Elmira Şahtaxtinskaya
xatirələrdə
Azərbaycan Xalq rəssamı,
qrafik, Əməkdar incəsənət xadimi Elmira
Şahtaxtinskaya Bakıda anadan olub. Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini
və V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu
bitirib. Plakat, dəzgah rəsmləri və akvarellərin
müəllifidir. XX əsrin 70-ci illərində "Azərbaycan
qədim mədəniyyət diyarıdır" plakat silsiləsini,
Azərbaycanın elm, ədəbiyyat və incəsənət
xadimlərinin (Nəsirəddin Tusi, İmadəddin Nəsimi,
Səfiəddin Urməvi, Əcəmi Naxçıvani, Sultan
Məhəmməd və b.) portretlər qalereyasını, dəzgah
rəsmləri və akvarellərindən
"Çexoslovakiyada" (1957), "Sosialist
Bakısı" seriyası (1958-59), "Bolqarısanda (1963),
"Qutablar" (1963) və "Novruz bayramı" (1970)
tablolarını yaradıb. Moskva (1957), Kaunas (1967) və s.
şəhərlərdə fərdi sərgisi nümayiş
etdirilib.
Görkəmli
rəssamın ömür-gün yoldaşı, Xalq rəssamı
Oqtay Sadıqzadə həyat yoldaşının
ölümündən sonra
xatirələrə sığındığını
deyir:
“Hər
ikimiz Bakıda doğulub-böyümüşdük. Mən
1921-ci ildə İçərişəhərdə
dünyaya göz açmışam. Elmiranın
uşaqlıq illəri Hökumət eviylə üzbəüz
yerləşən, Alimlər evi adlanan binada keçib.: Səkkizinci
sinfi bitirib Rəssamlıq Məktəbinə daxil oldum… Elmira
isə başqa ab-havada böyüyüb. Atası Həbibulla
bəy tanınmış kimyaçı-alim idi. Anası Leyla
xanım Tibb İnstitutunu bitirmişdi. Onların dörd
qızı, bir oğlu vardı. Elmira ailənin
üçüncü uşağıydı. Onun
bacıları, qardaşı da elə orta məktəbdən
kimya, fizika elmlərinə maraq göstəriblər. Sonradan bu
sahələrdə ad-san qazandılar. Qardaşı akademik,
dayılarının bəzisi elmlər doktoru, bəzisi elmlər
namizədi alimlik dərəcələrini aldılar. Təkcə
Elmira başqa yol tutdu. Ancaq ailə ənənəsindən kənara
çıxmaq onun yox, valideynlərinin arzusu olub”.
Hələ
kiçik ikən Elmira da başqa uşaqlar kimi şəkil
çəkib. Ata-anası qərara gəlib ki, onu başqa sənətə,
rəssamlığa qoysunlar. Əzim Əzimzadə adına Rəssamlıq
Məktəbinə daxil olandan sonra isə Elmirada bu sənətə
hədsiz istək yaranıb. Tezliklə məktəbin ən fəal,
əlaçı tələbələrindən
sayılıb.
Elmira
Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini
bitirib, Moskvada Surikov adına Rəssamlıq İnstitutunda təhsilini
davam etdirir. “Sonuncu kursdaydı. Bakıya yay tətilinə gəlmişdi”
deyə O.Sadıqzadə xatırlayır. Başqa rəssamlar kimi, o da "Azərnəşr"dən
sifariş götürdü. Bir müddət sonra isə
çəkdiyi rəsmi gətirdi. Bu boy-buxunlu, qədd-qamətli,
suyuşirin qız ilk baxışdan ürəyimə
yatmışdı. Ancaq o vaxt bir-birimizi yaxından
tanımağa imkan tapmadıq. Dərslər başlandı.
Elmira Moskvaya yollandı. Bir il sonra "Azərnəşr"də
yenidən üz-üzə gəldik. Nədənsə, onu
görəndə sevindim. Bir də ona şadlandım ki, budəfəki
gəlişi qısamüddətli deyildi. Təhsilini başa
vurub, həmişəlik Bakıya qayıtmışdı. Bir
yerdə işləyəcəkdik. Çünki təyinatını
"Azərnəşr"ə vermişdilər. Mənim
redaktorluğum altında işləyəcək, plakat
şöbəsinə rəhbərlik edəcəkdi.
İş
otaqlarımız eyniydi. İstər-istəməz hər
gün görüşürdük. Elmiranın gəlişiylə
dünyam bambaşqa oldu. Onun varlığı həyatımı
dəyişdirdi”.
Oqtay Sadıqzadə artıq təhsil görmüş, müəyyən təcrübə toplamış rəssam idi. Söhbətlərində 15-16 yaşındaykən atasının xalq düşməni kimi həbsə atıldığından, bir il keçməmiş anasının da tutulub sürgünə göndərilməsindən danışırdı qıza. Seyid Hüseynin övladları olduqlarına görə başları az bəla çəkməmişdi. Elmiranın əmisi də Sovet hakimiyyətinin "təmizləmə" siyasətinin bəlasını çəkmişdi. Elmira kiçik yaşlarından evlərində "xalq düşməni"nin qohumu olmaq qorxusu ilə yaşayan ata-anasını görüb. Yəqin, buna görə Oqtayın dərdlərini başa düşürdü.
Stalinin vəfatından, Bağırovun həbsindən sonra “xalq düşmənləri”
də rahat nəfəs almağa
başladılar. 34 yaşına qədər ailə qurmayan Oqtay Sadıqzadəyə
günlərin birində
İnşaatçılar prospektindəki "Rəssamların
binası" deyilən binada ikiotaqlı
mənzil verirlər. O da ürəklənərək
Elmiraya evlənmək təklifi edir.
Elçilərini
- yazıçı Qılman İlkini, qardaşım
Toğrulu başqa yaxın dostu ilı Həbibulla bəy
Şahtaxtinskinin hüzuruna yolladıqdan sonra qız evinin
razılığı alınıb. “Üç-dörd ay
nişanlı qaldıq. Toyumuzu Elmiragilin evlərində etdik.
Təmtəraqlı məclis qurulmadı. Amma çox
maraqlı keçdi. Birgə yeni, maraqlı həyata
başladıq. Təkcə ona görə yox ki, hər ikimiz
rəssam idik, həmişə bölüşüləsi
fikirlərimiz vardı. Həm də ona görə ki,
zövqlərimiz uyğun gəlirdi”.
Elmira
Şahtaxtinskaya yaradıcılığına görə
bütün fəxri adlara layiq görülüb. O, dəfələrlə
xarici ölkələrdə keçirilən sərgilərdə
iştirak edib. “Elmira həddindən artıq istiqanlı,
ünsiyyətcil idi. Heç nəyə laqeyd qalmazdı. Rəssamlar
İttifaqında nəsə düzgün olmayanda, onun aradan
qaldırılması üçün əlindən gələni
əsir-gəməzdi. Onu əhatə edənləri həmişə
özününkü bilərdi”.
Elmira
Şahtaxtinskaya amansız xəstəliklə mübarizə
apara-apara 66 yaşında dünyasını dəyişib. Görkəmli
rəssam 1996-cı ildə Moskvada vəfat edib, Bakıda dəfn
olunub. “Bu gün
ömrümün 90-cı ilində rəssamlıq mənim
üçün yalnız peşə, məşğuliyyət
deyil. Xatirələrimdən yorulanda rəsmlərimə,
şəkil çəkməkdən yorulanda isə xatirələrimə
sığınıram”- deyir O.Sadıqzadə.
Təranə
Kaspi.-2011.-26 oktyabr.- S. 15.