Milli musiqi günü – xalqımızın
bayramı
Sentyabrın 18-də
Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin
korifeyi Üzeyir
Hacıbəyovun doğum günüdür
Sentyabrın 18-i sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edirdi.
1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Müəllim, publisist
Azərbaycan peşəkar musiqisinin banisi, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyov 1885-ci ildə Şuşa yaxınlığında, Ağcabədidə anadan olub. Atası ədəbiyyat sahəsində, anası isə musiqi sahəsində yüksək mövqe tutub. Musiqiyə olan həvəsi anasından mənimsəyən Ü.Hacıbəyov 7 yaşında ikən tarda və kamançada yaxşı çalırdı, muğamat oxuyurdu.
Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini iki sinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olub. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1899- cu ildə Qori Müəllimlər Seminariyasına daxil olur. Seminariyada təhsil aldığı müddətdə o, pedaqogika, rus dili, riyaziyyat, təbiətşünaslıq, rəsm və rəsmxətdən nümunəvi sınaq dərsləri aparıb. 1904-cü ildə seminariyanı bitirdikdən sonra Bakıya qayıdır və Hadrut kəndində müəllimlik edir. İbtidai siniflərdə dərs deməklə yanaşı o, şagirdlərdən ibarət xor kollektivi təşkil edir. Sonralar o, Bibi- Heybətdə “Səadət” məktəbində Azərbaycan və rus dillərindən, eləcədə nəğmə və hesabdan dərs deməklə məşğul olub.
Ü.Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Bəhmənkəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirir.
Opera sənətinin təməli
Ü.Hacıbəyov
1907-ci ildə opera yazmaq
qərarına gəlir. Bu dövrə qədər
hələ Azərbaycanda opera
yazılmamışdı. Onun
yaratdığı ilk “Leyli
və Məcnun” operası Azərbaycan musiqi
mədəniyyəti tarixində ilk opera olmaqla çox
böyük müvəffəqiyyət
qazanır. Bəstəkar bu opera ilə Azərbaycanda opera
sənətinin təməlini qoydu.
Dahi Azərbaycan şairi
M.Füzulinin operası əsasında yazılmış bu
opera “Nicat” cəmiyyətinin teatr bölməsinin opera artistləri
tərəfindən tamaşaya qoymuşdu.
Ü. Hacıbəyov 1909-1915-ci illərdə
bir-birinin ardınca "Şeyx Sənan" (1909),
"Rüstəm və Söhrab" (1910), "Şah Abbas və
Xurşudbanu" (1912), "Əsli və Kərəm"
(1912), "Harun və Leyla" (1915) muğam operaların
librettosunu xalq dastanları və rəvayətlər,
Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında
yazıb. O, "Leyli və Məcnun"dakı üslub
xüsusiyyətlərini və estetik sənət prinsiplərini
sonrakı operalarında da davam etdirib.
1911-ci
ildə Ü.Hacıbəyov musiqi təhsili almaq
üçün Moskvaya gedir. Lakin maddi vəziyyəti çətin olduğundan təhsilini davam
etdirə bilmir. Bakıya qayıdaraq
yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.
1913-cü
ildə musiqi təhsilini davam etdirmək üçün bu dəfə
Peterburqa gedərək konservatoriyaya daxil olur. Bu dövrdə o,
“Arşın mal alan” musiqili komediyasını yazır.
1914-
cü ildə Bakıya qayıdan Ü. Hacıbəyov mətbuatda
bir sıra məqalələrlə çıxış edir.
Onun “Boşboğazlar”, “Məzəli işlərimiz”, “Müsəlmançılıq”,
“O, heç”, “Küyçülük” felyetonları zamanla səsləşmək
baxımından mühüm əhəmiyyət kəsb edir.
1915- ci ildən etibarən Ü.
Hacıbəyov “Yeni iqbal” qəzetinin redaktoru, 1906-cı ildən
etibarən isə müdiri və baş redaktoru olub.
Ü.Hacıbəyov 1921-ci ildə Bakıda “türk musiqi məktəbini” təşkil edir. Əvvəllər fəaliyyət göstərən xalq konservatoriyası 1921- ci ildən etibarən artıq Azərbaycan Dövlət Konservatoriyası adlanır. 1926- cı ildən etibarən “türk musiqi məktəbi” Ü.Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibinə daxil olur və onun xalq musiqi şöbəsi adlanır. 1926-cı ildə Ü. Hacıbəyov əvvəl konservatoriyanın prorektoru, sonra isə ömrünün axırınadək rektoru vəzifəsində çalışır.
Rəngarəng
janrların müəllifi
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaradan dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərək Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib.
Ü.Hacıbəyov
Azərbaycan milli folklorunu dərindən öyrənirdi. O, M.Moqomayev
ilə birlikdə 1927-ci ildə bir sıra Azərbaycan xalq
mahnılarını toplayır, nota salır və işləyir.
Həmin dövrdə (1920- 1945-ci illər ərzində )
Ü. Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları”
adlı böyük əhəmiyyət kəsb edən elmi-tədqiqat
əsərini yazır.
Bəstəkar kütləvi
mahnı janrında da öz istedadını nümayiş
etdirirdi. Onun “Döyüşçülər marşı”,
“Qara gözlər”, “Komsomolçu qız” mahnılarında
milli kolorit öz əksini tapır.
Ü.Hacıbəyov İran
şairi Firdövsinin (934- 1020) anadan olmasının 1000 illiyi
münasibətilə xor və simfonik orkestr üçün
kantata yazır ki, bununla o, Azərbaycanda ilk kantata
janrının əsasını qoyur.
1931-
ci ildə Ü.Hacıbəyov Azərbaycanda ilk notlu xalq
çalğı alətləri orkestrinin təşkil
olunmasında yaxından iştirak edib. Həmin orkestr üçün “Cahargah”, “Şur”
fantaziyalarını yazıb. 1936- cı ildə bəstəkar
Dövlət xor kollektivini
yaradır.
Ü.Hacıbəyovun 1932-ci ilədək
yazdığı simfonik orkestr üçün təntənəli
marş, xor və orkestr üçün təntənəli
himn, fortepiano, skripka və violençel üçün trio və
bu kimi əsərlər demək olar ki, “Koroğlu”
operasının yaranmasına bir növ hazırlıq idi.
Ü.Hacıbəyov 1932-1936-cı illərdə “Koroğlu”operası üzərində işləyərək ilk Azərbaycan klassik opera növünü yaradır. Operanın ilk tamaşası 1937-ci ilin aprelində keçirilir və həddindən artıq böyük müvəffəqiyyətlər qazanır. Opera həmçinin 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə müvəffəqiyyətlə tamaşaya qoyulur və paytaxt dinləyicilərinin rəğbətini qazanır. “Koroğlu” operasında bəstəkar ilk dəfə olaraq milli musiqini Avropa klassik opera ənənələri ilə birləşdirərək vahid bir əsər növünü yaratmağa müyəssər olur.
Musiqili
komediya janrında bəstəkar “Ər və arvad”, “O
olmasın, bu olsun” (1910), “Arşın mal alan” əsərlərini
yazıb. Onun bu komediyalarında qadın azadlığı
uğurunda olan mübarizə öz əksini tapıb.
1939-cu ildə Moskvada keçirilən SSRİ xalqlarının milli alətləri ifaçılarının müsabiqəsinə sədrlik Ü.Hacıbəyova tapşırılır. Hələ Azərbaycan incəsənəti dekadası zamanı dahi sənətkarın öz əsərlərində Avropa musiqi alətləri ilə Şərq musiqi alətlərinin sintezini yaratması və simfonik orkestrə xalq çalğı alətlərinin salınması hamının diqqət mərkəzində olmaqla böyük maraq doğurur. Elə oradaca, banket zamanı Stalin təklif edir ki, milli musiqi alətlərində çalan ifaçıların müsabiqəsi keçirilsin, Üzeyir bəy də həmin yarışa rəhbərlik etsin.
1940-cı
ildə Ü.Hacıbəyov Dövlət mükafatına
layiq görülür.
1941-1945- ci ildə illərdə o, böyük Vətən müharibəsinə həsr olunmuş bir sıra əsərlər yazır. Onun “Vətən uğrunda” mahnı silsiləsinə “Şəfəq bacısına”, “Ananın oğluna nəsihəti”, “Yaralı döyüşçünün heykayəsi”, “Döyüşçülər marşı” kimi mahnıları dillər əzbərinə çevrilir. Bəstəkar həmçinin solist, xor və simfonik orkestr üçün “Vətən və cəbhə” kantatasını da ayrı yazır.
Himnimizin bəstəkarı
Bu
illərdə Ü.Hacıbəyov dahi Azərbaycan
şairi Nizami Gəncəvinin
(1141- 1209) anadan olmasının 800 illik yubleyi münasibətilə
şairin sözlərinə “Sevgili canan ”, “Sənsiz”
romanslarını yazır. Eyni zamanda, Ü.Hacıbəyovun
yaradıcılığında yaranan yeni bir janr
da diqqəti cəlb edir.
Bu
instrumental janra aid olan,
qəhrəman əhval-
ruhiyyə daşıyan
“Cəngi” idi. Marş ritmində
olan bu rəqs
sanki mübariz hərbiçilərin qüvvəsini
səfərbər edir.
Azərbaycan Respubilkasının dövlət
himni Ü.Hacıbəyova
məxsusdur.
Bəstəkarın fəaliyyəti yüksək
qiymətləndirilib. 1937-ci ildə Azərbaycan SSR-nin xalq artisti,
bir il
sonra SSR-nin xalq artisti fəxri
adına layiq görülür.
1945-ci ildə Ü. Hacıbəyov
Azərbaycan Elmlər
Akademiyasının həqiqi
üzvü seçilir. O, ictimai
işlərdə fəal
çalışır, mətbuatda
müntəzəm dəyərli
məqalələrlə çıxışlar
edirdi. Yazdığı məqalələrin əsas ideyası Azərbaycan musiqisinin inkişafı problemi ilə bağlı idi.
Azərbaycan professional musiqinin banisi Ü.Hacıbəyov görkəmli
bəstəkar, musiqiçi,
ictimai xadim alim, gözəl publisist və pedaqoq olaraq Azərbaycan professional bəstəkarlıq
məktəbinin yaranmasında
da böyük rol oynayıb. Musiqi üslubunun
özünə məxsusluğu,
xəlqilik, yüksək
ideyalılıq və
millilik - Ü.Hacıbəyov
yaradıcılığının diqqəti cəlb edən xüsusiyyətlərindəndir.
Ü.Hacıbəyov 1945- 1946 cı illərdə müasir mövzuda olan “Firuzə” operası üzərində
işləməyə başlayır. Bu, bəstəkarın son operası
idi. Lakin o, operanı tamamlaya
bilmir. Dahi bəstəkar xəstələnir
və 1948-ci ildə Bakıda vəfat edir.
Keçən il Azərbaycanda
və dünyada Üzeyir Hacıbəyovun
anadan olmasının
125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda 18-28 sentyabr ərəfəsində
“Üzeyir Hacıbəyli
– 125” Beynəlxalq Musiqi
festivalı keçirildi.
Yubiley çərçivəsində
bir sıra ölkələrdə Azərbaycan
və xarici musiqiçilərin konserti
təşkil edildi. Bu
il də
Milli Musiqi Günü görkəmli
bəstəkarın xatirəsinə
layiq olaraq həm Bakıda, həm də respublikamızın bölgələrində
qeyd ediləcək.
Hazırladı: Təranə Məhərrəmova
Kaspi.- 2011.- 17-19 sentyabr.- S.8.