“Norveçdə başqalarından fərqlənirik” 

 

Ramil Əliyev: “Həmvətənlərimiz fəallıqlarını daha da artırmalıdır ki, haqq səsimizi daha yüksək səviyyədə çatdıra bilək”

 

Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev “Azadinform”un suallarını cavablandırıb.

- Ölkənin ictimai-siyasi həyatında rəhbərlik etdiyiniz cəmiyyətin fəallığı necədir? Ümumilikdə Norveçin siyasi həyatında necə bir rol oynayırsınız?

- Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (təşkilat Norveçdə və beynəlxalq səviyyədə “NAYO” kimi tanınır) fəaliyyət göstərdiyi ölkənin, yəni Norveçin ictimai-siyasi həyatında təmsil olunmaq baxımından çox aktivdir. 2006-cı ildə Norveçin paytaxtı Oslo şəhərində yaranan NAYO-nun əsas məqsədi Norveçdə yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiyasına yardımçı olmaq, onları təşkilatlandırmaq və hüquqlarını müdafiə etməkdir. Bildiyiniz kimi, Azərbaycanın Norveçdə səfirliyi yoxdur və təşkilatımız eyni zamanda norveçlilər üçün Azərbaycana dair ilk informasiya və əlaqə mənbəyi rolunu oynayır. Qeyd etdiyim müxtəlif məqsəd və məramları yerinə yetirən NAYO Norveçin ictimai-siyasi həyatında fəal rol oynamaya bilməz. Biz Norveçin xarici əsilli icmaları içində fəallığımıza və şəbəkəmizə görə ilk beşliyə düşərək başqalarından fərqlənirik. Onu da deyim ki, NAYO Norveçin Gənclər Konsulluğunun daimi üzvü olan ilk qeyri-norveç kökənli təşkilatdır. Norveçdə yaşayan azərbaycanlılardan sayca dəfələrlə çox olan icmalar belə bu konsulluqda təmsil oluna, Norveçin gənclərlə bağlı siyasətində mövqe tuta bilmirlər. Bu il Norveçdə keçirilmiş bələdiyyə seçkilərində də NAYO çox aktiv rol oynadı. Təşkilatımızın təşəbbüsü ilə siyasi debat keçirərək seçkilərə qatılan beş siyasi partiyanın nümayəndələrini tədbirimizə dəvət etdik. Siyasi debatı keçirməkdə məqsədimiz ölkənin azərbaycanlı icmasının Norveçdə siyasi proseslərdə aktiv iştirak etdiyini nümayiş etdirmək, seçicilərimizi maraqlandıran sualları birbaşa siyasətçilərdən soruşmaq imkanı yaratmaq və həmvətənlərimizi ölkədə gedən siyasi proseslərə cəlb etmək idi. NAYO-nun bu fəallığı müəyyən siyasi partiyaların cəmiyyətimizə marağının artması və yeni əlaqələrin qurulması baxımından çox uğurlu alındı. Təşkilatımız eyni zamanda “OXLO rasizmə qarşı tolerantlıq”  kampaniyasının 10 illik yubiley komitəsinin də üzvüdur. Qeyd edim ki, NAYO bu komitədə yenə də yeganə qeyri-norveç əsilli təşkilatdır, lakin Norveçin hökumət təşkilatları ilə eyni səviyyədə təmsil olunur. Norveçin ictimai-siyasi həyatında necə təmsil olunmağımıza dair bir çox nümunə göstərə bilərəm, lakin düşünürəm ki, qeyd etdiyim konkret fəaliyyətlər NAYO-nun Norveçin ictimai-siyasi həyatında oynadığı aktiv rolun ən bariz nümunələridir.

- Osloda həmvətənlərimiz əsasən hansı sahələrdə çalışırlar? Hansı sahədə onlar daha fəal və uğurludurlar?

- Norveç neft ölkəsi olduğundan burda yaşayan azərbaycanlıların əksəriyyəti neft sənayesində çalışırlar. Ancaq Oslodakı soydaşlarımız arasında təhsil sahəsində çalışanların da sayı çoxdur. Ümumiyyətlə, Osloda azərbaycanlılar böyük şirkətlərdən tutmuş kiçik xidmət sahələrinə kimi müxtəlif sahələrdə çalışırlar. Norveçdə yaşayan və qeyd etdiyim kimi, müxtəlif sahələrdə fəaliyyət göstərən həmyerlilərimiz arasında öz sahəsində kifayət qədər peşəkar olan çoxlu sayda həmvətənimiz var. Bu amil də azərbaycanlılara qarşı təbii ki, rəğbət yaradır.

- Təşkilatınıza diaspor işində Azərbaycandan hər hansı bir dəstək varmı? Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz necədir?

- NAYO-nun Azərbaycandakı müxtəlif dövlət qurumları ilə əməkdaşlığı və əlaqələri var. Belə ki, Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, digər dövlət və qeyri-hökumət təşkilatları ilə birgə layihələrimiz olub. NAYO yarandığı gündən Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx və peşəkar səviyyədə əlaqələr yaradıb və bu əlaqələr bu gün də yüksək səviyyədə qorunub saxlanılır. Dövlət Komitəsinin təşkil etdiyi tədbirlərə təşkilatımız daima dəvət olunur və biz tədbirlərdə Norveçdə yaşayan azərbaycanlıları əlimizdən gəldiyincə yaxşı təmsil etməyə çalışırıq. Layihələrmizə və tədbirlərimizə konkret maliyə və ləvazimat dəstəyinə gəldikdə isə NAYO Dövlət Komitəsindən heç vaxt bu kimi dəstək almayıb.

- Norveçdə təhsil alan azərbaycanlı tələbələr çoxdurmu? Onlarla əlaqələriniz necədir?

- NAYO Norveçdə fəaliyyət göstərən əsas Azərbaycan təşkilatlarını, dərnəklərini və qruplarını özündə birləşdirir. Biz üç il bundan öncə NAYO-nun tərkibində Norveçin Azərbaycanlı Tələbələr Təşkilatını (NASO) yaratdıq. Məqsədimiz NAYO-nun yükünü azaltmaq idi. Bildiyiniz kimi NAYO diaspor təşkilatı kimi lobbiçilik, təmsilçilik və şəbəkə quruculuğu kimi vacib işlər görür. Artıq üç ildir ki, fəaliyyət göstərən tələbə təşkilatımız NASO isə Norveçdə təhsil alan azərbaycanlı tələbələri istiqamətləndirmək və onlarla maraqlanmaq, problemlərini həll etmək missiyaya malikdir. Bu gün NASO ətrafında Norveçdə yaşayan gənclərimizlə yanaşı, buraya təhsil almağa gələn azərbaycanlı və əcnəbi tələbələr də toplaşıb. Biz bu tələbələrlə sıx əlaqələr saxlayaraq, onların Norveç cəmiyyətinə inteqrasiya olunmalarına, müxtəlif tərəflərdən məlumatlandırılmalarına və Norveçdə məqsədli və səmərəli işlər görmələrinə köməklik edirik. Həmçinin keçirdiyimiz tədbirlərdə onların aktiv iştirakına çalışırıq. NAYO Norveçdə təhsil alan istənilən azərbaycanlı tələbəyə ölkəmizi layiqincə təmsil etməsi və yaxşı təhsil alması üçün lazımı maliyə, material və başqa dəstəyi göstərir və istənilən an onların ehtiyaclarını qarşılamağa hazırdır.

- Həmvətənlərimiz daha çox hansı xalqın nümayəndələri ilə yaxın əlaqələr qurur?

- Norveçdə müxtəlif xalqların nümayəndələri ilə əlaqə qurmaq asandır və həmvətənlərimizin də əlaqələri bu sahədə uğurlu alınır. O cümlədən norveçlilərlə də onların əlaqəsi yaxşı səviyyədədir. Bu da soydaşlarımızın Norveç cəmiyyətinə adaptasiyasına, onların bu ölkənin adət-ənənələri, mədəniyyəti, sosial, ictimai, iqtisadi, siyasi həyatı və sair ilə yaxından tanış olması üçün  imkan yaradır. İnsanların xarakteri fərqli olduğu kimi onların dünyagörüşü və savadlılıq səviyyəsi də fərqlidir. Bu faktorlar və insani keyfiyyətlər başqa xalqların nümayəndələri ilə dostluq və yaxın əlaqələrin qurulmasında mühüm rol oynayır. Məncə, Norveç və başqa xarici dili bilmək başqa xalqların nümayəndələri ilə əlaqə qurmaqda mühüm rol oynayır. Belə olanda onlar azərbaycanlılar, milli dəyərlərimiz və adət-ənənələrimiz haqqında xaricilərə kifayət qədər məlumat verə bilirlər. NAYO olaraq biz istəyirik ki, insanlarımızın digər xalqların nümayəndələri ilə mehriban və güclü əlaqələri olsun. 

- Osloda yaşayan azərbaycanlılar çoxdurmu? Onlar Avropa cəmiyyətinə tam inteqrasiya oluna bilirlərmi? Həmvətənlərimizin diaspor işində, tədbirlərinizin təşkilində fəallığı necədir?

- Osloda yaşayan azərbaycanlıların sayı min nəfərdən çoxdur. Amma ümumi Norveçdə təqribən güneyli-quzeyli 4000-5000 arası azərbaycanlı yaşayır. Onların əksəriyyəti uzun müddətdir ki, Oslo, Bergen və Stavanger səhərlərində yaşayırlar. Onların arasında Norveçdə dünyaya göz açan yeni nəsil azərbaycanlı uşaqlar da var. Norveçdə orta və ali məktəblərdə Norveç dilində təhsil alaraq,  bu ölkədə cəmiyyətin fəal üzvlərinə çevrilirlər. Bu da Azərbaycanla bağlı məlumatların norveçlilərə ətraflı olaraq öz dillərində verilməsinə imkan yaradır. Bu uşaqların və gənclərin Avropa cəmiyyətinə inteqrasiya olmalarında problem olmayacaq. Problem həddi-buluğa çatdıqdan sonra Norveçə köçən azərbaycanlıların inteqrasiyasında olur. Onların çoxu Norveç dilini yaxşı bilmir və bu onların cəmiyyətdə layiqli mövqe qazanmalarına mane olur. O ki qaldı diaspor işində burdakı həmvətənlərimizin fəallığına, onlar imkanları daxilində NAYO-ya dəstək olur və həyata keçirdiyimiz layihələrdə iştirak edirlər. Layihə yazacaq və onu həyata keçirə biləcək adamlarımız azdır. Məncə, bu onların Norveçdəki iş sistemini bilməmələrindən və təcrübəsizliklərindən irəli gəlir. Bu cür vəziyyət normal deyil. Fikrimcə, onlar fəallıqlarını daha da artırmalıdır ki, biz birlikdə daha güclü olaq, haqq səsimizi və Azərbaycan həqiqətlərini Avropada daha yüksək səviyyədə çatdıra bilək və eyni zamanda təşkilatın imkanlarını daha da genişləndirək.

- Dünya azərbaycanlılarının son qurultayında prezident İlham Əliyev diaspor təşkilatları ilə səfirliklərimiz arasında problemlərdən narahatlığını bildirdi. Təmsil olunduğunuz ölkədə təşkilatların diplomatik nümayəndəliyimizlə əlaqələri hansı səviyyədədir?

- Bildiyiniz kimi, hazırda Norveçdə Azərbaycanın səfirliyi olmadığından İsveçdəki səfirlik Norveçə məsuldur. Başqa ölkədə yerləşərək digər ölkənin səfirliyi olmaq çox effektsizdir. İsveçdəki səfirlik norveçlilərə viza verməkdən başqa Norveçə dair heç bir iş görmür. Bunu nə dövlətlərarası siyasi əlaqələrin inkişafında, nə də Azərbaycan cəmiyyəti olaraq bizə göstərilən qayğı və diqqətdə hiss etmirik. Norveçdə ölkəmizlə bağlı olan müxtəlif adda tədbirləri NAYO təşkil edir. Bu günə kimi NAYO təşkilatçılıq etmədən və ya dəstək göstərmədən səfirliyin Norveçdə heç bir tədbiri keçirilməyib. Düşünürəm ki, səfirliklər prezidentin çağırışını mütləq eşitməlidirlər.

 

 

E.Salmanqızı 

 

Kaspi.-2011.-22-24 oktyabr.-S.8.