Oruc bəy Bayat, yoxsa Don Xuan de Persia?

 

(“Könül elçisi” romanı  haqqında özəl  düşüncələr)

  

Tanınmış nasir Nəriman Əbdülrəhmanlının “Könül elçisi” romanını (roman bütöv şəkildə “Könül elçisi yaxud Don Xuan De Persia-Oruc bəy Bayatın hekayəti” adlanır) bir az əvvəl oxuyub qurtarmışdım və adətim üzrə bu cür ciddi bir mütailədən sonra təmiz hava almaqdan ötrü həyətdə gəzişmiəyə başlamışdım. Başımdakı fikirlərin hamısı bir-birinə qarışmışdı. Nədənsə birinci növbədə çalışırdım ki, kitabdakı hadisələrlə bu günümüzün siyasi reallıqları arasında bir paralellik yürüdəm. Bəri başdan qeyd edim ki, bu kitabdakı motivlər on illər boyu davam edən Osmanlı-Səfəvi müharibələrinin kiçik bir epizotu üzərində qurulubdur və burda əsasən Şah Abbas diplomatiyasının əzablı və ziddiyyətli axtarışlarından söhbət açılır. Açığı, müasir dünyamızın siyasi mənzərəsinə rəğmən, iki qohum xalqın on illər boyu bir-birinə necə qənim kəsildiyi barədə düşünmək, həqiqətən adama cansıxıcı gəlir. Fikirləşirəm ki, doğrudanmı Osmanlı-Səfəvi barımazlığını aradan qaldırmaqdan ötrü başqa bir vasitə, başqa bir yol tapılmırdı ki, Şah Abbas sultanlığa qarşı uzaq Avropanın xristian dövlətləri ilə müttəfiq olmağa məcbur olmuşdu? Halbuki, bu qarşıdurmanın ərsəyə gəlməsində başlıca rolun Avropaya, birinci növbədə isə Vatikana məxsus olduğu artıq danılmaz tarixi bir faktdır.

 

Fikrimcə bu roman son dövrlərdə yazılmış və xüsusi ilə dəbdə olan yeni bir ədəbi cərəyanın bir nümunəsi sayılmalıdır. Bütün hekayətləri zaman və məkan fərqinə rəğmən uzlaşdırmağa çalışan müəllif, “yarımçıq və itmiş əlyazmalar”ın izi ilə uzun bir yola çıxır. Əslinə qalsa, klassik nəsrimizə xas olmayan bu cəhət, çağdaş oxucunun qiraət marağını ikiqat artırmaqla, onu həm də diqqətli olmağa vadar edir.

Qeyd etdiyimiz kimi, “Könül elçisi” romanında  Şah Abbasın müttəfiq axtarışından ötrü Avropanın lap o başına gedib çıxmış bir səfarətindən və bu səfarətin dörd yüz il uzaqda qalmış, buna görə də tarixin dumanlarına bürünmüş ibratəmiz taleyindən soz açılır. Onu da deyim ki, burdakı hadisələrin əsas mərkəzində həmin səfarətliyin baş mirzəsi olmuş Oruc bəy Bayat dayanır. O Oruc bəy ki, səfarətin varid olduğu axırıncı ölkə olaraq İspaniya torpağında xristianlığı qəbul etmiş və ömrünün sonuna qədər orada yaşamışdı. İş ondadı ki, o, elçi heyyətindən xristianlığı qəbul edənlər arasında nə yeganə adam olub, nə də birinci. Burda bir maraqlı fakt da odur ki, Oruc bəy  o birilərdən fərqli olaraq Avropada az qala əfsanəvi bir adam kimi tanınmış, üstəlik orada yaşadığı illər ərzində dörd kitabın müəllifi olmuşdu. Mən, yuxarıda dediyim kimi, artıq “Könül elçisi” kitabını oxuyub qurtarmışdım deyə, Nəriman bəyin bu romanı təkcə bir nəfərin taleyinə həsr etmədiyi qənaətindəyəm. Fikrimcə bu əsər uzaq siyasət tariximizin çox ziddiyyətli, mürəkkəb bir dönəmi ilə bağlı son dərəcə maraqlı, buna görə də indiyə kimi ört-basdır edilmiş bəzi qaranlıq məqamlarına işıq salır. Halbuki, bilavasitə tarixşünaslığın problemi olan həmin məsələləri bədii əsər mövzusu kimi qələmə almaq, mənə qalsa, ayrıca bir fədakarlıq deməkdir. Bu mənada hesab etmirəm ki, Nəriman bəyin “Könül elçisi” təkcə bədii əsər nümunəsi sayılmalıdı, düşünürəm ki, bu kitab siyasət tariximizin bir sıra mətləblərini araşdırmaqdan ötrü yığcam bir mənbə kimi də xüsusi dəyərə malikdir. Başlıcası ona görə ki, kitabdakı hadisələr, yazıçıdan ötrü nisbətən asan başa gələn müəllif təxəyyülünün qondarmalarından çox, mənbələrə istinadən konkret faktlar üzərində qurulubdur. İstəmirəm bu dediklərim izafi tərifə oxşasın, amma mənə qalsa, bunun yalnız bircə səbəbi var, fikrimcə burada, dörd yüz illik uzaqlığa rəğmən, kitabda duyduğum müəllif və onun qəhrəmanı (qəhrəmanları) arasındakı mənəvi bağlılıq xüsusi rola malikdir…

İndisə qayıdıram bu söhbətimin lap əvvəlinə, yəni bundan düz altı həftə qabağa. Dediyim kimi, “Könül elçisi”ni oxuyub qurtarandan sonra həyətdə gəzişirdim, birdən yadıma bir şey düşdü. Yadıma düşdü ki. bu barədə Elçin Hüseynbəyli də, “On ikinci həvvari” adlı bir roman yazıb, düşündüm ki, bunu da oxusaydım indi lap yerinə düşərdi. Məncə, onda əsas müqaisə predmeti kimi eyni tarixi hadisənin iştirakçısı olmuş bir adamın iki müxtəlif  tərəfdən görünən bədii siması barəsində parallellik yürütmək xeyli dərəcədə maraqlı olardı, (hətta bəziləri bunu qüsurlu bir metod hesab etsə belə). O saat məndə qəribə bir həvəs oyandı və elə ordaca qərara gəldim ki, Elçin bəyin həmin kitabını mütləq əldə edib oxuyam gərək.

Nəyisə, tənbəllik eləməyib ertəsi gün üz tutdum paytaxta. Elçin bəylə görüşümüz onun yazıçılar birliyinin binasındakı iş otağında baş tutdu. Bəribaşdan deyim ki, onunla tanışlığımız, əsasən qələm əhli kimi, qiyabi xarakterli olub, daha doğrusu, mən onun “Şah Abbas” romanı barəsində bir məqalə yazmışdım,-ondan. Aramızdakı söhbət on-on beş dəqiqədən artıq olmadı. Gəlişimin məqsədini dedim. Düzü, əvvəlcə bu fikrimi çox razılıqla qarşıladığını nümayiş etdirdi. Ardınca da təssüf elədi ki, indi mənə kitab verə bilməyəcək, çünki yanında bu kitabdan bircə nüsxə belə yoxdu. Amma otaqdakı “arxif” dediyi kitab dolabında bu kitabdan bir dənə vardı. Mən bunu görcək dedim ki, bircə həftəliyə götürürəm, oxuyub qaytaracam. Yox, dedi, arxifdəkini verə bilmərəm, ancaq evdə var və sizinçün birini mütləq göndərərəm. Məncə, istəsəydi dolabdakını mənə verər, evdəkini isə gətirib dolaba qoya bilərdi. Açığı, nəyə görəsə mənə elə gəldi ki, Elçin bəy bu məsələdə bir az ehtiyatlanır. Uzun sözün qısası, Bakıdan əliboş qayıtdım. Aradan düz bir ay keçdiyinə baxmayaraq, Elçin bəydən bir xəbər çıxmadı, necə deyərlər unutdu verdiyi sözü. Nə gizlədim, buna rəğmən, əvvəlki marağım da ikiqat azaldı.

Yuxarıda dediyimiz kimi, sən demə, Osmanlı-Səfəvi barışmazlığına qarşı Avropada müttəfiq qazanmaq ideyasını Səfəvi hökmdarının ağlına salan avropalı missioner, özünü Ser Antoni(Entoni) Şerli kimi qələmə verən bir ingilis olub. Halbuki, özünü şotland kralının əmisi oğlu kimi qələmə verən bu adam əsil fırıldaqçının biri imiş. Guya Osmanlıya qarşı ittifaqa girmək istəyən bir çox Avropa dövlətləri Səfəvi hökmdarı ilə danışıqlar aparmaqdan ötrü ona əlavə səfir səlahiyyətləri veriblər. Beləliklə, o, Şah Abbas dövlətxanasında yüksək vəzifələr daşıyan satqın və simasız adamların, həmçinin   özünün ağlagəlməz yalanları sayəsində şahı o dərəcədə inandırır ki, hətta səfarətin bir sıra mühüm hüquqlarının birbaşa ona həvalə edilməsinə nail olur. İkinci məsələ, romandakı hadisələrin mərkəzində dayanan Oruc bəy Bayatla bağlı suallardı. Əvvəla, müəllif nəyə görə bu əsərində safətin xristianlığı qəbul etmiş Əliqulu bəy, Bünyad bəy kimi digər üzvülərinin deyil, məhz Oruc bəyin taleyindən geniş söhbət açır? Burda yalnız bircə cavab var. Ki, məhz Oruc bəyin qürbətdə yaşadığı bu illər ərzində məmləkətinin tarixinə həsr etdiyi bir neçə kitabı basılmışdı. İndiki dillə desək, dininə, məmləkətinə dönük sayılan Oruc bəy uzaq Avropada ikən dolayısı ilə vətənini, onun möhtəşəm tarixini təbliğ etməklə məşğul olmuşdu. Bunlardan dolayı üçüncü bir sual da ortaya çıxır. Görəsən öz dini, məmləkəti və padşahı yolunda ömrü boyu qılıc çalmış, dəfələrlə ölümlə üz-üzə gəlmiş, həmişə doğma şəhəri  Təbrizin yağmalanmasını ağır bir dərd kimi ürəyində gəzdirən, onun azada edilməsinə isə uşaq kimi sevinən, öz ailə-uşağına, qohumlarına, bütün tayfa-törəmələrinə ürəkdən bağlı olan, Oruc bəy Bayat kimi ürəyiyumşaq, duyğusal bir adam bunların hamısından necə üz döndərib? Nə səbəbə görə? Yoxsa ispan kralının şəxsi himayəsində yaşadığı rahat həyat, həmçinin şəninə yazılan sonetlər onun ağlını başından almışdı? Yaxud başı ordakı xanımlarla sevgi macəralarına qarışmışdı deyə? Məncə, bu sualların doğru-dürüst cavabları N. Əbdülrəhmanlının uzun və çətin axtarışlar nəticəsində ərsəyə gətirdiyi “Könül elçisi” romanını diqqətlə oxuyarkən bəllənir.

Yeri gəlmişkən, bu məsələ barəsində  o vaxt E. Hüseynbəyli ilə də qısa bir söhbətimiz olmuşdu. Sizcə Oruc bəy niyə geri dönməyib, İspaniyada qalmağı üstün tutub?-deyə mən soruşanda o, qayıtdı ki, əlbəttə, ordakı gözəl xanımlarla əylənməkdən ötrü. Əvvəl elə bildim ki, zarafat eləyir, amma bunun ardınca da dedi ki, mən romanımda elə bu cür yazmışam…

Mənsə tamamilə başqa cür düşünürəm. Yəni, onun (Oruc bəyin) həqiqətən də kefcil, arvadbaz bir adam olduğunu düşünmürəm və hesab edirəm ki, bu sualın cavabı “Könül elçisi”sində kifayət qədər yerli-yataqlı verilir. Ona görə ki, bu deyilən səbəblərin heç birinə lap əvvəldən inanmayan müəllif, əsil səbəbləri necə inadla, əzab-əziyyətlərə qatlaşaraq axtardığı gözgörəsidi. Məncə o, sanki bunları Oruc bəyin ruhunu haraylaya-haraylaya öyrənməyə çalışıb. Bu baxımdan əsərdəki maraqlı kompozisiyanı ayrıca olaraq qeyd eləmək yerinə düşər. Çünki biz burda eyni anda bir adamın taleyilə birləşən üç müxtəlif insan siması görürük, hətta bunlar bəzən bir-birləri ilə birləşərək sanki bütöv bir vəhdət yaradırlar. Bunlar əsərin müəllifi Nəriman bəy, onun qəhrəmanı Oruc bəy Bayat və Oruc bəyin oğlu Sultanəli bəydi. Əslinə qalsa, birinci sima (müəllif), dörd yüz illik zaman arxasında qalmış digər ikisi ilə, bir növ rabitə əlaqəsi qurmağa çalışaraq, onlarla oxucu arasında mənəvi bir körpü rolundadır. Amma bunların zahiri inkarı kimi ortada dördüncü bir sima da var, intəhasi bu dördüncü sima, sanki bir kölgə kimi arxa planda qalır və əsasən kitabın axırlarında peyda olur. Bu sima isə, Don Xuan de Persiadı. Mənə qalsa, o, bir şərqlinin və bir müsəlmanın guya avropalaşmış və xristianlaşmış müqəvvası kimi həddindən artıq acınacaqlı görüntüsündən başqa bir şey deyil.

“Könül elçisi” romanını şərti olaraq üç hissəyə ayırmaq olar. “Ön söz əvəzi yaxud dördüncü kitabın sirri” adlandırımış və romanın giriş səhifələri sayılan birinci hissədə biz bilavasitə müəllifin yazar siması ilə tanış oluruq. Burda öz qəhrəmanının taleyinə son dərəcə həssaslıqla yanaşan bir qələm əhlinin məqsəddən ötrü necə əziyyətlərə qatlaşdığı gözlərimiz önündə canlanır. Oruc bəyin taleyindəki sirrlərin izinə düşməkdən ötrü əvvəlcə onun vətəninə, Təbrizə yollanmasını və oradan, özü demişkən əli boş qayıtmasını oxuyanda mənə elə gəldi ki, məsələ artıq bitmişdir.  Ancaq sonrakı səhifələrdən bəlli olur ki, Nəriman bəy inadkarların inadkarı imiş, bu yoldan bir addım belə geri çəkilmək fikrində deyil. Məsələn, bundan sonra müəllif, Həştərxandan başlayaraq Rusiyanın Volqaboyu vilayətlərinə səyahətə çıxır, intəhası burda da onun axtarışları faydasız olur. Bu arada isə Pərviz Kazımı adlı təbrizli tanışından bir zərf alır. Necə deyərlər, sanki bəxt birdən-birə onun üzünə gülür. Bu zərfdən Oruc bəy Bayatın 25 sentyabr 1610-cu il tarixdə Lissabonda ikən oğlu Sultanəli bəyə Azərbaycan türkcəsində yazdığı bir məktub çıxır.  Nə gizlədim, buna görə müəllifin yaşadığı həyəcan istər-istəməz mənim də ürəyimə sirayət etmişdi. Nəriman bəy kimi, mən də elə zənn elədim ki, artıq sirr qapısı açılıb. Ancaq tərsinəydi, Oruc bəy həmin məktubda oğluna yazır ki, Vətənə dönə bilmədiyinin səbəblərini bu zərflə ona göndərdiyi üçüncü kitabdan çıxarılmış parçaların, həmçinin bütövlükdə basılmamış dördüncü kitabın əlyazmalarını oxuyandan sonra başa düşəcək. Bəs hanı bu əlyazmalar? Harda itib batıblar? Böyük sirr qapısına gedən yol sanki təzədən qaranlıqlaşdı. Nəhayət, bizim “birinci hissə” adlandırdığımız bu parçanın axırıncı səhifələrindən bəllənir ki, Nəriman bəyin düz iyyirmi il axtardığı “o böyük sirri” özündə gizlədən həmin əlyazmalar nə Volqaboyundadı, nə də uzaq Valyadoliddə, qonşu Gürcüstanın paytaxtında, ordakı Əlyazmalar İnstitutunun Şərq bölməsində gərəksiz bir cızma-qara kimi saxlanırmış. Məlum olur ki, bu əlyazmalar Şah Abbasın Gürcüstana hücumu zamanı Tiflis yaxınlığındakı döyüşlərin birində həlak olmuş bir Səfəvi döyüşçüsünün üstündən tapılıb və sən demə, həmin bu döyüşçü Oruc bəy Bayatın oğlu Sultanəli bəymiş.

Bundan sonra romanın şərti olaraq “ikinci hissə” adlandırdığımız  əsasən Oruc bəyin səfarət hekayəti başlayır. Qeyd edək ki, bu hissə həm məzmunca, həm də həcmcə o biri parçaların hamısından bir necə dəfə böyükdür və burdakı təfərrüatlar romanın başlıca qayəsini özündə əks etdirməklə yanaşı, həm də maraqlı bir üsluba malikdir. Adama elə gəlir ki, bu hadisələri bir yox, iki nəfər bizə danışır. Bu parçalarda gah Oruc bəyin itmiş əlyazmalarındakı səfər qeydləri, gah da Nəriman bəyin bunlara rəğmən qələmə aldığı geniş təfsilatlar növbə ilə bir-birini əvəz etməkdədir və sanki onlardan biri o birisinin sözünə qüvvət verir. Burda əsasən Oruc bəy də daxil olmaqla Səfəvi səfarətinin başına gələnlərdən söhbət açılır. Və təbii ki, haqqında danışdığımız “böyük sirr qapısı” gözlərimiz qarşısında birdən-birə yox, yavaş-yavaş taybatay olur. İzafilik olmasın deyə, bu məsələlərin geniş şərhinə ehtiyac görmürəm, üstəlik zənn edirəm ki, bu halda “Könül elçisi”nə qarşı oxucu marağını xeyli dərəcədə azaltmış olaram.

Nəhayət, bir neçə səhifədən ibarət olan “Son söz yerinə” adlı axırıncı, yəni şərti olaraq bu kitabın “üçüncü hissə”sində Tiflis yaxınlığındakı döyüşlərin birində həlak olmuş Sultanəli bəyin, atası Oruc bəy Bayata yazdığı bir (həm də son) məktubu ilə tanış oluruq. Bu səhifələrdə gözlərini ömrünün axırıncı saatlarına qədər atasının yollarına dikmiş bir insanın ürək çırpıntıları duyulur. Həmin məktubun lap axırında onun yazılma tarixi qeyd olunub: miladi 1625-ci il iyunun 29-u. Artıq bizə məlumdu ki, Sultanəli bəy məhz bundan sabahkı döyüşdə həlak olubdur. Qəribədi ki, niskildən üzülən atası Oruc bəy də Madriddə ikən, məhz həmin tarixdə, yəni həmin ilin iyun günlərinin birində dünyasını dəyişir. Bu təsadüf idimi? Düşünürəm ki, bu məqam həm də simvolik bir məna daşıyır. Sanki həmin hadisələrin baş verdiyi uzaq on yeddinci əsrin əvvəlləri ilə bu kitabın yazıldığı iyyirmi birinci əsrin əvəlləri arasında qəribə bir bağlılıq var və məncə, Nəriman bəy bu bağlılığı xüsusi bir ustalıqla uzlaşdırmışdı. Üstəlik təsadüflərin əsasən zərurətlərdən doğduğunu roman boyu dəfələrlə qeyd edən əsərin müəllifi, bunların hamısında bir dəyər, bir hikmət axtarmaqla, sanki bizi böyük həqiqətə səsləyir desək, yanılmarıq…

  Ümumiyyətlə isə, N.Əbdülrəhmanlının “Könül elçisi” romanının bəzi xüsusiyyətlərinə dair  bu dəfə yalnız özəl olan fikir və mülahizlərimi ifadə etməyə çalışdım. Bu üzdən də, əsərdəki hadisələrin hər biri barəsində, onların tarixşünaslıq baxımından hansı siyasi məqamlara necə və nə cür aydınlıq gətirdiyindən söz açıb, müəyyən təhlillər verməkdən ötrü ayrıca bir yazıya ehtiyac olduğu zənnindəyəm…

 

 

Sevindik Mehman,

yazıçı

 

Kaspi.- 2011.- 10-12 sentyabr.- S.17.