“Karikatura
ilə dolanmaq mümkün
deyil”
Seyran Cəfərli: «Karikatura həm
düşündürməli, həm güldürməli, həm
də öz çəkiliş texnikası ilə bərabər
insanı heyran etməlidir»
Tanınmış
karikaturaçı rəssam Seyran Cəfərli Çində
keçirilən nüfuzlu “AYACC” Beynəlxalq Karikatura
yarışmasından qayıdıb. Müsabiqənin
münsiflər heyətində yer alan rəssam qəzetimizə
müsahibəsində həmin müsabiqəyə
iştirakçı kimi Azərbaycandan heç bir rəssamın
qatılmadığını da bildirib.
Dünyada məşhur janr
-
Artıq beş ildir ki, “Asiya - animasiya və karikatura”
müsabiqəsi Pekinin Guanji əyalətində keçirilir.
Bu müsabiqə dünyanın ən nüfuzlu, obyektiv, həm
də böyük imkanlara malik təşkilatı tərəfindən
təşkil olunur. Mən müsabiqəyə həmin
yarışın münsiflər heyətinin üzvü kimi dəvət
edilmişdim. Pekində olduğumuz 10 gün müddətində
ayrı-ayrı ölkələrin karikaturaçı rəssamlarının
görüşü də təşkil olundu. Biz də
işlərin dəyərləndirilməsində obyektiv
olmağa çalışdıq. Şadam ki, əsərlər
çox normal dəyərləndirildi.
- Ölkəmiz həmin müsabiqədə
yer tutmaq uğrunda yarışırdımı?
- Təəssüf
ki, azərbaycanlı karikaturaçılar həmin müsabiqədə
iştirak etmirdilər. Yarışın qaydasına görə
əsərlərini göndərməkdə hər kəs sərbəstdir.
Amma bizim rəssamlardan heç kəs
qatılmamışdı.
- Özləri istəməmişdi,
ya xəbərləri yox idi?
-
Sözün düzü, dünyada karikatura ilə
bağlı olan bütün saytlarda bu xəbər
yayılmışdı. Tək bu yarışda deyil,
bütün yarışlarda iştirak etmək
karikaturaçıların öz qərarıdır. Ola bilsin
ki, ya iştirak etmək istəkləri olmayıb, ya da
vaxtları. Bu karikaturaçı rəssamların öz
işidir və ona qarışmaq da qəbuledilməzdir. Mən
özüm də hansı yarışda iştirak edib-etməyəcəyimə
özüm qərar verirəm. İl ərzində
keçirilən 200-dən artıq yarışda iştirak
etmək insandan böyük qüvvə və əmək tələb edir. Bu da indiki zamanda çətindir.
Bu
gün karikatura dünyada çox məşhur janrdır.
Keçirilən yarışlarda həddən artıq pul
mükafatları da qoyulur. Məsələn, Portuqaliyada
keçirilən bir yarışda Qran-pri 20 min dollar
civarında dəyərlənmişdi. Başqa bir
yarışda 7 min dollar dəyərində pul mükafatı
vardı. Bu müsabiqələrə çox böyük
qüvvə və zehin sərf etmək lazımdır.
Çünki bu yarışlara
minlərlə karikaturaçı qatılır. Orada
çəkdiyin karikatura, tapdığın mövzu aktual və
yarışın bütün təşkilatçıları
tərəfindən qoyulan şərtlərə cavab verməlidir.
- Təşkilatçıların
əsas tələbləri nədən ibarət olur?
- Əsas
tələblər qoyulan mövzu ətrafında
olmalıdır. Yəni, yarışların hər birinin
özünün mövzusu var. Əsas odur ki, yarışlarda
mövzuya uyğun və tam dəqiqliyi ilə deyilən bir
fikir olsun. İkinci professionallıqdır – burada işlənmə
texnikası önə çəkilir və verilən
ideyanın başqaları tərəfindən bənzəri olmamalıdır. Əlbəttə,
orada jürinin də düşüncələri əsas rol
oynayır. Jüri dəyərləndirilməsində olan
insanlar da gərək sənətçiyə fərq
qoymasınlar, həmişə obyektiv və vicdanlı
yanaşsınlar.
- Bəs obyektiv və vicdanlı
yanaşırlarmı?
-
Yanaşırlar. Amma mən bəzi ölkələrdə
keçirilən yarışlarda görmüşəm ki,
adını beynəlxalq yarış kimi təqdim etdikləri
müsabiqədə beş
mükafatın dördünü öz ölkəsindən
olan rəssama verir. Məsələn, internet vasitəsi, səsvermə
yolu ilə yarışlar keçirirlər. Əlbəttə,
mən dostlarıma deyərəm ki, mənim işimə səs
versinlər və işim bir az önə çıxsın.
Amma bu, yolverilməzdir. Əsas odur ki, yarışa təqdim
olunan karikaturalar imzasız olsun və o karikatura dəyərləndiriləndə
onun hansı ölkəyə aid olması bilinməsin.
- Əgər ildə 200 belə
yarış keçirilirsə, yəqin ki, müşahidə
edirsiniz ki, ən çox hansı mövzuya
üstünlük verilir – sosial, siyasi?
-
Hazırda ən çox sosial problemlərə - dünyada
olan böhran vəziyyətlərə, insanların yoxsul
yaşamına, bir də internet texnologiyasına aid
mövzulara üstünlük verilir. Bəzən elə
mövzu qoyulur ki, onu düşünənə qədər həmin
yarışın vaxtı keçir. Çünki karikaturada
düşüncə mühüm rol oynayır. Elə ola bilər
ki, adi bir cizgi ilə yarışın birinciliyini əldə
etmək olar. Amma o cizgini tapmaq özü böyük bir zəhmətdir.
İnsan düşüncəsinin
məhsulu
- Karikatura janrının adi rəssamlıqdan
fərqi nədir?
-
Karikaturanın fərqi çoxdur. Məsələn,
naturadan hər hansı bir
portreti çəkirsənsə, qarşında dayanan bir
şəxsin portretini çəkirsən və ya mənzərə
çəkərkən hər hansı bir mənzərəni
götürüb işləmək olar. Karikatura həm
düşündürməli, həm güldürməli, həm
də öz çəkiliş texnikası ilə bərabər
insanı heyran etməlidir. Bunları bir yerdə cəmləyəndə
karikatura uğurlu olur. Buna görə də karikaturanı ən
çox insan təxəyyülünün, insan beyninin məhsulu
hesab etmək olar. Bu da hər kəsə nəsib olmur.
- Bizim ölkəmizdə
karikaturaçı rəssamların təxəyyülü
belə müsabiqələrdə necə qiymətləndirilir?
- Hər
kəsin özünə görə düşüncə tərzi
var və o düşüncə tərzinə uyğun olaraq
da yarışlarda iştirak edir. Ölkədə Bayram
Hacızadənin hər il keçirdiyi «Molla Nəsrəddin»
beynəlxalq karikatura yarışı var ki, bu
yarışlarda həm xarici, həm də yerli
karikaturaçılar iştirak edir. Bu yarışın əsas
məqsədi Azərbaycanda karikaturanın inkişafı, Azərbaycan
karikaturasını dünyaya tanıtmaq və ölkəmizdə
belə bir janrın olduğunu isbatlamaqdır. Amma mən təəssüf
edirəm ki, Azərbaycan karikaturaçıları bəzən
tənbəllik etdiyindən bu yarışlara
qatılmırlar. Kimi işi bəhanə edir. Düzdür,
indi hər kəs öz sosial və şəxsi problemləri
ilə məşğuldur. Mənə elə gəlir ki, əsl
karikaturaçı öz sənətini davam etdirmək
üçün bu problemləri üstələyir.
Hal-hazırda Azərbaycan karikatura janrı inkişaf edir. Bu
inkişafın daha yüksək səviyyəyə
qalxması üçün bir az vaxt, zaman tələb olunur.
Mən gücüm çatdığı qədər beynəlxalq
yarışlarda iştirak etməyə
çalışıram. Çünki bunlar Azərbaycan
karikaturasının inkişafı üçündür.
- Görkəmli rəssam Əzim Əzimzadənin
yaşadığı dövrdən üzü bəri
yaradıcılıq baxımından karikatura sənəti
hansı inkişaf mərhələsi keçib?
- Əzim
Əzimzadə dövründə «Molla Nəsrəddin»
jurnalında karikatura dini mövhumata və yaxud dövrün
digər problemlərinə həsr olunurdu. Yəni əsas
daxili mövzular idi. 1952-ci ildə çıxan «Kirpi»
jurnalı da əsasən daxili sosial problemləri, sosial
narazılıqları önə çəkirdi. Artıq biz
müstəqillik qazanandan sonra Azərbaycan karikaturası da
yeni dövrünü başladı. Artıq biz xaricdə
keçirilən beynəlxalq yarışlar haqda məlumatlı
olduq. Gördük ki, bizim bu günə qədər çəkdiyimiz
daxili problemlərimizə həsr olunmuş karikaturalarla beynəlxalq
yarışlara qatılmaq olmaz. Azərbaycan karikaturası yeni
bir dönəmə qədəm qoydu və dünyanı
düşündürən mövzulara müraciət etməyə
başladı. Bu mərhələ Azərbaycan
karikaturasının uğurudur. Bu mərhələdə Azərbaycan
karikaturaçıları respublikaya orta hesabla 170-ə
yaxın mükafat gətirdilər. Minlərlə kataloqlarda nəşr
olunub, dünyada tanındılar.
- Dünyanı
düşündürən mövzular nədir?
- Əslinə
baxsan, dünyanı düşündürən mövzular elə
bizi düşündürən mövzulardır. Məsələn,
dünyada müharibənin olmaması, insanların yaşam tərzidir.
Dünyanın bir tərəfində zənginlər
yaşayır, amma Somali və Afrika ölkələri kimi yerlərdə
insanlar adi quru çörək tapa bilmirlər. Dünyanı
düşündürən problemlər Azərbaycana da aiddir.
Bizdə də insanların sosial, insan hüquqları və s.
problemləri var. Qlobal problemlərin hamısı
dünyanın problemidirsə, o, həm də Azərbaycanın
və başqa ölkələrin problemidir.
Şöhrət üçün
yox, çalışmaq üçün
- Pikasonun gözəl bir
sözü var: “Ən yaxşı rəssam odur ki, öz əsərlərini
sata bilsin”. Bu fikri karikaturaçı rəssamlara nə qədər
şamil etmək olar?
-
Gözəl fikirdir və karikaturaçılara da şamil də
etmək olar. Karikaturaçıların da alıcısı
var. Məsələn, mənim
bir əsərimi Amerikada bir iş adamı 550, İtalyanın
Tolentino muzeyi isə başqa bir əsərimi 300 avroya
aldı. Sonra Avstriyada başqa bir əsərimi aldılar.
Ayrı-ayrı şəxslər də əsərlərimi
alıb. Bunun üçün sadəcə
çalışmaq, can qoymaq lazımdır ki, əsər də
əsər kimi görünsün. Hal-hazırda Azərbaycan
mühitində karikatura ilə dolanmaq mümkün deyil. Hətta
yerli mətbu orqanlarda da karikatura dərc olunanda cüzi qonorar
vermirlər. 1980-ci illərdə çıxan «Kirpi»
jurnalında mənim əsərlərim çıxanda
yaxşı məbləğdə də qonorar alırdım.
Çox təəssüf ki, indi mətbuatın
özünün qonorara ehtiyacı var.
Bu səbəbdən
də mən Azərbaycan mətbuatında əsərlərimi
dərc etdirmirəm. Çünki bu gün şöhrət
üçün yox, sadəcə çalışmaq
üçün yaşayıram.
- Bizdə karikatura janrının
inkişafı üçün hər hansı tədris
varmı?
-
Hal-hazırda Mədəniyyət və İncəsənət
Universitetində Bayram Hacızadə karikatura tarixindən dərs
deyir. Bu fənn yeni bir dönüşdür. İstərdim
ki, bununla bərabər heç olmasa Əzim Əzimzadə
adına Rəssamlıq Məktəbində və yaxud Rəssamlıq
Akademiyasında karikaturanın sirlərini öyrədən fənlər
açılsın və burada da professional
karikaturaçılar gənclərə dərs desinlər. Elə
olsun ki, bizdən sonra gələn nəsil dünyada bir iz qoya
bilsin.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 16 sentyabr.- S. 9.