Hələ təzə başlamışıq 

 

İsrafil İsrafilov: “Teatrı növbəti tamaşaçı nəslinin maraq dairəsinə salmaq üçün bir sıra vacib işlər görülməlidir”

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi “Teatr. Çexov. Yalta” IV Beynəlxalq Teatr Festivalından qayıdıb. Rusiya, Ukrayna, İngiltərə, İspaniya, Fransa, İsrail, Estoniya, Qazaxıstan və s. ölkələrin teatrlarının iştirak etdiyi festivalda Akademik Milli Dram Teatrı «Ən yaxşı aktyor ansamblı» nominasiyasına, «NİKA» Qran-pri mükafatına layiq görülüb. Bundan əlavə, kollektivə şəhər merinin minnətdarlıq məktubu, Ukrayna Teatr Xadimləri İttifaqının xüsusi mükafatı təqdim olunub.

Teatrın direktoru İsrafil İsrafilov “Kaspi”yə müsahibəsinə “Bizim haqqımızda təəssüratlar çox yüksək oldu” deyə başladı.

 

Biz nə istəyirik

 

- Yalta festivalı mənim üçün çox gözlənilməz idi. Bu festivalın digər festivallardan fərqli prinsipləri var. Festivalda mənsub olduğun dövlətin bayrağı qaldırılır və müxtəlif nominasiya üzrə tamaşalara baxılır. Festivalda çox görkəmli teatrların kollektivləri iştirak edirdi. Beynəlxalq peşəkarlardan ibarət münsiflər heyəti tamaşalara qiymət verirdi. Onu da deyim ki, Yalta erməni diasporunun çox formalaşdığı bir yerdir. Və bizim kollektiv festivalda Qarabağ mövzusunda tamaşa oynadı. Tamaşanın çox böyük coşqu ilə qəbul etdilər. Bizim haqqımızda təəssüratlar çox yüksək oldu. Mətbuat konfransında da jurnalistlərin suallarına obyektiv, faktlarla cavab verdik. İnternet saytlarda haqqımızda çox yüksək fikirlər yazıldı.

- Bir neçə il bundan əvvəl elə bu teatrda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düzənlənən tədbirdə «Azərbaycanda köhnə ənənələr üzərində modern teatr yaratmaq» kimi fikirlər səsləndi. Qeyd olundu ki, teatrların təmirindən sonra tamaşaçılara məhz elə tamaşalar təqdim olunacaq. Artıq bir neçə teatr təmirdən çıxıb. Bəs yaradıcılıq baxımından deyilən proses baş verdimi?

- Mən hələ özüm üçün dəqiq müəyyənləşdirməmişəm ki, modern teatr deyəndə nə nəzərdə tutulur. Çünki teatrın yaranması və ona qarşı tələb olması üçün bir neçə faktorlar var. Öncə teatr cəmiyyətə gərəkli olmalıdır. Teatr cəmiyyətin tələblərini ödəmək səviyyəsində işlər görə bilməlidir. Cəmiyyət hansı teatrı və nə dərəcədə istəyir? Bir iş quranda bu barədə düşünmək lazımdır. Avropada, ümumiyyətlə, dünyada elə teatrlar var ki, onların adlarından bilmək olmur ki, mahiyyəti nədir? Biz dəb dalıyca qaçaq, yoxsa başqa şeylər axtaraq? Dürüst bilmək lazımdır ki, biz nə istəyirik. Akademik teatr 139 illik tarixi olan teatrdır. Bunun adı həm yaxşı mənada sanballılıq tələb edir, həm də mənfi mənada onu bir qədər məhdudlaşdırır. Repertuar tutanda da, aktyor heyətini formalaşdıranda da bu istər-istəməz meyar üçün əsas prinsip olur. Biz yeni tipli Avropa teatr modelinə uyğun, o tələblər çərçivəsində teatr qurmalıyıqsa, bu teatrın təbii ki, öz milli dramaturgiyası yaranmalıdır. Bu dramaturgiya kiminsə sifarişi, kiminsə əmri və ya kiminsə tələbi ilə yarana bilməz. Ancaq bizim həmin model səviyyəsində dramaturgiyamız yetişirmi? Onu yetişdirmək üçün hansı bazisimiz var? Ola bilər pyes yazanlarımız çox olsun, amma dediyim yüksək ideya – bədii, ədəbi, estetik tələblərə cavab verən dramaturji əsərlərimiz varmı? Varsa, yetərincədirmi? İki ciddi prinsip var ki, dramaturgiya həmin prinsipləri yerinə yetirməlidir. Bu, həmin əsərlərin səhnəvi, digəri teatrallıq tərəfidir. O səviyyəli, o qəliblərə uyğun teatr yaratmaq istəyiriksə, gərək bizim dramaturgiyamız yetişsin. Biz Azərbaycan teatrının inkişafı üçün lazım olan hansı təkanlar, impulslar varsa onları arayıb, axtarmalı və istifadə etməliyik. Bunun üçün bir sıra faktorlar var ki, onlar elə bil ki, zaman-zaman korşalıb, itirilib – bizim tamaşaçımız kimi. Yəni teatr tamaşaçısına zəif əsərlər təqdim etməklə, onun zövqünün aşağı səviyyəsini təqdim ediblər. Tamaşaçı da bunu istəməyib. Beləcə bir nəsil teatrdan gedib. Teatrı ondan sonra gələn tamaşaçı nəslinin maraq dairəsinə salmaq üçün bir sıra görülməsi vacib olan işlər var. Bunun sosioloji, iqtisadi, dünyagörüşü, etik tərəfləri var. Bu, böyük bir sistemdir. Bunun üçün dünyada və Avropada neçə-neçə institutlar işləyir.

Yeni nəsil yeni dramaturgiya, yeni rejissor tipi və intellektual, universal təfəkkürlü aktyor potensialı istəyir. O aktyoru istəyir ki, o, səhnədə hər şeyi bacarsın. Biz elə bir vəziyyətə düşmüşük ki, bunların hamısını yenidən etməliyik. Teatrın yeni fəlsəfəsini bilən rejissor və təbii ki, hər şeyi bacaran universal aktyor tipi lazımdır. Onda bizim hansısa iddialarda olmağımız tamamilə əsaslıdır. Hazırkı vəziyyətdə potensial etibarı ilə indiki aktyor heyəti ilə bəzi işlər görmək olar. Ancaq onlarla çox işləmək lazımdır. Modern teatr deyəndə bu, təkcə gözəl, dəbdə olan anlayış deyil, bunun altında çox şeylər var.

 

Mənəvi böhran

 

- Dünyadakı qlobal böhrandan danışılır. Böhran mədəniyyətə, konkret olaraq teatrlara necə təsir edib?

- Əslində teatr çox böyük pullar xərclənən yer olmamalıdır. Böhran tarazsızlıqdır. Hansı bir sahələr üçünsə kapital qoyuluşundan məhrum olmadır. Amma bunun teatra elə bir təsiri olmamalıdır. Sadəcə, ola bilər ki, teatrın tamaşaçısı baha biletləri ala bilməsin. Bu onun istehlak zəmbilinə bir az zərbə vura bilər. Cəmiyyət üçün mənəvi böhran olanda faciəli olur. Pulu çoxdur, amma mənəvi dəyərlər baxımından o adam qüsurludur. Bu cəmiyyət üçün problemdir. Cəmiyyətin mənəvi boşluğu yaranarsa, bu, artıq təhlükəlidir. Teatr işi daha çox mənəviyyat məsələsidir. İqtisadi böhran teatr üçün o qədər qorxulu deyil. Xoşbəxtlikdən mən ölkəmizdə iqtisadi böhranın elə bir təzahürünü müşahidə etmirəm. Bizim xalqın teatra münasibəti çox yüksək səviyyədədir. Tutaq ki, 20-25-il bundan əvvəl bir tamaşaya 8-10 min pul ayrılırdısa, indi 35-60 min manat vəsait ayrılır. Bu, həm diqqət, qayğı, həm də istəklərimizlə bağlıdır ki, biz qeyri-adi tərtibat, rejissor və rəssam işi ilə tamaşa hazırlamaq istəyirik.

- Sizin bir neçə beynəlxalq layihələriniz var və xaricdən tamaşalar hazırlamağa rejissorlar dəvət etməyi planlaşdırırsınız. Bu, planınız «pis tamaşanın günahı aktyorda yox, rejissordadır» - deyiminizdənmi qaynaqlanır? Bundan əlavə, bizim bəzi rejissorlar tərəfindən bu layihələr birmənalı qarşılanmır. Məsələn, deyirlər ki, xaricdən dəvət olunan rejissorlar bizim mətbəximizə özümüz kimi bələd ola bilməz.

- Biz hələ heç bir şey etməmişik. Bu bizim niyyətimizdir. Düşünürük ki, belə etsək yaxşı olar. Artıq dünyada bu məhdudiyyətlər yoxdur. Ancaq mən bilmirəm,  mənim deməyim və ya mənim etdiyim niyə müxtəlif fikirlər yaradır? Misal üçün, son bir ildə Rus Dram Teatrına iki və ya üç rejissor dəvət olunub. Bu o demək deyil ki, teatrda rejissor yoxdur. Kənardan rejissorların dəvət olunmasında pis bir şey yoxdur. Məsələn, Piter Bruku dəvət edirlər, gedib İspaniyada  tamaşa hazırlayır. Ona görə yox ki, İspaniyada rejissor yoxdur. Və yaxud Pobert Sturuanı Moskvaya dəvət edirlər ki, tamaşa hazırlasın. Bəyəm, Rusiyada rejissor yoxdur? Bunu rejissorların yoxluğu və ya bacarıqsızlığı kimi qəbul etmək lazım deyil. Sadəcə, bir şeyi fikirləşmək lazımdır: necə ki, orqanizmdə qan dəyişməsi vacibdir, mütləq aktyor heyəti də başqa rejissor üslubu, başqa metodika görməlidir. Bu, yaradıcılıq üçün çox vacibdir. Yaradıcılıq axar su kimi olmalıdır. Dünyada müxtəlif istiqamətlər, teatr sənətinə baxışlar var. Bunlar nəzəri səviyyədə deyil,  praktik teatr həyatı ilə bağlıdır. Praktik teatr həyatını bu və ya başqa şəkildə təmsil etmək üçün bu addımlar vacibdir. Biz bundan nə çəkinməli, nə də buna bir qədər qərib baxmalıyıq. Mən də bəzi rejissorlarımızın xarici ölkələrdə tamaşa hazırlaması barədə danışıqlar apararaq razılıq almışam. Bizim rejissorlarımızın həmin ölkələrdə tamaşa hazırlamaları o ölkələrin rejissorlarının xətrinə dəyməyəcək. Gərək bizimkilərin də xətrinə dəyməsin. Məsələ onda deyil ki, «siz dayanın, siz heç nə bacarmırsınız». Sadəcə, «mətbəxə bələd olmaq» ifadəsinin özündə bir yanlışlıq var. Sabah bizim hər hansı bir aktyoru başqa ölkəyə filmə çəkilməyə dəvət etsələr, burada “mətbəxin” nə rolu var? Biz milli futbol komandamıza alman məşqçisi dəvət etmişik. Və yaxud ispanlar bir italyanı futbola məşqçilik etmək üçün ölkələrinə dəvət ediblər. Burda nə var? Bu, heç kimi qıcıqlandırmır. Türkiyənin idmanı, kinematoqrafiyası, teatrı belə inkişaf etdi. Biz dildə müstəqillik deyirik, amma bəzən təfəkkürdə sosializm işartıları hələ qalır. Bu, gərək olmasın. Biz dünya ölkələri ilə əlaqəli işləməliyik. Bəşər düşüncəsində müəyyən laylar var ki, bu, ümumi mədəni kontekstdə birləşə bilir. Teatr sənəti bu mənada ümumiyyətlə, demokratikdir. Bu cür sadəlövh danışıqlar bizim böyük işlərə əngəl ola bilər.

 

Teatrın məqsədləri var

 

- Keçən il gündəmdən düşməyən  “aktyorların müqavilə ilə işləməsi”, “attestasiyadan keçməyən aktyorların teatrdan uzaqlaşdırılacağı” və s.  məsələlərin üzərindən deyəsən artıq xətt çəkildi? 

- Bilirsinizmi, bu məsələlər bir az şişirdilib. Aktyorların heç birinin teatrdan uzaqlaşdırılması, onlardan imtahan götürülməsi və s. məsələlər yox idi. Teatrda yenidən təşkilatlanma prosesi getdi. Bunun da əsas səbəbi prezidentin sərəncamı ilə təsdiq olunan “2009-2019-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Yəni teatr kollektivinin yenidən təşkili, formalaşması və teatr işinin Azərbaycanda inkişafına imkan verəcək tədbirlərin həyata keçirilməsi, rejissorlarla qonorar münasibətlərinin yaradılması, o cümlədən müqavilə münasibətlərinin keçirilməsi,  repertuar siyasətinin yeni strateji məqsədlərə uyğun qurulması, müəlliflərlə iş, səhnə ədəbiyyatının yaradılması, başqa ölkələrlə qarşılıqlı qastrol səfərləri və s. məsələlər Dövlət Proqramında nəzərdə tutulur. Onu da deyim ki, Azərbaycan bu məsələdə orijinal yol tutmayıb. Bütün Avropa teatrlarında analoji proseslər gedir. Bu, kimisə incitmək üçün deyil, bu işlərin konkret faydası var. Biz hələ təzə başlamışıq. Bundan əlavə, hər kəs bu kollektivdə çalışmağının məsuliyyətini hiss etməlidir. Hər kəs bilməlidir ki, o, bu sənətə bağlıdır, çalışdığı teatrın məqsədləri var.

- Tələbələrinizi teatrın gözəlliyinə, ülviliyinə inandıra bilirsiniz?

- Həm tələbələrimin, həm də dissertantlarımın hamısına bunu inandırmaq mümkün deyil. Bu, ailədən alınan tərbiyə ilə, mühitlə bağlıdır. Mənim sevmədiyim tələbəm olmayıb. Həmişə onların qayğısına qalmışam. Mən səkkiz kitab müəllifiyəm. Heç vaxt kitablarımı tələbələrimə satmamışam, həmişə onlara bağışlamışam. Böyük şeylərə gücüm çatmasa da, kiçik qayğılarımı göstərmişəm. Teatr barədə də onlara dərs deməmişəm, istəmişəm tələbələrim düşünməyi bacarsınlar, analitik təfəkkürləri işə düşsün. İncəsənət Universitetində müəllimlikdən prorektor səviyyəsinə yüksəlmişəm. Neçə-neçə nəsil gözümün qabağında yetişib. Bu teatrda çalışan xalq artistlərinin çoxu mən dərs deyəndə tələbə olublar. Bilirsinizmi, sevdirmək yağış kimidir – damlaların düşdüyü hansısa yerdə gül, hansısa yerdə ot bitir. Ancaq mən bildiyimi sevgi ilə, səmimi etmişəm. Mən onları pis vərdişə, yalana, riyakarlığa öyrətməmişəm. Valideynlərindən almalı olduqlarını onlara verməyə çalışmışam.

- Akademik Milli Dram Teatrı bu mövsüm ərzində tamaşaçıları hansı tamaşalara baxmağa dəvət edəcək?

- Hazırda teatrda paralel olaraq 4 tamaşa hazırlanır. İlyas Əfəndiyevin «Boy çiçəyi», Türk yazıçısı Sadıq Şendilin «Qanlı Nigar», Avksentiy Saqarelinin  «Yengələr» əsəri və Hüqonun «Qadın məhəbbəti» əsərləri səhnələşdirilir. Bunlar maraqlı tamaşalar olacaq.

- Tamaşaçı üçün nə qədər maraqlı tamaşalar nəzərdə tutulsa, o qədər teatrı sevənlər də çox olar.

- O da olacaq...

 

 

Təranə MƏHƏRRƏMOVA 

 

Kaspi.- 2011.- 23 sentyabr.- S.9.