Jurnalistikanın
mütaliəyə ehtiyacı var
Rauf Ağayev: “Bu gün jurnalistlər
istədiyini yazır, hətta istədiyindən artıq da
yazırlar”
Müstəqilliyimizin bərpasından
sonra bütün sahələrdə olduğu kimi sovet məngənəsində
boğulan jurnalistikamıza da
yeni nəfəs gəldi. 20 il ərzində Azərbaycan
jurnalistikasının keçdiyi dövrə nəzər
salmaq üçün Rauf Ağayevə müraciət etdik.
Bu da təsadüfü deyil, çünki o, mətbuat
tariximizdə bir neçə ilklərin müəllifi kimi tanınır.
Hazırda Beynəlxalq Bankın Mətbuat xidmətinin rəhbəri
vəzifəsində çalışan Rauf Ağayevlə
jurnalistikanın əksər problemlərindən
danışdıq.
– Azərbaycanda ilk müstəqil
jurnalist təşkilatı olan “Azərbaycan Gənc Publisistlər
Cəmiyyəti”ni siz təsis etmişsiniz. O vaxt bu təşkilatın
yaranmasını zəruri edən amillər nələr idi və
hansı çətinliklərlə
qarşılaşırdınız?
–1991-ci
ildə Azərbaycan Gənc Publisistlər Cəmiyyətini təşkil
elədim. Və bir neçə jurnalist dostlarımı
başıma yığıb işə başladıq.
Doğrudan da o vaxt müstəqil bir jurnalist təşkilatına
ehtiyac vardı. Çünki, biz o illərdə müstəqilliyimizin
ilk addımlarını atmağa başlayırdıq. Həmin
vaxt Azərbaycan Jurnalistlər İttifaqı olsa belə,
müstəqil deyildi, SSRİ Jurnalistlər
İttifaqının tabeçiliyində idi. Bu qurumu Ədliyyə
Nazirliyinin kollegiyasından keçirməkdən ötrü
xeyli əziyyətimiz oldu. Zaman çox qarışıq idi,
ona görə də hər şeydən şübhələnirdilər,
bizi qeydiyyatdan keçirmirdilər. Kollegiyadan əvvəl
nazirlə görüşdük, izah elədik ki, biz bu cəmiyyəti
nəyə görə yaradırıq və razılıq
alınandan sonra kollegiyadan da keçdi. O vaxt bəzi jurnalistlər
inanmırdılar ki, belə bir təşkilat müstəqil
fəaliyyət göstərə bilər. Fikirləşirdilər
ki, müvəqqəti olacaq, yəni sponsoru olmayan,
üzvlük haqqı toplamayan, minlərlə üzvü
olmayan bir təşkilat çox ömür sürməz deyə,
yaxın gəlmədilər.
–Cəmiyyət daxilində fəaliyyətiniz
nədən ibarət olub?
–Biz
bu cəmiyyət tərkibində Jurnalistlər
İttifaqının görmədiyi işlərlə məşğul
olurduq. Yəni görməli olduğu, amma görmədiyi
işlərlə. Jurnalistlər İttifaqı o vaxta qədər
ildə bir dəfə mükafat verməklə məşğul
idi, bir də ki, görkəmli jurnalistləri hərdən
sanatoriyaya filan göndərməyə köməklik edirdi.
İttifaqın ayda-ildə bir dəfə xaricə səfəri
olurdusa, bir nəfər jurnalisti tapıb göndərirdilər,
onlar da əsasən yaşlı nəslin nümayəndələrindən
olurdu.
İlk
işlərdən biri o oldu ki, cəmiyyətin nəzdində
Free lines journalist (Azad jurnalist) qurumunu yaratdıq. Bu dünya
praktikasında da olub. Yəni, heç bir yerdə işləməyən
jurnalist özünün istedadı ilə, bacarığı
ilə dolanmaq üçün belə bir şəraiti
olmalı idi. Biz o zaman bu qurumun üzvü kimi, əsasən tələbələri
nəzərdə tutmuşduq. İndinin özündə də
bir çox tanınmış jurnalistlər həmin qurumun
içərisindən çıxanlardır. Daha sonra qrup
yoldaşım olmuş, milli qəhrəman Alı Mustafayevin
adına həmin cəmiyyətdə təqaüd təsis elədim.
Bu təqaüdü ayrı-ayrı illərdə iki nəfərə
vermək imkanımız oldu. Cəmiyyətimizin bu
addımı da Jurnalistika fakültəsinin rəhbərliyi tərəfindən
rəğbətlə qarşılandı. Bütün bunlara
rəğmən biz cəmiyyəti saxlamaq üçün
öz işimizi qurmuşduq. Sponsorsuz filansız vəsait əldə
edirdik.
–Məlumatımıza
görə, Azərbaycanda ilk dəfə redaksiya heyəti orta
məktəb şagirdlərindən ibarət olan qəzet də
təsis etmisiniz...
–Fikirləşdik
ki, yeni uşaqlar da yetişir, tələbəliyə qədər
yeni istedadları da üzə çıxarmaq lazım idi ki,
onlar da həvəslənib jurnalistikaya gəlsinlər. O
vaxtı Elşad İsayev və Zöhrab Əmirxanlı da mənimlə
işləyirdi. Onlar
birgə bir-bir məktəbləri gəzib, hardasa 30-a qədər
şagird topladıq. Onlardan da bir az ələndi 10-12 nəfər
qaldı. Elşadla Zöhrab mütəmadi olaraq bu
uşaqlarla məşğul olurdular, onlara yazı
yazmağı, jurnalistikanın nə olduğunu öyrədirdilər.
Bir neçə ay bu şagirdlərlə məşğul
olandan sonra, artıq bildik ki, bunlar hazır vəziyyətdədirlər.
Beləcə, 1992-ci ilin aprelində “Təmas” adında bir qəzet
yaradılıb verildi şagirdlərin
ixtiyarına. Birinci nömrəmiz çıxarkən
çox səs-küyə səbəb oldu.
Açığı biz bu qəzetdə uşaqların
yazı tərzinə əl dəymədik, çünki onlar
böyüklərin problemini necə görürdülərsə,
elə də qələmə almışdılar. Hayıf
ki, cəmi iki nömrə buraxa bildik...
– Bəs necə oldu ki, pulsuz qəzeti
təsis etdiniz?
–Gördüm
ki, xaricdə bir neçə qəzetlər var ki, onlar pulla
satılmır. Bizdə də elə bir vəziyyət idi ki,
qəzetlər kağız tapa bilmirdilər, çox pis
vaxtlar idi. 1994-cü ildə isə mən pulsuz olaraq “Reklam,
Elan, Xəbər” adlı üç dildə qəzet
buraxmağa başladım. Onu da oturub hesablamışdım
ki, nə cür olsun ki, bu ucuz başa gəlsin. Bəzi
poliqrafik işləri gördükdən sonra buna nail olduq. Həqiqətən,
çox məəttəl qalmışdılar bu məsələyə.
Hətta, bunun mafiya işi olduğunu deyənlər də
vardı, guya ki, bu digər qəzetlərə zərbə
vurmaq üçündür ki, satılmasınlar. Mənim isə reklamla bağlı heç
bir problemim yox idi. Hara gedirdim soruşurdular ki, sizin qəzetin
alıcılığı nə qədərdi, arayış
gətirin. Deyirdim ki, mənim qəzetimin “vazvratı” yoxdur,
ümumiyyətlə biz qəzet satmırıq, pulsuz olaraq
paylayırıq.
–Bəs qəzeti necə
paylayırdınız?
–Qəzetdə
əsas məsələ onun paylanmağında idi.
Aldığımız reklama görə onun paylanma
marşrutunu qururdum. Tutaq ki, tələbələr
üçün nəsə reklam gedibsə qəzeti
universitetlərin qarşısında paylatdırırdım,
yəni reklama uyğun auditoriya seçirdim. Yaxud da, qızlara
uyğun reklam olurdusa, qəzeti qızlar institutunun
qarşısında paylayırdıq. Universitet və idarələrlə
yanaşı evlərə də qəzet göndərirdik.
– İndiki jurnalistika fakültəsi
tələbələrinin fəaliyyəti ilə o
dövrkü tələbələrin fərqli və
üstün cəhətlərini nədə
görürsünüz?
–Bizim
vaxtımızda biz, nəinki qurum, heç divar qəzeti də
buraxa bilməzdik. Sovet dövründə belə şeylər
asan məsələ deyildi. Hətta, on nəfər
arasında olan kiçik bir söhbət də gedib haralarasa
çatırdı. Fakültədən fakültəyə də
fərq vardı. Bizə-jurnalistikaya maraq daha artıq idi,
çünki biz yazı əhliyik. Bizi xüsusi nəzarətdə
saxlayırdılar. O vaxtı biz belə şeyləri
bilmirdik, indi belə fikirləşirəm. Sovet vaxtı
üç nəfərin bir yerə yığılıb bir
təşkilat yaratması heç ağıla da gəlmirdi.
İndi şükür Allaha, çox gözəl şərait
var, yəni jurnalistikanın özü üçün
çox böyük imkanlar açılıbdır. Bizim
vaxtımızda jurnalistikaya aid heç bir qanun yox idi. Biz
hansısa beynəlxalq xartiyaların təşkil etdiyi
qaydalardan istifadə edirdik. O isə bizim üçün sənəd
deyildi, aparıb kimə göstərirdik, deyirdi bunun bizə
aidiyyəti yoxdur. İndi isə hər bir şey var, jurnalistlər
istədiyini də yazır, hələ istədiyindən
artıq da yazırlar. Bu gün tələbələr qəzet
buraxırlar, xəbər agentliyi açırlar. O vaxtı
bunlar bizim ağlımıza gələ bilərdi ha, ancaq
xülya kimi...
–Jurnalistika fakültəsindən və
tələbələrindən nəyi tələb edərdiniz?
–Biri var təhsil,
bir də var tərbiyə. Biz jurnalistika fakültəsindən
təhsillə yanaşı tərbiyə almışıq.
Müəllimlərimiz bizə tək müəllim kimi yox,
valideynlərimiz, ağsaqqalımız kimi münasibət bəsləyirdilər.
Biz onlardan öyrənmişik. İstər Cahangir Məmmədli,
Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, istərsə
də Nəsir İmanquliyev, Famil Mehdi, Seyfulla Əliyev, Nəsir
Əhmədli və s. Bu insanlar gəlib auditoriyada mühazirə
oxuyarkən biz də arzu edirdik ki, onlar kimi savadlı olaq, onlar
kimi danışa bilək, ən əsası da onlar kimi insan olaq.
Ona görə də həmişə
çalışmışıq ki, öz üzərimizdə
işləyək, mütaliə edək.
Jurnalistikadan
birinci növbədə mütaliə tələb edirəm.
Keçmiş müəllimlərin ab-havası, həminki
atmosfer yenə də orada qalır, ancaq mütaliə
jurnalistikanın əsasıdır. Biz kitab tapa bilmirdik o zaman,
ona görə də çox vaxt oxuduqlarımızı
bir-birimizə danışırdıq ki, məlumatımız
olsun. Biz çox zülmlə mütaliə edirdik.
–Sizə görə mətbuat xidmətinin
rəhbərinin əsas profili necə olmalıdır?
–Mətbuat
xidməti birinci növbədə yadında saxlamalıdır
ki, o mətbuata xidmət edir, ona görə də adı mətbuat
xidmətidir. Jurnalistlər sual verirlər, cavab verirəm,
yaxud məsləyə münasibət alarkən mənə
deyirlər ki, bağışlayın sizi narahat elədim. Mənim
də həmişə onlara bir sözüm var, deyirəm ki,
bu narahatçılığa görə mənə maaş
verilir. Başqaları ola bilər məndən də
yaxşı xidmət göstərirlər. Amma, bircə onu
yadda saxlayıram ki, mən bu işə görə maaş
alıram.
– Hazırda mətbuat xidmətləri
tərəfindən KİV-ə informasiya vermə səviyyəsi
nə dərəcədədir?
–Bunun
cavabını jurnalistlər daha yaxşı bilər,
çünki mətbuat xidmətlərinə daha çox
onlar müraciət edirlər. Mən öz tərəfimdən
cavab verə bilərəm. 2006-cı ildə “Zərdabi” mətbuat
mərkəzi Azərbaycanda KİV-ə informasiya vermə səviyyəsini
öyrənmək üçün aparıcı mətbu
orqanları rəhbərləri və əməkdaşları
arasında sorğu keçirilib. Nəticələrə
görə biz “Azad İnformasiya Məkanı”
mükafatına layiq görülmüşük. Bu da biz tərəfdən
sizin sualınıza olan cavabdır.
Elgün Mənsimov
Kaspi.- 2011.- 6 sentyabr.- S.8.