“Özümü həmişə
ikinci plana atdım”
Günay Kılıc: “Qadını
güclü olmayan cəmiyyət çökməyə məhkumdur”
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində
fəaliyyət göstərən “Qadın jurnalistlər
klubu”nun qonağı bu dəfə Türkiyənin Azərbaycandakı
səlahiyyətli səfiri Hulusi Kılıcın
xanımı Günay Kılıc olub. O, xanım jurnalistlərin
suallarını cavablandırıb. “Azadinform”un
səfirin xanımı ilə təqdim etdiyi müsahibəni
qısa ixtisarla veririk.
- Günay xanım ,
təklifimizi qəbul etdiyinizə görə sizə təşəkkür
edirik. Xanımlarımız
üçün maraqlıdır, özünüzü bir ana
və bir həyat yoldaşı kimi necə xarakterizə edə
bilərsiniz?
- Ailə
quranda 22 yaşım var idi. Ailədən
aldığım tərbiyə və dinimizin gərəyi
olaraq ailəni daima müqəddəs qəbul etdim. Atam
bizə belə deyərdi: “İçəridə nə
yaşarsanız yaşayın, amma kənarda həmişə
dik durun. Probleminizi evdə buraxın, gözəllikləri
kənara çıxarın”.
Bu nəsihət mənim və üç
bacımın evlilik fəlsəfəsi oldu. Ailəmizi, dolayısıyla
həyat yoldaşımızı hər zaman ön planda
tutduq. Böyüklərimizin ifadəsiylə həyat
yoldaşımızı “evimizin dirəyi” qəbul etdik.
Amma bununla bərabər, öz mənliyimizi və
gücümüzü də mühafizə edə bildik.
Mən 23 yaşımda ana oldum. Oğlumu qucağıma alanda bənzərsiz
sevginin xoşbəxtliyini yaşadım. Eyni
zamanda, üzərimdə olan çox böyük məsuliyyəti
də hiss etdim. Övladıma verəcəyim
hər şeyin vətənə geri dönəcəyini
düşündüm. Oğlum iki
yaşında olanda Fransaya getdik. Həyat
yoldaşım ikinci bir fakültəyə qəbul oldu. Həm işlədi, həm də təhsil aldı.
Bütün ev məsuliyyətinin mənim
üzərimdə olduğu çox çətin 4 il
keçirdik. Gənc yaşda xarici ölkədə
heç bir ailə yardımı almadan təkbaşına belə
bir məsuliyyətlə yükləndim. Fakültə
bitdi, Türkiyəyə döndüyümüzdə həyatımız
dəyişdi. Çünki həyat
yoldaşım çətin bir imtahanı verib Xarici
İşlər Nazirliyinə siyasi məmur olaraq işə
düzəldi. Verdiyimiz mübarizənin nəticəsini
almışdıq. Həyat
yoldaşımın uğuru mənə dörd ildə
çəkdiyim sıxıntıları unutdurdu.
Oğlumdan 8 il sonra 31 yaşımda sevgili
gözəl qızımızı qucağıma aldım. Eyni duyğularla sarıldım ona, amma təbii ki, bu
dəfə daha təcrübəli idim. Bir
yandan peşəmə davam edərkən, digər tərəfdən
həyat yoldaşım və uşaqlarım üçün
yaşadım. Mən, həyat
yoldaşım və uşaqlar təhsili həmişə
ön planda tutduq. Təhsildən heç
bir vaxt qənaət etmədik. Özümü
isə həmişə ikinci plana atdım. Yaxşı ki, elə də eləmişəm.
Şükürlər olsun ki, indi hər iki
övladımın da həyatları yolundadır. Öz
ayaqları üzərində durmağı bacardılar və
cəmiyyətdə hörmətli yerə sahibdirlər.
Övladlarımla qürur duyuram, mənə
problem yaşatmadılar. Bir ana daha nə
istəyər ki? Xoşbəxtliyin ən
böyüyü budur.
- Hulusi bəylə bir-birinizi sevərəkmi
ailə qurdunuz?
- Bəli.
Universitetdə eyni kursda oxuyurduq. İkinci kursdan etibarən dostluğumuz
başladı. Universitet bitincə də
evləndik.
- Tədbirlərdə həmişə
diqqətimizi çəkib ki, Hulusi Kılıc şəkil
çəkdirməyi çox sevir. Bu sizi
qısqandırmır ki...?
- Niyə
qısqanım ki? Bizim ailəmiz elə
çürük iplə bağlı deyil. Əgər bir şəkil çəkdirmək bu
ipi qoparmağa yol açacaqsa, onsuz da gözləmənin bir
anlamı yoxdur. Amma şəkil çəkdirmək
istəyən şəxs bunu fərqli anlamda başa
düşəcəksə, bu da onun əxlaqi səviyyəsi
ilə bağlıdır.
- Türkiyəlilərin belə bir
sözü var: “Hər başarılı erkeyin arxasında
güclü bir qadın var”. Hulusi bəyin
arxasında duran qadının bu başarıda payı nə
qədərdir?
- Əslində, bu söz bütün türk
dünyasına aiddir. İfadələr fərqli olsa da, məna
eynidir. Türk qadınının ailədəki rolunu, gücünü,
dayanıqlığını, vəfasını anladan
çox köklü sözdür. Bunu
xüsusilə vurğulayıram, evlilik çox fərqli bir bərabərlikdir.
Heç tanımadığınız ailənin
yetişdirdiyi bir insanla həyatınızı
paylaşırsınız. Əslində,
bu, heç də asan deyil. Bizim tərəflərdə
evlilik üçün “kəsilməmiş qarpız” ifadəsini
işlədirlər. Diqqətlə
seçsəniz də, necə çıxacağı bəlli
deyil. Amma qurduğumuz ailənin təməlinin
maddi və mövqeli maraqlara dayanıq olmaması çox
önəmlidir. Birlikdə verdiyiniz
mücadiləylə mənəvi və maddi hədəflərinizi
yaxalaya bilərsiniz. Biz universitetin birinci kursunda tanış olduq. Yəni cibimizin
boş olduğu, kredit alıb təhsilimizi davam etdirdiyimiz
zamanlar idi. O vaxtdan bəri də bərabərik. Əlbəttə, çox çətin, problemli
günlər də yaşadıq. Amma belə
günlərdə fədakarlığın böyük qismi
deyəsən, qadının üzərindədir. Çünki qadın yaradılış etibarı
ilə daha sülhsevər, vasitəçi və qüvvətlidir.
Evlilikdə kinə yer yoxdur. Həyat yolunda eniş və yoxuşlarda,
yaxşı və pis günlərdə, varlıqda və
yoxluqda eyni insan olaraq qala bilməyi bacarmaq lazımdır.
Əlbəttə ki, həyat
yoldaşınızın da bu dəyərlərə sahib
olduğundan əmin olmaq şərtilə. Onda bütün həyatınızı
paylaşdığınız bir insanın arxasındamı,
yanındamı, önündəmi, sağındamı,
solundamı durmağınızın nə önəmi var ki?
Önəmli olan ona verdiyiniz dəyər və
dəstəkdir. Gerisi boş sözlərdir,
məncə.
- Günay xanım,
çatışan və çatışmayan cəhətinizi
qeyd edə bilərsinizmi?
- Cəmiyyət
içində danışarkən həyəcanlanıram. Ümumiyyətlə, səbirli bir insanam, amma olaylar
qarşısında bəzən çaxnaşma
yaşayıram. Əlbəttə ki, xoş münasibətimin,
səmimiyyətimin sui-istifadə edilmədiyi ,
sərhədlərimin zorlanmadığı müddətdə.
Belə olanda zaman-zaman çox sərt reaksiya
verə bilirəm. Sonra da üzülürəm
və özümü mühakimə edirəm. Kinli olmadığım üçün çox məmnunam.
Yorulmadan gün boyu işləyib, ertəsi
gün yenə səhərdən işləməyə
başlaya bilərəm. Bu, günlərcə
davam edə bilər. Amma “mütləq buna
sahib olmalıyam” kimi bir ehtirasım yoxdur.
- Artıq bir neçə ildir ki, Azərbaycandasınız.
Azərbaycan və türk xanımlarını mədəni, dil, din və
bir sıra xüsusiyyətlər birləşdirir. İlk dəfə Bakıya gələndə bizim
xanımlardakı hansı xüsusiyyət sizin təəccübünüzə
səbəb oldu?
-
Açığı, çox böyük fərq görmədim.
- Azərbaycan və Türkiyədə
bir çox məsələdə bənzərlik var. Bəs
qadın hüquqları məsələsində hansı
ölkədə vəziyyət daha yaxşıdır, yoxsa bu
məsələdə də ortağıq?
- Mən
hüquqşünas deyiləm. Dolayısı ilə
qanun çərçivəsində bir müqayisə
aparmağım imkansızdır. Azərbaycanda
da Türkiyədə olduğu kimi bəzi problemlər var. Siz
istədiyiniz qədər qanun yaradın, təəssüf ki,
günlük yaşamda insanlar öz ənənələri ilə
yaşayır və öz qanunlarını tətbiq edirlər.
Bu da böyük problemlər yaradır.
- Türkiyədə yaradıcı
qadınlara öz fəaliyyətlərini genişləndirmək
üçün nə cür imkan yaradılır?
- Türkiyədə KOBİ dediyimiz Kiçik və Orta
Boy İşlətmələri dəstəkləmək və
inkişaf etdirmək üçün proqram tətbiq olunur. Hər hansı sahədə
öz işini qurmaq istəyən ev qadınları,
gənc sahibkarlar, kiçik iş adamları layihələrini
hazırlayırlar. Tətbiqi sahibkarlıq təhsilində
müvəffəqiyyətli olub sənədini alan
hər kəs öz layihəsini təqdim edir. Dövlət
layihəsi qəbul edilən iş adamına qrant olaraq, yəni
geri ödəməsiz sərmayə krediti verir. Bir sözlə, “Projen hər nədirsə mənə
göstər, sərmayəni al” deyir. İşini qurub
böyüdənlərə bir il sonra
sıfır faizlə təkrar kredit verir. İş
adamı öz şəhərində, yaxud qəsəbəsində
qalaraq işini inkişaf etdirmək imkanı tapır. Beləcə də bu böyük şəhərlərə
köçü durdurmağa yardımçı olur.
Çünki bir iş yerinin qurulması bir çox insana
çörək pulu qazanmaq imkanı verir. İş
adamlarına dəstək proqramı çərçivəsində
Yeni İş Fikirləri Proje Yarışmaları da
gerçəkləşir. Əlbəttə,
bu, yaradıcılığa, dolayısıyla da inkişafa
imkan verir.
- Müsahibələrinizdən birində
bizim yeməkləri xoşladığınızı
demisiniz. Neçə ildir Azərbaycandasınız, sevdiyiniz
yeməklərdən hansını bişirməyi öyrənmisiniz?
-
Düzünü deyim, mən burda yemək bişirmirəm. Amma yemək reseptlərini yığıram. Türkiyədə öz mətbəximlə
baş-başa qalanda mütləq o reseptlərdən istifadə
edəcəm. Azərbaycan mətbəxindən ən
çox sevdiyim göy qutab, yarpaq dolması və süfrələrin
şahı plovdur.
- Azərbaycan mətbəxinin ən
məşhur yeməyi plov və dolmadır. Bizim
dolmaya ermənilər də sahiblənmək
iddiasındadırlar. Sizcə türk mətbəxinin
ən məşhur yeməyi hansıdır?
- Bir yemək
adı vermək çox çətindir. Bizim mətbəximiz çox zəngindir. Uzun illər bir yerdə yaşayan insanların
bir-birinin mətbəxindən təsirlənməməsi
mümkün deyil. Bəzən evində
ilk dəfə olduğunuz birindən belə yemək reseptini
alırsınız. Osmanlı mətbəxini fikirləşin,
500-600 il birlikdə olduğumuz mədəniyyətlərlə
yemək alış-verişimiz olub. Amma bir xalq
iddia edəndə çox diqqətli olmalıdır.
Sual edilə bilər -
həmin iddia etdiyi yemək adı öz dillərində
hansısa məna kəsb edirmi? Sarmak –sarılmak,
dolmak-doldurmak cümlələrini dəyişdirmədən
lüğətdə axtarmaq və mənasını tapmaq
yetərlidir.
- Ümumiyyətlə, hansı yeməyi
bişirməkdən xoşlanırsınız?
-
Bütün yeməkləri bişirməyi sevirəm. Yetər ki, hazırladığım yeməyi bərabər
yeyə biləcəyim birisi olsun. Ailəmdən
və ya dostlarımdan biri ilə paylaşmaq bütün
yorğunluğumu unutdurur.
- Bəzən deyirlər ki,
qadının istirahət etdiyi yerlərdən biri də mətbəxdir. Siz
necə, mətbəxdə dincəlirsiniz, yoxsa ailənizin
zövqünü oxşamaq üçün yalnız ləziz
yeməklər bişirməklə kifayətlənirsiniz?
- Tam da mənim
ən çox sevdiyim mövzunu açdınız. Düzdür, mətbəx məni çox sakitləşdirir.
Bu mənim ən böyük hobbimdir. Çünki yaradıcılığı sevirəm.
Mətbəxdə isə yaradıcılığın
sonu yoxdur. Öz damaq dadınızı,
yaratdığınız və ya reseptini başqa yerdən
tapdığınız hər yeməyə verə bilərsiniz.
Bəzən ilk dəfəylə alınmır,
amma vaz keçmirəm, təkrar-təkrar edirəm. Ta
ki, damaq dadını tutuncaya qədər...
- “Mənim həyat
yoldaşım Çankırılı olduğu halda Antep
paxlava, kabab, lahmacunlarını çox sevir” demisiniz. Antep yeməklərinin çox sevilməsinə səbəb
sənayenin çox yaxşı olması, yoxsa
insanlarının çalışqanlığıdır?
- İkisi də. Səbəb–nəticə münasibətidir
bu. Antep İpəkyolu üzərində yerləşən
şəhərdir. Yəni tarix boyunca dəyişən
mədəniyyətlərə həmişə açıq
olub. Yemək mədəniyyəti də
buna daxildir. Amma bu da dəqiqdir ki, insanlar çalışqan
, yeniliyi öyrənməyə açıq deyillərsə,
hər şey olduğu kimi qalır, dəyişən
heç bir şey olmur. Heç bir əmək sərf
etmədən nəyi bacarmaq olar həyatda? “Mirasım var” deyəcəksiniz,
amma çalışmasanız, o da tez qurtarar. Anteplilərin bir sözü var, o bizim yaşam fəlsəfəmizi
anladır. “Oğlum ağıllı
malı (mirası) neyləsin, oğlum dəli malı neyləsin”.
Yəni ağıllıdırsa, özü
öz malını düzəldər, mirasa gərək
yoxdur. Dəlidirsə, malı neyləyəcəyini
bilməyəcək, olanı da yeyib qurtaracaq. Tənbəl
insana belə tərif deyər antepli: “Arsız (tənbəl)
adama söz neyləsin , iylənmiş ətə
duz neyləsin”. Qısacası,
çalışqanlıq anteplilərin təməl fəlsəfəsidir.
“Kölə kimi çalışıb bəy
kimi yeyərik” deyirlər. Bəy kimi yemək
üçün də mətbəxin zənginləşməsi
lazımdır. Mətbəx və
ağız dadı başlı-başına mədəniyyət
yığnağıdır. Bu mədəniyyətin
zənginləşməsi isə eyni yeməklərdən
uzaqlaşıb, yeni dadlar yaratmaqla olur. Yəni
inkişaf etmək üçün çalışmağa,
istehsal etməyə davam etmək lazımdır. Bu səbəblə də Qaziantep bu gün mətbəxi
ilə bərabər, sürətlə istehsal edən
çox böyük sənaye şəhəridir.
- Azərbaycan cəmiyyətində nələri
bəyənirsiniz və bunun Türkiyədə də olmasını
arzulardınızmı?
- Burda
uşaqların musiqi təhsilinə çox erkən
yaşdan başlamaları çox gözəl şeydir. Türkiyədə də bu var, amma fərdi səylərlə,
ailələrin öz təşəbbüsləri ilə.
Türkiyədə də buradakı kimi dövlət
musiqi məktəblərinin olmasını istərdim.
- Azərbaycanın hansı bölgələrində
olmusunuz və o yerlər haqqında təəssüratlarınız
necədir?
- Demək
olar ki, bütün bölgələrdə oldum. Xüsusilə
ilk iki il hər fürsətdə gəzdik.
Türkiyə ilə müqayisə edəndə
məsafələr çox qısadır, ona görə həftə
sonlarını belə dəyərləndirirdik. Bakıdan uzaqlaşdıqca təbiət daha
yaşıl, hava daha təmizdir. Sanki
Anadoluda səyahətə çıxmışıq təsiri
bağışlayır adama. İnsanların
qonaqpərvərliyini, ürəklərindəki Türkiyə
sevgisini gördük. Bir sözlə,
çox zövqlə dolaşdıq.
- Türk tarixindən hansı
qadının adını çəkə bilərsiniz ki,
bugünkü Türk qadınını onun simvolu kimi
görüb qiymətləndirəsiniz?
-
Tariximizdə ilklərə imzan atan bir çox qadın var. Məsələn,
ilk türk qadın roman ustası Fatma Aliyə (1862- 1936), ilk əsgəri
qadın pilot Sabiha Gökçen (1913-2001), ilk müsəlman
teatr sənətçisi Afifə Jalə (1902-1941), ilk
türk qadın həkimi Safiyə Ali (1891- 1952),
qadınları milli mübarizəyə çağıran
Halidə Edip (1884- 1964), Nene Hatunlar, şəhid qadınlar,
qazi qadınlar və daha neçələri. Əlbəttə, belə
qadınlar digər qadınlara yol açdı və
bugünkü Türk qadınının təməli oldu.
- Bu baxımdan Azərbaycan
qadınının rolunu necə görürsünüz?
- Eyni. Keçmişdən bu günə qədər
qadınların verdiyi mübarizə hər zaman təqdirəlayiqdir.
Bu gün də qadın hər yerdə söz
sahibidir. Məncə, qadını
güclü olmayan cəmiyyət çökməyə məhkumdur.
- Əgər
sizə bir filmdə Azərbaycan qadını rolunu
oynamağı təklif etsələr, razılaşardınızmı?
- Məktəb
illərimdə həvəskar kimi bir çox tamaşada
oynamışam. Həmişə də çox
alqış alırdım. Demək ki, rolumu
yaxşı oynayırmışam. İndi
rolumu evdə oynayıram. Əgər
professional aktrisa olsaydım, Azərbaycan qadını rolunu məmnuniyyətlə
qəbul edib, türk soylu bir qadın olaraq böyük
zövqlə oynayardım. Çünki mən
Azərbaycan qadını, Türkiyə qadını deyə
bir ayrı-seçkilik salmıram.
- Bizim qadınların geyimləri sizə
görə mədəni və müasirdimi?
- Geyim hər
qadının öz seçimidir. Geyimi tənqid
etmək, məncə, çox mənasızdır. Çünki birisi çox bəzəkli, rəngli
geyər, birisi sadə sevər. Kimisi
klassik geyimdə rahat olar, kimisi modern. Kimisi
də hər şeyi qarışdırıb öz tərzini
yaratmağa çalışar. Bu bir
seçim məsələsidir. Önəmli
olan o geyimin içində olan insanlıqdır.
Kaspi.-2011.-26 oktyabr.- S.11.