"Ölümə, ömürə sərhəd qoymadım..."

 

"...Bəlkə bu sətirləri mənə göydə dolaşan bir ağ bulud topası, pəncərəmə qısılmış sarıköynək ciggiltisi, qanadından yaralanıb eyvanıma qonmuş bir qumru quşunun ürək döyüntüsü, ya da gecələr yuxuma ağır yerişiylə, yaxşı-yaman dərdləriylə, paltolu-papaqlı, siqaret tüstüsündə görünməz olan, kədərli gözlərində yaşı donan Akifin Ruhu yazdırdı..."

Bir sənətkarın portretini onunla birlikdə dövranlar yola salmış ömür-gün yoldaşından daha yaxşı kim çəkə, kim dilə gətirə bilər ki?! Yuxarıda Akif Səmədin ömür-gün yoldaşı Mayisə xanımın yazısından misal gətirdiyim cümlələri oxuduqca Anadolu türkləri demiş, "tüylərim dikən-dikən oldu". Və birdəncə ağlıma gəldi ki, ilk dəfə Akif Səmədi elə beləcə - "ağır yerişiylə, yaxşı-yaman dərdləriylə, paltolu-papaqlı, siqaret tüstüsündə görünməz olan, kədərli gözlərində yaşı donan" bir şəkildə görmüşəm.

Rəhbərlik etdiyim Gənc yazıçıların Respublika Ədəbi Birliyinə ilk gəlişlərindən ta Bakının Alatava deyilən səmtində Aydın Qurbanoğlunun evindəki qonaqlıqdan maşınımla Bayıl səmtindəki evinə apardığım son görüşümüzə qədərki zaman məsafəsində Akif Səməd mənim də xəyalımda Mayisə xanımın təsvirindəki kimi qalıb.

Bu fani dünyada hər insanın (özəlliklə yaradıcı insanın) özünəməxsus qəlibləşmiş bir portreti olur və çevrədəkilər belə insanların bütün görüntülərindən yalnız birini seçib əbədiləşdirir. Bu, heç şübhəsiz ətə, qana bürünmüş ruhun ölümsüzlük portretidir. Və hərdən adama elə gəlir ki, Akif Səməd dünyaya elə "siqaret tüstüsündə görünməz olan, kədərli gözlərində yaşı donan" görüntüsüylə gəlmişdi. Bu görüntü sizə hardasa dərvişləri xatırlatmırmı, Baba Dərvişləri?!

Xarici görünüşü ilə daxili dünyası bir-biri ilə uyum saxlayan Akif Səməd kimi sənət adamlarına az-az rast gəlinir... Bir qönçə necə açılırsa, bir bulaq ilk dəfə torpaqdan necə mükəmməl çıxırsa, Akif də dünyaya elə beləcə dərviş misalı müdrik doğulmuşdu. öz başıma gəldiyindən deyə bilərəm ki, sonralar oxuduğu orta və ali məktəblər  onun ruhlar aləmindən gətirdiklərinə dəstək olmaq yerinə bəlkə də əngəl olmuşdu və o da beləcə "Adəmdən Akif Səmədə qədərki" dünyada Allahdan verilənlərlə gördükləri arasındakı ziddiyyətlər burulğanında yaşamışdı. Bu hal onun şeirlərindən də görünməkdədir. Ədəbi birliyin məşğələlərində tay-tuşlarına, hətta birliyin ünlü qonaqlarına münasibətdə bu yetkinlik halı özünü göstərməkdə idi...

Həyat hekayəsi, daxili dünyası şeirlərinə elə yansıyıb ki, şairin hansı ovqatın qanadlarında yaşadığını ortaya qoymaq elə də çətinlik törətmir:

 

Kərəmin Əslisi oldum,

Lələcə yaşadım, oğul.

Bülbülü fəryad eləyən

Güləcən yaşadım, oğul.

 

Akif havalı, soykökünə bağlı adam idi və bu hava dünyaya onunla birgə gəlmişdi. Əslində hər insan bir havadır. Dünyamız başındakı havanı könül sazında çaldırmağı bacaranlarla, bacarmayanların dünyasıdır! Akif Səməd elə bir hava yaxalamışdı ki, bu havanı oxumaqla, görüb götürməklə öyrənmək olmazdı. Bu, vergili bir havadır. Başındakı havanın nə olduğunu hamıdan yaxşı bilirdi, bilməsəydi, heç özü bu bəyanda bulunardımı: "Sazın Nəsimi, Füzuli, Qazı Burhanəddin... kökləri olub, unudulub. Yaxşı ki, sözlər qalıb, söz cığırına düşüb söz kökünə çatmaq olar... ""Heç nə unudulmur unudulsa da". Sazın Müşfiq kökündə, Nazim Hikmət kökündə köklənmək də Akif Səməd üçün yad  deyildi. Bu köklər dünyaca sınaqdan keçirilmiş əbədiyyət kökləri idi. Bu kökləri bilə-bilə, görə-görə öz havanı bulmaq, öz kökünə köklənmək isə hər şairə nəsib olmur. Saz, söz cığırına düşüb həqiqi sözün kökünə çata bilmişdi Akif Səməd: "...Gördünüzmü söz canlıdır, canlıdır adam kimi, daş kimi, torpaq kimi, yarpaq kimi, su kimi, yel kimi. Mənim də haqqım var ürəyimə yatan sözləri sevməyə..."

Akif sözlərin boyunu övladı kimi sevən şair idi. Bəlkə də sona sözün qalacağını bildiyindən sözü övladlarından yox, bəlkə canından da artıq sevirdi:

 

Özümdən sözlərim dərin,

Gedin daşları dindirin.

 

(Özündən sözünün dərin olduğunu bilən neçə şairimiz var, varın da cavabını siz verin...)

Könüldən kağıza qədər ki yolda çəkilən şair əzabını bundan yaxşı necə dilə gətirmək olar?

 

Vərəqə düşə bilmir,

Qələmdə söz qocalır..

 

Sahibini tərk etmiş sözlərin sabaha yolçuluğudur həqiqi şeir: "Su bulaqdan axıb gedir, bulaq baxa-baxa qalır..."

İnsanların çoxu bunun fərqində olmasalar belə, insan dünyaya gəlincə ölümü də onunla birlikdə doğulur... Akif Səməd ölümünün yaşıdı olduğunu hamıdan yaxşı bilirdi:

 

Əzrayıla üstün gəldim,

Özüm xoşluqla ölürəm.

...Təzə ha deyil bu xəbər,

Lap uşaqlıqdan ölürəm.

 

Yaxud:

 

Mən ömrümə qəsd elədim,

Ölüm ilə dost elədim...

 

Ölümün yaşıdı olduğunu bilməsəydi, ilk şeirlərindən son şeirlərinə qədər ölümlə əlləşə, onu misralara düzüb, boyunu sevərdimi?

 

Endim bəmdən-bəmə, zülümdən qaçdım,

Gül gəzən arıydım, gülümdən qaçdım.

Mən sizlərə görə ölümdən qaçdım,

Guya yaşamaqdan ötrü ölürdüm.

 

Bilməsəydi, keçmişdən gələcəyə "sifariş" göndərərdimi:

 

...Ay başdaşı gəzən, nekroloq yazan,

Özüm öz yazımı yazıb gedəjəm.

Dünyanı əməlli tanıya bildim,

Bu başdan o başa azıb gedəjəm.

 

Məclis-mərəkədən bir az yan durun,

Özü heç, ağırdı adı andırın,

Balaca Güləni asta qandırın,

Məzarı bir gündə qazıb gedəjəm.

 

Bilməsəydi, ömrü gün günorta yerinə qalxmamış bu amansız cümlələri qələmə, kağıza etibar edərdimi: "Birdən-birə niyə ömrümü hərflərlə, kiril əlifbası ilə (mixi yazı da, run qrafikası da, ərəb hüsn xətti də ola bilərdi) ağ vərəqlərə köçürmək fikrinə düşdüm. Ona görə ki, gördüm, ömrüm zəhlə tökəcək qədər uzanır..." Otuz-qırx yaşında belə amansız və sərt cümləlləri ona yazdıran hansı qüvvə idi. Tay-tuşları keifində-damağında olanda, güldən, bülbüldən yazanda onu könüldən və ölümdən yazmağa vadar edən hansı qüvvə idi? Bu sualın cavabını Akif Səməd hamımızdan yaxşı bilirdi. Belə deyirlər ki, vəliləri Əzrayıl öldürmür, onlar ölümlərini özləri sifariş verirlər. Ölüm, onlar ölməyi istəyəndə gəlir. Akif Səməd də ovsunçu ovunu ovsunlayan kimi ölümü ovsunlamış, ölümsüz şeirləri ilə ölümə meydan oxuyur, onu görüşə çağırırdı. Ölüm mələyi yaşına, başına baxmadan onun bu - vəli misallı adamın sifarişini yerinə yetirmək üçün gəlməli idi, gəldi də...

Bəzən bir-birinin qonşuluğunda çeşitli bulaqlar yerdən boy göstərir. Amma sularının sərinliyi də, tərkibi də əsla bir-birinə bənzəmir. Hətta eyni yerdən qısa fəsilləllərlə gah isti, gah da soyuq çıxan su qaynaqları da bilinməkdədir. Yerin şah damarından çıxan bu bulaqlar bir Tanrı möcüzəsi olduğu kimi, şeirdə də baş döndürücü təsirlər burulğanında yaşayıb da heç kimə bənzəməmək də bir Tanrı vergisidir. Akif Səmədin ədəbiyyata gəldiyi zaman şerimiz qondarma mövzulardan təmizlənir, tarixinin unudulmuş köklərindən yenidən pöhrələnib boy atırdı. Bu elə bir dönəm idi ki, şeirimizdə təqlid olunası, bir-birinə bənzəməyən forma və biçimlər təqdim edən bir neçə şair yaşayırdı. Bir az əvvəlki illərdə hecada S.Vurğunun, sərbəstdə R.Rzanının təsir dairəsi vardısa, artıq Akifin şeirə gəldiyi zamanlarda şerimizin Ə.Kərimləri, M.Yaqubları, V.Səmdoğluları, R.Rövşənləri vardı. Bu siyahını daha da uzatmaq olar. Zatən, A.Səmədin özü bu şairlərin geniş panoramını şerə gətirib, pis də gətirməyib. Bir bu qədər şair və şeir bolluğunda A.Səməd kimsənin təsiri altına düşmədən öz fərqli sənət dünyasını yarada bildi. Onu da nəzərə alsaq ki, bir zamanlar onun ədəbi nəslini "itirilən nəsil" adlandırmaq "dəbdə" idi. Amma Akif Səməd "itirilən nəslin" möhrünü ədəbiyyat tariximizə vurmağı qərarlaşdırmışdı. Əsl  istedadın dünyaya və sənətə gəliş missiyası da bu deyilmi? Ağır, ağır olduğu qədər də əzablı axtarış yolunda Akif Adəmdən üzü bəri sürüb gələn şeirin elə qatına düşdü ki, o qat, irfani ruhun yenidən şahlanmasına gətirib çıxaracaqdı. Çıxardı da!

 

Gülə can verən arıyıq,

Yönü sevdaya sarıyıq.

Ölüm heç nədi, ayrılıq

Yamandı, ay gedən, əylən...

 

"Əylən" desə də yaşadığı zaman kəsimində əbədiyyətə qovuşmağa tələsən də hamıdan çox o özü idi:

 

Alma dərdim niyə olmadı şirin,

Mənim bilmədiyim o sirlər gözəl.

...Yaşadım, otuzda əlliyə çatdım,

Gördüm ki, kəndiri kəsirlər gözəl...

 

Bu, vergidir, "otuzdan əlliyə çatıb" bilmədiyin sirləri bilmək vergisi! Və bu vergini öncə də vurğuladığım kimi, bu dünyada oxumaqla, çalışıb çabalamaqla qazanmaq mümkün deyil. Bu vergi o dünyadan, sirlər aləmindən bu dünyaya bədən donu geyib görüntü qazanan insan adlı yaradılanın gözəgörünməz ruhuyla gəlir. Bu ruhlar ona görə də yerüstü heç nəyə boyun əyməz. Belə ruhların tapındığı tək bircə qüvvə var, o da ona vergi verən Allahdır. Hansı rejimdə yaşamalarından asılı olmayaraq belə, ruhlar hər zaman özgür olur. Çünki onların sənət ölçüləri də, davaranış və işləkləri də yer yasalarına uyğunlaşmayan səmavi ölçü və qəliblərinə hesablanıb. çevrəsindəki buqəlmunların üzdə, sözdə ona dəstək olub, arxada puçunu buranların acığına qızıl qurultayda qızıl qırmızı Yazıçılar Birliyi sədrliyinə namizədliyini verməsi və cəmi bir səs alması da səmavi ölçülərin yerdə həyata keçirilməsi deyildimi? Belə ruhlar bəzən yandaşını bu ölümlü, ahlı dünya da bula bilir, çox zaman da yalqız gəldikləri kimi də yalqızca da bu dünya deyilən fanidən uf demədən çəkilib gedirlər. Bir də "yaşamaq" deyilən şey yalnız bu dünya deyilən faniyə doğub törəmək, beş hissinə qul olmaq üçün gərəklidir. Amma dünyəvi süslər və zövqlərdən arınmış müqəddəs ruhlar fiziki anlamda da çox zaman sevgilərini bula bilmir, onların sevdikləri özlərindən ya bir əsir öncə doğulmuşdur ya da özlərindən üç əsir sonra doğulacaq. Bu nədənlə də yaşadığı zamanının müxalifi olub, sevgisini qazanmağa can atmayan belə ruhlar, əslində o dünyada qoyub gəldikləri ilahi sevgiyə qovuşmaq üçün tələsən və hətta buna görə özünü İudaya "satdıran" İsa misalı xəstəlik deyilən əngəllərin gəlişinə sevinərək tələsirlər:

 

Cənabi həqq, Akif adlı

Bir bəndəniz də boğulur...

 

Bulağın haradan, hansı qayanın altından sızıb çıxacağı özündən asılı olmadığı kimi, nə yazıq ki, sənətkarın da zaman və məkan seçmək imkanı olmur. Bu ondan yox, tale deyiləndən asılıdır. Beləliklə, hər kəs ona biçilmiş libası geyməyə, ona seçilmiş zamanı yaşamağa məhkumdur. Bir rus ata sözündə deyildiyi kimi: "Vremena ne vıbirayut, V nix jivut i umeraet". Amma seçilməyən zamanda seçilmiş olmaq da bir Tanrı xoşbəxtliyidir. Akif Səmədə də heç şübhəsiz belə bir alın yazısı qismət olmuşdu. Yaşadığı zaman  çərçivəsinə sığmadığı, başqalarına bənzəməyən davranışları seçilmişliyinin bir göstərgəsi idi... Ruhun qurtuluşu bədənin ölümündən asılıdır:

 

...Köçüb getmək zamanıdır

Dünya viranda qalınca.

 

Dünyada insandan güclü maqnit yoxdur. Yaşayanları çox zaman cismən ölənlər idarə edir, onlara yön verir. Bunu elə rəhmərtlik Akif Səmədin şəxsində də görə bilərik. Bir insan ancaq sevdiyi şeylər uğrunda mübarizə aparar və yeri gələndə özünü qurban verər. Azad insanın taleyi zamana və tarixə görə hər zaman faciəvidir. Kafka deyirdi ki, şeir həyatı gözəlləşdirir. Şairlik bir millətin əsəb nöqtəsi, qançəkər yeri olmaqdan başlayır... Söz bizdən yaşlıdır, söz bizdən cavan... Hegel demişkən, şeir insanlığa Tanrı tərəfindən içini aça bilməsi üçün verildi. Başqa sözlə, şeir insanlığın ANA DİLİDİR. Şairin sevgisi şerin sevgisidir.

Göte deyirdi ki, isedadı mezarı doğruldur. Şairin və şeirin qədəri göylərdə yazılıdır. Akif Səməd bu fani-dünyadakı az-azacıq ömrünü dopdolu yaşadı və bu ömrün zamanlara sığmayacağını hamıdan əvvəl idrak etdi:

 

...Ölümə, ömürə sərhəd qoymadım,

Zamansız bir ömür yaşadım, oğul.

 

Sevgili oxucu, önündəki nar dənələri kimi dopdolu olan bu kitab, yuxarıda dediklərimizin vaz keçilməz sübutudur. Bu bir kitab dolu şeir Akif Səməd ilhamının sabaha və əbədiyyətə yolçuluğudur. Oxuyacağınız hər misrada şair enerjisinin dipdiri, capcanlı qaldığını siz də görəcək və mənim kimi ölümsüz Akif Səməd ruhuna fatiha oxuyacaqsınız...

 

 

Məmməd İSMAYIL

 

Kaspi.- 2011.- 17-19 sentyabr.- S.24.