Olimpə uzanan yol
Bakı 2020-ci ilin Yay Olimpiya
Oyunlarını keçirilməsi üçün ən
layiqli namizəddir
Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, Olimpiya oyunları dünya dövlətlərinin diqqət mərkəzində dayanan ən mühüm və möhtəşəm idman tədbiridir. Olimpiya hərəkatında Azərbaycanın fəal iştirakı və idmançılarımızın Olimpiya oyunlarında qazandıqları nəticələr ölkəmizin idman sahəsindəki potensialını nümayiş etdirməklə yanaşı, onun ümumi inkişaf səviyyəsinin göstəricisinə çevrilir və eləcə də beynəlxalq nüfuzuna təsir edir.
Bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət siyasətinin daha da gücləndirilməsi, Olimpiya hərəkatının genişlənməsi və geniş coğrafi məkanda təbliğinin təşkil edilməsi məqsədi ilə Bakı şəhərinin 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülüb. Sənəddə qeyd olunub ki, Belə mötəbər yarışların Azərbaycanın paytaxtında keçirilməsi dünya idman aləmində ölkənin nüfuzunun artmasına şərait yaradacaq.
Olimpiya tarixi
Qeyd edək ki, olimpiya oyunları tarixində indiyə qədər 29 Yay Olimpiya Oyunları keçirilib.
Qədim Yunanıstanda hələ
28 əsr bundan əvvəl kimin daha güclü,
çevik və cəld olduğunu
aşkara çıxarmaq üçün
atletlərin yarışı keçirilib.
Ən böyük və məşhur idman yarışları Olimpiya
şəhərində keçirildiyi üçün bu oyunlar Olimpiya Oyunları
adlanırdı.
Olimpiya Oyunları Yunanıstanda böyük bir bayram sayılırdı və 1417 gündən bir, yəni hər dörd ildən bir keçirilib. Əvvəllər olimpiyaçılar yalnız qaçışın sürətinə görə yarışıblar. Lakin illər keçdikcə Olimpiya Oyunları yarışlarının proqramına həmçinin pentatlon (beşnövçülük: qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə), yumruq döyüşü, ikitəkərli arabalarda yürüş də daxil edilir. Olimpiya bayramlarında incəsənət müsabiqələri də keçirilər, məsələn, şairlər Olimpiya Oyunlarının şərəfinə qoşduqları şeirləri və himnləri oxuyar, natiqlər qalibləri tərifləyərdilər.
Müasir Olimpiya Oyunlarının tarixi XIX əsrin axırlarından başlanır. 1896-cı ildə Afina şəhərində antik Olimpiadaların nümunəsi əsasında çox böyük beynəlxalq idman yarışları keçirildi. O vaxtdan hər dörd ildən bir Olimpiya Oyunları keçirilir. Yay Olimpiya Oyunlarının proqramına ən kütləvi yayılmış idman növləri – yüngül atletika, üzgüçülük, gimnastika, basketbol, boks, sərbəst və klassik güləş, velosiped idmanı, voleybol, avarçəkmə idmanı, atçılıq idmanı, müasir beşnövçülük, ağır atletika, futbol, ot üzərində hokkey və başqaları daxildir.
Ölkəmizdə
olimpiya hərəkatı
Qeyd edək ki,
Azərbaycanda olimpiya hərəkatı iyirminci illərin ikinci
yarısından start götürüb.
Belə ki, Azərbaycan
idmançıları beynəlxalq yarışlarda da iştirak etməyə
başlayıblar. Doğrudur, bu yarışlar lokal xarakter daşıyır, ayrı-ayrı
ölkə idmançıları ilə yoldaşlıq
görüşləri kimi həyata keçirilirdi.
Bakıda
beynəlxalq futbol görüşlərinin keçirilməsi
ənənəsi də bu illərdə yenidən bərpa
olundu.
Azərbaycan
boksçularının ilk beynəlxalq görüşü
1929-cu ildə Türkiyənin milli yığma komandası ilə
keçirilib. 1930-cu illərdə Azərbaycan
boksçuları Sovet İttifaqının ən irəlidə
gedən boksçuları sırasına daxil idilər.
1931-ci ildə Azərbaycanın yüngül atletləri Berlin spartakiadasında çıxış etmək üçün Moskvada keçirilən yarışlarda iştirak etdilər. Həmin yarışlarda A.Semyanisti müvəffəqiyyət qazanaraq üçüncü yeri tutdu. Azərbaycanın yüngül atletləri 1934-cü ildə Bakıda keçirilən Zaqafqaziya yüngül atletika yarışlarında da böyük nailiyyətlər əldə etdilər. 35 Zaqafqaziya rekordundan 18-i Azərbaycan yüngül atletlərinin payına düşdü. 1934-cü ildə Azərbaycanın yüngül atletləri müxtəlif məsafələrə qaçışda dörd ümumittifaq rekordu vurdular.
İkinci
dünya müharibəsinin başlanması Azərbaycan
idmançılarının böyük əksəriyyətinin
cəbhəyə yola düşməsinə səbəb oldu.
Müharibədən sonra Azərbaycanda idman yenidən sürətlə inkişaf etməyə başladı. Ölkə idmançıları ustalıqlarını sürətlə artırmağa nail ola bildilər. 1948-ci ildə güləşçi Rəşid Məmmədbəyov SSRİ çempionatında ikinci, Musa Babayev isə Həmkarlar İttifaqlarının Ümumittifaq birinciliyində birinci yeri tutdular. Bir il sonra isə güləşçimiz İbrahimpaşa Dadaşov SSRİ çempionu adını qazandı.
Azərbaycan idmançıları 1951-ci ildə daha çox medala layiq görüldülər. Müharibədən sonrakı illərdə idmanın inkişafının canlandırılmasında respublikada olan idman təhsil ocaqlarının da xidməti çox oldu.
1951-ci ildə SSRİ-nin Milli Olimpiya Komitəsi yaradıldı və komitə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındı. Sovet İttifaqının komandasına Olimpiya Oyunlarında iştirak etməyə icazə verildi. 1952-ci ildə Helsinki Oyunlarında iştirak edən sovet yığma olimpiya komandasının tərkibinə Azərbaycanı təmsil edən beş idmançı daxil idi.
1952-ci ildə Helsinkidə Azərbaycan idmançıları bir gümüş və bir bürünc medal qazandılar. Bunlar ölkənin ilk olimpiya medalları oldu. Bu olimpiadadan başlayaraq Azərbaycan idmançıları təkcə 1984-cü il Los-Anceles oyunları istisna olmaqla bütün olimpiya oyunlarında iştirak ediblər.
Sovet
İttifaqının Olimpiya Oyunlarına qoşulması ittifaq
miqyasında kompleks yarışların yeni bir
formasının ardıcıl təşkil edilib keçirilməsinə
səbəb oldu.
Parlaq səhifə
1992-ci ildə Azərbaycanın idman və Olimpiya Hərəkatı
tarixinə parlaq bir səhifə
yazıldı. Ölkənin Milli Olimpiya Komitəsi yaradıldı. 2001-ci ilin 12 dekabrında Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev Milli Olimpiya
Komitəsinin yaradılmasının onillik
yubileyinin dövlət səviyyəsində
qeyd olunması haqqında Sərəncam
verdi. Sərəncamda deyilir:
"Milli Olimpiya
Komitəsi Azərbaycanda Olimpiya Hərəkatının
daha da genişlənməsi,
onun maddi-texniki
bazasının möhkəmləndirilməsi,
idmançılarımızın hazırlıq səviyyəsinin
yüksəldilməsi üçün
onların beynəlxalq yarışlarda iştirakının təmin
olunması yolunda səmərəli
fəaliyyət göstərir”. Azərbaycanın
müstəqilliyini bərpası suveren
ölkənin beynəlxalq aləmə inteqrasiyasına,
planetimizdə baş verən qlobal hadisələrə münasibət
bildirməsinə, beynəlxalq təşkilatlarda təmsil
olunmasına, həmin təşkilatların keçirdiyi
mötəbər tədbirlərdə iştirakına real hüquqi əsaslar verdi. Azərbaycan bütün
sahələrdə, o cümlədən də
idmanda beynəlxalq arenaya
çıxmağa imkan qazandı.
İdmançılarımız dünya
və Avropa çempionatlarında, beynəlxalq
yarışlarda öz ölkələrinin
bayrağı altında çıxış etməyə
başladılar. Planetin ən mötəbər,
bütün dünyanın diqqətini
özünə cəlb edən idman tədbiri
isə, heç şübhə yox ki, Olimpiya
Oyunlarıdır. Azərbaycanın bu oyunlarda təmsil olunması vacib
məsələlərdən biri idi. Doğrudur, Azərbaycan
idmançıları Olimpiya
Oyunlarında hələ 1952-ci ildə iştirak
etmişdilər. Lakin onlar Olimpiya
Oyunlarında iştirakları zamanı Azərbaycanı deyil, başqa bir dövləti, Sovetlər
İttifaqını təmsil edərək SSRİ-nin
bayrağı altında çıxış ediblər.
İdmançılarımız Olimpiya
Oyunlarında medallar qazanıb, yüksək
nəticələr göstəriblər. Azərbaycan
idmanının bu nailiyyətləri, demək
olar ki, ancaq respublika idman ictimaiyyətinə məlum həqiqətlər
idi.
1997-ci
ilin 31 iyulunda keçirilən növbəti Baş Məclis
komitənin yeni idarə heyətini müəyyənləşdirdi.
İlham Əliyev Milli
Olimpiya Komitəsinin prezidenti
seçildi. Komitənin fəaliyyət
istiqamətləri müəyyənləşdirildi.
1997-ci ildə seçilən yeni tərkib ilk növbədə respublikanın dövlət idman strukturları ilə əlaqələri qurdu, milli idman federasiyalarının vəziyyəti, fəaliyyəti öyrənildi. Federasiyaların fəaliyyəti canlandırıldı. MOK İcraiyyə Komitəsinin 1997-ci ildə keçirilən növbəti iclasında Sidney Oyunlarına hazırlıq konsepsiyası təsdiq olundu, Qış Olimpiya Oyunlarında iştirakla bağlı vəziyyət müzakirə edildi, komitənin komissiyaları yaradıldı, Milli Olimpiya Akademiyasının yaradılması haqqında qərar qəbul olundu. Beynəlxalq və qitə olimpiya komitələri, habelə Milli Olimpiya Komitələri Assosiasiyası ilə əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi istiqamətində əməli addımlar atıldı.
Azərbaycanda idmanın kütləviləşdirilməsi, uşaqların və yeniyetmələrin idmana cəlb olunması məqsədilə Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə Yeniyetmələrin Respublika Oyunlarının təşkil olunmasına qərar verdi. Respublikanın bütün bölgələrində Olimpiya kompleksləri tikildi və uşaq və yeniyetmələr idmana cəlb edildi. Qeyd edək ki, bu hərəkat uğurla davam edir. 1998-ci ildə Yeniyetmələrin birinci Respublika Oyunları keçirildi. Artıq bu Oyunlar periodik olaraq, yəni iki ildən bir təşkil olunur. 2002-ci ildə Milli Olimpiya Komitəsinin onillik yubileyi ərəfəsində Yeniyetmələrin üçüncü Respublika Oyunlarının final mərhələsinin yarışları başa çatdırıldı.
Azərbaycanın
yeniyetmə idmançıları 1998-ci ildə Moskvada
keçirilən Yeniyetmələrin Ümumdünya
Oyunlarında, 1999-cu ildə Danimarkanın Esbyorq şəhərində,
2001-ci ildə İspaniyanın Mursiya şəhərində
Avropa Yeniyetmələrinin Olimpiya Festivallarında iştirak
ediblər. Bu tədbirlər çərçivəsində
keçirilən yarışlarda idmançılarımız
müxtəlif idman növlərində uğurlu nəticələr göstərərərk
medallar qazanıblar. 2002-ci ildə yeniyetmə
idmançılarımız, Müstəqil Dövlətlər
Birliyi, Baltikyanı ölkələrin Moskvada keçiriləcək
Oyunlarında iştirak ediblər.
1997-2000-ci
illərdə Komitənin rəhbərliyi Beynəlxalq Olimpiya
Komitəsinin, Milli Olimpiya Komitələri
Assosiasiyasının, Avropa Olimpiya Komitəsinin baş məclislərində,
digər tədbir və görüşlərində,
seminarlarda fəal iştirak ediblər.
Milli
Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ötən
dövrdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan
Antonio Samarançla, Hazırda Beynəlxalq Olimpiya Komitəsinin
prezidenti olan Jak Roqla görüşlərində respublikada
Olimpiya Hərəkatının, idmanın vəziyyəti və
inkişaf perspektivləri müzakirə olunub, beynəlxalq əlaqələrin
genişləndirilməsi, əməkdaşlığın
gücləndirilməsi məsələlərinə diqqət
yetirilib.
Qeyd
edək ki, 2008-ci ildə Pekində keçirilən yay Olimpiya
Oyunlarında Azərbaycan qeyri-rəsmi
komanda hesabında 1 qızıl, 2 gümüş və 4
bürünc medalla 39-cu yeri tutub. Medalların sayına
görə isə ölkəmiz 27-ci yerdə oldu.
Halbuki 1996-cı ilin Atlanta Olimpiadasında Azərbaycan
idmançıları cəmi 1 gümüş,
2000-ci ilin Sidney
Olimpiadasında 2 qızıl və 1 bürünc,
2004-cü ilin Afina Yay Olimpiya oyunlarında isə
1 qızıl və 4 bürünc medal qazanıblar. Pekin
Olimpiadasında Azərbaycanın idman
tarixinə yeni parlaq səhifə
yazan gənclərimiz – Elnur
Məmmədli, Rövşən Bayramov, Vitali Rəhimov, Şahin İmranov, Mövlud Mirəliyev,
Mariya Stadnik və Xetaq Qazyumov
xalqımıza sonsuz sevinc
bəxş ediblər.
XXIX Yay Olimpiya oyunlarının nəticələrinə görə, Azərbaycan Avropa ölkələri arasında 20-ci, İslam ölkələri arasında isə 3-cü olublar. İslam ölkələrinin idmançıları arasında ilk qızıl medalı Azərbaycan idmançısı qazanıb. Bütün bunlar deməyə əsas verir ki, Pekin Olimpiadası Azərbaycan idmançıları üçün uğurlu olub.
30-cu Yay Olimpiya Oyunları 2012-ci ildə Londonda keçiriləcək. Bir neçə idmançımız artıq həmin oyunlara lisenziya qazanıb.
Hazırladı: Təranə
Məhərrəmova
Kaspi.- 2011.- 10-12 sentyabr.- S.8.