“Elə bil bu
zamanın adamı deyiləm”
Ramiz Məmmədov: «Aktyor səhnədə
parıldadısa, ondan sonra getməlidir. O parıltıyla
yadda qalmalıdır. Aktyorun xoşbəxtliyi budur»
Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının aktyoru, Əməkdar
artist Ramiz Məmmədov 60 yaşını qeyd edir. Teatr sənəti
sahəsində uzunmüddətli və səmərəli fəaliyyətini
nəzərə alaraq, mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev də tanınmış aktyoru təbrik edərək
mükafatlandırıb.
1975-ci ildə dəvət aldığı Musiqili Komediya Teatrı o vaxtdan aktyor üçün doğma ocağa çevrilib. Bu teatrın səhnəsində “Qaynana” tamaşasında Əli, “Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq evlənərik»”də Ağacan, “O olmasın, bu olsun”da Məşədi İbad, Rza bəy, Hambal, “Bəbirlinin kələkləri” tamaşasında Bəbirli və başqa obrazları oynayıb. Aktyor həmçinin “Səhər görüşləri”, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” televiziya verilişlərində oynadığı rollarla tamaşaçıların yaddaşında və qəlbində özünə yer tutub.
Ramiz Məmmədov “Kaspi”yə müsahibəsində sənətdə xoşbəxt anlarının çox olduğunu deyib.
Tanınmaq şansdır
- Keçən illərinizdə səhnə
ilə bağlı xoş günləriniz çoxmu olub?
- Mən
o günlərə nə xoş, nə də qəmli deyərdim.
O günlər mənim cavanlığım idi. Cavanlıqda
insan enerjili olur, gələcəyi o qədər də
düşünmür. İnsan cavanlıqda görəcəyi
bir işin necə nəticə verəcəyini fikirləşmir.
Çünki gənclik çılğınlıqdır,
emosiyadır, şaqraq şəlalədir.
- Amma yaradıcılıq
bütün hallarda yaradıcılıqdır. İstər
cavanlıqda olsun, istərsə də qocalıqda. Yoxsa
bunun bir fərqi var?
- Bu fərq
məhz rollara sirayət edir. Əsl sənət 40
yaşından sonra başlayır. Çünki bu yaşdan
sonra insan formalaşır, müdrikliyə doğru gedir,
dünyagörüşü artır. Ancaq gənc olanda
istedadı hesabına nəsə edə bilir. Ancaq 10 və ya 20
ildən sonra özünə baxanda «Mən niyə bunu belə
elədim?» deyə düşünür. Bu fikir təfəkkürün
formalaşmasından yaranır. Artıq 40 yaşında yaradıcı insanla 25 yaşlı
insanın təfəkkürü,
dünyagörüşü bir olmur. Mən gəncliyimdə
çox rollar oynamışam. İndi həmin rollara baxanda «Gərək
belə oynayardım» - deyə düşünürəm. Əgər
insan yaşa dolduqca həyatı başqa cür görürsə,
onun yaratdığı obraz da ayrı cür olacaq. Bir az
dərindən fikirləşəndə görürük ki,
müdriklik cavanlığa qalib gəlir. Mən cavanlıqda
istədiyim rolları oynamamışam. Yəni, mənə həvalə
olunan rolları oynamışam. Rolların necə
alınmasını əlbəttə, tamaşaçı deyə
bilər. Ancaq görürəm ki, tamaşaçı mənim
oynadığım rolları yaddan çıxarmayıb.
Çünki hara gedirəmsə məni tanıyırlar,
rollarımın adını çəkirlər.
Yadımdadır, «Səhər görüşləri»ndən
sonra səhnəciklərdə işlənən hər
söz camaat üçün az qala zərb-məsələ
çevrilmişdi. Küçədən keçəndə
insanlar mənim dalımca gəlirdi. Səhnəciklərdən
yadlarında qalan sözlərlə mənə müraciət
edirdilər. Biz cavan
idik, bilmirdik ki, camaat nəyi sevir, nəyi yox. Zaman keçdikcə
bu sirri tapırdıq. Bunlar hamısı səhnədən gəlir.
Səhnə laboratoriyadır. O zaman bir televiziya kanalı var
idi və hamı da eyni verilişlərə baxırdı. Mən
teatrda işləyərkən artıq yumoristik novellalardan, səhər
görüşlərindən ayrıldım.
- Niyə uzaqlaşdınız? Bunu
işiniz tələb edirdi?
- Özüm uzaqlaşdım.
Görürdüm ki, bu, sənət deyil.
- Amma sizi tanıdırdı...
-
Tanınmaq iki cürdür. Bir var, sanballı, əsl sənətkar
kimi – Ələsgər Ələkbərov, Nəsibə
Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu
kimi tanınmaq. Bir də var, «Səhər görüşləri»nin
xırda səhnəcikləri, “Yumoristik novellalar”la
tanınmaq. Bu, böyük fərqdir. Vaxt keçdikcə
gördüm ki, bu cür şeylər mənə pis təsir
edir. Bir var, səhnədə bir obraz yaşayasan, məsələn,
desinlər ki, Üzeyir Hacıbəyovun «Məşədi
İbad»ında Məşədi İbadı, Hambalı və
ya Rza bəyi oynadı. Ya desinlər
ki, Şekspirin «Afinalı Timon»unda Apemant obrazını
oynadı. Bu rollar hara, o səhnəciklər hara? Görürsünüzmü, «Səhər
görüşləri» verilişi dayandı. «Yumoristik
novellalar» da daha efirə çıxmadı. Bunlar
dövrün tələbi idi. Amma teatr bağlanmadı. Nə
qədər bu xalq var, teatr da o qədər yaşayacaq. Aktyor
sənəti, teatr sənəti daim olacaq. O verilişlər isə
gələcək, gedəcək, kimlərəsə müvəqqəti
populyarlıq gətirəcək. O verilişlərin adı
unudulandan sonra həmin aktyorların da adları unudulacaq. Bir
var sənət üçün yaşamaq, bir də var
populyarlıq üçün. Bunlar fərqli şeylərdir. Ya gərək ciddi işlə məşğul
olasan, ya da yüngül, unudulan şeylərin dalıyca
qaçasan. Ancaq bunlar sənət tarixi üçün
lazımsız şeylərdir. Ola bilər ki, bu, gənclik
dövrü üçün bir sınaq olsun. İndi cavanlar
efirə çıxmaqla özlərini
tanıtdırırlar. Ancaq onlar yaddan çıxarırlar
ki, özlərini tanıda-tanıda həm də özlərinə
damğa vururlar. Tanınmaq şansdır. Bu şansı
qazandınsa, sənətə üz tutmalısan. Teatrda, kinoda
yaradıcılıq repertuarını qurasan, s Sənətkarlar
görəsən. İndi az da olsa sənətkarlar qalıb.
Onlardan nəsə öyrənmək olar. Biz də öyrənə-öyrənə
gəlmişik. Onlardan öyrəndiklərini öz süzgəcindən
keçirməli və öz cığırını
salmalısan. Mən də belə etmişəm. Sənətdə
öz yolum, öz cığırım var. Bunu isə elə-belə
qazanmamışam, 60 il ərzində sənətimin
gücü ilə əldə etmişəm.
İstədiyim rollar
- Bayaq dediniz ki, istədiyiniz
rolları oynaya bilməmisiniz. Sizə istədiyiniz rolları
vermirdilər? Ya bəlkə rejissorlar haqlı idi, onlar sizi həmin
rollarda görmürdülər?
- Bu, həm
belədir, həm də yox. Aktyorlar istədiyi rolu vaxtında
oynamaq istəyir. Gecikəndə ona qayıtmaq olmur. Mənim
aləmimdə teatrın adı, janrı aktyor
üçün heç bir mahiyyət kəsb eləmir.
Aktyor hər yerdə aktyordur. Əgər o, aktyordursa, komediya
da, dramatik rol da, faciə də oynamalıdır. Aktyorda amplua
söhbəti ola bilməz. Aktyor komediyanı da, faciəni də
yaşamalıdır. Mən komediya da oynamışam, dramatik
rollar da. Mən o zaman «Ölülər»də kefli İsgəndəri
oynamaq istəmişəm. İndi artıq bu rolu oynamaq mənim
üçün gecdir. Ona görə də gərək
aktyora istədiyi rolları vaxtında versinlər.
- Sizcə aktyora istədiyi rollar
vaxtında verilməyəndə bu onu aqressivləşdirir?
- Onu
aqressivləşdirmir, amma bədbinləşdirir. Bir qədər
disbalans yaranır. Yəni necə olur ki, mən sizə
hörmət edirəm, amma istədiyiniz bir əşyanı
sizə vermirəm. Sənət aləmində belə şeylər
çoxdur. Ancaq Azərpaşa Nemətov «Afinalı Timon»da mənə
əsas rollardan olan Apemantı verdi. Cənnət Səlimova da
«Məşədi İbad»da mənə Məşədi
İbad rolunu həvalə etdi. Mənim yaxşı
rollarım çox olub. Süleyman Ələsgərovun, Vasif
Adıgözəlovun tamaşalarında oynamışam. Ancaq
mən cavanlıqdan tragikomediya janrının vurğunu olmuşam.
Bu janrda istədiyim rolları oynaya bilməmişəm. Sovet
dövründə bu janra qadağa olduğundan bu janrda nə
filmlər çəkildi, nə də tamaşalar qoyuldu. Mənsə
həmişə bu janrda oynamaq istəmişəm.
- «İndi az da olsa, yaxşı
aktyorlar var» - bu sözləri az öncə dediniz. Nə üçün belə
vəziyyət yaranıb? Zaman yaxşı aktyorlar
yetişdirmir?
- Bəli,
aktyoru zaman yetişdirir. Dövran bizim psixologiyamızda
çox şeyləri həll edir. Çox zaman dövrana,
zamana istinad edirik. “İndi əvvəlki dövran deyil” deyirik.
İnsan yaşa dolduqca hiss edir ki, doğurdan da belədir.
Görürsən ki, dövran, zaman çox məsələləri
həll edir. O zaman elə bir sözə gülürdülər
ki, indi o kəlməni yüz dəfə desən də
gülən olmaz. Əgər o zaman bir mimikaya
gülürdülərsə, bu gün gülmürlər. Bu
gün gərək səhnədə yıxılasan və ya əndrəbadi
bir ifadə işlədəsən ki, gülsünlər. Ona
görə zaman başqadır. Dövran öz işini
gördü. Çoxlu telekanallar yarandı. O dövrdə
yaşayan sənətkarlar bu dövrdə yaşasaydılar,
o zaman qazandıqları uğuru indi qazana bilməyəcəkdilər.
Ona görə də «Hər aşiqin bir dövranı var»
deyirlər. Zaman öz sənətkarını yetişdirir.
Ancaq bütün dövrlərdə bir keçid yolu var – sənət
yolu.
Xoşbəxtlik ani anlardır
- Sizin üçün əvəzolunmaz
aktyorlar varmı?
- Hər
bir insan tək yaranır. İnsanların xarakterləri bir
deyilsə, demək heç bir insanı başqası əvəz
edə bilməz. Sənətdə də belədir. Hər kəs
öz sözünü deyib gedir. Hər kəs gəlir,
öz missiyasını yerinə yetirir və gedir. Ona görə
də heç kəs, heç kəsə bənzəməz,
heç kim də başqasını əvəz edə bilməz.
Elə aktrisa var ki, sənətdə öz yolu var. Ancaq bəlkə
o sabah öz dövrünə görə, məsələn,
Nəsibə Zeynalovadan da dəyərli obrazlar yaradacaq. Ancaq Nəsibə
Zeynalovanı sənəti baxımından heç bir aktrisa əvəz
edə bilməz.
- Teatr aktyorunun səhnədə
qocalmasına necə baxırsınız?
-
Münasibətim birmənalı deyil. Aktyor səhnədə
parıldadısa, ondan sonra getməlidir. O parıltıyla
yadda qalmalıdır. Aktyorun xoşbəxtliyi budur. Hər bir
insanın parıldayan bir günü var. Sonra o parıltı
sönür. O, diri ikən yavaş-yavaş yaddan
çıxmağa başlayır, insanlar onu unudur.
- Bir var tamaşaçının
aktyora verdiyi qiymət, bir də var aktyorun özünə
verdiyi qiymət. Siz «Mən necə aktyoram?» sualına necə
cavab verirsiniz?
- Bu
sualın cavabını ən yaxşı halda
tamaşaçı deyə bilər. Mən bu barədə
fikirləşəndə ilk növbədə necə oldu ki,
«Mən gəlib teatr aləminə düşmüşəm?»
- deyə fikirləşirəm. Elə bil ki, mən bu
zamanın adamı deyiləm, ona görə özümü
qınayıram. Yalan danışa bilmirəm. Özümü
gözə soxmağı bacarmıram. Düşüncələrim
mənə aman vermir. Hərdən özümə «Belə
olmaz» deyirəm. Bu xüsusiyyətlər həmişə məni
nəyəsə cəhd etməyə qoymayıb.
- Ömrünüzün 40 ilini həsr
etdiyiniz sənət aləmində sizi tanıyırlar, sevirlər.
Ola bilər ki, hazırkı nəsil sizi o qədər də
tanımasın, ancaq müəyyən bir nəsil var ki, siz
onların yaddaşındasınız. Sənət yolunuza
baxanda taleyinizdən razısınızmı?
- Mən bu suala mənfi cavab verməyəcəyəm. Xoşbəxtlik ani anlardır. Sənətdə xoşbəxt anlarım çox olub. Hər premyeram yaddaqalan olub. Mən həmin vaxtlarda xoşbəxt anlar yaşamışam. Səhnədə məni alqışlarla qarşılayırlarsa, bu mənim xoşbəxt anlarımdır. Tamaşaçılar məni tanıyır, sənətimi az da olsa sevirlərsə, bu, aktyor üçün xoşbəxtlikdir. Biz mənəviyyat qullarıyıq.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 27 sentyabr.- S.11.