«Ənənələrin
qorunması çox təhlükəli prosesdir»
Gənc rəssam Gündüz
Ağayev: «Sabaha ümidsiz baxırıq,
özümüzü aldatsaq belə»
Gündüz
Ağayev son dövrlərdə gənclər arasında
öz istedadına və bacarığına görə
seçilən gənc rəssamlardan biridir. O, 1981-ci il iyun ayının
20-də Biləsuvar rayonunda
anadan olub. 1998-2002-ci illərdə Dövlət Rəssamlıq
Akademiyasında təhsil
alıb. Onun işləri
haqqında bir neçə adamdan tərifli fikirlər eşitmişəm. Hətta onun
şəkillər çəkdiyi
kitablardan biri “Çərçivə” Moskvada
müsabiqənin baş
mükafatı sayılan
“Qran-Pri»yə layiq görülmüşdü. Özünəməxsus üslubu ilə
seçilən gənc
rəssam həm də fikir yeniliyi
ilə maraqlıdır.
– Sizi oxuculara necə təqdim edək?
– Biləsuvarda anadan olmuşam. Rəssamlıq üzrə təhsil
alandan sonra fərdi yaradıcılığa
başlamışam. İlk
2 ili Biləsuvarda
fəaliyyət görsətdikdən
sonra Bakıya gələrək yaradıcılığımı
davam etdirmişəm.
3 fərdi sərgim
olmaqla bərabər ölkə daxili və beynəlxalq sərgilərdə iştirak
etmişəm. Dünyanın
müxtəlif ölkələrində
olmuş, müxtəlif
rəsm təmayülləri
ilə yaxından tanış olmuşam. Sosial şəbəkə olan “Facebook”da "Tüpürüm...!!!" adlı virtual fərdi sərgi də təşkil etmişəm. Hazırda “Təhsil” nəşriyyatında
rəssam kimi çalışıram, öz
fərdi yaradıcılıq
fəaliyyətimi davam
elətdirirəm. Bir sözlə,
yaradıcılığımı daha da inkişaf
etdirməkdən qalmıram.
– Sırf rəssamlıqla bağlı
hansısa müsabiqədə
iştirak etmisinizmi?
– Mən həmişə müsabiqələrdə iştirak
etməkdən imtina edirəm. Müsabiqələrə heç vaxt
rəsm əsərlərimi
vermirəm, çünki
mənim yaradıcı
ərazi saydığım
mühit bu cür qarşılaşmaları
sevmir. O, cümlədən,
mən də sevmirəm. Çünki sənət özü
qiymətli olmaldıdır.
Onu hansısa şərtlər
daxilində seçmək,
məncə, düz deyil. Və özüm də
başqa rəssamlara çəkdiyi əsərlərə
görə qiymət verirəm, onların hansısa müsabiqədə
yer tutmaqlarına görə yox. Yəni, mənim üçün müsabiqə çox şərti məna daşıyan bir şeydi.
– Özünüzü
əsasən hansı
üslublarda daha çox sınayırsan?
- Mən özümə daha çox sosial mücərrədlik
üslubunu yaxın sayıram. Bu üslubda özümü daha sərbəst hiss edirəm.
Yəni düşdüyümüz vəziyyətdə
çaş-baş qalaraq
nə etdiyimizi bilmirik. Məncə, bu – sosial mücərrədlik konkret
üslub olmasa da, ağlımıza və ağzımıza gələni etmək özü də bir sənət növüdür. Sənət əslində
heç bir konkret üsluba salınmamalıdır, mən
ağlıma və ağzımıza gələni
deməklə məhz
bunu nəzərdə
tuturam.
– Rəsmin dilinin olmaması, hər dildə başa düşülməsi
rəssam üçün
hansı imkanları yaradır?
– Tamaşaçının rəssamı
başa düşməsi
həm vacibdir, həm də yox. Rəssam elə bir mərhələdə
ola bilər
ki, tamaşaçının
səviyyəsi ona çata bilməsin. Amma bütün bunlarla yanaşı ən yaxşısı onların
bir-birini başa düşməsidir. Onda onların
ikisi də əziyyət çəkmirlər.
Məncə, rəssam tamaşaçını
öz arxasınca aparmağa məcbur etməlidir. Çünki sənətin sahibi odur. O, hamıdan yaxşı bilir ki, özü nə istəyir. Bu əziyyətli olsa da, formalaşmış
rəssam üçün
çox sadə keçiddir.
–
Rəssam məxsusi üsluba
yiyələnməsi üçün
hansı mərhələlərdən
keçməlidir?
– Rəssam sənətdə nəsə
əldə etmək istəyirsə böyük
intellektə sahib olmalıdır.
O, cümlədən, çox
çalışmalı, çox
gəzməlidir. Bu onun qlobal rəssam
olaraq bu sənətdə özünəməxsus
cığır açmağa
zəmin yarada bilər. Yoxsa, ancaq nələrəsə
baxıb çəkməklə,
ancaq və ancaq özünü təkrarlamaq mümkündür.
Başqalarınısa yamsılamaq sənətə
heç bir xeyr vermir.
– Səncə, rəssamlıqda hansı ənənələr qorunmalıdır?
- Ümumiyyətlə, ənənələrin
qorunması çox təhlükəli prosesdir.
Bu zaman heç
bir inkişafdan söz gedə bilməz. Ənənələri öyrənmək olar, amma onları
hansısa çərçivədə
qorumaq düzgün deyil. Onlar onsuz da, gələcəkdə başqa,
daha da yığcam
formada yenidən yaranacaqlar.
- Milli rəngkarlıqda hansı
çalarlar daha çox üstünlük
təşkil edir?
– Azərbaycanda rəngkarlıq demək
olar ki, cansıxıcı şəkildə inkişaf edir. Buradakı
hazırkı rəngkarlığın mərhələsini
Avropa XX əsrdə bundan keçib. Dəqiq hansısa üslubun
inkişafından və ya çiçəklənməsində
söz açıla bilməz. Amma demək olar ki, abstraksiya və
sosrealizm az da olsa yaşaya bilir.
– Gənc
rəssamların yaradıcılıq vəziyyəti necədir?
Onlara dövlət tərəfindən lazımınca şərait
yaradılırmı? Və mövcud problemləriniz nədən
ibarətdir?
-
Konkret olaraq rəssamlara, geniş mənada isə tək rəssamlara
deyil, digər sənət sahiblərinə heç bir şərait
yaradılmır. Biz sabaha artıq ümidsiz baxırıq,
özümüzü aldatsaq belə. Belə olan təqdirdə
əsl sənət yaradılması əvəzinə bazarlar çoxalır.
Bizim problemlərimiz çoxdur, dövlətin gənc rəssamlarla
bağlı müəyyənləşdirilmiş, planlı
işləri olmalıdır. Bu gün keçirilən sərgilərin
çoxu ya vizual olur. Niyə? Çünki yer təşkil
etmək, insan toplamaq və s. kimi problemlər var. Dövlət
qayğısı olsa-olsa bir qrup ortalıqda olan adamlar
üçündür. Bu da bir qədər ədalətsizlikdir.
Belə olan halda çox istedadlı adamlar kənarda qalır.
Fərid Hüseyn
Kaspi.-2011.-27 oktyabr.-S.15.