“Bu sima mənə
çox kömək edib”
Tünzalə Əliyeva:
““toppuş bacı” brendini istifadə etmək mənim
ixtiyarımda deyil”
“Azadinform”un
suallarını Əməkdar artist Tünzalə Əliyeva
cavablandırıb.
- Sizə
“toppuş bacı” ləqəbini kim qoyub və sizə belə
müraciət edəndə necə
qarşılayırsınız?
- Bu ləqəbi
mənə hazırladığımız layihədə
yaradıcı heyət, daha doğrusu, Dilarə verib. Mənə
belə müraciət edəndə əsla incimirəm, əksinə
xoşum gəlir. Bu adla kifayət qədər insandan xoş
söz eşitmişəm. Məhz bu ləqəb məni
insanlara sevdirib. Hətta mən arıq olanda da “toppuş
“İncə bacı” deyirdilər.
- Sizi güldürmək daha
asandır, yoxsa ağlatmaq?
- Məni
ağlatmaq daha çətindir.
- Geniş tamaşaçı
kütləsi sizi daha çox komik obrazların
ifaçısı kimi tanıyır, amma teatrda sizin xarakterik
rollarınız da olub. Sizə daha çox hansı ampluada
çıxış etmək rahat və xoşdur?
- Mənə
hansı rolu verirdilərsə çalışırdım
ki, nə qədər gücüm və istedadım varsa, ondan
istifadə edim. Ondan artığını onsuz da istifadə
edə bilməyəcəm. Çalışmışam
yaxşı olsun. Tragikomediya mənim stilimdir. Faciə də,
sırf komediya da oynamışam. Amma mənə daha çox
faciəvi-komediya xarakterli obrazlar yaxın olar.
- Arzuladığınız belə
bir obraz varmı?
- Mən
hər zaman Mamaşa Krojanı oynamağı
arzulamışam. Bu obraz mənim ən böyük
arzularımdan biridir.
- İrəvan Dövlət Dram
Teatrından niyə çıxdınız?
-
İşlərimin çoxluğu ilə bağlı teatrdan
ayrılmışam, amma güman edirəm ki, nə vaxtsa
teatra qayıdacağam. Son vaxtlar məşqlərə
gecikirdim və aktyor heyəti məni gözləmək məcburiyyətində
qalırdı. Sonra düşündüm ki, əgər mən
çatdıra bilmirəmsə, deməli, vaxtı qurana qədər
teatrdan uzaqlaşmalıyam. İstəmədim camaatı
gözlətdirim, yoxsa heç bir küskünlük,
heç bir problem olmadan getmişəm və yəqin nə
vaxtsa da qayıda bilərəm.
- Bu, həmin teatr, yoxsa başqa bir sənət
ocağı ola bilər?
- Bilmirəm,
bunu zaman göstərəcək. Dəvət olsa, bu gün də
gedə bilərəm, amma teatr da elədir ki, gərək
günün yarısından çoxunu orda keçirəsən.
Mənim həyat tərzim isə buna icazə vermir.
- Heç sizə, - “Tünzalə,
nahaq aktrisa oldun, səndən yaxşı həkim, ya müəllim,
ya jurnalist olardı” deyən olub?
- Yox, deyən
olmayıb. Bilirlər ki, məndən yaxşı həkim
çıxmaz, çünki həddən artıq kəmhövsələyəm,
səbirsizəm. 100 faiz müəllimə də olmazdı,
uşaqları döyərəm, elə aktrisalıq imiş
ki, bunu da Allah mənim qismətimə yazıb.
- Hansı rolu ifa etməkdən imtina
edərsiniz?
- Belə
bir hal yadıma gəlmir. Amma əgər həmin obraz mənim
bədənimə ölçülməyibsə, imtina edərəm.
Məsələn, məni hansısa rejissor Cülyettanı
oynamağa dəvət edib. Amma görürəm ki, mən
Cülyetta deyiləm axı, səhnəyə Cülyetta kimi
çıxsam, camaat gülməkdən ölər. Komik
Cülyetta istəsələr, böyük məmnuniyyətlə
oynayaram. Gərək rol mənim həm xarici
görünüşümə, həm də daxilən
yaraşsın. Əgər hansısa rol mənə
yaraşmırsa, bunu oynamağın nə mənası var?!
- Səhnədə çox zaman
dinamik, plastik hərəkətlər edirsiniz? Bunun öhdəsindən
necə gəlirsiniz?
- Mən
heç nəyi məcburiyyət qarşısında qalıb
etmirəm. Birdən alınır və edirəm. Bilmirəm
necə olur, amma hər halda bu mənim plastik və estetik
olmağımdan irəli gəlir (gülür).
- Özünüzün pərəstiş
etdiyiniz kino və teatr aktyoru varmı və kimlərdir?
-
Yaşar Nuriyə necə pərəstiş etməyəsən?
Mən onunla Vaqif Mustafayevin çəkdiyi “Yoxlama” filmdə az
da olsa tərəf-müqabil olmuşam, çox istedadlı sənətkardır.
Allah ona cansağlığı versin. Tərəf-müqabil
olduğum digər aktyorlarımız da var. Yəqin ki, Allah
qismət etsə yenə olacağıq. Və bir də Antonio
Banderası çox sevirəm.
- Səhnədə hansı aktyorla tərəf-müqabil
olmaq istərdiniz və bu vaxta qədər kiminlə tərəf-müqabil
olmaq sizə maraqlı və rahat gəlib?
- Mən
kifayət qədər aktyorla tərəf-müqabil
olmuşam. Çalışmışam hamısı ilə səmimi
olum və bacardığımı ortaya qoyum. Amma hər halda
9 ildir ki, mütəmadi olaraq, aramsız, yay fəsillərini
çıxmaq şərtilə mən Dilarə və
Ülviyyə ilə tərəf-müqabiləm. Güman edirəm
ki, onlarla daha xoşdur və rahatdır. Çünki onlar
artıq mənim atacağım addım,
göz-qaşımın hərəkətlərindən nə
demək istədiyimi, eləcə də mən onları daha
yaxşı anlaya bilərəm. Amma kim olarsa və kim olubsa, mən
fəxr edirəm və edəcəyəm. Gələcəkdə
də kim olarsa sevə-sevə onlarla tərəf-müqabil
olmağa hazıram. Yetər ki, o mənim onunla tərəf-müqabil
ola bilməyimə inansın.
- Tünzalə xanım, bir ara siz
çox yaxşı arıqlamışdınız, indi isə
yenidən kino almısınız. Niyə dietanı davam etdirə
bilmədiniz?
- Bezdim, nə
qədər dieta saxlamaq olar?! Bir ilə yaxın dieta
saxladım, arada yeyirdim və saxlayırdım. Amma yenə də
sentyabrın 23-dən dietadayam. 10-15 günə 5 kq.
arıqlamışam. Yəqin ki, yenidən məni həmin
formada görəcəksiniz. Amma dietanı kəsən kimi dəhşət....
(gülür). İstəmirəm bilsinlər ki, mən iki
dönər, iki çörəyi birdən yeyə bilərəm.
İstəyirəm bilməsinlər ki, mən aşı
çörəklə yeyirəm (gülür). Yaxşı
yeyənəm. Bir paxlava yox, 3-nü yemək istəyirəm.
Beləcə bir də baxıram ki, olmuşam bu boyda.
- "toppuş bacı" brendi
altında sizə pul qazanmaq təklifi olubmu? Özünün
belə bir ideyanız varmı?
-
“toppuş bacı” brendi mənə aid deyil, bu brendi yaradanlara
aiddir. Amma bir sima olaraq hara gedirəmsə, istəyir
adımı yazım sinəmə vurum, birinci üzümə
baxan kimi deyirlər ki, “bu, “toppuş bacı”dır.” Ancaq bu
brendi istifadə etmək mənim ixtiyarımda deyil və bunu
mənə istifadə etməyə də icazə verməzlər.
- Peşəkar aktrisa kimi yetişməyinizdə
hansı müəlliminizin rolu olub?
- Mən
Mədəniyyət və İncəsənət Universitetinə
gəlməmişdən öncə teatr kursuna gedirdim. Orda rəhmətlik
əməkdar artist Qurban müəllim bizimlə məşğul
olurdu. Mən sənətə gəlməyi, səhnədə
yeriməyi ondan öyrənmişəm. Universitetdə də
müəllimlərim olub. Burada tək universitet müəllimləri
ilə iş getmir. Ola bilər ki, mən universitet müəllimindən
heç nə almayım, amma gedib hər hansı bir kursun dərsində
oturub ondan nəsə qazana bilim. Hər birinə borcluyam, hər
birinə təşəkkür edirəm, amma sənətdə
ilk addımları mənə Qurban müəllim öyrədib,
Allah ona rəhmət etsin.
- Teatr və ya kino sənətində
elə bir sənətkar varmı siz onu sadəcə izləməklə
nəsə öyrənirsiniz?
- Təbii
ki, var və hamısından nəsə götürürəm.
Konkret ad çəkə bilmərəm. Televiziyaya baxmaq
imkanım olursa, istər yerli, istər türk seriallarına
baxıram və təbii ki, nəsə götürmək, nəsə
öyrənmək olur.
- Toylarda, el şənliklərində
rəqs etməyi sevirsiniz?
- Sevirəm,
amma çox rəqs edə bilmirəm. Çünki bu
yükü daşımaq lazımdır (gülür). Bədənim
yorulanda mən də yoruluram, amma yorulana qədər oynaya bilirəm.
- Bir çox aktyor və
aktrisalarımız həm də pedaqoji fəaliyyətlə məşğul
olurlar. Sizə belə bir təklif olubmu və olsa
razılaşarsınızmı?
- İki
ildir bu barədə düşünürəm və iki
sentyabr yola salmışam. Hər halda düşünürəm
ki, buna bir az da vaxt lazımdır. Həm həyatımdakı
bəzi şeyləri qurmaq, həm də yaxşı mənada
bir az da ağıllanmaq üçün. Çünki müəllim
olmaq üçün gərək birinci kifayət qədər
səbir olsun. Məndə isə bu yoxdur və bu məni
çox qorxudur. Düşünürəm ki, buna zaman
lazımdır. Elə şeylər var ki, onları həyatımda
həll etsəm, bəlkə artıq gücümün
çoxunu buna sərf edərəm. Amma gücümün
çoxu başqa işlərə, yəni toylara,
xınayaxdılara getdiyimə görə evdə istirahət
etməyə belə çox az vaxtım qalır.
- Yeri gəlmişkən, “Şəbu-Nər”
adlı studiyanızın olması barədə eşitmişik.
Bu həqiqətdirmi və niyə məhz toy və nişan adətləri
ilə bağlı bir məkana sahiblik edirsiniz?
- Bu,
çox kiçik bir firma kimidir. Bilmirəm bu işə həvəs
haradan yarandı, bunun qaynağı haradan gəldi ki, mən
artıq xınayaxdı “kraliçası” oldum.
- Səhnədə olarkən ssenari və
rejissorun göstərişləri ilə getməyi sevirsiniz,
yoxsa daha çox improvizasiyalara üstünlük verirsiniz?
-
İmprovizasiya mütləq olmalıdır. İmprovizasiya
olmasa, o qədər də maraqlı alınmaz. Rejissor və
yazıçıların xətrinə dəyməsin, məncə,
teatr rejissoru da, kino və televiziya rejissoru da aktrisanın
öz üzərinə buraxmalıdır. Təbii ki, çərçivədən
çıxmağa qoymamaq şərti ilə. Ola bilər ki,
mən rolu elə bir yerə aparıb çıxarım ki,
rejissor onu görməsin. Onun əlləri üzərində
olaraq aktrisanın da əlavələr etməyinə icazə
verməlidir.
- Həyatınızda elə bir
çətin vəziyyətiniz olubmu ki, orada aktrisa
bacarığınızdan istifadə etmisiniz və vəziyyətdən
çıxmısınız?
- Bəzən
mən aktrisa olmağımla elə fəxr edirəm ki. Deyirəm
“nə yaxşı mən aktrisa oldum, nə yaxşı məni
aktrisa kimi görüb sevdilər, nə yaxşı birinci
ağıla gəlir ki, “bu, toppuş bacıdır”. Pis
situasiyalar başıma gələn anda da deyiblər ki, “bu,
“toppuş bacıdır”. Təbii ki, bu ad, bu sima mənə həddən
artıq çox kömək edib.
- Sizin ailənizdə başqa yaradıcı
insan varmı?
- Bizim
hamımız artistik (gülür). Balaca bacım Gəncə
Dövlət Kukla Teatrının aktrisasıdır, artıq
15 ilə yaxındır işləyir. Böyük
bacımın vaxtilə işi sırf teatrla bağlı olub.
Nəslimizdə olub.
- Bir çox məşhur aktyor və
aktrisaların siyasətlə məşğul olmasına necə
baxırsınız və siz siyasətə qoşulmaq fikrində
deyilsiniz ki?
- Mən
hələ aktrisalığı hara aparıb çıxara
bilmişəm ki, siyasəti də hara aparam?! (gülür) Məşğul
olanların da Allah canını sağ etsin.
- Kreditlə maşın
almışdınız, maşını indi
özünüz sürürsünüz? Krediti ödəyib
qurtarmısınızmı?
-
Maşın 3 illik kreditdədir, hələ il yarım var.
Özüm sürə bilmirəm, çünki sinirlərim
dözmür. Sürücü tutmuşam və artıq
4-cü sürücüdür.
- Sürücüləri niyə
tez-tez dəyişirsiniz?
- Həyat
elə gətirdi ki, mən məcbur oluram sürücüləri
dəyişəm. Güman edirəm ki, bu, sonuncu olar.
- İndi çəkiniz nə qədərdir?
- Bir ay
bundan əvvəl 152 kq. idim. Güman edirəm ki, 3 kq. da
kökəlmişəm. İndi pəhrizdəyəm, yəqin
5-6 kq. arıqlayaram və buna da sevinirəm.
- Arıqlamaq üçün dərmanlardan
istifadə edirsiniz? Birdən arıqlayıb çöpə
dönsəniz, onda sizə hamı yenə "toppuş
bacı" deməlidir, yoxsa "Arıq bacı"?
- Ha istəyirəm
çöpə dönüm, alınmır. 164 kq.-dan 8 aya 64
kq. arıqladım və 100 kq. oldum, amma sonra 55 kq. yenə
yığdım. Yəni orqanizmimlə rəqs edirəm.
Görüm axırım hara gedib çıxacaq?! Güman
edirəm ki, çöpə dönməyəcəm, nə qədər
istəsəm də, yerində qalacaq.
Ümidə Həsənli
Kaspi.-2011.-28 oktyabr.-S.13.