Kişinin papağını kişi tikər
Gənc
papaqçı qocaman sənətkarın
fikirlərini təkzib edir
Çoxdandır “Sadə peşə
adamları” silsiləsinə həsr etdiyimiz
yazılara ara vermişik.
Səbəb kimi yay ərəfəsini
və hər kəsin istirahət etdiyini
göstərmək olar. Amma,
dünən eşitdik ki,
Azərbaycanda 2011-ci il – Turizm
ili çərçivəsində Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
“Dənizkənarı milli parkda
əl sənətkarlığı nümunələri sərgisi”
təşkil olunub. Biz
də silsiləmizə başlamağın vaxtıdır deyib, şələ-küləmizi
yığaraq yollanırıq milli parka…
Əl işləri ilə tanış olarkən cavan bir papaqçı diqqətimizi çəkir. Onun elə yerindəcə papaq tikməsinə baxaraq, fikrim gedir keçən ilin dekabr ayına. Həmin vaxt bu silsiləmizdə papaqçıdan da bir yazı yazmışdıq. O vaxt 78 yaşlı papaqçı, Kamil dayı sənət barədə danışarkən belə demişdi: “İndiki cavanlar bu sənətə getmirlər”… Elə bu fikirlərlə də yaxınlaşırıq cavan papaqçıya. Ki, görək, Kamil dayının dediklərini cavan nəsil təsdiqləyirmi? Söhbətin nədən ibarət olduğunu anlayan kimi gənc sənətkar, heç də deyildiyi kimi olmadığını bildirir...
Əvvəlcə,
gənc papaqçını tanıyaq. Uruxov
Zaur Abdulla oğlu 1983-cü ildə Balakən rayonunda anadan olub. Sənəti dayısından öyrənib.
28 yaşı var, özü
isə Xalqlar metro
stansiyasının yaxınlığında işləyir. Sənətə
dayısının yanında papaq satmaqla başlayıb. Bu
müddətdə dayısının vasitəsilə peşəyə
yiyələnib və 10-11 ildir ki, papaqçılıqla məşğuldur.
Sənətkar öncə tikdiyi
milli papaqların növləri və ölçüləri
barədə danışır: “Adi papaqlarla yanaşı,
qulaqlı və aşıq papaqları da tikilir. Aşıq
var ki, düz
papağı xoşlayır, yəni hər tərəfi düz olan, məsələn
Şirvan zonasının
aşıqları düz papaq
geyinirlər. Gədəbəy, Qazax, Gürcüstan aşıqları
papağın üstünü bir balaca enli
xoşlayırlar. Həmin papaqların yuxarısı
aşağısından 3-4 sm fərqli olur. Qarabağ
aşıqları isə düz də
geyinirlər, enli də... Molla
papağı kimi tanınan papaqların əsl
adı moskviçdir. Onların kantlı
forması da olur.
Qulaqlı papaqlara isə rus
papaqları deyilir. Milli
papaqlar da ki, standart olaraq
9.5, 10 sm hündürlükdə olur. Hərdən elə adamlar
olur ki, böyük ölçülü
papaq geyinir. Bu zaman 11, 1.5 sm papaqlar tikilir”.
Cavan ustanın sərgiyə
çıxardığı papaqlar 20 manatdan 100 manata qədərdir.
15-20 manata isə parçadan
olan milli papaqlar əldə etmək mümkündür.
Dəri papaqlar 50-60, hətta 80 manatdan başlayır. Əntiq, gümüşü dəridən olan papaqlar isə 100-600 manat arası dəyişir.
«Zaur
bəy, qocaman Kamil kişinin fikirlərinə nə deyə
bilərsiz?»
«Kim
deyir ki, gənc nəsil bu sənətə getmir! Elə,
mənim ətrafımda yetəri qədər gənc
papaqçılar var. İçərisində
mənim tələbələrim də var,
onlar da bu dəqiqə papaq tikirlər,
hətta məndən də gəncdirlər – 22-23
yaşları var».
Dərini necə əldə
olunmağına gəldikdə isə cavan sənətkar deyir
ki, Ümumiyyətlə, bu cür dərilər Azərbaycana
adətən Özbəkistandan müqavilə ilə gətirilir.
“Sovet vaxtı gizlin
yollarla gətirilirdi, məsələn bədənlərinə
dolayırdılar. Ancaq, bu
gün dayım özü
gedib Özbəkistandan hazır halda – aşılanmış dərini gətirir.
İndinin özündə də Özbəkistanda
sənədin olmadan heç
dəriyə əlini də vura bilməzsən.
Orada dərini əlinə alıb baxan kimi deyirlər nə
edirsən, olmaz”.
Papağın necə
satılmasını və alıcı kateqoriyasını
maraqlanırıq. Onun sözlərinə
görə papaq alıcıları
sırasında əvvəllər ağsaqqallar
üstünlük təşkil edirdi. Lakin, getdikcə, dəridən olan yox, süni parçadan olan milli papaqlara cavanlar da meyl
edir. “Məsələn toylarda geyinənləri də olur, özləri üçün suvenir saxlayanları da. Hətta, tanış cavanlar da var
ki, bu papağı
gündəlik geyim kimi istifadə edir. Əvvəlki illərə baxanda(papaqçı indikindən
5-10 il əvvəli nəzərdə tutur) cavanların milli papağa olan meyli xeyli artıb”.
Bir günün içində
bir papağı tikməyin mümkünlüyünü
deyən papaqçı
papağın hazırlanma
texnologiyasından da danışır: “Dərilər
hazır gəlir. Biz əvvəl hazır yığırıq, sonra
içliyini hazırlayaraq
ölçüb-biçib dərini çəkirik onun üzərinə. Daha sonra, onu
qoyuruq qəlibə. Bir müddət qəlibdə qalır. Astarı papağın içərisinə tikdikdən
sonra yenə qəlibə qoyuruq ki, papaq formasını
saxlasın. Papaq 12-16 saat da qəlibdə
qaldıqdan sonra hazır olur. Deyək ki, bir gün tikmək,
bir gün də qəlibdə qalmaqla, bir papaq
iki günə tam hazır olur.
O satışın,
yoxsa sifarişin daha çox olmağını belə
izah edir: “Sifariş daha çox olur. Hərə gəlib öz rənginə düşən, xoşuna
gələn dərini
bəyənir. Bəzi
adamlar dərinin rəngindən əlavə,
onun güllərinə
fikir verir. Elə adam var
gülü iri olan, eləsi də var xırda
güllü dəri xoşlayır. Bunlara əsasən də sifarişlər olur. Gündəlik bir papaq mən tikirəm, bu da aya 30 papaq
eləyir. Bundan əlavə bizim üç nəfər də gənc işçimiz var, onlar da hərəsi
günə bir papaq tikir. Bunlar
mövsüm vaxtı
– oktyabrdan, hardasa yanvarın sonlarına kimi baş verir.
Bundan sonra sifarişlər nisbətən
azalır”.
Gənc sənətkar üçün
bu sənətin özəlliyi odur ki, papaq müqəddəsdir:
“Bilirsiniz, papaq təkcə Azərbaycanda
deyil, bütün Türk dünyasında müqəddəsdir, namus
– qeyrətdir. Yəni,
kişinin tüfəngi
olar, atı olar, bir də
papağı –bunlar kişi üçün həmişə müqəddəs
olub. Misal üçün, bizim sexin qabağından keçənlər hərdən
deyir ki, qardaş, şalvar balağı qatlayırsan?
Mən fəxrlə deyirəm ki, yox, bura papaqçıdır.
Bu papağı qoyan adam da, tikən
adam da, özünü başqa cür hiss eləyir – fəxarət hissi kimi. Belə bir söz də
var – Kişinin papağını kişi
tikər”.
Papaqçılıqda
əsas çətin
iş müştərini
razı salmaqdır. Hər halda, sənətkarın fikri belədir. “Bu işə yeni başlayanda çətin görünürdü
mənə. Hətta,
papağı səhv tikəndə dayım papağın səhv yerini sökdürmürdü,
bütövlükdə söküb
yenidən tikdirirdi mənə. Ona görə də, məcbur olaraq bütün fikrimi cəmləyirdim papağa
və onun bütün sirlərini öyrənirdim. Bu sahədə
çətin olan bir şey var,
o da müştərini
razı salmaqdır.
«Hər sahənin öz sirləri var, bəs papaqçılıqda
xüsusi sirr nədir belə?», deyə sual veririk.
«Mənə görə bunun bir xüsusi sirri var ki,
ona mütləq əməl olunmalıdır.
Bu sirr dərinin güllərindədir. Bir
çox dəridə
güllər bir istiqamətə – quyruqdan başa doğru gedir. Bilməyən adam papağa əl vuran kimi,
onun güllərini əliylə əzib qarışdırır. Belə
olduqda papağın güllərinin gözəlliyi
dağılır. Papaq
isə bir tərəfə tumar sevir. O, elə tikilməlidir ki, dərinin tükləri soldan sağa doğru getsin. Güllərin istiqaməti
əgər sağdan
sola tikilsə, papaq gözəl görünməz.
Papaq bu cür, yəni dəri quyruqdan başa doğru tikilməzsə onun parlaqlığı da itər. Papaqçılıqda
xırda nüanslar çox olsa da, bu əsas
sirlərindən biridir».
Ustadan sənətə hansı məqsədlə baxdığını
da soruşuruq. Hər halda qoca fikirlərindən maraqlı olar: “Bu gün vəziyyət elədir ki, sənətə qazanc məqsədi ilə baxmasan yaşamaq mümkün deyil. Amma, qazancına da gərək hörmətlə yanaşasan,
sevə-sevə işləyəsən.
Papağı ürəklə
tikməsən sifarişçi
o papağı geyinməz.
Çox adam papağın qiymətinin
baha olduğunu qeyri-adi qarşılayır.
Məsələn, papağı
100 manata satırıq.
Dərini 70 manata alırıq Özbəkistandan,
onun gömrük və əziyyət haqqını da üzərinə gəlsək
burada elə də güclü gəlir qalmır”.
Sənətlə
bağlı maraqlı
olay danışarkən
sifarişçi ilə
bir dəfə dalaşdığını da
deyir, gənc sənətkar: “Söhbət
belə olub ki, mənə dedi, bu neçəyədir
ə... dedim, ə deyil,
ü–dür, papaq da 100 manatdır. Bundan sonra aləm
qarışdı bir-birinə
(gülür). Yəni,
o məni acılayıb,
mən də dözməmişəm.
Bir dəfə də müştəri dəri papaq sifariş elədi, dərini də imzaladı. Dedi ki, pulunu
az-az verərəm. Bir neçə vaxtdan sonra pulun
axırıncı payını
ödəyərkən dedi
ki, bu mənim
sifariş elədiyim dəri deyil. Biz bilirik ki, belə
şey mümkün deyil. Uzun mübahisədən
sonra papağı sökdüm və imzanı qoydum qarşısına. Dayım
dedi bu sənin
imzandı? Baxıb dedi: papağımı tik qaytar, gedirəm.
Çox sağ ol deyib, səsini
çıxarmadan da getdi”.
Özü gənc, sənəti qoca olan Zaur
bəy sonda bizə əntiq dəri və onların keyfiyyəti barədə maraqlı informasiya da verir: “Qara və
palıdı dərilər
Özbəkistanın bütün
şəhərlərində olur. Gümüşü-əntiq
dərilər isə Özbəkistanın yalnız
Karakalpaq şəhərində
olur. Dərinin keyfiyyətini bilmək üçün əlini dəriyə vurursan, əgər yumşaqdırsa,
qat kəsmirsə, deməli keyfiyyətli aşılanıb”.
Beləliklə, bu yazıdan sonra belə bir nəticəyə gəlirik ki, cavanlar da bu
sənətə yiyələnir.
Və əminliklə
deyirik ki, qədimlərdən bəri
süzülüb gələn
papaqçılıq sənəti
hələ uzun müddət də yaşayacaq...
Elgün Mənsimov
Kaspi.- 2011.- 28 sentyabr.- S.9.