Xalq şairi Hüseyn Arifin “Seçilmiş əsərləri” çap olundu
Sentyabrın 2-də, Xalq Bankın mərkəzi ofisində
bankın təqdim etdiyi Xalq Əmanəti layihəsi çərçivəsində
növbəti kitabın, Xalq şairi Hüseyn Arifin
“Seçilmiş əsərləri”nin
təqdimat mərasimi keçirilib.
Ziyalıların,
ictimaiyyət nümayəndələrinin və KİV təmsilçilərinin
iştirak etdikləri tədbiri Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət
komitəsinin sədri, professor Nizami Cəfərov açaraq
Hüseyn Arifin yaradıcılığı haqqında məlumat
verib. Bildirib ki, “Xalq Bank”ın maliyyə dəstəyi ilə
nəşr olunmuş bu kitab Azərbaycan
mədəniyyətinə bir töhfədir.
Tədbirdə
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə
Hüseyn Arif ailəsinin yaxını kimi “Seçilmiş əsərləri”n
yenidən nəşrinə görə “Xalq Bank”a təşəkkürünü
bildirib, şairin ölməz əsərlərinin xalqın qəlbində
həmişə yaşayacağını söyləyib.
Xalq
Şairi Nəriman Həsənzadə, Prezident təqaüdçüsü,
şair İlyas Tapdıq və başqaları Hüseyn Ariflə
bağlı xatirələrini bölüşüblər.
Tədbirdə
şairin şerlərindən nümunələr söylənilib.
Xatırladaq
ki, 2010-cu ildən başlamış “Xalq əmanəti” layihəsi
çərçivəsində Azərbaycanın Xalq Rəssamı
Böyükağa Mirzəzadə, Xalq Şairi Məmməd
Araz və Xalq Rəssamı Maral Rəhmanzadənin həyat və
yaradıcılığı haqqında nəşr olunmuş
kitablar geniş oxucu auditoriyası tərəfindən rəğbətlə
qarşılanıb.
“Xalq
əmanəti” seriyasından olan kitablar ölkənin ali və
orta təhsil müəssisələrinə, uşaq evləri
və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə,
Azərbaycandakı diplomatik nümayəndəliklərə və
s. hədiyyə olunur.
KİTAB HAQQINDA
Nəşrin
tərtibçisi və redaktoru Səlim Babullaoğlu, məsləhətçi,
şairin qızı Zöhrə Hüseynzadə, bədii tərtibatçi
Novruz Novruzovdur. Bu Xalq Əmanəti layihəsi çərçivəsində
Xalq Bankın nəşr etdiyi dördüncü kitabdır.
Kitab 618 səhifədir, nəfis
tərtibatlı və poliqrafiya ilə 5000 nüsxədə hədiyyəlik olaraq çap
edilib, geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
Xalq
şairi Hüseyn Arifin “Seçilmiş əsərləri” kitaba “Ön söz” olaraq verilən,
bir vaxtlar Xalq yazıçısı İsmayıl
Şıxlının yazdığı “Elə bağlı sənətkar”
yazısı ilə açılır, şairin
yaradıcılığı həm böyük ədibin
peşəkar yazısı ilə təhlil edilir, həm də
bir vaxtlar dost olmuş, bir-birini yaxından tanıyan sənətkarlardan
birinin digəri haqqında isti,
səmimi müşahidələri ilə sanki bütövləşir,
tamamlanır. İsmayıl Şıxlı yazır:
“Hüseyn Arif xalq məhəbbəti qazanmış
şairdir. Bunun əsas sirri odur ki, o oxucuların qəlbinə,
zehninə yol tapa bilmişdir. Şeirləri dillər əzbəri
olmuşdur. Azərbaycanın elə bir guşəsi yoxdur ki,
orada şairin sözlərini sinədən söyləməsinlər… Onun şeirləri canlıdır, obrazlı
təfəkkürün, fəlsəfi anlayışların məhsuludur.
Bu cür yaradıcılıq qəlblərdə
yaşayır…”
“Seçilmiş
əsərlər” “Vətən”,
“Təbiət”, “Oğlum Arifə”, “İthaflar”, “ Gözəllik,
sevgi”, “Satirik”, “Saz” və “Duyğulu düşüncələr”
kimi bölümlərdən ibarətdir. Hər
bölümün sonunda müəllifin irihəcmli poetik əsərləri,
poemaları təqdim olunmuşdur.
Kitabın
“redaktordan” başlıqlı yazısında seçim və
tərtib prinsipləri haqda bu sözlər yazılıb:
“Kitaba daxil edilmiş əsərləri şeir, poema,
qoşma, bayatı, dastan və sairə kimi formal keyfiyyətlərinə
görə də təsnifləşdirmək olardı, amma
biz kitabın tərtibində bəlkə
də “Seçilmiş əsərlər” kimi məlum
tipologiyanın ən çətin versiyasını
seçdik: xalqın yaddaşında həmişəyaşar
və diri olan Hüseyn Arif şeirlərini mövzularına
görə ayırdıq və sıraladıq. Niyə? Yəqin
ona görə ki, xalq heç vaxt xatırlayanda janr və
formaya ayıraraq xatırlamır. Onun içini Vətən həsrəti
üzürsə, o saat, həmin dəqiqə
yaddaşının dərinliyindən Vətənlə
bağlı bir şeir tapıb çıxardır və onu
yanıqlı səsi ilə oxuyur …”
Kitabın
sonunda şairin bioqrafiyasının əsas məqamları da
verilib. Bu da isə nəzəri,
təhlili yazılarla birlikdə şair haqqında olan məlumatları
tamamlayır, kitabı təkcə poeziyasevər oxuyucular
üçün deyil, tədqiqatçılar
üçün də maraqlı edir.
Kitabdakı
bir qeyd diqqət çəkir: “Hər şeyin sözlə və
sözlü olduğu dünyada bizim ən böyük
borclarımız eyni zamanda və daha çox söz
qarşısındadır: Allah və “Allah” sözü
qarşısında, Vətən və “vətən”
sözü qarşısında, Ata-ana və “ata”, “ana” kəlmələri
qarşısındadır. Bu borcu qaytarmaq işində qələm
adamlarının çiyninə bir ayrı ağır yük
düşürsə də, xalq əmanəti olan həqiqi
şair sözünü kitablaşdırıb xalqa
qaytarmağa şairlərin gücü çatmaz. Xalq Əmanəti
layihəsi elə bunun üçündür. O borcu, o əmanəti
qaytramaq üçündür”.
Kaspi.- 2011.- 3-5 sentyabr.- S. 18.