Əyləncəli
verilişlərə niyə maraq böyükdür?
Faiq Hüseynov: ”Biz trendi 20-30 faiz dəyişə
bilsək, cəmiyyətdə də vəziyyət dəyişəcək”
Hazırda dünyanın əksər
ölkələrində cəmiyyətə intellektual
insanları bir araya gətirən və reytinqinə görə
diqqət çəkən xeyli sayda beynəlxalq nüfuzlu
intellektual oyunlar təqdim olunur. Azərbaycanda da intellekt səviyyəsinə
güvənənlər öz bacarıqlarını Gənclər
və İdman Nazirliyinin dəstəyi ilə Gənclərin
İntellektual İnkişaf Mərkəzinin təşəbbüs
qrupu tərəfindən hazırlanan “Xəmsə” intellektual
oyunda nümayiş etdirə bilərlər. “Kamal, məntiq,
dünyagörüşü”nə əsaslanan “Xəmsə”
hazırda İTV kanalında yayımlanan əsas verilişlərdəndir.
Beşlik mənasını verən “Xəmsə”nin bu il
düz beş yaşı tamam olur. Layihənin
yaradıcısı və prodyuseri Faiq Hüseynov bu gün
qazanılanlardan danışır.
- Uşaq və gənclər hərəkatının
inkişafına dəstək olmaq, intellektual hərəkatın
inkişafı və dəstəklənməsi
üçün 2007-ci ildən fəaliyyətinə start
verilən “Xəmsə” ötən 5 ildə məqsədinə
nə qədər nail olub?
- Layihəyə
yeni başlayanda nə isə qazana biləcəyimizə
ümid edənlər, inananlar az idi. Belə fikir
yaranmışdı ki, regionlarımızda bilikli uşaqlar
yoxdur. Yüksək savadı ilə seçilənlərin
hamısı isə Bakıdadır. Amma biz belə
düşünmürdük. Elə bu inamla aparılan işlərin
nəticəsidir ki, hazırda əksər rayonlarımızda
bizim dərnəklərimiz var. Ucarda, Sumqayıtda, Gəncədə,
Lənkəranda, Şəkidə, Balakəndə, Oğuzda fəaliyyət
göstərən dərnəklərimizə dəstək
oluruq. Artıq onların özləri müstəqil olaraq tədbir
keçirir, yarış təşkil edirlər. Bizim fəaliyyətimiz
yalnız dəstək olmaq oldu. Onlar da bildilər ki, belə
insanları görən, dəstəkləyən, üzə
çıxaranlar var. Ümumiyyətlə, məqsədimiz o
idi ki, yerlərdə özləri öz üzərilərində
işləsinlər. Buna da nail olduq.
- Nəzərə alsaq ki, verilişdə
iştirak etmək üçün gələn
iştirakçılar kifayət qədər problemləri
olan təhsil sektorunun nümayəndələridir, bu gün
şagird və tələbələrimizin intellektual səviyyəsi
sizi qane edirmi?
- Təbii
ki, bizim əsas iştirakçılarımız gənclər,
yuxarı sinif şagirdləridir. Məktəbdə verilən
təhsil bizim oyunda iştirak etmək üçün yetərli
deyil. Evdə verilən tərbiyə, evdə verilən biliklər,
evdə olan kitablardan öyrənilənlər və s. bu
oyunun iştirakçısı olmaq üçün vacib
amillərdəndir. Yəni sırf məktəb, institut
proqramı intellektual izdə iştirak üçün
iştirakçını qane edə bilməz. Əslində,
intellektual oyunlar insana heç nə öyrətmir. Bu oyunlar
intellektli insanlara, eləcə də hər bir
iştirakçıya təkan verir, şərait yaradır
ki, davamlı axtarışlarda olsunlar, hər zaman yeni nə
isə öyrənsinlər. Əgər insan özü
informasiya axtarışındadırsa, öyrənmək niyyətindədirsə,
biz ona kömək edə bilərik. Yəni əgər
iştirakçı ona verilən suallardan hansını isə
cavablandıra bilmirsə, oyundan sonra mütləq o cavabın
axtarışına başlayır. Bu da hər bir
iştirakçını daim yeni informasiya mənbələrinin,
yeni məlumatların axtarışında olmağa məcbur
edir. Sualların hazırlanmasında isə biz konkret bir mənbədən
istifadə etmirik. Müxtəlif və bütün sahələri
əhatə edən bu suallar kino sahəsindən də ola bilər,
mənbə kitab, musiqi ensiklopediyası da ola bilər. Bir
mövzuda sual həm idman, həm musiqi, həm də tarixdən
qoyula bilər. Oyun elə qurulub ki, iştirakçı hər
sahədən xəbərdar olmalıdır. Əgər sən
sırf tarixi bilirsənsə, bu, o demək deyil ki, sən
oyunu udacaqsan. Ola bilər ki, idmanı, incəsənəti
yaxşı bilən şəxs suallara səndən də
yaxşı cavab verə bilər. Suallar sırf bir məntiqə
qulluq etmir. Çox geniş bir sahəni əhatə edir ki,
hamıya maraqlı olsun.
- Oyundan narazı qalan iştirakçılarınız olur?
- Bu oyundur. Əslinə baxanda, uduzan həmişə bir az narazıdır. Ancaq vaxt keçdikcə
heç kim bizim oyundan imtina
etməyib. Bir dəfə iştirak edənlər gələn
dəfə də yenə iştirak etmək üçün müraciət edir. Burada inciklik o zaman yarana bilər ki, məsələn, kimsə
deyəydi ki, “Mən suala cavab verirdim, cavabımı saymadılar”.
Amma bəzən belə deyənlər də olur: “Burada elə suallar verildi ki, bu, Bakı
komandası üçün
daha rahat idi. Biz rayondan gəlmişik, biz bilmirik bu nə olan
şeydir, bizdə
internet yoxdur”. Biz belə
şeylərə fikir
vermirik. Əgər oynamaq istəyirsənsə,
özün öz üzərində işləməlisən,
internetə girməli,
daim axtarış aparmalısan. İndi bütün rayonlarda
internet var. İnternetdə də istənilən məlumatı əldə
etmək mümkündür.
Biz oynamaq istəyən
hər kəsə istənilən şəraiti
yaradarıq. Bu gün
xeyli güclü komandalar formalaşıb. Göygöl, Ucar, Sumqayıt, Lənkəran,
Balakən və Oğuzda belə güclü komandalarımız
var. Demək istəyirəm
ki, rayonlarda inkişaf gedir, sadəcə, bunu dəstəkləmək lazımdır.
Gənclər və İdman Nazirliyinə təşəkkür edirik
ki, bizə daimi olaraq hər
cür köməkliyi
göstərir. Əslində,
bu, Azərbaycanın bütün rayonlarında
aparılan böyük
bir yarışdır.
800-ə yaxın komanda
iştirak edir. Yazda böyüklər, payızda məktəblilər
üçün bu yarışma təşkil
olunur. Hər dəfə komandaları cəm edirik və onların arasından ən yaxşısını Bakıya
dəvət edirik.
- Bu gün ekranlarda intellektual oyunların azlığı
cəmiyyətin yaralı
yeridir. Bunu cəmiyyətin sifarişi
kimi qəbul edənlər əyləncəli
verilişlərə marağın
intellektual oyunlara marağı üstələdiyini
deyirlər. Sizcə, cəmiyyət intellektual verilişləri doğrudan
da bu gün
qəbul etmir?
- Əslinə baxanda, vəziyyət elə deyil. Bizi kim
məcbur edir ki, əyləncəli verilişlərə baxaq?
Əhalidə intellektual
oyuna da böyük maraq var. Bizim layihə yeni fəaliyyətə başlayanda iki həftə müddətinə
500-600 nəfər üzvü
oldu. Məktəblərdə,
institutlarda bu oyunu keçirəndə görürük ki, çox böyük bir maraq yaradır.
Təbii ki, kanallardakı bugünkü
vəziyyət əyləncəli
verilişlərə daha
böyük marağın
olmasından irəli gəlmir. İnanın ki, bu, cəmiyyətdə
problemdir ki, şouları bu dəqiqə televiziyada üzə çıxarırlar.
Biz trendi 20-30 faiz dəyişə bilsək,
cəmiyyətdə də
vəziyyət dəyişəcək.
Artıq yaşayış
səviyyəsi yüksəldikcə
əhalinin kitab oxumağa, kinoya baxmağa və s. marağı da artır. Ancaq bu trendi yaratmaq
lazımdır. Bu işdə
hələ ki İctimai Televiziya şərait yaradır. Başqa kommersiya kanallarına gedəndə
deyirlər ki, pul verin. Təbii
ki, bu verilişdən
biz pul qazana bilmiriksə, pul da ödəyə bilmirik. Şou nümayəndələri isə
pul ödəyib kanallara çıxırlar,
sən də onlara baxmağa məcbursan.
- Bəs ilk milli brendi oyun
sayılan “Xəmsə”nin
beynəlxalq səviyyədə
təşkil edilməsi
ilə bağlı aparılan işlər nə yerdədir?
- Biz bu ildən etibarən
“Xəmsə”nin beynəlxalq
arenaya çıxarmağa
başlamışıq. Biz onun təqdimatını
ilk dəfə olaraq iyul ayının axırlarında Cənubi
Qafqaz Çempionatında
keçirdik və çox böyük uğur qazandı. “Xəmsə” orada iştirak edən İntellektual Oyunlar üzrə dünya çempionatı təşkilatının
nümayəndələri tərəfindən
də dəstəkləndi.
Növbəti addım
olaraq sentyabrın ortalarında Odessada təşkil olunan Dünya Çempionatında
iştirak etdik. Beləliklə, qərara gəlindi ki, gələn il Azərbaycanda “Xəmsə”
üzrə ilk beynəlxalq
turnir keçirilsin. Növbəti böyük
tədbir bu ilin dekabr ayında
İsraildə təşkil
olunacaq. Orada da iştirak etməyi planlaşdırırıq.
Hazırda bununla bağlı danışıqlar
aparırıq.
Həqiqət İSABALAYEVA
Kaspi.- 2011.-30 sentyabr.- S.9.