Bələdiyyə
sisteminin fəaliyyəti bu günədək böhrandan
çıxa bilməyib
Vüqar Tofiqli: ”Məhz onların
“zəhmətinin” nəticəsidir ki, bu gün bir çox bələdiyyələr
torpaq fondundan məhrum olublar”
“Qəsəbədaxili yolların
tikintisi məsələləri tezliklə öz həllini
tapmalıdır. Deyə bilərəm ki, bu sahədə vəziyyət
məni qane etmir. Bilirsiniz, bu məsələni siz yerlərdə
həll etməlisiniz. Bu, nə prezidentin, nə də hətta
şəhər icra hakimiyyəti
başçısının məsələsi deyildir.
Baxmayaraq ki, biz bu məsələlərlə də məşğuluq,
bu, yerlərdə həll olunmalıdır. İndi bələdiyyələr
vardır, onlar bu işləri görməlidirlər. Əslində
bu, onların işidir.
Qəsəbədaxili yollar bərbad vəziyyətdədir, bir çox hallarda torpaq yollarıdır, heç asfalt da yoxdur”. Bakı Şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair bir müddət əvvəl keçirilən müşavirədə prezidentin səsləndirdiyi bu fikirlər bələdiyyələrin üzərinə düşən vəzifələrdən təkcə birinin necə icra olunduğunu əks etdirir. Öz öhdəliklərindən çoxdan kənar düşən əksər bələdiyyə orqanları bu gün yalnız “torpaq satan qurum” kimi tanınır ki, bu sahədə də yetərli problemlər qalmaqdadır. Bu problemlərin yaranmasına rəvac verən səbəbləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli ilə birgə araşdırmağa çalışdıq.
Yolu ümidlə
gözlənilən institutun uğursuzluğu
- Bələdiyyələr üzərilərinə
düşən funksiyaların icrasının öhdəsindən
nə qədər gələ bilirlər?
- Bələdiyyələrimizin 12 illik fəaliyyəti ilk baxışda az müddət kimi görünsə də, müstəqilliyinin 20-ci ilini qeyd edən ölkəmiz üçün böyük rəqəm hesab edilə bilər. Təhlillər göstərir ki, ötən dövr ərzində bələdiyyələrimiz hər vəchlə seçicilərinin etimadını doğrultmağa çalışıb və bu istiqamətdə az da olsa, iş görüblər. 2009-cu il bələdiyyə seçkilərindən sonra 1718 bələdiyyəyə seçilmiş 16 min nəfərə yaxın üzvlərin hamısı öz ərazilərində müəyyən nüfuz sahibidirlər. Ötən dövrə qısa bir nəzər salsaq görərik ki, bələdiyyə qanunvericiliyinə aid olan qanunlar Milli Məclis tərəfindən təsdiq edilib, bələdiyyələrin qarşılaşdığı problemlərin həlli istiqamətində həm yerli orqanlar, həm icra strukturları, həm də vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən bir sıra addımlar atılıb. Amma prosesi dərindən təhlil etsək görərik ki, bələdiyyələr bu gün cəmiyyət üzvləri tərəfindən daim tənqid hədəfindədirlər. Bəs bələdiyyələrin mütəmadi olaraq tənqid atəşinə tutulması, belə demək mümkündürsə, onların reytinqinin aşağı düşməsi nə ilə bağlıdır?
Sonuncu bələdiyyə seçkilərində bələdiyyələrə gənclərin və qadınların maraq göstərmələri diqqəti çəksə də, ilk iki çağırış bələdiyyə seçkilərində yerli özünüidarəetmə orqanlarına cəmiyyətin marağı daha ciddi görünürdü. Həmin dövrdə seçki prosesinə qatılan namizədlərin tərkibi də xeyli fərqlənirdi. Bu isə cəmiyyətin idarəçiliklə bağlı islahatların aparılmasına olan ümidlər idi, desək, yəqin ki, yanılmarıq. Belə ki, cəmiyyət bu sahədəki problemlərin həllini yeni institutun yaradılmasında görürdü. Amma institut yaradılsa da, onun fəaliyyəti üçün məlum rıçaqlar verilməmiş qaldı.
Bir tərəfdən maliyyə istiqamətləri
verildi, digər tərəfdən onun icrası müvafiq icra
strukturları tərəfindən məhdudlaşdırıldı.
Qanunlar qəbul edilsə də, boşluqlar aradan
qaldırılmadı. Torpaqlar cizgilərlə də olsa
verildi, amma onun sərəncam vermək hüququ başqa
istiqamətə dəyişdirildi. Hərrac komissiyası
yaradıldı, ancaq onun təmsilçiliyindəki balans
pozuldu. Qanunlar qəbul edildi, onun icra mexanizmləri ləng
hazırlandı. Nəticə etibarı ilə bələdiyyə
sisteminin fəaliyyəti bu günədək böhrandan
çıxa bilməyib.
Neqativ halların yaranmasında
yerli icra orqanlarının “xüsusi” rolu
- Azərbaycanda bələdiyyələrin
dövlətdən əlavə torpaq istəməsi hansı zərurətdən
irəli gəlir? Ümumiyyətlə, bələdiyyələr
fondlarındakı torpaqlardan nə qədər səmərəli
istifadə edirlər?
- Bu gün bələdiyyələrin 45-50 faizədək hissəsinin torpaq fonduna malik olmaması onları bəzi hallarda daha neqativ hallara əl atmasına bir növ rəvac verir. Fond torpaqlarına malik olan bələdiyyələri bir qismi ya bu torpaqları tamamilə satıb. Bu prosesdə bütün günahları tam şəkildə bələdiyyələri üzərinə atmaq olmaz. Bu prosesdə yerli icra hakimiyyəti orqanların “xüsusi” rolu var. Məhz onların “zəhmətinin” nəticəsidir ki, bu gün bir çox bələdiyyələr torpaq fondundan məhrum olublar.
Düzdür, bələdiyyə sisteminin
inkişafı ilə bağlı son üç ildə
dövlət və qanunverici orqanlar tərəfindən
atılan addımları müsbət dəyərləndiririk.
İstənilən halda atılan addımlar bu sistemin
inkişafına yönələn addımlardır. Prosesdə
diqqəti daha çox çəkən bələdiyyələrin
birləşdirilməsi oldu. Ancaq hazırkı rəqəmin
özü də ölkəmiz üçün yüksəkdir.
Bu gün bələdiyyələrin sayının 400-500
civarında olması, iri şəhərlərdə bir bələdiyyənin
formalaşdırılması daha məqsədə uyğun
hesab edilə bilər. Bu gün “Böyük şəhər
bələdiyyəsi” haqqında qanun layihəsi yerli
orqanların müzakirəsinə verilib. Amma layihənin ciddi
müzakirəyə və işlənməsinə ehtiyac var.
Belə ki, qanunda bir çox məqamlara aydınlıq gətirilmir,
böyük şəhər bələdiyyəsində konkret
əhalinin sayı göstərilməyib, preambulada heç
bir anlayışa izah verilməyib.
Vəsaiti iki-üç dəfə
artmış olsa belə, bələdiyyə hər hansı
işi görmək iqtidarında deyil
- Bu gün bələdiyyələrin
büdcələri hansı istiqamətlərə yönəlir?
- Qeyd edilməlidir ki, torpaqların hərrac və müsabiqə yolu ilə satışı, habelə hərrac komissiyalarının təşkili üç ayda həll edilməli olduğu halda, prosesin 7 ay davam etməsi yerli büdcə gəlirlərinə də ciddi təsir etdi. Bələdiyyələrin büdcə gəlirləri 2007-ci illə müqayisədə ötən il bir dəfəyə yaxın azalıb, əməkhaqqılarının verilməsində ciddi problemlər yaranıb, yerli orqanların müvafiq strukturlara külli miqdarda vergi borcları yaranıb. Hazırda bələdiyyənin əsas maliyyə istiqaməti fiziki şəxslərdən torpaq və əmlak vergisidir. Bu gün hər bir bələdiyyənin orta aylıq büdcə gəliri 1406 manat bərabərdir. Baxmayaraq ki, bu rəqəm əvvəlki illərlə müqayisədə 40 faizə qədər artıb, hər halda bələdiyyə bu vəsaiti iki-üç dəfə artırmış olsa belə, hər hansı bir işi ərazisində görmək iqtidarında deyil. Məhz elə bu səbəbdəndir ki, bələdiyyə üzərinə düşən vəzifəsinin icrasını həyata keçirə bilmir.
“Əgər
hərrac komissiyasında olduğu kimi paritet pozulacaqsa...”
- Bələdiyyənin büdcəsi
daha hansı mənbələr hesabına formalaşa bilər?
- Bu
gün bələdiyyə ərazilərində yüz minlərlə
sənədsiz evlər mövcuddur. Onların bir qismi
60-70-ci illərdə bir qismi isə son illər inşa edilib.
Sənədsiz olduğundan bələdiyyə heç bir əsasla
bu mənzil və torpaq sahiblərindən vəsait toplaya
bilmir. Sözsüz ki, bu evlərin sənədləşdirilməsi
bələdiyyə büdcəsinə külli miqdarda vəsaitin
daxil olmasına səbəb ola bilər. Ancaq bir şərtlə
ki, yaradılacaq komissiyada bələdiyyələrin
hüquqları tam şəkildə təmin edilsin. Əgər
hərrac komissiyasında olduğu kimi paritet pozulacaqsa, onda bu
istiqamətdən bələdiyyələr heç bir maliyyə
vəsaiti gözləməməlidirlər.
Bu
arada qeyd edim ki, əmlak vergisi ilə bağlı məqamların
həlli, qanunsuz zəbt edilmiş və ya inşa
edilmiş əmlakın sənədləşdirilməsinə
“yaşıl” işığın yandırılması nəticə
etibarilə yerli büdcənin doldurulmasına şərait
yaradacaq. Həmçinin regionlarda içməli su
probleminin həllinin birbaşa yerli orqanın səlahiyyətinə
qanunvericilik qaydasında aid edilməsi də bələdiyyələrin
məsuliyyət yükünü artıracaq. Bununla
yanaşı, hökumətin yerlərdə işsizliyin aradan
qaldırılması, içməli su təchizatı, fermerlərə
subsidiyaların ayrılması ilə bağlı və digər
proseslərini məhz yerli orqanlar iştirakı ilə həyata
keçirə bilər.
Habelə
iri rayon mərkəzlərində kommunal xidmətlərin
göstərilməsini də bələdiyyələrə həvalə
etməyin vaxtı çatıb. Məhz bu proseslə bağlı artıq bir
çox bələdiyyələr təcrübə
toplayıblar. Ümumi bələdiyyələrin 20 faizinədək
hissəsi demək olar ki, belə bir struktur
formalaşdırmağa nail olub. Bu məsələ ilə
bağlı ən başlıca məqam bir çox
inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən
yararlanmaqdır. Yəni dövlət proqramlarının həyata
keçirilməsi ilə əlaqədar konkret layihələrin
icrası yerli orqanlara həvalə edilə bilər.
Polşada, İsveçdə və Baltikyanı ölkələrdə
yerli büdcənin 35-55 faiz məhz dövlətin layihələrə
ayırdığı vəsaitlər təşkil edir.
İcra strukturları və bələdiyyələrin
səlahiyyət bölgüsünü əks etdirən qanuna
ehtiyac var
- Bələdiyyə sistemində
sadalanan problemləri aradan qaldırmaq üçün
hansı tədbirlər effektli ola bilər?
-Onların
cəmiyyətdə nüfuzunu artırmaq üçün bu
qurumların səlahiyyətləri konkretləşdirilməlidir.
Bu gün prosesləri tənzimləmək
üçün ilk növbədə icra strukturları və
bələdiyyələrin səlahiyyət
bölgüsünü özündə ehtiva edən qanunun qəbuluna
ehtiyac var. Belə ki, 12 illik fəaliyyəti ərzində icra
strukturları tərəfindən bələdiyyələrin
fəaliyyətinə ciddi maneələr olub. Həm bir
sıra icra hakimiyyətinin başçıları tərəfindən
bələdiyyələrin səlahiyyətlərini məhdudlaşdıran
sərəncamların imzalanması, həm də bələdiyyələrdə
qanunsuz yoxlamaların təşkili bu fikri bir daha təsdiq edir.
Vətəndaş cəmiyyəti təmsilçilərinin
iştirakı ilə Respublika Bələdiyyə
Şurasının da yaradılmasını uğurlu addım
hesab etmək olar. Bu qurumun fəaliyyəti
həm yerli orqanların problemlərinin həllinə, həm
də proseslərə ictimai nəzarətin
artırılmasına səbəb olacaq.
2007-ci
ildən fəaliyyətdə olan
Azərbaycan Şəhər, Qəsəbə və Kənd
Bələdiyyə Assosiasiyalarının da bu işdə
mühüm rolu var. Belə ki, adıçəkilən
assosiasiyaların geniş informasiya bankına malik olması, bələdiyyələrlə
sivil əlaqələrin quruması buna imkan verir. Bələdiyyələrin
fəaliyyətini tənzimləyən qanunların təkmilləşdirilməsi
də mühüm addımlardan sayılmalıdır. Bələdiyyələrin
fəaliyyətinə müxtəlif müdaxilələrin
aradan qaldırılması, bu orqanların səmərəli
iş əmsalının artırmaq məqsədilə Ədliyyə
Nazirliyinin Bələdiyyələr İş mərkəzinin
statusunun artırılmasına ehtiyac var. Bu orqan vasitəsilə
daha geniş şəkildə yerli orqanlara metodoloji və
hüquqi yardımın göstərilməsini həyata
keçirmək olar.
Bundan başqa, biz bələdiyyələrə əlavə səlahiyyət və maliyyə istiqamətləri ayırmaqla, habelə bu orqanların qarşılaşdığı problemləri həll etməklə onun nüfuzunun artırılmasına təkan verər və ölkəmizdə yerli özünüidarəetmənin inkişafına, həm də əks mərkəzləməyə doğru addım atmış olarıq. Nəticədə həm seçici, həm demokratik cəmiyyətin bütün iştirakçıları qazanar. Bələdiyyələrin inkişafı ölkədə həyata keçirilən demokratik proseslərin daha da sürətlə aparılmasına təkan verdiyindən, ölkəmizin ictimai siyasi həyatında mühüm hadisələrdən olan yerli orqanların fəaliyyəti üçün mühüm addımların atılmasının vaxtı çatıb. Ümid etmək olar ki, hökumətin və Milli Məclisin yeni tərkibi yerli orqanların fəaliyyətinin daim diqqət mərkəzində saxlayacaq və bu orqanların problemlərinin həllinə yardımçı olacaqlar.
Həqiqət İSABALAYEVA
Kaspi.- 2011.- 16 sentyabr.- S. 6.