyasının və su xətlərinin
çəkilişi davam etdirilir. Gülüstan qəsəbəsində
əhalinin ümumi istifadəsində olan «Beş bulaq» bulaq
kompleksinin yeni üslubda tikintisi başa çatdırılmaq
üzrədir. Yaxın vaxtlarda kompleksin açılış
mərasimi keçiriləcək. ASC şəhərin mərkəzi
xiyabanındakı yaşıllıqları, güllükləri
və fəvvarələri su ilə təmin etmək
üçün yeni su xətti çəkərək istifadəyə
verib. Eyni zamanda, Almaniyanın KFW Bankı və İsveçrənin
SECO təşkilatının Azərbaycanla maliyyə əməkdaşlığı
çərçivəsində ikinci Gəncə və Şəki
su təchizatı və çirkab suyu layihəsinin yeni texniki
–iqtisadi əsaslandırılması aparılıb. Layihəyə
əsasən Gəncəyə 3 yeni istiqamətdən su verilməsi
planlaşdırılır. Şəhərin kanalizasiya
sistemində yenidənqurma işlərinin aparılması da
layihənin tərkib hissəsidir. Layihənin birinci
fazasının dəyəri 5 milyon 150 min avrodur. Bu faza çərçivəsində
bir sıra su xətlərinin və su anbarının tikintisi
planlaşdırılır. Tikinti işlərinin
aparılması üçün keçirilən tenderin qalibi
«Haselsan» İnşaat Şirkəti olub. Şirkət artıq
tikinti işlərinə start verib.
Ümumilikdə
bu Gəncə böyük bir tikinti meydançasını
xatırladır. Görülən işlər başa
çatdırılandan sonda Gəncə nəinki Azərbaycanın,
ümumilikdə Avropanın ən gözəl şəhərlərindən
biri olacaq.
F.ABASOĞLU
Kaspi.-2011.-21 oktyabr.S.3.