Milli Qəhrəmanlarımızı tanıyırıqmı? 

 

Gənclərdən Milli Qəhrəmanlar haqqında soruşanda təkcə Mübariz İbrahimovu tanıyırlar

 

Bu günlərdə «Milli Qəhrəmanların Təbliğinə Dəstək» Respublika Birliyi rəsmi dövlət qeydiyyatına alınıb. Oktyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində qurumun təqdimatına həsr olunan tədbirdə qeyd olunub ki, Azərbaycanın Milli Qəhrəmanları, torpağın müdafiəsi uğrunda döyüşən, şəhid olan Azərbaycan insanı cəmiyyətimiz tərəfindən daim yad olunur.

Yenicə qeydiyyata alınan təşkilatın sədri vəzifəsinə seçilən «Milli Qəhrəman» qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə diqqətə çatdırıb ki, 2008-ci ildən yaratdığı və rəhbərlik etdiyi mətbu orqan Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması, onların cəmiyyətdə təbliğ olunması istiqamətində çoxlu işlər görüb. Belə ki, qəzetin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanlarının anım və doğum günləri dövlət səviyyəsində qeyd olunub və tədbirlər keçirilib. O cümlədən, qəzetin səhifələrində Milli Qəhrəmanlar haqqında geniş məqalələr dərc olunub.

 M.Şeyidzadənin bildirdiyinə görə, onun təşəbbüsü ilə, Azərbaycanın iki şəhid Milli Qəhrəmanı – Nizami Məmmədov və Cavanşir Qəhrəmanov haqqında sənədli film çəkilib. Həmçinin 211 Milli Qəhrəman haqqında «Milli Qəhrəmanlar zirvəsi» kitabı nəşr olunub.

Bu günlərdə isə ilk dəfə olaraq Azərbaycan və ingilis dillərində Milli Qəhrəmanlardan bəhs edən milliqahraman.az portalı təsis olunub. «Bütün bu işləri daha geniş miqyasda həyata yetirmək üçün Azərbaycanın Milli Qəhrəmanlarının təşəbbüsü ilə hökumət qarşısında məsələ qaldırıldı ki, Azərbaycanın Milli Qəhrəmanlarının adlarının əbədiləşdirilməsi, onların cəmiyyətdə daha geniş təbliğ olunması üçün birlik təsis olunsun». M.Seyidzadə Birlik yaranan zaman çoxlu maneələrlə qarşılaşdıqlarını da bildirib: «Bu təşkilat gələcək nəsillərə, xaricdə yaşayan azərbaycanlılara, bu gün böyüyən gənclərə lazımdır».

 

Cəmi 18 nəfər...

 

«Bu birliyi yaradana qədər biz çox fikirləşmişik» - deyən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov bütün respublikaya belə bir təşkilatın yaranması haqqında məlumatın çatdırılmasını zəruri hesab edib. «Gənclərdən Milli Qəhrəmanlar haqqında soruşanda təkcə Mübariz İbrahimovu tanıyırlar. Amma orduya getməyə hazırlaşan gənclər bizim bütün Milli Qəhrəmanlarımızı tanımalıdırlar. Bizim torpaqlarımız işğal olunub. Cənab prezident torpaqlarımızı sülh yolu ilə qaytarmağa çalışır. Ancaq biz hərbçi olduğumuzdan hər zaman müharibəyə də hazır olmalıyıq». F.Cəbrayılov Milli Qəhrəmanların əsas probleminin statuslarının yoxluğu ilə əlaqələndirib: «Bizim əsas məqsədimiz Azərbaycanın Milli Qəhrəmanlarına, onların ailəsinə, şəhid ailələrinə kömək göstərmək, onların problemlərinin həllinə yardımçı olmaqdır”.

DİN Daxili Qoşunlar Komandanının müavini, general-mayor Fəxrəddin Səmədov da qurumun yaranmasını vacib hesab edib: “İstərdim ki, Milli Qəhrəmanlarımızın həyat və döyüş yolundan, onların bacarıq və təcrübəsindən orduya gedən gənclərin formalaşmasında geniş istifadə olunsun”. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Eldar Ağayev bildirib ki, son 10 ildə Milli Qəhrəmanların adından istifadə edən müxtəlif təşkilatlar yaranıb: «Bizim 18 nəfər sağ qalan Milli Qəhrəmanımız var. Onlardan yalnız biri Azərbaycanda deyil. Qalanları hamısı müxtəlif dövlət qurumlarında fəaliyyətlərini davam etdirirlər. Bu təşkilatı yaradana qədər fikirləşdik ki, elə bir birlik yaranmalıdır ki, hamımız onun yanında olaq. Biz çalışmalıyıq ki, bu cəmiyyət doğurdan da bizim olsun». E.Ağayev qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanları haqda qanun olmadığından bu, onların qarşısında bəzən problemlər yaradır: «Qanun olanda problemlərin həlli də asan olur».

 

Hər birimizin vəzifəsi

 

Ədliyyə Akademiyasının təmsilçisi İlham Abasov Milli Qəhrəmanların tanıdılmasının, onların təbliğinin gələcəyimiz üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb: «Bu təbliğat gənclərin tərbiyəsində mühüm rol oynayacaq».

Şuşa İH başçısının müavini Vüsalə Fətəliyeva Milli Qəhrəmanların hər zaman təbliğata ehtiyacı olduğunu vurğulayıb: «20 il əvvəl qaçqın və məcburi köçkün olan uşaqların indi 20 yaşı var. Onlar əzab çəksələr də, həmin dəhşətli günlərin şahidi olmayıblar. Ancaq biz ermənilərin təcavüzü nəticəsində baş verən hadisələri, bu torpağın uğrunda canını fəda edən insanların qəhrəmanlığını onlara çatdırmalıyıq. Biz sağ olan Milli Qəhrəmanlarla gənclər arasında təmas yaratmalıyıq».

Şəhid Milli Qəhrəman Samir Xasıyevin atası Zirəddin Xasıyev Milli Qəhrəmanlar haqqında xatirələr yazdığını diqqətə çatdırıb: “Çox qəhrəmanlar hələ kölgədədir. Bizim qəhrəmanlarımız çoxdur, onları axtarıb tapmaq lazımdır. Biz bu günün tarixini yazmalıyıq. Bununla gələcəyə böyük xatirə qoymuş olarıq».

Qarabağ Müharibəsi veteranı Həsən Sarıyev Milli Qəhrəmanları qiymətləndirməyin hər bir azərbaycanlının vəzifəsi olduğunu bildirib: “Bu gün Milli Qəhrəmanın səngərdə - əsgər qarşısında olması onları ruhlandırır, əsgərlər özlərində şücaət tapır. Bu baxımdan Birliyin fəaliyyətinə hamımız dəstək olmalıyıq».

Qarabağ Müharibəsi Veteranları, şəhid ailələri İB sədri, polkovnik Mehdi Mehdiyev Birliyə öz fəaliyyətində gənclər arasında maarifləndirmə işinin təbliğinə geniş yer verilməsini tövsiyə edib.

Professor Ziyadxan Həbibbəyli, Azərbaycanın şəhid Milli Qəhrəmanı Əliyev Yusifin atası Əlyusif Əliyev, Azərbaycanın şəhid Milli Qəhrəmanı Ənvər Fərəcovun oğlu Nemət Fərəcov, Milli Qəhrəman Asif (Fred) Məhərrəmov adına inkişaf fondunun sədri Ədalət Məhərrəmov da Birliyin yaranmasını zəruri hesab edərək xüsusən böyüməkdə olan nəslin tərbiyəsində müsbət rol oynayacağını vurğulayıblar.

Tədbirin sonunda M.Seyidzadə Birliyin yaxın gələcək üçün planlarından danışaraq təşkilati işlərin həyata keçiriləcəyini, regionlarda şöbələrin yaradılacağını, Azərbaycanın Milli Qəhrəmanlarının statusu məsələsi ilə məşğul olunacağını və s. qeyd edib.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2011.-26 oktyabr.-S.9.