Kaspi Təhsil Mərkəzi yekun hesabatını verib
Sona Vəliyeva: “Təhsil
ümumxalq işidir. Burada təkcə dövlətin dəstəyi,
qayğısı azdır, hər kəs imkanı
çatdığı qədər təhsilin
inkişafına kömək etməlidir»
Sentyabrın 13-ü Kaspi Təhsil Mərkəzi
ənənəvi olaraq illik yekun hesabat tədbirini təşkil
edib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən
tədbirdə 2010-2011-ci tədris ili üzrə Kaspi Təhsil
Mərkəzinin fəaliyyəti və nailiyyətləri
haqqında məlumatlar öz əksini tapıb. Bundan
başqa, 2011-2012-ci tədris ilində nəzərdə tutulan
yeni layihələrin həyata keçiriləcəyi barədə
də açıqlamalar olub.
Tədbirdən
çıxış edən Kaspi Təhsil Şurasının
sədri Sona Vəliyeva qonaqları salamlayaraq mərkəzin
uğurlu fəaliyyətindən danışıb. Təhsil mərkəzinin
həmişə ictimaiyyətə açıq olduğunu deyən
Şura sədri bildirib ki, mərkəz öz fəaliyyəti,
proqramı haqqında daim media qarşısında hesabat verir:
“Bu gün sizin qarşınızda verdiyimiz hesabat bir yox, bir
neçə məqsəd daşıyır. Əvvəla, biz
keçən ilki kimi 2010-2011-ci il tədris ilində həyata
keçirdiyimiz proqramın yekununu sizə
çatdıracağıq. İkinci məqsədimiz isə
“Kaspi abituriyent” şöbəsinin nəşr etdirdiyi kimya, Azərbaycan
tarixi və İngilis dili adlı vəsaitlərinin təqdimatıdır.
Üçüncüsü, keçən il bildiyiniz kimi biz
iki filialda fəaliyyət göstərmişik, bunlar Bakının
Mətbuat prospekti və Sabunçu rayonunda yerləşən
filiallardır. Artıq bu il biz öz fəaliyyətimizi daha
da genişləndirmişik və bu iki filialın davamı
olaraq Yasamal, Xətai və Əhmədli filialları fəaliyyət
göstərir. Sizin qarşınıza
çıxardığımız dördüncü əsas
təqdimat isə daha böyük layihədir. Mən hesab edirəm
ki, bu Azərbaycan məkanında yaxşı mənada səs-küyə
səbəb olacaq ki, bu da “Kaspi Kids-Kaspi Körpələr”
adlı məktəbəqədər – 4-6 yaşlı
uşaqlar üçün hazırlıq kurslarının təqdimatından
ibarətdir. Bizim ən böyük nailiyyətimiz olan bu layihə
Təhsil nazirliyi tərəfindən də dəstəklənib.
Bu layihə 10 ay müddətində, həftənin beş
günü, gündə üç saat olmaqla ana dili, ingilis
dili və rus dillərində məntiq, riyaziyyat, ətraf aləmlə
tanışlıq, bir sözlə məktəbə
hazırlıq prosesini həyata keçirəcəyik”.
Kaspi
Təhsil Mərkəzinin bu ilki nailiyyətləri haqda
danışan Sona xanım bildirdi ki, mərkəzdə
abituriyent şöbəsi fəaliyyət göstərir və
onun fəaliyyəti keçən ilkindən fərqli olaraq
bir faiz də genişlənib: “Bu il Kaspi Təhsil mərkəzində
oxuyan abituriyentlərdən 93 %-i mötəbər ali məktəblərə
qəbul olmuşdur. Digər əsas göstərici ondan ibarətdir
ki, keçən il ən yüksək balla qəbul olan
abituriyentimizin göstəricisi 640 bal olub. Amma, bu il daha da
artaraq 670 balla nəticə göstərən tələbələrimiz
olub. Onu da qeyd etmək istəyirəm ki, ən
aşağı balımız 450-ə qədərdir, ondan
aşağı nəticəmiz yoxdur”.
Sona
Vəliyeva həmçinin, onu da əlavə edib ki, Kaspi Təhsil
Mərkəzi təkcə abituriyent hazırlığı
üzrə yüksək nailiyyət göstərmir, eyni
zamanda magistr hazırlığı üzrə keçirdiyi
hazırlıq kurslarında da yüksək nailiyyət əldə
etmişdir. Bu da Təhsil Mərkəzinin abituriyent şöbəsinin
yüksək nəticəsidir. Sona xanım Kaspi Təhsil Mərkəzinin
“Kaspi Xaricdə Təhsil” bölməsi barədə də
söhbət açıb: “Bildiyiniz kimi, respublika daxilində
hazırlıq kurslarından əlavə bizim təhsil mərkəzində
“Xaricdə Təhsil” bölməsi də fəaliyyət
göstərir. Nailiyyətlərdən
danışmışkən onu da qeyd etmək istəyirəm
ki, “Xaricdə təhsil” bölməsinin nailiyyəti, hətta
abituriyent bölməsindən daha yüksək nəticələr
göstərərək bir az da qabağa getmişdir. Belə
ki, bizim təhsil mərkəzində xaricdə təhsil
üçün hazırlaşan gənclərin 97%-i qəbul
olunmuşdur.
Kaspi
Təhsil Mərkəzinin ən ciddi iş rejimi olan,
böyük nailiyyətlərə imza atan bölməsindən
biri də “Xarici dil” bölməsidir. Bu bölmənin fəaliyyəti
barədə tədbir iştirakçılarını məlumatlandıran
Sona xanım bildirib ki, bu bölmədə də layihələri
davam edir: “Azercell-in bizimlə birgə jurnalistlərin peşəkar
dilə yiyələnməsi ilə bağlı bir layihələri
oldu. Sonda iştirakçı jurnalistlərə sertifikatlar
verildi və onlardan iki nəfəri Azercell və bizim birgə
maliyyəmiz əsasında Londona dil təkmilləşdirmə
kursuna göndəriləcək. Azercell-dən sonra bizə
olan ikinci etimadın davamı Daxili İşlər Nazirliyindən
gəldi və ən böyük layihələrdən biri
olan bu iş çoxsaylı polis ordusuna peşəkar dil
öyrətmək məsələsini ortaya qoydu. Səbəbi
isə gələn ilin mayında Bakıda keçiriləcək
“Eurovision “ mahnı müsabiqəsinə gələn qonaqlarla
anlaşıqlı ünsiyyət qurulmasına nail
olmaqdır. DİN bu layihəni bizə həvalə eləyib
və layihənin həyata keçməsi artıq ikinci aya qədəm
qoyubdur”.
Sona
xanım onu da bildirdi ki, təhsil ümumxalq işidir. Burada təkcə
dövlətin dəstəyi, qayğısı azdır. Hər
kəs imkanı çatdığı qədər təhsilin
inkişafına kömək etməlidir. Biz bundan sonrakı
layihələrimizi də davam
etdirəcəyik və məsuliyyətimizi daha da
artırmağımıza çalışacağıq.
Daha
sonra Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev
çıxış edərək uğurlarının səbəbləri
və Kaspi təhsil mərkəzinin xaricdə təşkil
etdiyi sərgilər və yeni Kaspi nəşrləri barədə
ətraflı məlumat verdi: “Bizim bugünkü işimizin səbəbkarları
rəhbərliyimiz başda olmaqla bütün müəllim
heyəti və tələbələrdir. Artıq Kaspi Təhsil
Mərkəzinin üç nəşri işıq
üzü görüb. Bu üç kitabın hər biri
çox ciddi araşdırma və təhlillər
aparıldıqdan, bu sahə üzrə peşəkarların
məsləhətlərini aldıqdan sonra nəşrə
hazırlanmışdır. Kaspi Təhsil Mərkəzi Azərbaycanda
yeganə özəl təşkilatdır ki, beynəlxalq təhsil
sərgiləri keçirir. Təhsil sərgilərinin
özü kifayət qədər geniş layihə
olduğundan çox məsuliyyətli bir işdir. Biz ənənəvi
olaraq hər il iki dəfə yaz və payız sərgiləri
keçiririk ki, bunlar Kaspi Təhsil Mərkəzinin partnyoru
olduğu universitetlərdə həyata keçirilir. Bu
universitetlər dünyanın bir neçə inkişaf
etmiş ölkəsində olan nüfuzlu ali məktəblərdir.
Yeni partnyor universitetlərin sayı 70-ə
çatmışdır və 50-ə yaxın tələbənin
bakalavr və magistr pillələri üzrə xaricdə təhsilini
təmin etmişdir. Bizim bu layihəmiz bu il də daha geniş
şəkildə davam etdiriləcək. Xaricdə təhsil sərgisinin
keçirilməsində əsas məqsəd Azərbaycan gənclərinin
daha qabaqcıl universitetlərində təhsil almasına
kömək etməkdir. Artıq üçüncü ildir ki
biz bu layihəni davam etdiririk”. Təhsil Mərkəzinin
direktoru daha sonra uşaq hazırlığı layihəsi barədə
də məlumat verdi. Onların gələcək
inkişafında bu layihənin rolunun önəmli
olduğundan söhbət açdı.
Tədbirə
dəvətli qonaqlar qismində Kaspi Təhsil
Şurasının üzvü Yəhya Kərimov və Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur
Sofiyeva da iştirak ediblər. Yəhya Kərimov uşaq
hazırlığı, repetitorluq və s. barədə
danışaraq Bakı və regionlarda abituriyent qəbulunu
müqayisə elədi. O, həmçinin Kaspi Təhsil Mərkəzinin
93% abituriyent qəbulunun
olmasını böyük nailiyyət adlandırdı. Daha
sonra Azərbaycandakı uşaq bağçalarının
durumuna münasibət bildirən Şura üzvü xarici
ölkələrdəki uşaq bağçalarından da
söhbət açdı. “Kaspi Təhsil Mərkəzi də
bu istiqamətdə müəyyən işlərə
başlayıb, müəyyən proqramlar hazırlayıblar.
“Uşağı məktəbə hazırlamaqda valideynin rolu
çox böyükdür. Ona danışmağı,
şeir əzbərləməyi valideyn öyrədir. Yəni
ilk dəfə məktəbə hazırlıq valideyndən
başlayır”.
Yəhya
Kərimovanın çıxışına əlavə
olaraq Sona xanım bildirdi ki, təhsilə münasibət dəyişilməlidir.
“O mənada ki, bu münasibət fərqli olmalıdır,
müəllimin aldığı maaşdan asılı
olmayaraq məsuliyyət hissini dərk etməlidir. Bu
günün təhsili gələcəyindir. Onu naşı
adamın, milli qüruru olmayan insanın əlinə vermək
olmaz. Hesab edirəm ki, hər bir hazırlıq
kurslarının, universitet və kolleclərin də hər
ilin sonunda jurnalistlərin iştirakı ilə ictimaiyyət
qarşısında hesabatları dinlənilməlidir. Sona Vəliyeva
daha sonra qeyd etdi ki, Mərkəz 2011-ci ildə Bakı şəhəri
üzrə bir sıra məktəblərdə pulsuz
sınaqlar təşkil etmişdir. “Kaspi Təhsil Mərkəzi
özəl şirkət olaraq Azərbaycanda ilk dəfə ali
məktəblərə qəbul imtahanlarından dərhal
sonra Xəzər TV-də imtahan suallarının müzakirəsini
ictimaiyyətə çatdırmışdır”. Bu layihənin
gələcəkdə də davam etdiriləcəyi bildirildi.
Aynur
Sofiyeva da çıxışında təhsildə valideyn
rolunun önəmli olduğunu deyib. Kaspi Təhsil Mərkəzinin
zəruri fəaliyyətinin nəticəsi kimi kollektivin işə
məsuliyyətini göstərən Aynur xanım Təhsil Mərkəzi
ilə birgə işləməyə daim hazır
olduqlarını bildirib.
Təhsil
Mərkəzinin yeni nəşrləri barədə isə
müəlliflər özləri məlumat verib.
Tədbir
iştirakçıları sırasında bir neçə məktəb
direktorları da iştirak edib. 20 №-li məktəbin direktoru
çıxış edərək hər bir məktəbin
ayağa qalxmasına cəmiyyətin kömək etməli
olduğunu deyib. O, Kaspi Təhsil Mərkəzinə təşəkkürünü
bildirərək onların məktəblilər
üçün pulsuz sınaq imtahanlarını təşkil
etməsini dəstəkləyib. Direktor, həmçinin məktəblərlə
hazırlıq kurslarının əlaqəli işləməsinin
zəruri olduğunu bildirib.
Tədbirin
sonunda bu il yüksək nəticələrlə ali məktəblərə
qəbul olan abituriyentlərə hədiyyələr verilib.
670 balla ən yüksək nəticə göstərən
Tural Bahadırlıya isə kompyuter hədiyyə edilib.
Elgün Mənsimov
Kaspi.-
2011.-14 sentyabr.- S. 9.