“Xarici
donorlar Azərbaycan QHT-lərinə
hörmətsizlik edirlər”
Razi Nurullayev: «Xarici donorların Azərbaycanda
demokratiyanın, insan haqlarının, vətəndaş cəmiyyətinin
inkişafına çalışmaları barədə dedikləri
qeyri-ciddi səslənir»
Son
vaxtlar beynəlxalq donor təşkilatlarının Azərbaycan
QHT-lərinə diqqəti azalıb. Xeyli müddətdir xarici
donorlarla çalışan QHT-lərin rəhbərləri
buna açıq şəkildə etiraz etməkdədirlər.
Belələrindən biri də REGİON Beynəlxalq Analitik Mərkəzi
İH-nin sədr Razi Nurullayevdir. Onunla söhbətimizdə
yaranmış durumun səbəblərini
aydınlaşdırmağa çalışdıq.
- Razi bəy, sizcə, xarici
donorların Azərbaycan QHT-lərinə bu cür münasibətinin
səbəbləri nədir?
- Əslində
onlar bizə qrant verməkdən birbaşa imtina etmirlər.
Xarici donorlar elan etdikləri qrant müsabiqələrinə həm
xarici, həm də yerli QHT-ləri dəvət edirlər.
Yerli QHT-lər isə xarici QHT-lərlə rəqabətdə
uduzurlar. Məsələ burasındadır ki, yerli QHT-lər
layihələri Azərbaycan dilində hazırlayıb sonradan
ingilis dilinə tərcümə etdirirlər. Bu zaman haradasa
20 faiz təhrif mümkündür. Xarici QHT-lərin Azərbaycan
təmsilçiləri isə bu baxımdan üstünlüyə
malikdirlər. Bunun nəticəsidir ki, xarici donorların
keçirdikləri qrant müsabiqələrinin qalibləri elə
xarici QHT-lər olurlar. Həmin QHT-lər sonradan Azərbaycan
QHT-lərini formal olaraq tərəfdaş kimi seçirlər.
Onu da deyim ki, xarici QHT-lər adətən aldıqları
qrantların böyük bir qismini adminstrativ xərclərə
yönəldirlər. Birbaşa nəzərdə tutulan məqsədə
yönəldilən vəsaitlərin həcmi isə çox
az olur. Başqa sözlə, xarici donorların
ayırdığı qrantlar Azərbaycanda demokratiyanın,
insan hüquqlarının, vətəndaş cəmiyyətinin
inkişafına deyil, onların öz ölkələrini təmsil
edən QHT-lərin imkanlarının artırılmasına
yönəlir. Bu, çox pis tendensiyadır. Çünki beynəlxalq
donorlar həmişə elan edirlər ki, onlar Azərbaycanda vətəndaş
cəmiyyətinin inkişafı ilə bağlı layihələr
həyata keçirirlər. Bu barədə ağızdolusu
danışırlar, amma əməli işə gələndə
kənaraçıxmalara yol verirlər.
Hətta
mən deyərdim ki, xarici donorlar Azərbaycan QHT-lərinə
qarşı ayrı-seçkilik edirlər. Bu mənada xarici
donorların Azərbaycanda demokratiyanın, insan
haqlarının, vətəndaş cəmiyyətinin
inkişafına çalışmaları barədə dedikləri
qeyri-ciddi səslənir. Vəziyyət həqiqətən
ağırdır. Xarici donorların bu diskriminasiya siyasəti
ucbatından Azərbaycanda demokratiya, insan hüquqları sahəsində
fəaliyyət göstərən bir sıra QHT-lər öz
fəaliyyətlərini dayandırmalı olublar. Bəzi QHT-lər
isə məcburiyyətdən öz fəaliyyətlərini məhdudlaşdırmaq
yolu tutublar.
Bəzən
isə xarici donorlar QHT-lərə qarşı hörmətsizlik
edirlər. Məsələn, 4-5 min dollarlıq layihələr
üçün məbləği elan etmədən elanlar
verirlər. Yerli QHT-ləri açıq tenderdə iştiraka
çağırırlar. QHT-lər də minimum 100-300 manat xərcləyərək
layihə təklifləri hazırlayıb tenderə
qatılırlar. Tenderin nəticələri isə
açıqlananda məlum olur ki, 300-400 QHT-nin iştirak etdiyi
tenderdə dəyəri 10 min dollara yaxın olan cəmi bir
layihə maliyyələşdiriləcək. Beləliklə,
yerli QHT-ləri aldadaraq vaxt və maliyyə itkisinə məruz
qoyurlar. Sizcə, bu, nə dərəcədə doğrudur? Məncə,
bu, çox ədalətsiz yanaşmadır.
- Xarici donorlar bu
addımlarının səbəblərini nə ilə izah
edirlər?
-
Onlar hesab edirlər ki, Azərbaycan yaxşı maliyyə
imkanlarına malik neft ölkəsidir. Dövlət Neft Fondunda
30 milyard dollarlıq ehtiyat var. Buna görə də, Azərbaycan
QHT-lərini dövlət maliyyələşdirməlidir. Bu
yanaşmada müəyyən həqiqət də olsa, mən
bunu bəhanə kimi qəbul edirəm. Çünki əgər
beynəlxalq donor Azərbaycanda demokratik proseslərin
inkişafını, vətəndaş cəmiyyətinin daha
da güclənməsini istəyirlərsə, onlar da buna
öz töhfələrini verməlidirlər. Hələlik
Azərbaycan dövlətinin QHT sektoruna ayırdığı
vəsaitlərin həcmi o qədər də böyük
deyil. Keçən ilin statistikasına əsasən, Azərbaycan
QHT-lərinə verilən qrantların 92 faizi xarici donorlar, cəmi
8 faizi isə yerli donorlar tərəfindən maliyyələşdirilib.
Yəni, Azərbaycanda vətəndaş cəmiyyətinin
formalaşmasında xarici donorların xüsusi rolu var.
Yaxşı olardı ki, gələcəkdə Prezident
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası heç olmasa, vətəndaş cəmiyyətinə
lazım olan vəsaitin 30-50 faizini ödəyə biləydi.
- Sizcə, problemi məhz son vaxtlar
aktuallaşması nə ilə əlaqədardır? Nə
oldu ki, xarici donorlar belə dəyişdilər?
- Bu
suala cavab vermək çətindir. Mənə belə gəlir
ki, burada əsas səbəb son vaxtlar Azərbaycan dövlətinin
imkanlarının kifayət qədər artmasıdır.
Bilirsiniz ki, Azərbaycan artıq kredit alan ölkədən
kredit verən ölkəyə çevrilib. Gəlirlərin səviyyəsinə
görə Azərbaycan orta səviyyədə inkişaf
etmiş ölkələrin sırasındadır. Ola bilsin ki,
xarici donorlar bunu nəzərə alırlar. Digər tərəfdən isə
xaricilərin yanaşmasına görə Azərbaycanda bu
sektora qoyulan vəsait özünü doğrultmur. Yəni
onlar pulu xərcləyib istədikləri nəticəni ala
bilmirlər. Mən bir neçə dəfə xarici donor təşkilatlarının
təmsilçiləri ilə söhbətimdə bu
yanaşmanı müşahidə etmişəm. Onların bəziləri
hesab edirlər ki, həyata keçirilən layihələr nəticəsində
Azərbaycanda demokratiya, insan hüquqları sahəsində
çox böyük dəyişikliklər müşahidə
olunmalıdır. Amma məncə bu, çox gülməli
yanaşmadır. Mənim fikrimcə, nəticənin əldə
olunmamasının səbəbi yerli QHT-lərin yaratmaz işi
deyil, xarici donorların sistemsiz fəaliyyətidir. Bircə
faktı deyim ki, xarici donorların Azərbaycan QHT-lərinə
ayırdıqları qrantların məbləği həmişə
Gürcüstana və Ermənistana nisbətən az olub.
Onların Azərbaycan QHT-lərinə verdiyi 3-5, maksimum 20 min
dollarla ciddi dəyişikliklərə nail olmaq mümkün
deyil. Əsas problem ondadır ki, xarici donorların verdiyi qrantlar davamlı olmur.
Bəzən bunun nəticəsində yerli QHT-lərin çox mütərəqqi
təşəbbüsləri yarımçıq qalır. Məsələn, biz QHT-lərin dövlət qeydiyyatına alınması,
məhkəmələrdə onların hüquqlarının
qorunması, bu sektorda çalışanların
bilik və bacarıqlarının artırılması,
bu məqsədlə təlimlərin keçirilməsi
ilə bağlı çox yaxşı təkliflərlə xarici
donorlara müraciət
etmişdik. Bununla bağlı
həmin təşkilatların
rəhbərləri ilə
müzakirələrimiz də
olmuşdu. Amma onlar
bizə yardım göstərmək istəmədilər.
Ümumiyyətlə, xarici donorlar
heç bir vəchlə Azərbaycan
QHT-lərinə texniki
yardımlar göstərmək
istəmirlər. Onların Azərbaycan
QHT-ləri ilə işləmək həvəsi
tamamilə itib. Onlar qrantları şəxsi maraqları çərçivəsində
ayırırlar. İş metodları
da bu fəlsəfəyə
uyğundur. Bu baxımdan, mən deyərdim ki, beynəlxalq donorların Azərbaycandakı işləri
tamamilə iflasa uğrayıb. Onların bu
siyasəti nəticəsində
QHT-lər də çox ciddi problemlərlə üz-üzə
qalıblar. Yaranmış vəziyyətdə QHT-lərimizin
üz tutduğu əsas ünvan QHT-lərə Dövlət Dəstəyi Şurası
olub. Amma bu fondun büdcəsi də o qədər də böyük deyil. Nəticədə nəzərdə tutulan işləri həyata keçirmək üçün maliyyə
çatışmazlığı ilə üzləşirik.
- Razi bəy, bəlkə xarici donorların Azərbaycan QHT-lərinə
marağının azalmasında
üçüncü sektor
təmsilçilərinin özlərinin
də günahları
var. Bəlkə doğrudan
da bizim QHT-lər onların nəzərdə tutduqları
işləri yerinə
yetirə bilmirlər?
- Əlbəttə ki, belə deyil. Mən bir neçə dəfə xarici donorların Azərbaycan QHT-lərinin beynəlxalq standartlara uyğun işləməməsi, qeyri-şəffaf fəaliyyət göstərməsi ilə bağlı fikirlərini eşitmişəm. Amma heç vaxt bununla razı olmamışam. Onlar bəzən elə bir iddia da ortaya atırlar ki, Azərbaycan QHT-ləri böyük məbləğli layihələri idarə edə bilmirlər, hesabatları düzgün vermirlər. Amma bunların hamısı yanlışdır. Mən tam təminat verərəm ki, Azərbaycan QHT-lərinin fəaliyyəti bu gün xarici donorların seçdiyi xarici tərəfdaşlardan dəfələrlə üstündür. Azərbaycan QHT-lərinin böyük layihələri idarə etmək üçün kifayət qədər təcrübələri və imkanları var. Bizim bilik və bacarıqlarımız da yetərlidir. Azərbaycanda dəyəri milyon dollar olan layihələri idarə edən QHT-lər var. Baş verənlər sadəcə beynəlxalq donorların müəyyənləşdirdiyi yeni siyasətin nəticəsidir. Onlar sadəcə ayırdıqları pula öz təşkilatlarını maliyyələşdirmək istəyirlər. Qalanları isə hamısı bəhanədir.
İlham QULİYEV
Kaspi.-2011.- 13 sentyabr.-S.10.