Azərbaycan müstəqilliyi – 20
«Bir neçə ilə İKT
sektorunun gəlirləri enerji sektorundan əldə olunan gəlirlərə
yaxınlaşacaq»
Müşfiq Əmirov müstəqillik illərində
rabitəmizin böyük inkişaf
yolu keçdiyini düşünür
Oktyabrın 18-də Azərbaycanın
yenidən müstəqilliyə qovuşmasının 20 illik
yubileyi qeyd olunacaq. Müstəqillik tarixi
üçün 20 il
o qədər də böyük
müddət olmasa da,
bu illər ərzində çox
böyük işlər görülüb.
Həyatımızın bütün sahələrində
nəzərəçarpacaq dəyişikliklər
müşahidə olunmağa
başlayıb. Müstəqillik illərində Azərbaycan
rabitəsi də böyük inkişaf yolu keçib. Rubrikamızın bugünkü
qonağı Rabitə İnformasiya
Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Müşfiq Əmirovla
söhbətimizdə rabitəmizin müstəqillik illərində
keçdiyi yola nəzər
salmağa çalışdı.
- Müşfiq
müəllim, müstəqilliyin 20 ilində Azərbaycan rabitəsi
hansı inkişaf dövrünü
keçib?
- Bu
gün İKT sahəsindəki fəaliyyətimiz ümummilli
liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji xətt üzrə aparılır. Məlum olduğu kimi, prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkədə bütün
sahələr üzrə islahatlar
aparılır. Bu islahatlar
sürətlə inkişaf edən
yüksək texnologiyalar fonunda
rabitə və informasiya texnologiyaları sektorunun gələcək inkişafını
da təmin etdi. Hər
bir vətəndaşın müasir informasiya-kommunikasiya
texnologiyalarından bəhrələnməsi imkanlarını
artırdı.
Müstəqilliyin
ilk illərində ümummilli lider Heydər Əliyev
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
xüsusi diqqət yetirdi və bu sahədə inkişafa nail
olmaq üçün daim səy göstərirdi. 1993-cü
ilin avqustunda Heydər
Əliyev Azərbaycanla Amerika qitəsi
arasında birbaşa rabitənin
yaradılmasına imkan verən peyk-rabitə
sisteminin açılışını etdi. Onun bu diqqəti nəticəsində
ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu.
1994-cü ildə «Bakcell» və 1996-cı
ildə «Azercell» birgə müəssisələri
yaradıldı və Azərbaycanda mobil
rabitənin inkişafının əsası qoyuldu.
1996-cı ildə isə “AzEvroTel” və “Ultel” birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi
üzrə xidmət göstərməyə başladı. Azərbaycanda
yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun
modernləşdirilməsinə start verildi, ilk elektron
ATS-lər quruldu. Azərbaycanda radio-televiziya yayımının dünya standartlarına uyğun
təşkilindəki uğurlar da məhz müstəqillik illərinə təsadüf
edir.
Onu da deyim ki, ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsində qurulması prezident İlham Əliyevin prioritetləri sırasındadır. Məhz onun 2003-cü ildə İnformasiya Cəmiyyəti üzrə Cenevrədə təşkil olunan beynəlxalq Sammitdəki çıxışından sonra müasir informasiya texnologiyalarının ölkəmizdə inkişafı və tətbiqi sürətləndirildi.
Təsadüfi deyil ki, cənab İlham Əliyevin
prezident seçildikdən sonra ilk beynəlxalq
səfəri 2003-cü il dekabrın 12-də
Cenevrədə keçirilən İnformasiya
Cəmiyyəti üzrə Dünya
Sammitində iştirakla bağlı oldu. Sammitdə “Qara
qızılı insan qızılına
çevirək” tezisini səsləndirməklə
cənab prezident ölkə
iqtisadiyyatında yeni inkişaf
mərhələsinin əsasının qoyulduğunu
bütün dünyaya
bəyan etdi. Bununla həm
də respublikamızda informasiya cəmiyyətinin
qurulması istiqamətində dövlət səviyyəsində
məqsədyönlü işlərə başlanğıc verdi. Bu, regionda
ilk olaraq Azərbaycanda
informasiya cəmiyyəti quruculuğu
prosesinə başlandığını bəyan etdi, yaxın on il üçün Milli Strategiyada müəyyənləşdirdi.
- Müstəqillik illərindəki
əsas nailiyyətiniz kimi hansı hadisələri qeyd edərdiniz?
- Bu
gün mövcud potensialdan səmərəli istifadə edilməsi
və onun inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları
sahəsinin təşkilati, hüquqi, texniki, kadr
baxımından modernləşdirilməsi, İKT sənayesinin
formalaşdırılması İKT sektorunda aparılan fəaliyyətin
ana xəttini təşkil edir. Eyni zamanda, bu sahəyə yeni
investisiyaların cəlb edilməsi və sahibkarlığın
genişləndirilməsi, azad bazar və sağlam rəqabət
prinsiplərinin gözlənilməsi, sosial əhəmiyyətli
layihələrin həyata keçirilməsi və nəticədə
Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin
edilməsinə yönəlmiş mühitin
formalaşdırılması da diqqət mərkəzindədir.
Azərbaycanın
İKT sektoru hal-hazırda milli iqtisadiyyatın ən sürətlə
inkişaf edən ikinci sektorudur. Bu inkişaf
tendensiyasının yaxın illərdə də davam edəcəyi gözlənilir və bu isə o deməkdir ki, bir neçə il ərzində
İKT sektorundan əldə olunan gəlirlər enerji sektorundan əldə olunan gəlirlərə ya
yaxınlaşacaq, hətta 2018-2020-ci illərdə hər iki sektor üzrə gəlirlər
bərabərləşəcək. Qeyri-neft
sektorunda İKT sektoru
ikinci ən böyük
vergi ödəyicisidir.
Hazırda
bir çox Avrasiya ölkələri
“rəqəmsal fərq” problemi ilə üzləşirlər.
Regionda genişzolaqlı şəbəkəni
yayılma səviyyəsinin aşağı olması, beynəlxalq
şəbəkəyə qoşulma ilə
bağlı problemlərin mövcudluğu
“əlaqələndirilmiş dünya”da “təcrid olunma” riski yaradır. Aydındır ki,
beynəlxalq qoşulmanı təmin edən uyğun
infrastrukturun yaradılması region üçün
qaçılmazdır. Bu məqsədlə, Azərbaycan Şərqi Asiya, MDB, Mərkəzi Asiya
və həmçinin Əfqanıstan və Pakistan
ərazilərindən keçməklə Qərbi Avropa və Sakit okean ölkələrinin iki
inkişaf etmiş informasiya şəbəkələri
arasında əlaqə yaradacaq “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi təşəbbüsünü
irəli sürüb. Bu layihənin reallaşdırılması
iştirakçı ölkələrdə bilik
əsaslı iqtisadiyyatın formalaşmasına və
ümumilikdə bütün regionun sosial-iqtisadi
inkişafına yardım edəcək.
Bundan başqa, prezident İlham Əliyevin kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”təsdiq edilib. Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulur. 2011-2012-ci illər ərzində Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək iki telekommunikasiya peyki buraxmağı planlaşdırırıq. Beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycan televiziya və radio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox qabaqcıl peyk tətbiqləri üçün xidmətlər təmin edəcək.
Ölkədə
kompüterlərin kütləvi yayımını nəzərdə
tutan “Xalq kompüteri” layihəsini də qeyd etmək yerinə
düşərdi. Xarici və yerli şirkətlərin və
Azərbaycan hökumətinin birgə reallaşdırdığı
bu layihədə ölkəmizin də istehsal potensialından
istifadə edilərək güzəştli şərtlərlə,
o cümlədən, 25-30% bazar qiymətlərindən
aşağı və bir illik faizsiz kreditlə kompüterlərin
vətəndaşlara satışı həyata keçirilir.
Nazirliyin
dəstəyi və təşkilatçılığı
ilə hər il keçirilən
“Bakutel” beynəlxalq telekommunikasiya və informasiya
texnologiyaları sərgi-konfransı ildən-ilə daha
çox yerli və xarici şirkətlərin təmsil
olunduğu iri platformaya çevrilir.
Müstəqil
Azərbaycan dövləti bu gün öz
inkişafının məzmun və keyfiyyətcə daha
yüksək mərhələsinə qədəm qoyub. Qarşıdakı illərdə Azərbaycanın
dünyanın ən inkişaf etmiş ölkələrindən birinə
çevrilməsi, siyasi və iqtisadi cəhətdən daha
da qüdrətli olması üçün
möhkəm baza, güclü
iqtisadi, texnoloji potensial və kifayət qədər maliyyə
imkanları mövcuddur. Təbii ki, Azərbaycanın hərtərəfli, dinamik və davamlı inkişafında rabitə
və informasiya texnologiyaları sektorunun rolu mühümdür və bu
rol durmadan
artmaqdadır.
- Mobil rabitə sahəsindəki
uğurlarımızı necə qiymətləndirirsiniz?
- Həyata
keçirilmiş tədbirlər nəticəsində ölkəmizdə
mobil rabitənin inkişafı üçün münbit
şərait yaranıb. Cari ilin ili
yarımilliyin nəticələrinə nəzər salsaq görərik ki, mobil rabitə abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən
518 965 ədəd artaraq 9 629 000 ədəd
təşkil edib ki, bu da hər 100 nəfərə
təxminən 105 mobil abunəçinin
düşməsi deməkdir. Qeyd edim ki, hazırda 100 nəfərə
düşən mobil abunəçi
üzrə dünya orta
göstərici 78 ədəd təşkil edir.
Beləliklə də, Azərbaycan dünya
orta göstəricisini təqribən 35%
qabaqlayır.
Bundan
başqa, bilirsiniz ki, mobil şəbəkədə
kontur sistemindən manat sisteminə keçid edilməsi, mobil
bazarda rəqabət mühitinin artması və yeni
texnologiyaların tətbiqi mobil telefon xidmətlərinin qiymətinin
30%, rouminq xidmətlərinin qiymətinin isə istiqamətlər
üzrə 20-50% azalmasına səbəb olub. İndi ölkəmizdə
mobil telefon xidmətlərinin qiyməti təxminən Şərqi
Avropa ölkələri səviyyəsindədir.
Müqayisə
üçün bildirim ki, 2010-cu ilin yekunlarına görə
100 nəfərə düşən mobil abunəçilərin
sayı Gürcüstanda 73,4, Özbəkistanda 76,3, Türkmənistanda
63,4, Qırğızıstanda 91,8, Türkiyədə 84,9,
İranda 91,3 ədəd təşkil edir.
- Ölkədə İnternetin səviyyəsini
necə qiymətləndirirsiniz?
- Son
illər dəfələrlə internet tariflərinin
aşağı salınması sayəsində İnternet
seqmentində nəzərəçarpacaq canlanma
müşahidə olunur. Surət və xidmət keyfiyyətlərinin
yüksəlməsi kontekstində internet
istifadəçilərinin sayı da durmadan artır. Statistik rəqəmlərdən
də bunu əyani şəkildə
görmək mümkündür. Belə ki, cari ilin
6 ayı ərzində əhalinin hər 100 nəfərinə
düşən internet istifadəçilərinin
sayı isə 50-yə bərabər olub.
Hazırda respublika üzrə hər 100 nəfərə
təxminən 30 genişzolaqlı internet
istifadəçisi düşür ki, bu da
ötən ilin müvafiq
dövrü ilə müqayisədə
2.5 dəfəyə yaxın çoxdur.
Bu
sıçrayışlı artım ölkənin telefon
şəbəkəsinin tam elektornlaşdırılması və
genizolaqlı xidmətlərə çıxış
imkanlığının yaradılması, məktəblərin
təxminən 90%-nin kompüterləşməsi və
onların 40%-nin internetə çıxışının
olması və ən əsası, həyata keçirilən
effektiv qiymət siyasəti nəticəsində
genişzolaqlı xidmətlərin cəmiyyətdə tətbiq
səviyyəsinin artımı sayəsində mümkün
olub.
- Növbəti illər
üçün hansı perspektiv planlarınız var?
- Prezidentimiz İlham Əliyev həm 2011-ci ilin I rübünün, həm də I yarımilliyinin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar keçirilən iclaslarda əsas prioritetləri müəyyənləşdirib. Əsas prioritet Azərbaycanda kosmik sənayenin inkişafı olacaq. Bundan başqa, 2013-cü ilə qədər ölkəmizdə rəqəmsal yayıma keçidin tam təmin edilməsi nəzərdə tutulub. Hazırda bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.
İlham QULİYEV
Kaspi.- 2011.- 22 sentyabr.- S.9.