Biz nələri itirmişik...
Vətəndaş cəmiyyətinin
qiymətləndirməsinə görə, Şuşa və
Ağdamın turizm potensialına 2 milyard manata yaxın ziyan dəyib
“Qarabağın
erməni silahlı qüvvələri tərəfindən
işğalı nəticəsində bütün digər sahələrlə
yanaşı, regionun turizm iqtisadiyyatına, o cümlədən
dünya turizm potensialına da ciddi ziyan dəyib”. Bu fikirlər
oktyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində
«Şuşa və Ağdamın işğalına görə
Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin
təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi»
layihəsinin yekun tədbirində səslənib. Belə ki,
Söz Azadlığı Müdafiə Fondunun (SAMF) layihənin
yekununa həsr olunan «Şuşa və Ağdamın Turizm
potensialı: faktlar və rəqəmlər» mövzusunda
keçirdiyi dəyirmi masada qeyd olunub ki, Azərbaycanın
tarixi əlamətlərinin, milli-mənəvi dəyərlərinin
daşıyıcı məkanlarından olan Qarabağın əsas
turizm potensialı Şuşa və Ağdam rayonlarında cəmləşsə
də, bütün bölgələri müalicə və
istirahət üçün yararlı hesab olunur.
Dünya xalqlarının diqqətinə
SAMF-ın
icraçı direktoru Vüqar Tofiqli: «Şuşa və
Ağdamın turizm potensialı: dəymiş maddi-mənəvi
ziyanın müəyyən edilmə strategiyası”
haqqında danışaraq bildirib ki, rəhbərlik etdiyi qurum
2011-ci il Turizm ili çərçivəsində Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının elan etdiyi
müsabiqənin qalibi olaraq layihəni həyata keçirib. SAMF
rəhbəri layihənin məqsəd və məramına
toxunaraq bildirib ki, Qarabağ torpaqlarında Azərbaycanın
işğal altında olan tarixi ərazilərindəki
potensial turizm obyektlərinin gündəmə gətirilməsi
və media vasitəsilə işıqlandırılması
bizim fondun qarşısına qoyduğu əsas məqsədlərdən
biri olub:
«Ölkəmizə
dəymiş maddi-mənəvi ziyanların dünya
xalqlarına, beynəlxalq təşkilatlara
çatdırılmasına yardımçı olmaq da əsas
məqsədlərdən biri idi. Digər tərəfdən,
dünyanın aparıcı ölkələri Azərbaycan
torpaqlarının işğalda qalması nəticəsində
böyük turizm potensialının, əvəzsiz flora və
faunasının məhv edildiyini, Azərbaycanın tarixi mədəniyyət
mərkəzlərinin xarabalığa çevrildiyini təkcə
azərbaycanlıların deyil, həmçinin dünya
xalqlarının, dünya turistlərinin diqqətinə
çatdırmaq idi».
Layihə
çərçivəsində SAMF-ın əməkdaşları
tərəfindən işğal altında qalan turizm obyektlərinin
rəhbəri olmuş şəxslərə görüşlər
keçirilib və obyektlərin siyahısı dəqiqləşdirilib,
habelə turizmin bölgəyə verdiyi illik gəlirlər
haqqında məlumatlar toplanaraq regionun turizm imkanları
araşdırılıb. “Ölkəmizə bu illər ərzində
dəymiş ziyanın təxmini məbləği
iqtisadçıların və inşaat mütəxəssislərinin
iştirakı ilə hesablanıb. toplanılan materiallar fondun
saytında www.azfreespreech.az və www.diyarshunasliq.az informasiya
portalında yerləşdirilib”.
Təxmini qiymətləndirmə
V.Tofiqli
diqqətə çatdırıb ki, ötən əsrin 30-cu
illərindən başlayaraq Şuşada, 80-ci illərindən
isə Ağdamda turizm potensialı geniş şəkildə
inkişaf etdirilib. Belə ki, Şuşa şəhərində
ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib,
şəhərdə 1316 yerlik Şuşa Sanatoriya-Kurort
Birliyi (540 yerlik ana və uşaq sanatoriyası, 460 yerlik
böyüklər üçün sanatoriya, 316 yerlik istirahət
evi), 130 yerlik «Şəfa» Turist Bazası, 1939-cu ildən fəaliyyət
göstərən Uşaq Müalicə Sanatoriyası, 1985-ci
ildən fəaliyyətdə olan «Zamanpəyə» (Soyuqbulaq)
turist bazası və 17 məktəbli istirahət düşərgəsinin,
eləcə də Ağdam rayonunun Gülablı kəndində
100 yerlik sanatoriya, Şelli kəndində 50 yerlik, Şahbulaqda
isə 40 yerlik müalicə-istirahət mərkəzləri
tikilib.
V.Tofiqli
qeyd edib ki, ötən əsrin 80-ci illərində
Şuşa şəhərində 200 nəfərlik, Ağdam
rayonunun Gülablı kəndində 255 nəfərlik
sanatoriya binası münaqişə başlanması səbəbilə
istifadəyə verilməyib.
SAMF
rəhbəri Şuşa şəhəri və ətraf kəndlərin
ev turizmindən əldə etdiyi gəlirlərə də
toxunaraq qeyd edib ki, həmin dövrdə Şuşa şəhəri
və Şuşa rayonunun Xəlfəli və Turşsu kəndləri
sakinlərinin bir qismi ev turizminə maraq göstərib. Təxmini
hesablamalara görə, 2 min ailədən çox rayon sakini mənzillərini
kirayəyə verməklə məşğul olub. “Bu istiqamətdə
formalaşan xidmət sahəsi də inkişaf yolundaydı.
Bundan başqa, turizm sahəsində inkişafın rayon mədəniyyət
müəssisələrinin gəlirlərinə müsbət
təsir göstərdiyini də yaddan çıxarmaq olmaz.
Kinoteatrlar, muzeylər, rəsm qalereyaları, klublar, mədəniyyət
evlərinin bir qismi turistlərə pulu xidmət göstərməklə
büdcələrinə vəsait cəlb edə bilirdilər”.
SAMF
rəhbəri işğal nəticəsində turizm obyektlərinə
dəyən ziyanın qiymətləndirilməsi ilə
bağlı müxtəlif rəqəmlərin səsləndiyini
də diqqətə çatdırıb. Belə ki, Mədəniyyət
və Turizm Nazirliyi, Qaçqın və Məcburi
Köçkünlər üzrə Dövlət Komitəsi və
digər qurumlar ayrı-ayrı rəqəmlər ortaya
çıxarıblar. Vətəndaş cəmiyyətinin
ortaya çıxartdığı qiymətləndirmə
zamanı iştirak edən iqtisadçılar, ekspertlər,
layihənin icraçılarının təxmini
hesablamalarına görə, hər iki rayon üzrə
ziyanın ümumi həcmi isə 1 894740000 matandır.
SAMF
rəhbərinin sözlərinə görə, turizm
potensialına dəymiş maddi və mənəvi ziyanın
miqyasının beynəlxalq səviyyəyə
çıxarılmasına nail olmaq zəruri addımlardan
sayıla bilər.
“Regionun
turizm potensialına dəymiş maddi ziyan əlimizə yetən
faktlarla ümumiləşdirsək də, mənəvi
ziyanın həcmini rəqəmlə ifadə etmək
mümkün deyil. “Ümumiyyətlə, dəyən
ziyanın həcmini daha dəqiq şəkildə qiymətləndirmək
üçün müəyyən bir konsepsiyanın
müvafiq qurumlar tərəfindən hazırlanması məqsədəuyğun
sayılmalıdır”.
Bir
az ləng tərpənirik
Layihənin
icraçı prosesi, həll edilən məsələlər
və problemlər haqqında danışan Nəzirməmməd
Quliyev bildirib ki, layihə işçi qrupa Qarabağ hadisələrini
dünyaya çatdırmaqda az da olsa iş görməyə
fürsət yaradıb: «Məqsədimiz dünyanın diqqətini
cəlb edən Qarabağda turizm obyektlərinin məhv
olunmasını araşdırıb dünyaya
çatdırmaqdır. Bəlkə bununla münaqişənin
həllinə də kömək edə bildik». N.Quliyev qeyd edib
ki, layihəni həyata keçirməkdə məqsəd həmçinin
turizmin mahiyyətini araşdırmaq olub. “Çünki
Qarabağ həm də sanatoriya məkanıdır.
Araşdırmalar zamanı məlum oldu ki, ermənilər
Qarabağın ümumittifaq turizm məkanına çevrilməsinə
maneçilik yaradıblar. Onlar Xankəndinin belə bir status
qazanmasına çalışırdılar».
Millət
vəkili Xanhüseyn Kazımlı: «Biz bu cür tədbirləri
çox həyata keçirməliyik. Çünki hər bir
insanın səsi müqəddəs məqsədə xidmət
edən amallarımızın gerçək olmasına
kömək edə bilər. Amma biz bu barədə bir az ləng
tərpənirik» - deyə bildirib. Turizm obyektlərinin
araşdırılmasını təsnifatın bir hissəsi
adlandıran X.Kazımlı: «Bizim Qarabağda böyük
biznesimiz qalıb. Erməni işğalı nəticəsində
dəyən zərərin qiymətləndirilməsi çox
vacibdir. Orada elə təbiət abidələri var ki, bəlkə
milyonlarla dəyəri var. Beynəlxalq standartlarda bu abidələri
qiymətləndirmək metodu mövcuddur». Millət vəkili
işğal nəticəsində həmçinin intellektual
potensialımıza, təhsilimizə və s. böyük zərbələrin
dəydiyini də bildirib.
Şuşanı, Ağdamı necə
azad edək
Tanınmış
alim Sadıq Murtuzayev Ağdam rayonunun həmişə
böyük potensiala malik olduğunu bildirib. “Təbii ki, layihə
çərçivəsində bütün turizm obyektləri
qeydiyyata alınmayıb. Çünki Ağdamın,
Şuşanın özündə ümumiyyətlə,
qeydiyyata alınmayan obyektlər var. Mən Ağdamda katib
işlədiyim dövrdə bir çox obyektlərin
qeydiyyatına çalışırdım. Ancaq məmurların
fitnə-fəsadı üzündən buna nail olmaq olmurdu».
S.Murtuzayev qeyd edib ki, Ağdamın ən qiymətli
potensialı onun ziyalı insanlarıdır.
AMEA-nın
müxbir üzvü Rafiq Əliyev keçirilən tədbiri
Ağdamı, Şuşanı unutmamaq baxımından əhəmiyyətli
adlandırıb: «İlk növbədə Şuşanı, Ağdamı necə
azad edə bilmək barədə layihələr həyata
keçirmək lazımdır. Sonra isə bu qiymətləndirməni
aparmalıyıq. Qiymətləndirmə Qarabağın tarixi
abidələrini, bütün potensialını əhatə
edən bütün sahələrdə
aparılmalıdır. Qarabağ məsələsində qətiyyən
monopoliya ola bilməz».
Şuşa
Mədəniyyət və Turizm İdarəsinin rəisi Zahid
Abbasov Qarabağla bağlı mövzuya hər zaman
toxunulmağa ehtiyac olduğunu diqqətə
çatdırıb: «Mən ziyalılarla birgə
Şuşaya səfər edərkən Şuşanın
tarixi abidələrinin, turizm obyektlərinin necə bərbad
vəziyyətə düşdüyünün şahidi oldum.
Bir daha başa düşdüm ki, biz nələri
itirmişik. Bu qızıl torpaqlar işğal altında
qalmaqla təkcə respublikanın deyil, dünya turizminə də
böyük ziyan dəyir».
Əməkdar
Mədəniyyət işçisi Çimnaz Əliyeva tədbiri
Qarabağın unudulmaması üçün atılan
addım kimi dəyərləndirib: «Biz hər gün bu barədə
danışmalıyıq. Hesab edirəm ki, hazırkı nəsil
Qarabağ haqqında çox məlumatlı deyillər».
Ç.Əliyevanın sözlərinə görə, əgər
o torpaqlar işğal altında olmasaydı, turizm potensialı
daha artıq olacaqdı. 20 il müddətində həmin
potensial yaradılsaydı, bizim maddi ziyanımız indi
hesablanmalı idi. Qarabağın turizm potensialı inkişaf
etdirilsəydi bu, Azərbaycanın iqtisadi inkişafına
böyük təkan verə bilərdi”.
Sahiblik hissi olsa...
Mədəniyyət
və Turizm Nazirliyinin tədqiqat işləri, statistika və
lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu təmsil
etdiyi qurumun Qarabağ həqiqətlərini dünya ölkələrinə
mütəmadi olaraq çatdırdığını vurğulayıb:
«Bu gün Azərbaycanın turizm potensialının inkişaf
etməsinə baxmayaraq, biz bu problemi beynəlxalq ictimaiyyətə
öz dillərində çatdırsaq, daha əhəmiyyətli
olar». Nazirlik rəsmisinin sözlərinə görə,
qurumun təsdiq etdiyi Qarabağla bağlı turizm marşrutu
var. Ancaq məlum səbəblərdən bu marşrut üzərində
heç bir iş görülmür: «Biz bu gün Azərbaycanın
turizm potensialının inkişaf etdiyi zamanda yerlərdə
turizm obyektlərinə baş çəkərkən bir
çox tövsiyələr veririk. Ancaq həmin tövsiyələr
o vaxt Ağdamda, Şuşada həyata keçib».
“Konstitusiya”Araşdırmalar
Fondunun prezidenti Əliməmməd Nuriyev əksər
adamların Qarabağın turizm potensialından məlumatsız
olduğunu bildirərək layihəni örnək kimi dəyərləndirib:
«Ancaq biz sahiblik hissini cəmiyyət olaraq sona qədər mənimsəyə
bilməmişik. Elə hesab edirəm ki, bu layihə sahiblik
hissinin güclənməsinə kömək edə biləcək».
Təranə Məhərrəmova
Kaspi.-2011.-21 oktyabr.-S.9.