“İndi mən
rahatam və düşünə bilirəm”
Tanınmış rejissor Bəhram
Osmanov teatrdakı çatışmazlıqlardan
danışdı
Teatrların
əksəriyyəti yeni mövsümü açıq elan
edib. Teatrlarda bir canlanma yaranıb. Tanınmış rejissor Bəhram
Osmanov deyir ki, Azərbaycan teatrında vəziyyət o qədər
də pis deyil. Rejissor “Kaspi”yə müsahibəsində milli
teatr sahəsində inkişaf və
çatışmazlıqlar barədə danışıb:
Hələ teatr ölmür
- “Teatr elə bir sənətdir ki,
daim yeniləşməyə doğru gedir” – bu fikri aktyorlar da,
rejissorlar da dönə-dönə təkrarlayırlar . Hansı
yeniliklərdən danışmaq olar?
- Proses teatrda həmişə olub. Bəzən bunu tamaşaçılar, bəzən tənqidçilər hiss edə bilmirlər. Teatrın yeniləşməyə getməməsinə lüzum yoxdur. Yoxsa teatr bağlanar, deqradasiyaya uğrayar. Sadəcə baxır iş orda sürətli, yoxsa ləng gedir. Orada nəsə bir yenilik etmək həvəsi olmalıdır. Mən hələ gənc yaşlarımdan teatra gələndə qocalan aktyorlar, tənqidçilər, teatrşünaslar dedilər ki, teatr ölür. Hazırda peşəkar teatr sahəsində 25 il təcrübəm var, amma hələ teatr ölmür. Teatrın məhvə doğru getmək prosesi ilə bağlı söhbətlər hələ sənət yaranandan var. Ancaq tarix sübut etdi ki, bu sənət mütləq yaşamalıdır. Teatr sənətinin tənəzzülə getməsi mümkün deyil. Çünki yeni nəsil düşünərək gəlir. Dediyiniz modern teatrın yaranması üçün ilk növbədə modern ədəbiyyat lazımdır. Biz repertuarda nə qədər xarici əsərlər hazırlasaq da, teatr milli Azərbaycan dramaturgiyasının yetişməsinə mütləq kömək etməlidir. Bu gün 25-30 yaşlı gənc yazıçılarımız var ki, onlar hələlik teatrın ətrafında fırlanırlar. İnanıram ki, nə zamansa bütün dünyadakı kimi Bakıda da teatr mərkəzi yaransa, problemin həllinə kömək edər. Moskvada teatr sənətinin tədrisi ilə məşğul olan beş institut, bir teatr akademiyası fəaliyyət göstərir. Keçən il Moskvada Oleq Tobakovun rəhbərliyi altında Teatr Gimnaziyası yaranıb. Üstəlik orada beynəlxalq teatr mərkəzi də yaratmaq istəyirlər ki, o da gələcək teatrın, gənclərin inkişafına kömək eləsin.
- Onda belə çıxır ki,
Moskvada teatrların inkişafına yaradılan şərait bizim
teatrlara şamil olunmadığı halda biz öz
teatrlarımızdan çox şey tələb edirik?
- Bizim
teatrlara da şamil edilir. Prezidentin teatrların inkişafı
ilə bağlı verdiyi sərəncamdan irəli gələn
bir xeyli müddəalar var ki, onlar artıq yerinə yetir. Sadəcə,
teatrlar bunu çoxlu reklam etmirlər. 3 il bundan əvvəl Gəncə
Teatrında teatr studiyası fəaliyyətə
başladı. Həmin teatrın artıq yeni bir nəsli var
ki, onlar işləyirlər. Gəncə, Bakı və Lənkəranda
keçirilən teatr festivallarında onlar özlərinin yeni
tamaşalarını göstərdilər. Həmçinin Lənkəran
teatrında da belə bir studiya fəaliyyət göstərir.
Mingəçevir teatrı bütün bölgədə
analoqu olmayan səviyyədə təmirdən
çıxıb. Burda da teatr studiyası fəaliyyətə
başlayacaq. Gənc Tamaşaçılar Teatrında
böyük bir aktyor heyəti var. O teatrın mətbəxinə
bələd olan adam kimi deyə bilərəm ki, orada gərgin
iş gedir. Musiqili Komediya Teatrının təmirdə
olmasına baxmayaraq, iri masştablı tamaşalar təhvil
verib. Mən isə bu teatrda Mirzə Fətəli Axundzadənin
200 illik yubileyinə «Kimyagər» tamaşasını
hazırlayıram.
Teatr heç vaxt kütləvi ola
bilmir
- Bir dəfə tədbirlərin
birində Əbülfəz Qarayev teatrların fəaliyyətinə
toxunaraq sizin Gəncədəki
işinizi nümunə göstərib dedi ki, «Bəhram Osmanov Gəncə
Teatrına gedəndən sonra orada inkişaf hiss olunur”. Siz ənənəvi
teatrda nəyi dəyişdiniz ki?
- Mənim
ilk işim gedən aktyorları teatra qaytarmaq oldu. Sonra
nazirliyin dəstəyi ilə teatr studiyasını
yaratdıq. Tamaşaların tamaşaçılar tərəfindən
qəbul olunması üçün maraqlı repertuar
hazırladıq. Tamaşaçılar teatra qayıtdı.
Onda Gəncə Teatrı həftədə 3 tamaşa
oynayırdı. Əlbəttə, şəhər icra
başçısının köməyini də danmaq olmaz.
Tamaşaçılar artıq bilirdilər ki, teatr var və
teatra gəlmək lazımdır. Yəni artıq
tamaşaçının teatra inamı yarandı. Artıq
aktyor enerjisini başqa istiqamətə yönəltmək
lazım idi. Bunlar mərhələ ilə baş verən
hadisələrdir. Sadəcə mənim vaxtım bitdi və
geri qayıtdım.
Bəzən
teatrın mətbəxinə bələd olmayanlar Azərbaycan
teatrını gərginlikdə saxlayırlar. Ancaq inanın,
Azərbaycan teatrında vəziyyət o qədər də pis
deyil. Biz kifayət qədər kənara
çıxırıq və oradan Azərbaycan teatrı
çox güclü görünür. Sadəcə, Azərbaycan
teatrının qonşu ölkələrdə böyük
reklama ehtiyacı var. Biz həmişə qastrollarda,
festivallarda olarkən «Necə olub ki, sovet dövründə
siz görünməmisiniz» sözlərini eşidirik.
- Şəxsən sizin
hazırladığınız tamaşalarla bağlı
soruşuram: cibindən pul verib bilet alan tamaşaçılar
çox olurmu?
-
Tamaşanın reklamı olanda tamaşaçı olur. Yəni
tamaşaların reklamları telekanallarda olanda, şəhərdə
böyük afişalarda vurulanda bu, baş verir.
- Bəs necə etmək olar ki,
tamaşanın taleyi reklamlardan yox, insanların mənəvi tələbatından
asılı olsun?
- Azərbaycan
xalqı elə bir xalqdır ki, onlara bir şeyi dönə-dönə
təbliğ edəndə onun arxasınca daha tez gedirlər.
Azərbaycan oxucuları da, ziyalıları da,
tamaşaçıları da belədir. Sovet dövründə
çoxlu kitablar təbliğ olunurdu və hamı oxuyurdu. 150
min tirajla çıxan ən populyar
yazıçıların əsərləri 3 günün ərzində
satılırdı. Bu gün də Azərbaycan
teatrının və ədəbiyyatının təbliğata
ehtiyacı böyükdür. Ancaq nə Bakıdakı
telekanallar, nə də ki, bölgələrdəki kanallar
teatrın təbliğatı ilə məşğul olmurlar.
Ona görə də şəhərdən kənarda
yaşayan insanlar mərkəzdə yerləşən
teatrların hansı tamaşanı göstərməsindən
xəbərsiz olur. Bu baxımdan sizin salonda
gördüyünüz tamaşaçıların hər
biri özləri bilet alıb gələnlərdir. Hər
hansı bir şəhərdə teatr varsa, o şəhər əhalisinin
yalnız 3-5 faizi teatral olur. Bu da həmin teatrın,
aktyorların inkişaf etməsinə, repertuarın təşəkkül
tapmasına bəs edir.
- Yəni bu prosesi kütləviləşdirmək
mümkün deyil?
- Qətiyyən
mümkün deyil. Teatral tamaşaçı termini elə-belə
yaranmayıb. Çünki teatr heç vaxt kütləvi ola
bilmir. Teatrda seyrçi ilə aktyorlar arasında əylənmə
oyununu qəbul edirsən. Yəni teatr bir növ sənətin
əyləncə növlərindən biridir. Əgər bu
oyundan gələn enerji tamaşa salonunda oturan insanların
enerjisi ilə birləşirsə, onda möcüzə əmələ
gəlir. Olub ki, mövsüm boyu 4-5 dəfə bu
möcüzənin şahidi olmuşam. Bu möcüzə
üçün işləməyə dəyər. Mən
özüm də çox vaxt «Tamaşaçını necə,
hansı mövzu ilə teatrda saxlamaq olar» - deyə
düşünürəm. Amma bəzən həmin ədəbiyyat
və ya arzuladığın aktyor, ya rəssam
tapılmır. Bunlardan biri çatışmayanda çətinlik
yaranır.
Hərdənbir
çılğınlıq olur
-
Yaradıcılıq baxımından sərbəst rejissor kimi
fəaliyyət göstərmək daha rahatdır? Bunu
keçən il «Azdrama»dan getməyinizlə bağlı
soruşuram. O zaman gedişinizlə bağlı heç bir
açıqlama vermədiniz.
-
Heç bir açıqlamam olmayıb, heç indi də
yoxdur. Sadəcə, bir qədər özümün
rahatlığımı, düşünməyimi istədim.
Fikirləşdim ki, görüm Azərbaycanda belə bir
şey mümkündürmü? Düşünmək
üçün də bir balaca ölkədən
çıxmaq lazımdır. Çıxdım,
gördüm, baxdım. Ona görə də sizə ürəklə
deyirəm ki, Azərbaycan teatrı heç də kənardan
pis görünmür. Azərbaycan teatrının
inkişafı göz qabağındadır və bu
inkişafı da yaradanlar bizik. Stanislavskinin belə bir
sözü var: «Teatrı sevin və bacarırsınızsa o
teatrda ölün». İndi mən rahatam və
düşünə bilirəm. Bir var proseslərin içində
olasan, bir də var ki, kənardan onu kənardan seyr edəsən.
Mən indi onu kənardan seyr etməyi bacarıram. Mənim
artıq teatr yaratmaq istəyim yoxdur. Amma istədiyim pyesi
seçib məni dəvət edən istənilən teatrda
hazırlamaq hüququm var. Xoşuma gəlməyən pyesi
hazırlamamaq üçün «yox» demək hüququm var.
- Yaradıcılıq
baxımından ölkədən kənar müşahidələriniz
sizə nə verdi? Bir halda ki, səhnə həmin səhnədir,
aktyorlar da eyni?
- Mən
anladım ki, teatra rəhbərlik edən yaradıcı şəxs gələcək 5 ilin aktyorlarını
yetişdirməlidir. Auditoriyada və parta arxasında yox. Onlar özləri hiss etmədən
gələcək 5 ilin teatrını qurmağı
bacarmalıdır. Teatrın rəhbəri təpədən
dırnağa qədər belə olmalıdır.
- Dediyiniz proses bizim teatrlarda baş
verirmi?
- Təəssüf
ki, yaradıcı rəhbərlərdə baş verməyib.
Mənə elə gəlir ki, yaradıcı rəhbərlər
daha çox öz tərcümeyi-hallarını doldurmaqla məşğuldurlar.
Desinlər ki, “yaradıcılığımda Şekspirin əsərini
15 dəfə və ya filan əsəri dəfələrlə
qoymuşam”. Onlar daha çox buna çalışırlar.
Yeni xarakter yaratmaq, bələd olduğumuz bir pyesə kimsənin
görmədiyi baxışlarla yanaşmaq həvəsi hələlik
yoxdur. Hər şey yüksək peşəkarlıqladır,
amma tamaşa 3 dəfə oynanılandan sonra sınır.
- Sizin xəyallarınızda
qurduğunuz və nə vaxtsa yaratmaq istədiyiniz teatr
mövcud teatrlardan nə ilə fərqlənir?
- Elə
bir fərq yoxdur. Bizdə Milli Dram Teatrı Azərbaycan
peşəkar teatr tarixini öz çiyinlərində
daşıyır. 139 il ərzində Azərbaycanın ən
məşhur, ən peşəkar rejissorları uzun müddət
bu teatra rəhbərlik ediblər. Bəzən
tamaşaçı az gəlib, amma peşəkar tamaşalar
olub. Bəzən tamaşaçı çox gəlib, amma
tamaşalar ideal səviyyədə olmayıb. Bəzən
aktyorlar rejissorlardan, bəzənsə rejissorlar aktyorlardan daha
güclü olub. Bu, canlı bir prosesdir. Amma son 30 ildə istər
rejissor, istərsə də aktyor sənətində bir qədər
xaos var. Bunun səbəbi odur ki, hər bir teatr məhz Milli
Dram Teatrına örnək olmağa çalışır.
Bu, yazılmayan bir qanundur. İndi teatrlarda repertuarı təqlid
eləməsələr də, oyun tərzi Milli Dram
Teatrına oxşayır. Bu teatra gələn hər bir
rejissorun istəyi bu olub ki, yalançı akademizmi
dağıdaraq onun yerində siz deyən modern bir teatr qursun.
Ancaq bir şeyi unutmaq lazım deyil ki, Milli Dram Teatrı ənənəvi
– Azərbaycan əxlaqına, mentalitetinə həmişə
xidmət edən teatr olub. Bu teatrda hər bir eksperiment aktyor
prizmasından keçəndən sonra başlayır. Əgər
aktyor həmin eksperimenti qəbul etmirsə, ömründə
uğur qazana bilməz.
- Dəvət aldığınız
teatrlarda hazırladığınız tamaşalarda
müşahidələriniz rol oynayacaqmı? Daha dəqiq desəm,
sizə imkan verəcəklərmi?
- Mənə
həmişə imkan verirlər. Düzdür, hərdən
bir çılğınlıq olur. Sadəcə, işləmək
lazımdır. İşləyəndə isə istədiyini
tapırsan. Yəni burada olmasa da, müəllim kimi işləmək,
İncəsənət Universitetində tələbələrlə
tamaşalar hazırlamaq mümkündür. Amma
ilyarımlıq boşluq mənə qəribə bir güc
verib. Çoxlu oxumuşam, yeni pyeslər tapmışam. Sadəcə,
hər şeyin zamana ehtiyacı var. İlk növbədə
mühiti dəyişmək lazımdır. Yəni aktyorlar
sözün həqiqi mənasında öz işlərindən
ləzzət alsınlar.
Təranə MƏHƏRRƏMOVA
Kaspi.- 2011.- 21 sentyabr.- S. 9.