Ümumi maraq xalqa uyğun olmalıdır” 

 

Ekspertlər milli teleserial və telefilmlərin çəkilişi ilə bağlı fikirlərini bildirdilər

 

Milli televiziya seriallarının və televiziya filmlərinin çəkilişi ilə bağlı artıq Milli Televiziya və Radio Şurasının variantları var. Bununla belə, istiqamətlərin, mövzuların daha dəqiq müəyyənləşməsi, bu yöndə sanballı işin ortaya çıxması üçün müxtəlif ekspertlərin rəyləri də önəmlidir. MTRŞ-da düzənlənən “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalı sahəsində qarşıda duran vəzifələr” adlı tədbir də milli teleserial və telefilmlərin çəkilişi ilə bağlı mövcud problemlərə bir daha güzgü tutdu.

 

İlk addımımızı atmalıyıq

 

MTRŞ sədri Nuşirəvan Məhərrəmli işin ağır və məsuliyyətli olduğunu bir daha xatırladaraq dövlət başçısı tərəfindən ayrılan vəsaitin ayrı-ayrı hüquqi şəxslərə və ya prodüser mərkəzlərinə bölüşdürüləcəyi, amma sonradan ortada hər hansı bir nəticənin ola bilməyəcəyi ehtimalını da dilə gətirib. “Bunun əsas məsuliyyətini şura daşıyacaq. Uzun müddətdir Azərbaycan efirində xarici seriallar daha çox üstünlük təşkil edib. Azərbaycan gəncləri, ümumiyyətlə, Azərbaycan tamaşaçıları xalqımızın mentalitetinə uyğun olmayan seriallarla tərbiyə olunur. Təbii ki, biz dünyaya qapalı ölkə deyilik. Yeri gələndə xarici ölkələrin filmlərinə də baxmalıyıq. Bununla bağlı televiziya kanallarının rəhbərlərinin üzərinə də böyük məsuliyyət düşür ki, yetişməkdə olan gənc nəslin tərbiyəsinə xüsusi diqqət ayırsınlar. Biz problemlə bağlı dəfələrlə öz münasibətimizi bildirəndə onlar öz arqumentlərini ortaya qoyur, kifayət qədər zəngin kino bazamızın olmadığını bildirirlər». N.Məhərrəmli qeyd edib ki, müstəqillik dövründə milli kino sahəsində müəyyən işlər görülməsinə baxmayaraq, bu, qənaətbəxş deyil. Belə ki, yeni çəkilən filmlərə, seriallara cəmiyyətdə münasibət birmənalı deyil. «Ən əsası odur ki, həmin filmlər özümüzündür. Biz bu istiqamətdə nədənsə başlamalı, ilk addımımızı atmalıyıq».

Şura sədri son illər Azərbaycanda bu sahədə müəyyən canlanma yarandığını bildirib. «Bizim telekanallara müraciətimizdən sonra seriallarla bağlı müəyyən işlər görürlər. Bədii filmlər çəkirlər. Əgər bizim telekanallardan hər biri il ərzində bir serial və ya telefilm çəkərsə, 10 ildən sonra xeyli film alınar».

Şura sədri əsas məqsədin efirdə milli serialların və televiziya filmlərinin çəkisini artırmaq olduğunu bildirib: «Biz çox istərdik ki, hər gün efirdə milli filmlər daha çox üstünlük təşkil etsin. Biz efiri gülüş xətrinə dolduran mövzulardan uzaqlaşmalıyıq”.

MTRŞ sədri serialların gedişatı zamanı reklam olunan məhsullarla bağlı fikrini də bildirib: “Sponsorlar çox vaxt serialların içində məhsullarını reklam etdirirlər. Bəzən bir serialın içində sponsorların adı 100 dəfə çəkilir. Bu, nə o seriala, nə sponsora, nə də telekanala başucalığı gətirir. Milli televiziya filmlərinin istehsalı ilə bağlı ölkə prezidentinin ayırdığı vəsait hesabına filmlər çəkilərkən belə halların qarşısı alınacaq. Ümumi maraq xalqa uyğun olmalıdır”.

N.Məhərrəmli həmçinin prodüser mərkəzlərində çəkiləcək filmlərin televiziyaların ekranına yol tapa bilməməsinin, eyni aktyorların ayrı-ayrı kanallarda filmə çəkiləcəyi təqdirdə aktyor probleminin və s. yarana biləcəyini də vurğulayıb.

Şura sədri diqqətə çatdırıb ki, dövlət bu və ya digər formada çəkilən filmlərin mülkiyyətçisi olmalıdır. Belə ki, həmin filmlər cüzi qiymətlərlə telekanallara verilə bilər.

MTRŞ sədri qurumun telekanallarla prodüser mərkəzləri arasında vasitəçi olmaqla  vəsaitin bir hissəsinin “avans” yolu ilə verilməsini, daha sonra çəkilən məhsulun bir hissəsinin qəbul edilib işçi qrup tərəfindən yoxlanılması, bəyəniləcəyi təqdirdə həmin prodüser mərkəzinə işin davam etdirilməsinə icazənin verilməsi və s. təkliflərini də səsləndirib. «Bu işi daha keyfiyyətli görən telekanalla sonra da işləyəcəyik. İlkin mərhələdə isə telekanallar arasında bərabərlik olacaq. İstehsal olunan məhsulların bəyənilməyəcəyi sonrakı mərhələdə bərabərlik pozula bilər». 

 

Təkcə çəkilişlə iş bitmir

 

BDU-nun jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədlinin fikrincə, serial çəkilişi mərhələli prosesdir. Hər şeydən öncə bəlli plan olmalıdır: «Bu, Volodarski adına fabrik deyil ki, elə məhsul istehsal edəsən. Serialların hansı mövzuda – sənədli, bədii seriallar və s. çəkilməsinə ehtiyacın olması araşdırılmalıdır. Bu gün sənədli seriallara çox ehtiyac var. Bununla bağlı xarici ölkələrin təcrübəsi mövcuddur.  Amma modeli olduğu kimi xaricdən götürmək olmaz”.

Z.Məmmədlinin fikrincə, serialların mövzusu sosioloji, marketoloji sorğular əsasında müəyyənləşməlidir. Yəni əhali nə istəyir: «İnsanlar «Dumanlı Təbriz», «Qılınc və ya qələm»i istəyirlər, yoxsa onlar hüquqi maarifləndirici, bəşəri dəyərlərə həsr olunan seriallar xoşlayırlar».

Z.Məmmədli təklif edib ki, serialların çəkilişi dövlətdən maliyyələşən və özəl telekanallara deyil, prodüser mərkəzlərinə həvalə edilsin: «Bu, prodüser mərkəzlərinin canlanması üçün çox önəmlidir. Kinematoqrafik təcrübə televiziyalar üçün yetərli deyil. Xarici təcrübəni öyrənmək lazımdır. Ruslar, gürcülər, özbəklər sovet dövründə seriallar çəkirdilər. Bir təcrübəni asanlıqla kimdən öyrənə bilərik? Bu baxımdan Türkiyə ilə işbirliyi qurmaq daha önəmli olar». Z.Məmmədlinin fikrincə, təkcə çəkilişlə iş bitmir, maraqlı ssenarinin olması ilk növbədə vacibdir: «Bizim çəkiliş qrupu heç vaxt sərbəst bazar şəraitində işləməyib. Burada çox çətinliklərlə rastlaşacaqlar. Belə ki, böyük rəqabət olacaq. Çünki tamaşaçı bu gün daha çox xarici seriallara üstünlük verir”. 

Rejissor Elşən Zeynallının fikrincə, Azərbaycanda televiziya kinosunun ənənəsi var. Belə ki, İTV seriallar çəkir, ATV də sənədli filmlərin çəkilişinə başlayıb. «Əsas odur ki, çəkilişə qədərki dövr tənzimlənsin, ədalət qorunsun. Fərqi yoxdur ki, serialların çəkilişi kimə verilir. Ortada keyfiyyətli iş olmalıdır. Bu yükün altına girən rejissor, ssenarist işin məsuliyyətini duymalıdır». E.Zeynallı hesab edir ki, daha çox müasir tələblərə cavab verən filmlərin çəkilməsinə ehtiyac var.

İctimai Televiziyanın təmsilçisi Rafiq Səməndər hesab edir ki, serialların çəkilişində klassik yazıçıların yaradıcılığına üstünlük verilməlidir: «Film ssenaridən başlayır. Ssenari güclü olmalıdır ki, rejissor onun əsasında çəkə bilsin. Bizim cavanlar oxumurlar. Onlara klassik yazıçılarımızın hekayələri ekranlaşdırılıb təqdim edilməlidir. Biz bununla həm klassik əsəri ekranlaşdıra, həm də gəncləri tərbiyə edə bilərik». R.Səməndər ssenari ilə bağlı müsabiqə elan olunmasının tərəfdarı olmadığını vurğulayıb: «Əgər ssenari müsabiqəsi elan olunsa, yüzlərlə əsərlər gələcək və bu əsərlərin öhdəsindən gəlmək olmayacaq». R.Səməndərin fikrincə, çəkilişlərin həvalə olunması üçün prodüser mərkəzlərinin, ayrı-ayrı telekanalların ən yaxşı əsərlərinin təqdimatı ilə maraqlanmaq lazımdır: «Bu təqdimat bəyəniləndən sonra iş onlara verilsin».

 

Bütün iştirakçılara bərabər və ədalətli şərait

 

“Antenn" Telerado Şirkətinin prezidenti Rüstəm Əliyev  Azərbaycan tamaşaçısının Azərbaycan efirindən uzaqlaşdığını böyük problem kimi diqqətə çatdırıb: «Bu gün türk serialları Azərbaycan tamaşaçısını çox aludə edir. Biz sorğularımız əsasında bunu araşdırmışıq. İndi tamaşaçını öz televiziyamıza qaytarmaq lazımdır. Biz yavaş-yavaş çəkib öyrənəcəyik. Öz efirimizdə Azərbaycan məhsulu olmalıdır”. R.Əliyev hesab edir ki, başqa ölkələrin təcrübəsində olduğu kimi, hər hansı mövzunu müasir tematikaya uyğunlaşdırıb tamaşaçıya təqdim etmək olar».

«Lider» televiziyasının Efir və Proqram Departamentinin direktoru Aslan Məmmədov bildirib ki, əgər serialları hər hansı prodüser mərkəzi çəkəcək və onlar rəflərdə qalacaqsa, bunun heç bir xeyri yoxdur. Və yaxud əgər bu işi televiziyalar boynuna götürəcək və yerinə yetirə bilməyəcəklərsə, bu da bizim xeyrimizə olmayacaq: «Bütün iştirakçılara bərabər və ədalətli şərait yaradılsın və nəticə yoxlanılsın» - deyə təklif edib.

Televiziya mütəxəssisi Qulu Məhərrəmlinin fikrincə söhbət bədii televiziyanın yenidən qurulmasından gedir. Belə ki, bayağı seriallar, film adı ilə tamaşaçıya sırınan verilişlərdən yaxa qurtarmaq üçün yüksək estetik dəyərlərə malik filmlər ortaya çıxmalıdır: «Çox təəssüf ki, sovet dövründən sonra bizim kinoda da, televiziyada da milli kino ilə bağlı problemlərimiz var. Bizim televiziya bu illər ərzində milli simasını formalaşdıra bilmədi. Bu gün hər şeyə film deyib təqdim edirik. Bunlar səliqəli televiziya verilişləridir».

Q.Məhərrəmlinin fikrincə, televiziyada hansı mövzuda filmlərin çəkilməsidir: «Əgər seriallar quru təbliğat üçün çəkiləcəksə, bunlar lazım deyil. Peşəkarlıq önəmli rol oynamalı, ideyanın cazibədarlığı olmalıdır. Biz nə istədiyimizi dəqiq bilməliyik». Q.Məhərrəmli çəkilişlərin peşəkarlara həvalə olunmasının tərəfdarı olduğunu bildirib. Belə ki, həmin peşəkar prodüser mərkəzində də, televiziyalarda da ola bilər: «Televiziyalar tarixində peşəkarlar çox deyil. Çoxlu enerjili cavanlar formalaşıb. Amma enerjili olmaq hələ peşəkarlıq deyil». Q.Məhərrəmli proseslə bağlı münsiflər heyətinin təşkil olunmasını vacib hesab edərək, sanballı işçi qrupunun yaradılmasını, konsepsiyanın müəyyənləşdirilməsini təklif edib: «Mən sifarişlərin prodüser mərkəzləri tərəfindən həyata keçirilməsinin tərəfdarıyam. Əsas məqsəd o olmalıdır ki, milli məhsul problemini həll edərək televiziya kino bazarını formalaşdıraq. Nə qədər azad sistemdə fəaliyyət göstərsək, bir o qədər yaxşıdır”.

 

Açıq, səmimi söhbətlərə ehtiyac

 

Kinoittifaqın təmsilçisi Rafiq Hüseynov dünya təcrübəsindən çıxış edərək filmlərin televiziya kanalları tərəfindən sifariş olunduğunu bildirib. Onun fikrincə, heç bir müsabiqənin keçirilməsinə ehtiyac yoxdur. “Kino sahəsində tanınmış ssenaristlərin dəvət olunmasına ehtiyac var. Onlara ssenari sifariş edilməlidir. Ssenari bəyəniləndən sonra isə telekanallara pul vermək lazımdır. Hər serialın təbii ki, öz qiyməti var».

«Space» televiziyasının təmsilçisi İman Məcidov da hesab edir ki, filmlərin çəkilişini televiziyalar özləri prodüser mərkəzlərinə sifariş etməlidir: «Çünki hər televiziyanın öz konsepsiyası var».

Kinorejissor Şamil Nəcəfzadənin fikrincə, ilk növbədə layihənin ideyasının maraqlı olması önəmlidir. Rejissor hesab edir ki, bu cür çəkilişlər, klip, reklam çəkən rejissorlara həvalə olunmamalıdır: «Bunlar çoxseriyalı bədii filmlərdir. Burada kino anlayışı var. Sadəcə TV formatına uyğunlaşıb». Ş.Nəcəfzadə filmlərin çəkilməsi ilə bağlı televiziya və kino sahəsində təcrübəli mütəxəssislərdən ibarət komissiyanın yaradılması təklifi ilə çıxış edib: «Həmçinin layihələr tenderi elan olunmalıdır. Hazır ssenariləri təqdim etmək qeyri-peşəkar anlayışdır».

Tanınmış rejissor Ramiz Həsənoğlunun fikrincə dövlət başçısı tərəfindən ayrılan  vəsait eksperiment üçün deyil. Belə ki, ortaya iş qoyulmalıdır. R.Həsənoğlu, Bədii Şuranın  yaradılması təklifi ilə çıxış edib: «Hansı telekanalların imkanları böyükdür, onlara üstünlük verilməlidir».

Rejissor Əlisa Cabbarov teleməkanda özəl istehsalçı şirkətlərin məhsulunun olduğunu bildirib. Onun fikrincə, hər şeydən əvvəl piratçılığın qarşısının alınmasına ehtiyac var: «5-10 manat verib xarici filmləri almaqdansa, yerli filmlərə üstünlük verilsə yaxşı olar. Bizim bazar türk seriallarına uduzur. Ona görə yox ki, biz onlardan geriyik, söhbət müəyyən sosial ailə problemləri ilə bağlı olan filmlərdən gedir». Ə.Cabbarovun fikrincə, çəkiləcək filmlərdə açıq, səmimi söhbətlərə icazə olmasa, tamaşaçı auditoriyası formalaşdırmaq olmayacaq: “Onda tamaşaçılarımız yenə də “Fatmagülün suçu nə?” serialına baxacaqlar”. 

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2011.- 20 sentyabr.- S.9.