Turizm: Ölkəyə gətirmirik,
ölkədən niyə qaçırırıq?
İnsanların münasib qiymətə
keyfiyyətli istirahətini təşkil etmək istəməyənlər
ziyanı təkcə özlərinə vurmurlar...
Dincəlməyi düşünən
istənilən insanı bu gün dindirsəniz, onun istirahət
planlarının mütləq xarici ölkələrlə
bağlı olduğunu görəcəksiniz. Səfərin xərclərinə
maliyyə imkanı çatdı-çatmadı, qurulan planlar
ən azı xəyallarda da olsa, bu çərçivələrdən
kənara çıxmır. Səbəb yalnız
görülməsi arzulanan yad ölkələrə can atmaqla
bağlı deyil. Bu gün yerli turistləri ölkəmizin
turizm məkanlarından qaçaq salan çoxsaylı səbəblər
var. Elə bu səbəblərin aradan qaldırılmasına
yönələn “Turizm ili”nin yekunlaşmasına az müddət
qalsa da, nədənsə bu sahədə irəliləyiş
nəzərə çarpmır.
Əslində,
2011-ci ilə bu adı verməklə “Turizm ili”ndən gözlənilənlər,
daha doğrusu, il ərzində bu sahədə əməlli-başlı
dəyişikliyi görmək ümidləri də
çoxdur. Doğrusu, bu gün Azərbaycanda müasir
standartlarla uyğunlaşan otellərin sayının
artmasını danmaq olmaz. İstər Bakıda, istərsə
də regionlarda möhtəşəm tikililəri ilə diqqət
çəkən xeyli otellər, turizm kompleksləri
mövcuddur. Amma xidmət haqqının yüksəkliyi ilə
də seçilən bu otellərdə dincəlmək bu
gün hər kəsə nəsib olmur. Nisbətən əlçatan
otellər isə nə özümüzü, nə də mədəniyyət
və turizm nazirimizi razı salmır. Məsələn, yay
olunca əsas insan axınını qarşılayan istirahət
bölgələrindən biri olan Nabranda ümumi ab-havanı
nazir Əbülfəs Qarayev qənaətbəxş hesab
etmir. “İstirahət mərkəzlərinin daxilində səliqə-sahman
olmaması bölgədə turizmin inkişafına təkan
verə bilməz. Ərazinin səliqəliliyi və təmizlik
bu məsələdə ciddi rol oynayır”- deyən nazirin
sözlərinə görə, turizm müəssisələri
standartları nəzərə almalıdırlar. Naziri
razı salmayan başqa problem turizm şirkətləri ilə
mehmanxanalar arasında mövcud olan zəif əlaqələrdir.
Elə şirkətlərin özləri də bu amildən
şikayətçidirlər. Məsələn, bir müddət
əvvəl turizm şirkətləri ilə qəzetimizdə
kökünü araşdırdığımız bu problemi
“Şahanə” turizm şirkətinin təsisçisi
Sayalı Səfərova turistləri yerləşdirmək
üçün otellərdə endirimlərin olmaması ilə
izah edib: “Tutaq ki, 600 manata Antalyaya gedib, yemək, yol xərcləri,
beşulduzlu otel daxil olmaqla, 10 gün müddətində
qalmaq olur. Dünyanın hər yerində turizm şirkətlərinə
endirimlər olur. Amma bizdə əksinədir. Məsələn,
170-200 manata Qəbələdə, ya Qubada otelin qiymətini
deyirlərsə, onu biz turizm şirkəti olaraq lap tutaq ki, 150
manata alaq, yenə də sərf eləmir. Gərək biz o
yerləri 30-40 manata alaq ki, müştərilərimizi orada
yerləşdirək. Ona görə də şirkətin xətti
ilə daha çox xaricə göndəririk, nəinki Azərbaycana
qəbul edirik. Sahibkarlar tərəfindən yerli şirkətlərə
otellər, restoranlar və s. üçün endirimlər
olmalıdır”. Belə bahalıq isə nəinki xarici
turistlərin, eləcə də yerli turistlərin istirahətinə
əməllicə əngəl yaradır: ”Əgər bölgələrimizə
getsəniz, 30-40 manata normal otel tapa bilməyəcəksiniz. 30
manatlıq oteldə siz qalmazsınız. Biz
qonaqlarımızı orada saxlamarıq. Yaxşı, keyfiyyətli
otellərdə isə, məsələn, Qəbələdə
“Qafqaz Resort”da ən aşağı qiymət 150-170
manatdır. Bundan aşağı qiymətə yer yoxdur. 170
manata 3 gün qalmağın xərci 600 manata
yaxınlaşır”. Bu xərclə isə müştəri
Türkiyədə, eləcə də başqa ölkələrdə
dincəlməyi Azərbaycandan üstün tutur.
Hələ
1909-cu ildə Londonda Selfridge univermağının banisi Qarri
Qordon Selfridjin işlətdiyi və o vaxtdan da məişətdə
gündəlik istifadə olunan “müştəri həmişə
haqlıdır” ifadəsinə güvənsək, bu gün
yerli turizm sektorundan uzaq duran müştəriləri haqlı
çıxaran kifayət qədər faktlar sadalamaq olar.
Çünki xidmətlərə görə verdiyi, daha
doğrusu, ondan tələb olunan xərclər müştərinin
istirahətdən ala biləcəyi həzzin yanında hətta
kosmik rəqəmlərlə müqayisə olunur. Bu
yaxınlarda Qəbələdə yerləşən “Yeddi
gözəl” otelində şahidi olduqlarım fikrimin təsdiqi
ilə yanaşı, turizm problemlərinin yalnız qiymətlərdə
deyil, aşağı keyfiyyət və yararsız personal xidmətlərində
də olduğunu göstərir. Qəribəsi odur ki, analoji
problemlə düz bir ildən sonra eyni oteldə ikinci dəfə
qarşılaşırdıq. Yataq dəstlərinin dəyişdirilmədiyini
əsas gətirərək onların yenilənməsini istəyən
otaq yoldaşlarımdan birinin haqlı tələbinə bu
işə cavabdeh olan şəxs “bilirsiniz o qadınlar
bunların yuyulmasına nə qədər əziyyət
çəkir?”- cavabını verdi. Düzdür,
işçi personalın bu şəkildə
“qayğısına” qalıb, “halına yanan” həmin şəxs
gələn müştərilərin yuyulmamış yataq dəstlərindən
istifadəsini normal saysa da, bəlkə də bunu müştərilərin
şıltaqlıqları kimi qəbul etsə də, sonunda
haqlı çıxan müştərinin istəyi təmin
olundu. Amma otelə gələn müştəri heç də
səhhəti üçün problem yarada biləcək xəstəliklər
qazanmaq arzusunda olmadığı kimi, yataq dəstlərinin dəyişdirilməsini
personala xatırlatmaq öhdəliyi də daşımır.
Müştərilərini itirmək istəməyən, eyni
zamanda iradlarla qarşılaşmağı arzulamayan hər
bir otel özü bu kimi xırda görünən, əslində
böyük problemlərə yol aça biləcək məsələlərin
qayğısına ilk gündən qalmalıdır. Turizmin
çoxsaylı “dərdləri” bununla bitmir. Bu gün bələdçilərin
olmaması, viza çətinlikləri, uyğunsuz qiymətlər,
qeyri-peşəkar kadrlar və s. kimi həllini gözləyən
məsələlər ölkəyə turist gətirmək
bir yana, yerli turistlərin də ölkədən
qaçmasının əsas səbəbləri olaraq
qalır.
Əgər
ölkəni turizm məkanına çevirmək istəyiriksə,
onda S.Səfərovanın dediyi kimi, turistlər
üçün respublikada bütün şərait
yaradılmalıdır: ”Turist ölkəyə gələndə
bilməlidir ki, servis baxımından hər
rahatlığı var. Servis olmasa, turist ikinci dəfə o
ölkəyə gəlməz. Ona görə də aeroportdan
başlamış şəhərin içinə qədər
hər cür imkan yaradılmalı, hər cür servis
olmalıdır”. Bu məsələdə nazir Ə.Qarayev də
turizm şirkətlərini diqqətli olmağa
çağırır: ”Azərbaycanda kabab turizminin vaxtı
keçib. İndi insanlar keyfiyyətli şəkildə
istirahət etmək, əylənmək istəyirlər. Bunu təşkil
etməyənlər yalnız özlərinə ziyan vururlar”.
Amma
və lakin: Yalnız özlərinəmi?..
Həqiqət İSABALAYEVA
Kaspi.-2011.- 22 sentyabr.- S.8.