Yaşar Nuri olduğu kimi 

 

Həmkarları deyir ki, o, özü-özlüyündə bütöv bir teatrdır...

 

O, böyük hərflərlə yazılan AKTYOR adını çoxdan qazanıb. Yaşından söz düşəndə deyirlər ki, Nadiri taxta görüb, şah Abbası qundaqda. Üzünün cizgilərində, baxışlarında illərin yorğunluğunu, gərgin əməyini və bu zəhmətdən doğan sevinci  hiss edirsən. Amma qəribədir, bizim qəhrəmanımızın cəmi 60  yaşı var. Daha doğrusu, sentyabrın 3-də 60 yaşı tamam olur. Yaşar Nurini deyirəm.  “Biri deyəndə ki, saçın ağarıb, buna heyfslənmirəm. Mən bu saçı sənətim, dostlarım, ailəm üçün ağartmışam” deyən səhnəmizin “qocamanı”, “Şöhrət” ordenli sənətkar Yaşar Nurini.

 

Zəhmət, istedad və qabiliyyət meydanı

 

Yaşar Nuri bir neçə dəfə redaksiyamızın qonağı olub. İstər müsahibə üçün, istərsə də  hər hansı mərasimlə bağlı olsun – hər dəfə dəvətimizi məmuniyyətlə qəbul edib. Onunla söhbətlərimiz də həmişə səmimi, dostyana olub. Gələndə "Vallah, özüm kimi üzlü qonaq görmədim, düz vaxtında gəlmişəm", gedəndə isə “Bir də gələcəyəm, çağırmasanız da" – deyib. Belə görüşlərin birində üzünə zillənən baxışlara cavab olaraq:  “Mənə müxbirlərlə söhbət etmək xoş olur. Çünki elə hadisələr, nüanslar var ki, mən onları bilmirəm. Ona görə də onlarla söhbət edəndə adamın özünə də savad gəlir. Onlar mənim olmayan savadımdan, mən isə onların olan savadlarından xəbərdar oluram. Belə görüşlərdən məmnun qalıram” deyə zarafatından da qalmayıb. Həmişə də uşaqlığından tutmuş gəncliyinə, şəxsi həyatından tutmuş səhnə həyatına qədər suallarımızı  səmimi cavablandırıb. Səhnədə, filmlərdə müxtəlif insanların taleyini oynayan aktyor bizə həyatının ən maraqlı anlarından danışdıqca sanki yeni insan kəşf etmişik. Və onun timsalında  əmin olmuşuq ki, səhnədən, efirdən sevdiyimiz aktyorların gerçək həyatı tamam fərqlidir. İnanmışıq ki, Yaşar Nuri sənətə heç vaxt bəxt kimi baxmayıb. Zəhmət, istedad və qabiliyyət meydanı kimi yanaşıb. Bəhrəsi də heç kəsə sirr deyil.

 

Yaşar Nuri gəlir

 

Yaşar Nuri  çox nadir aktyorlardandır ki, səhnəyə çıxan kimi zalda canlanma yaranır. Tamaşaçı onun ifasını çox tez həzm edə, sevə bilir. Fərqi yoxdur, o, böyük, ya da kiçik rolda olsun, bu, onun heç də hər aktyora  nəsib olmayan xoşbəxtliyidir. O, tamaşada heç vaxt özünü hansısa epizodlarda önə çıxarmır. Səhnənin lap dərinliyində olanda da onun oyunu seçilir. Ona görə də həmkarları deyir ki, Yaşar Nuri elə özü-özlüyündə bütöv bir teatrdır. Onu istənilən teatra dəvət edəndə yalnız hansısa rolu ifa etməyə çağırmırlar. Sadəcə deyirlər ki, Yaşar Nuri gəlir. Qiyafəsini dəyişsə də, özü ilə öz teatrını aparır.

Yaşar Nuri indiyə qədər 30-dan çox filmə çəkilib. Bu rəqəmin üzərinə televiziya və səhnədə oynadığı tamaşaları da gəlsək, böyük bir rəqəm alınar. Ancaq aktyor heç vaxt özündən razılıqla "Mən artıq sənətdə hər şey etmişəm" deməyib: “Bu filmlərlə yanaşı, rol aldığım 28 tamaşa Qızıl Fondda saxlanılır. Bu sırada hətta cizgi filmi də var. İnsan necə yaşamaqdan doymursa, sənətkar da heç zaman "Mən hər şey etmişəm" deməməlidir. İnsan həmişə özünə sual verməlidir: "Mən nə etmişəm?" Əfsuslar olsun ki, sənətdə heç nə etməyənlər "mən çox şey etmişəm"- deyə iddia edirlər. Bu iddianı edənlər nə Cəlil Məmmədquluzadənin, nə Hüseyn Cavidin, nə Cəfər Cabbarlının, nə Şekspirin, nə Qoqolun, nə də başqa klassiklərin əsərlərində oynayıblar. "Hər şey etmişəm" deyənlər inanmıram ki, "mən həyatdan doymuşam" da desinlər”.

 

Heyrətlənmək istəyi

 

Uşaqlıqla bağlı çox xatirələri yaddaşına köçürüb. Ancaq o illərdən söz düşəndə ilk xatırladığı “Sovetski” məhəlləsində yaşadığı günlər olur. Bir də 9 yaşında çıxdığı səhnə. İndi ömrün uzaq illərində qalan o günləri belə xatırlayır: “Elə gün olmur ki, Nərimanov heykəlinin yanından fırlanıb Sovetskiyə qalxmayım. Gələn günlərimi qarşılayıram, keçən günlərimi yola salıram. İndi orada svetafor var. Əvvəllər isə svetafor hara, Sovetski hara. Əvvəllər Sovetskidə böyük-kiçik vardı. Bizim vaxtımızda Ağakərimini "Pobeda" maşını gələndə hamımız qaçıb gizlənirdik. O vaxt 10-15 manata bizim həyətdə kirayədə qalırdılar. Onlara bizim birinci sözümüz nə olurdu? Oturdun, hər dəfə böyük gələndə durub salam verməlisən. Bir dəfə biri dedi ki, mən nə qədər salam verim, çörək almağa gedəndə verirəm, qayıdana qədər cəmi 5 dəqiqə vaxt keçir, onda da salam verim? Atam rəhmətlik də deyirdi ki, “sostav” dəyişib axı. Filmdə deyildiyi kimi, söhbət "sosiskada deyil, vinimatelno olmaqdadır". Adi teatrdan götürək. Gəlib görürəm ki, cavan aktyordur, arxasını çevirib oturub. Mən də nə deyim? Deyirəm ki, üzünü görək. Axı mən belə eləməmişəm. Tələb eləməklə deyil, gərək hər şey insanın qanında olsun”.

Sənət aləmi ona gözəl rollar bəxş edib. Aktyorluq ona ağlına gətirmədiyi xoşbəxtliklər verib. Oynadığı rollara qoşulub Azərbaycanı oba-oba, el-el dolaşıb. Onun aktyor ifası həm də Vətəndən uzaqlarda, qastrolda olduğu xarici ölkələrdə də sevilib. Hər yerdə tanınmaq, sevgi dolu sözlər eşitmək...  Ancaq aktyorluğun ona verdiyi təkcə bunlar olmayıb. Yaşar Nuri bu sənətdə çətinlikləri, əzab-əziyyətləri də az görməyib. Təbiətən Allahın şükran bəndəsi olduğundan indi 60 yaşında da daha çox sevincli anlardan danışmaq istəyir. Amma istər-istəməz yada düşür ki: “Əvvəllər belə deyildi. İndi populyar olmaq o qədər də çətin deyil. Mən bunu böyük məsuliyyətlə deyirəm. Əgər səni küçədə əllə göstərirlərsə, demək, populyarsan. Amma hansı işinə, hansı roluna görə populyarsan? Sənət belədir - bir gün biri qalxır, sabahı gün biri enir. İndi Qərbdəki kimi bizdə də şou-biznes dəbə düşüb. Ancaq onu bilirəm ki, teatr sənəti heç zaman dəbdən düşən deyil. Elə adamlar teatrla şounu, teatrla kiçik səhnəcikləri qarışdırır ki, məəttəl qalıram. Amma mən çaşmaram axı. Bayağı gülüşlər varsa, gülmə. Filan tamaşa pisdirsə, baxma. Heç kəs səni məcbur etmir. Sən getməsən, o getməsə, mən getməsəm, görəcəklər ki, zalda adam yoxdur. Şounu kim üçün göstərəcəklər? Kimin zövqünü korlayacaqlar? Bəlkə elə bir istedad çıxmalıdır ki, mən heyrətlə: "Necə Kefli İsgəndərin monoloqu"nu dedi və ya Hamleti oynadı!" - deyim. Bizdə Lütvəli Abdullayev, Nəsibə Zeynalova məktəbi olub. Onlar kənd həyatı səhnəsini oynayıblar. Nəsibə xanımın Züleyxa obrazında nə boyda mədəniyyət var! İndi elə bir obraz yarada bilərlərmi? Belə istedadlar olsa, mən heyrətlənərəm”.

Yaşar Nuriyə görə, aktyorluq Allahın  vergisidir. İllərin təcrübəsinə söykənərək deyir ki, istedad ya daxilən, ya da gendə olmalıdır: “Amma hər adamın genində olanda ondan aktyor, bəstəkar olmur. Biz tələbəyə yol göstəririk. İstedad bir stəkan çay deyil ki, al, iç, ol istedadlı”.

 

Ailə və sənətin harmoniyası

 

Yaşar Nuri sənətdə qazandığı uğurlara görə özünü ailəsinə çox borclu bilir. Bütün ömrü boyu onun sənəti ailəsi ilə birgə addımlayıb. Çoxları deyir ki, həyat yoldaşı Rəhimə xanım olmasaydı, o da  Yaşar Nuri olmazdı.  Özü də bunu etiraf edir: “Rəhimə xanım nə mənə istedad, nə ağıl verib. Mənə məsləhət verə bilər. O, sadəcə, qədrimi bilib. Mənə şərait yaradıb. Birotaqlı evdə yaşayıb Əməkdar artist adını almışam. Həmin dar mənzildə elə bir şərait yaradıb ki, mən yalnız yaradıcılıqla məşğul olmuşam. Türkiyədə xəstəxanada yatanda Rəhimə xanım çarpayımın yanından çəkilmədi. Dedilər ki, bizdə belə bir hadisə olmayıb, qadın səkkiz ay ərinin yanından çəkilməsin. Rəhimə xanım məni səbrli edib. Qadının ən böyük gözəlliyi dözümlü olmasındadır. Kişi hər mənada dözümsüz ola bilər. Qadın da ona dözüm göstərməlidir. Rəhimə xanım dözümlü olub. Bu gün sağlam gəzməyimdə onun əməyi böyükdür. Qadın kişi üçün hər şeydir. Ancaq gərək kişi də ona qarşı diqqətli olsun”.

Yaşar Nuri deyir ki,  Türkiyədə keşirdiyi  əməliyyatlardan sonra həyata baxışları çox dəyişib. Lap filosof kimi yanaşır bəzi məsələlərə. Ən həssas yeri insan münasibətləridir. Şikayətlənməsə də, danışığından hiss edirsən ki, insanların münasibətlərində narazı qaldığı məqamlar var. Bəlkə yaşla bağlıdır. Ya bəlkə yaradıcılıqdan və ya həyat təcrübəsindən doğan müşahidələridir. “Son vaxtlar həyatın elə üzünü gördüm ki, məni heç nə ilə heyrətləndirmək olmaz. Arzu edirəm ki, bir az saf yaşayaq! Sevib-sevilməyin nə olduğunu bilək. Bəlkə də dünya işığına həsrət qalan adam öz şüuru ilə dünyanın yolunu bizdən yaxşı bilir. Amma biz açıq gözlə çaşırıq. Bir-birimizə badalaq vururuq. Gözümüz görə-görə bir-birimizə pislik edirik. Bir az yaxşılıq etməyə tələsək. Hamı bir-biri ilə söhbət edəndə bilsin ki, qarşısındakı insandır. Bunu bilsək, hər iş düzələr”.

 

“Mən hələ işləyirəm”

 

60 illik enişli-yoxuşlu həyat yolu və 50 ildən artıq sənət yolu keçən aktyor daim öz-özünə hesabat verir. Bunu vaxtilə birgə görüb-götürdüyü ustad sənətkarlardan və böyüdüyü ocaqdan öyrənib. Onun  üçün  hər gün özünə verdiyi bir sual da var: "Bu gün nə etdim?" Hər kəsə də bu sualı özünə verməyi tövsiyə edir. 

9 yaşından çıxdığı səhnə ona həmişəki kimi doğmadır. Sənət şövqündən, işləmək, öyrənmək və öyrətmək həvəsindən də heç nə əskilməyib:  “Mən hələ işləyirəm. Təminat verə bilmərəm - 5 il, 10 il. Lap işləməsəm də, televizorda hər gün məni göstərirlər. Çünki vaxtında o əziyyəti çəkmişəm”. Yaşar Nuri daim çalışmaq, yeni rollara çəkilmək arzusu ilə yaşayır. Onun fikrincə,  yaxşı sənətkarın ömrünün bir gününü boşa vermək onun ömrünün bir səhifəsini əlindən almağa bərabərdir. “Hələlik mənə səhnə lazımdır. Nə vaxt lazım olmasam, dərya balığı sahilə atdığı kimi, səhnə də məni özü kənara atacaq” deyir.

60 yaş isə ona yuxu kimi gəlir. Hərdən inana bilmirəm ki, 60 yaşım tamam olur. Deyirəm, bəlkə məni aldadırlar... Amma fakt faktdır. Təki can sağlığı olsun! Yaşın müəyyən dövrü ilə bağlı xasiyyətdə müəyyən xüsusiyyətlər yaranır. Elə şeylər var ki, yaşla hərəkət etməlisən. Ancaq əsas odur ki, beynim, qəlbim, yaşamağa həvəsim, məhəbbətim dəyişib”.

Milli teatr kino sənətimizin sabahı naminə arzularınız çin, ömrünüz uzun olsun, Yaşar Nuri!

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2011.-3-5 sentyabr.- S.12.