“Baobab”a yerli kömək
Bakı küləyi və Xəzərin
duzlu suyu milli parkdakı ekzotik bitkiləri dirəklərə
möhtac edib
Dənizkənarı Milli Park genişlənməklə bərabər öz simasını da dəyişib.
Son illər bir-birindən gözəl ağac və gül
kollarının əkilməsi sakinlərin gözünü
öxşayır. Milli Parkda
daha çox diqqət
çəkən bitkilər isə ekzotik
güllər və başqa təbiətə
uyğun olan çox qədim ağaclardır. Həmin ağaclar sırasına “Avropa
Zeytunu”, “Çarisia”(Baobab) və “Kanar
Palması” daxildir. Öncədən qeyd edək ki, Milli Parkda 2 Baobab, 2 Avropa Zeytunu və 1 Kanar
palması əkilib. Bundan başqa,
Bakı Biznes Mərkəzinin arxasında ekzotik güllər üçün
xüsusi yer də
ayrılıb.
Dünən
də yolumuz Dənizkənarı Milli Parkdan düşdü. Əvvəllər
gördüyümüz o şux qamətli xarici bitkilər nədənsə
gözə solğun dəyirdi. Xüsusi geyimli bir xanım
bitkilərin ətrafında təmizlik işləri
görürdü. Saralmış və qamətini əymiş
güllərə baxa-baxa yaxınlaşırıq bu
xanıma. Əlində əski ilə bitkiləri və
onları işıqlandıran qurğuları silirdi. Salam
verib, gördüyü işlər və güllərin niyə
belə solması ilə maraqlanırıq. “Bu güllər əvvəl
belə deyildi, çox gözəliydilər. İndi isə
solğun görünürlər. Mən burada təmizlik
işlərinə baxıram, güllərə isə
“yaşıllaşdırma idarəsi” xidmət edir. Onlar da
tez-tez gəlib bu bitkilərə qulluq edirlər. Ancaq yenə
də çoxusu xarab olub”. Qulluqçu xanım bitkilərin
bu vəziyyətə düşməsinə səbəb kimi
iqlimlə bərabər, dənizdən vurulan fontanı
göstərir. Çünki fontan işləyərkən
külək dənizin duzlu suyunu bitkilərin üzərinə
çiləyi.
Milli
Parkda diqqətçəkən məsələlərdən
biri də hündür bitkilərin dayaqlara
sarınmasıdır. Bunu isə ona görə ediblər ki,
Bakının “dəli küləyi” bitkini
sındırmasın. Sınmaq təhlükəsi ilə
üzləşən bu güllərdən də bir-iki şəkil
çəkib, hündür və qocaman, eyni zamanda çox
qiymətli olan Baobab ağaclarına tərəf
yollanırıq. Əvvəlcə onu deyək ki, bu ağaclar
yerli əhali ilə yanaşı turistlərin də
marağını çəkir. İstənilən vaxt
onların yanından keçəndə kiminsə bu
ağaclara heyranlıqla baxdığını görmək
olur. Şəklini çəkənlər də az olmur. Xarici
ölkələrdən gətirilən və keçən il
əkilən bu ağacların vəziyyəti digər gül
kollarına nisbətdə yaxşıdır. Ancaq Baobabın
birini deyəsən külək tərpədib. Çünki
həmin ağac qonşuluqdakı yerli ağaca qalın kəndirlə
bərk-bərk bqğlanıb. Ağacın
qarşısında yerləşdirilən stenddə yazılıb
ki, bu ağac 2010-cu ilin noyabr ayında əkilib. Yaşı
250-dir, vətəninin isə Argentina olduğu bildirilir.
Ağacın kəndirlə bağlandığını
gördükdə, “yazıq” Baobaba haqq qazandırmaq olar.
Argentinadan gəlib Bakıda ömür sürmək hər
ağacın işi deyil… Sağdan birinci yerdə mövqe
tutan Avropa Zeytununun isə 500 illik ömrü var. Hazırki
yaşı 160, hündürlüyü 14 metrdir. Vətəni
İtaliyadır. İkinci Avropa Zeytunu ağacının isə
157 yaşı var.
Bunların
sırasında daha çox diqqəti çəkən ekzotik
ağac Kanar Palmasıdır. Bu ağac ona görə belə
adlanır ki, vətəni Kanar adalarıdır. Onunsa 80
yaşı var, hündürlüyü də 10.8 metrdir.
Ağacın yaxınlığında durub onu seyr edən 72
yaşlı bir kişi bunların çox gözəl
olduğunu deyir: “Mən tez-tez gəlib-gedirəm bura. Hər
yer tər-təmizdir, yerdə bir dənə zibil tapmaq olmur. Əvvəllər
buralar bərbad gündə idi. Mən sovet vaxtında da burada
olurdum, indi də tez-tez gəlirəm. Bunları gördükcə
adamın ürəyi açılır”. Cavanşir dayı
bu gözəlliklərlə yanaşı, qarşıdakı
əzəmətli ağacların necə gəlib bura
çıxmasına da təəccüblənir: “Bunları
görəsən necə gətiriblər, yüksək xərc
tələb edir. Həm də bu ağacları saxlamaq
çox çətindir, iqlim və torpaq baxımından.
Amma mən görmüşəm, həftədə bir dəfə
gətirib ağacın dibinə nəsə səpirlər” – əli
ilə yerə səpilənləri göstərir. Biz də əlimizi
atıb yerdən bir övuc götürürük. Ancaq,
bunlar bizim yerlərin torpağına oxşamır. Nə rəng,
nə də tərkib baxımından. Dayı ilə bu qərara
gəlirik ki, əlbət Kanar adalarından gəlmə
torpaqdır…
Gün
ərzində bitkilərin durumu ilə bağlı Dənizkənarı
Milli Park İdarəsindən fikir öyrənməyə
çalışdıq. Ancaq telefonlarımız cavabsız
qaldığından yazını burda
yekunlaşdırmalı olduq.
Elgün Mənsimov
Kaspi.-2011.-21 oktyabr.S.8.