Müsəlman həmrəyliyindən danışmağa İranın haqqı yoxdur 

 

Sabir Rüstəmxanlı: “Ermənistanla dost münasibətlərin qurulması İranın ikibaşlı riyakar xarici siyasətinin nəticəsidir”

 

İnsan haqlarının pozulduğu ölkələr sırasında liderlik edən İranda son vaxtlar vəziyyət yenidən gərginləşib. Molla rejimi Urmiya gölünün quruması ilə bağlı etiraz səsini qaldıran insanları qanına qəltan edərək, aksiya iştirakçılarını həbsxanaya saldı. Bu ölkədə baş verən hadisələri, ümumiyyətlə molla rejiminin yürütdüyü siyasəti şərh edən Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri,  millət vəkili Sabir Rüstəmxanlı yaşananları bu ölkənin xislətindən doğduğunu dilə gətirib.

 

- Sabir bəy, İranda azərbaycanlıların mövcud durumunu necə qiymətləndirirsiniz?

- Bu barədə mən dəfələrlə danışmışam, fikirlərimi çatdırmışam. İranda insan haqlarının, xüsusən də azərbaycanlıların hüquqlarının pozulması, hüquqsuz vəziyyətdə yaşaması hamıya yaxşı məlumdur. 35 milyonluq bir xalq öz tarixi ərazisində yaşayır. Lakin ondan sayca az fars ideologiyasına hədəfdir. İrandakı dini rejim azərbaycanlıların dilini, mədəniyyətini əlindən alıb, uşaqlarına ana dilində ad qoymağı yasaqlayır, tarixini saxtalaşdırır, torpaqlarının sərvətlərini əlindən alır. İranda bu gün, dini pərdə altında bir antidemokratik rejim tüğyan edir. Azərbaycanın sərvətləri hesabına digər bölgələr abadlaşdırılır, Azərbaycan isə səfalət içində yaşayır. Azərbaycanda işsizlik yüksək səviyyədədir, insanlar məcburən dalınca İranın digər bölgələrinə səpələnir və öz kəndləri boşalır. Azərbaycanlılara qarşı həqarət edirlər. Əhalisinin 52 faizi azərbaycanlı olan İranda azərbaycanlıların karikaturaları çəkilir. Məktəbi yox, tək-tək kimsə öz hesabına kitab buraxa bilir, mətbuat orqanları, televiziyası yoxdur. Azərbaycan dilində olan verilişlər isə daha çox bizə qarşı yönəlib. Bu ölkənin mətbuatı daha çox bizə hədəflənib. Ölkənin dövlət proqramlarında Azərbaycanın rəsmilərindən tutmuş sıravi vətəndaşlara qədər təhqir olunur. İrana qarşı ağzından söz çıxartmış hər kəs güzəştə getmədən tənqid olunur, onlar haqqında verilişlər gedir, məqalələr yazılır. İranla bağlı son tənqidi yazımdan sonra bu ölkənin «Səhər» kanalı, digər mətbu orqanları, saytları mənim haqqımda yalanlar yazmağa başladılar. Guya mən demişəm ki, Arazın suyunu Urmiyaya vermək olmaz. Əksinə mən demişəm ki, Azərbaycan İranla bu məsələdə müzakirələr aparmaq üçün təşəbbüs qaldırmalıdır. Yəni Azərbaycan Urmiya gölünün qurudulmasının qarşısını almaq üçün öz təkliflərini verə bilər. Bu məsələ vaxt itirilmədən ciddi şəkildə araşdırılmalıdır. İstənilən sözümüzü təhrif edirlər. Bu gün Urmiyada, Təbrizdə deyək ki, 5-10 nəfər bir yerə yığılan kimi o dəqiqə polislər onların arasına girir. Əllərinə kim keçirsə həbs edirlər. İnsanların bir yerə yığışmasına imkan vermirlər. Harada qırmızı paltarlı görürlərsə qabaqlarına qatıb həbs edirlər. Urmiya gölü ilə bağlı şənbə toplantılarına insanların yığışmasına imkan verilmir. Həmin gün küçələrdə sıravi insanlardan çox polis əməkdaşları olur. İranın bütün bölgələrindən - Tehrandan, İsfahandan, Şirazdan, Məşhəddən polisləri gətirib Urmiya və Təbrizə doldururlar. Bu boyda təbii fəlakətin qarşısının alınması üçün keçirilən aksiyalara yol vermirlər. Həbsxanalar hüquq-müdafiəçiləri, günahsız insanlarla doludur. Son illər Güney Azərbaycanda Xordat hərəkatından başlayaraq milli özünüdərk prosesi sürətlə inkişaf edir. «Haray, haray mən türkəm!» «Bakı, Təbriz, Ankara, Biz hara onlar hara!» çağırışları buna bir misaldır. Amma, dini rejim öz azadlıqlarını, hüquqlarını müdafiə edən millətə qarşı orta əsirlərin cəhalət zülmlərindən daha artıq divan tutur. Milli fəalların daş-qalaq edilməsi, asılması, min cür cismani təhqirlərə, təqiblərə məruz qalması göstərir ki, bu rejim hələ 21-ci əsrə gəlib çatmayıb.

 

İran rejimi ikibaşlı və riyakar xarici siyasət yürüdür

 

- İran rəhbərliyi Azərbaycanı Fələstin probleminə lazımi dəstək verməməkdə günahlandırır. Azərbaycanda isə erməni işğalı nəticəsində 1 milyondan çox insanın qaçqın vəziyyətinə salınması, torpaqlarının işğalına göz yumur. Bu işğalı həyata keçirən işğalçı Ermənistanla münasibətlər qurulur. Bu siyasət nədən qaynaqlanır?

- Bu, İranın ikibaşlı riyakar xarici siyasətinin nəticəsidir. Yəni bir yandan şiə qardaşlığından dəm vurur, amma 35 milyonluq şiə qardaşının hüququnu tanımır. Onun mədəniyyətinin, elminin, təhsilinin inkişafına mane olur, bütün tarixini özününküləşdirir. Bütün əvvəlki tarix İran, Persiya adı ilə təqdim olunur. Yəni bütün bunların hamısı farsın imiş. İranın tarixən türk sülalələri tərəfindən idarə olunduğunu danmağa çalışırlar. İkili yanaşma siyasəti aydındır. Halbuki, orada bir ovuc erməni varonlar bütün hüquqlara malikdirlər. Onların məktəbi, mətbu orqanı, televiziyaları var. Soruşanda da deyirlər ki, onlar dini azlıqdır. Biz dini azlıqların hüququnu tanıyırıq, amma milli azlıqları tanımırıq. Belə bir məntiq beynəlxalq hüquqda yoxdur. Həmin şiə qardaşlarının torpaqlarının yarısı işğal altındadır, o, şiə qardaşlarının üstündən xristian Ermənistana yardım karvanları göndərir, onlara şərait yaradılır, yardım edilir ki, işğal olunmuş Azərbaycan ərazilərindən nəyimiz varsa, soyub aparsınlar. Bir var dinc qonşuluq siyasəti - yəni hər iki tərəfə eyni yanaşılır, amma bu, əksinədir. Azərbaycan addımbaşı İran mətbuatında təhqir olunur. İranlı söz sahibləri Ermənistanı qardaş kimi qələmə verir, qan qohumları elan edir, hər cür yardım edirlər. O ki qaldı İranın müsəlman qardaşlığı çağırışlarına - islam dünyasını parçalayan, problemlər yaradan bir çox cərəyanlar məhz İrandan başlayıb. Elə bunun da kökündə fars şovinizmi dayanır. Mən dəfələrlə şahidi olmuşam ki, İran Suriya, İraq və Fələstin məsələsində həddən artıq canfəşanlıq göstərir. Lakin bu, həmin dövlətlər tərəfindən yaxşı qarşılanmır. Onlar İranı özlərinin daxili işlərinə qarışmaqda günahlandırırlar. Təsadüfi deyil ki, İslam Konfransı Təşkilatının üzv ölkələrinin parlament ittifaqının yığıncağında belə bir mübahisə olmuşdusonda da İran nümayəndə heyəti bu danışıqlarda küsmüşdü. Onların torpaqlarının üzərindən Azərbaycan ərazilərini işğal edən Ermənistana yollar çəkilir, neft, qaz verilir. İndi Təbrizdən Ermənistana neft kəməri çəkmək istəyirlər. Ermənistanın işğal etdiyi Qarabağ yalnız Azərbaycan Respublikasında yaşayanların deyil, Qarabağ bütün azərbaycanlıların torpağıdır, vətənidir. Azərbaycanlıların durumu belədir və bu durumla barışmaq heç bir müasir mədəni millətə yaraşmaz.

- İran prezidenti erməni həmkarına ötün gün göndərdiyi təbrik məktubunda iki ölkənin tarixi və mədəni tellər bağladığını, hətta az qala qardaş olduğuna işarə edib. İran prezidentinin bu canfəşanlığının arxasında nə durur?

- Farsla erməninin yaxınlığı, qohumluğu əslində hər ikisinin Hind-Avropa dil ailəsinə üzv olması ilə bağlıdır. Amma çox dəqiq tarixi araşdırma apardıqda, qədim tarixə getdikdə onların arasında qohumluğun olmadığı üzə çıxır. Ermənilər Kiçik Asiya, Frakiya, Aralıq dənizi hövzəsindən, Balkanlardan, gəlib buralarda məskunlaşıblar. Amma farslar Xəzər dənizinin şimal tərəfindən, Orta Asiyadan keçib buralara gəliblər. Onların yolları tamam ayrı istiqamətdədir. Harada Araz yaxınlığında bir-birinə dəyiblərsə, bunu qohum saymaq olmaz. Əgər sayırlarsa, qoy saysınlar, bunun bizə dəxli yoxdur. Tarixi yaxınlıq, dil yaxınlıq varsa, bu qan qohumluğu demək deyil. Amma qan qohumluğu olSa belə, bu gün dünya qan qohumluğu prinsipi ilə idarə olunmur. Bu gün dünya beynəlxalq hüquq prinsipləri ilə idarə olunur. 

 

DAK həmsədri: Baş verənləri parlamentin iclasında qaldıracağıq

 

 - Sabir bəy, bir millət vəkili olaraq İranda həyata keçirilən son həbslər, ümumiyyətlə, baş verən prosesləri parlamentin plenar iclasında qaldıracaqsınızmı?

- Bəli, bu məsələni Milli Məclisin payız sessiyasında qaldıracağıq. Çünki bizim soydaşlarımızın böyük bir hissəsi orada yaşayır və biz onların taleyinə biganə qala bilmərik. Dövlətin İranla bağlı rəsmi siyasətindən asılı olmayaraq biz qeyri-hökumət təşkilatları siyasi partiyalar, xalq öz sözünü həmişə deməlidir. Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi deyə bilərəm ki, təkcə Azərbaycanı yox, digər ölkələrdə də davamlı olaraq İranın apardığı siyasətə öz etirazımızı bildiririk. Mən BMT-də bununla bağlı iki görüş keçirmişəm. Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında görüşüm olub. Ayrı-ayrı adamlara verilən işgəncələr, bütövlükdə 35 milyon azərbaycanlının pozulan hüquqları ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara hesabatlar çatdırırıq. Bəla burasındadır ki, Azərbaycan hələ bölünmüş bir xalq kimi dünyada qəbul olunmur. Bunun statusu hələ bəlli deyil. Çalışırıq ki, bizim parçalanmış xalq olduğumuzu dünyaya çatdıraq.

 

 

Azər NURİYEV

 

Kaspi.- 2011.- 23 sentyabr.- S.6.