“Ən gözəl səs”in gözəl sahibi
Özbəkistanın Səmərqənd
şəhərinin məşhur
Registan meydanında
YUNESKO-nun himayəsi altında
keçirilən “Şərq
təranələri” VIII Beynəlxalq
musiqi festivalı bu günlərdə başa çatıb. Builki festivala dünyanın 56 ölkəsindən
300-ə qədər musiqiçi
qatılıb. Festivalda
Azərbaycanı təmsil
edən Xalq artisti Nəzakət Teymurovanın “Xarı bülbül” ansamblının
müşayiəti ilə
ifa etdiyi xalq mahnıları böyük maraqla qarşılanıb. Xanəndə
festivalda YUNESKO-nun “Ən
gözəl səs” xüsusi mükafatına layiq görülüb.
Qeyd edək ki, 1997-ci ildə keçirilən “Şərq təranələri”
I Beynəlxalq musiqi festivalında Azərbaycanı
Əməkdar artist Simarə
İmanova təmsil edib və ən
yüksək mükafata
– “Qran-pri”yə layiq görülüb. Sonrakı
illərdə bu festivalda iştirak edənlərdən Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əsgərov birinci, Zabit Nəbizadə ikinci yerləri tutublar.
Nəzakət Teymurova qəzetimizə
müsahibəsində Azərbaycan
musiqisinin festival iştirakçıları
tərəfindən çox
bəyənildiyini bildirdi.
Mədəni körpü
- Festivaldan hansı təəssüratlarla
qayıtmısınız?
- “Şərq təranələri”
festivalı iki ildən bir keçirilir. Vaxtilə bu festivalda görkəmli
xanəndəmiz Alim Qasımov, Simarə İmanova, Zabit Nəbizadə, Aygün Bəylər, Qoçaq Əsgərov və başqaları ölkəmizi
layiqincə təmsil ediblər. Bu dəfə isə festivalda iştirak etmək mənim qismətimə düşdü. Azərbaycan
festivalda YUNESKO-nun eksperti
Sənubər Bağırovanın
rəhbərliyi ilə
təmsil olunurdu. Festivalın Qran-Pri mükafatını
Çin Respublikasını
təmsil edən musiqiçilər qazandı.
Mən isə festivalda YUNESKO-nun “Ən gözəl səs” xüsusi mükafatına layiq görüldüm. Festivalda dünyanın 56 ölkəsindən 300 nəfərə
yaxın musiqiçi iştirak edirdi. Qeyd edim ki, festivalda Azərbaycan və Hindistan musiqiçilərinin
ifası daha çox bəyənildi. Mən festivalda xalq mahnılarımızı
ifa etdim. Bizim musiqimizin dinamikliyi, folklora bağlılığı, duyumluluğu
dinləyicilərin rəgbətini
qazandı. Dünyanın
bir çox ölkələrini təmsil
edən münsiflər
heyətinin üzvləri
də bunu etiraf etdilər. Həmin münsiflərin hər biri ayrı-ayrı
nüfuzlu festivalların
təşkilatçılarıdır. Daha sonra Özbəkistandakı
səfirimiz Namiq Abbasovun dəvəti ilə Daşkənddə
konsert verdik. Orada yaşayan insanlarla görüşdük.
Onlar çox sevindilər və Azərbaycan musiqisini canlı dinləməkdən
məmnunluqlarını bildirdilər.
Daşkənddə həmçinin
ulu öndər Heydər Əliyevin adını daşıyan
Mədəniyyət Mərkəzi
açılıb və
oradakı Heydər Əliyev muzeyində, o cümlədən Azərbaycan
dövlətciliyi tarixi
muzeyində ölkəmizin
tarixini əks etdirən müxtəlif eksponatlar nümayiş etdirilir. Mən Mərkəzin konfrans salonunda da mini-konsert proqramı ilə çıxış
etdim.
- Adətən festivallarda yaddaqalan ifalar başqa festivallara, müsabiqələrə
yol açır. Dəvətlər oldumu?
- Əlbəttə, çoxlu
dəvətlər aldım.
Həm münsiflər
heyətinin ayrı-ayrı
üzvləri, həm
də başqa təşkilatçılar tərəfindən
dəvətlərim oldu.
Belə ki, dəvətlərə əsasən
Polşa, Sinqapur, İndoneziya, Böyük Britaniya və başqa ölkələrdə
bu il və
gələn il çıxışlarım olacaq.
Bilirsinizmi, festivallar ölkəni tanıtmaq, yeni tanışlıqlar baxımından çox önəmlidir. Məsələn,
Səmərqənddə müxtəlif
ölkələrdən olan
təmsilçilər arasında
Azərbaycanın da adının çəkilməsi
böyük fəxrdir.
Belə yarışmalarda
həm ölkəni daha çox tanıyırlar, həm də onun mədəniyyətinə
və musiqisinə yaxından bələd olurlar. Festivallar dünyanın müxtəlif
ölkələri arasında
mədəni körpüdür.
Muğam operaları azdır
- Siz həmçinin Opera və
Balet Teatrının solistisiniz. Bəs o səhnədə oynadığınız
tamaşalarla ölkəni
xaricdə istənilən
səviyyədə tanıtmaq
mümkün deyil?
- Belə festivallarda adətən çıxış
üçün ifaçılara
20 dəqiqə vaxt verilir. Bu vaxt ərzində ifaçı
bütün məharətini
nümayiş etdirməlidir.
Tamaşalar isə 2 saat davam edir.
Biz Parisdə YUNESKO Sarayında
Üzeyir Hacıbəyovun
yubileyi çərçivəsində
keçirilən konsertdə
“Leyli və Məcnun” operasından yalnız bir hissəni oynadıq. Bütün tamaşanı
təqdim etmək mümkün deyil. Belə tədbirlərdə
rəngarəng konsert
proqramı təqdim olunur.
- Siz çoxlu ölkələrdə
qastrollarda olursunuz. Milli muğamlarımız,
xalq musiqimiz haqqında əcnəbilərin
rəyləri necədir?
- Əvvəla, mən çox istərdim ki, xarici ölkələrə
mədəniyyətimizi, musiqimizi
layiqincə təmsil edən ifaçıları
göndərsinlər. Bəzən
elə ifaçılar
xarici ölkələrə
gedir ki, onlar uğurlu ifa nümayiş etdirə bilmir, ölkəmizi layiqincə
təmsil etməyi bacarmırlar. Yəni xaricdə Azərbaycan musiqisini layiqincə təmsil etməyin məsuliyyətini
başa düşmək
lazımdır. Məsələn,
Səmərqənddəki festivalda
ermənilərin 2 musiqi
qrupu da iştirak edirdi. Mən orada başa düşdüm ki, lap səsim batsa belə, səhnədə öz sözümü deməliyəm.
Bir qarabağlı kimi mən onlara
olan nifrətimi çıxışımla göstərməyə
çalışırdım. Oxuduqca gözlərim qarşısında ermənilərin
xalqımıza qarşı
törətdiyi təcavüz,
işğalda qalan evimiz və başqa faciələr canlanırdı. Belə anlar insanı daha mətin edir. Konsertdən sonra ermənilər özləri
də Azərbaycan musiqisinin çox güclü olduğunu etiraf etdilər. Milli musiqimizin yüksəklərdə olduğunu
sübut etmək mənim üçün festivalın “Qran Pri”sindən də yüksək mükafatdır.
Məncə, bu məsuliyyəti hər bir ifaçı hiss etməlidir.
Qaldı
musiqimizin xaricdə tanınmasına, mən olduğum ölkələrdə
həmişə musiqimizi
professional səviyyədə təqdim etməyə çalışmışam. Həmişə
də əcnəbilərin
heyrətinin şahidi
olmuşam. Həm də təkcə mən yox, məni
müşaiyət edən
“Xarı bülbül”
xalq çalğı
ansamblının üzvləri
də həmişə
bu məsuliyyəti
hiss edirlər.
- Yeni teatr mövsümü başlayır. Opera və
Balet Teatrında təzə rollarınız
gözlənilirmi?
- Təəssüf ki, bu gün bizdə
Azərbaycan muğam operaları çox azdır. Mən teatrın repertuarında olan 7 tamaşada oynayıram. Düzdür,
həmişə rollarımı
sevə-sevə səhnəyə
çıxmışam. Bu mənim sənətimə
olan sevgimdən irəli gəlir. Amma yeni rollarda
da səhnəyə çıxmaq istəyirəm.
Təzə tamaşaları
və rolları tamaşaçı
da istəyir. Amma bu gün
muğam operaları çox az yazılır.
Çox istrədim ki, opera səhnəmizdə
“Leyli və Məcnun”, “Əsli və Kərəm”, ”Gəlin qayası”, ”Koroğlu”, “Natəvan” və s. milli tamaşalardan başqa digər muğam operalarımız
da olsun! Çünki tamaşaçılarımızın
da marağı böyükdür. Bu marağı
görmək üçün
Opera Teatrının tamaşalarını
mütəmadi izləmək
lazımdır. Mən
həmişə oynadığım
tamaşalarda zalı dolu görmüşəm.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 7 sentyabr.- S.16.