Biz yeni bir Azərbaycan qurmuşuq

 

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli 20 illik müstəqillik tarixində əldə etdiklərimizdən razıdır

 

Oktyabrın 18-də Azərbaycanın yenidən müstəqilliyə qovuşmasının 20 illik yubileyi qeyd olunacaq. Müstəqillik tarixi üçün 20 il o qədər də böyük müddət olmasa da, bu illər ərzində çox böyük işlər görülüb. Həyatımızın bütün sahələrində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmağa başlayıb. Bu gündən etibarən «Kaspi» qəzeti müstəqilliyimizin 20 ili ərzində əldə etdiklərimizlə bağlı bu dövrün canlı şahidlərinin fikirlərinə yer ayıracaq. Rubrikamızın ilk qonağı Milli Məclisin deputatı, professor Fəzail İbrahimlidir.

 

-Fəzail müəllim, müstəqilliyimizin 20 ili sizin yaddaşınızda necə qalıb?

- Müstəqillik hər bir xalqın taleyinə yazılmayan nemətdir. Bilirik ki, dünyada çoxlu sayda millət var ki, onların müstəqil dövlətləri yoxdur. Azərbaycan isə tarixdə ikinci dəfə 20 il əvvəl bu şansı əldə etdi. Müstəqillik bizə bir sıra nemətlər bəxş etdi. Birincisi, Azərbaycan müstəqillik qazanmaqla özünün tarixi dövlətçiliyini bərpa etdi. İkincisi, işğalçı qonşularımızın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan SSRİ-nin tarixi torpaqlarını qoruyub saxlaya bildik. Yəni, müstəqil dövlətimiz Azərbaycanın tarixi torpaqlarına sahibləndi. Allahın köməkliyi ilə yaxın vaxtlarda işğal altında olan Dağlıq Qarabığı və ona bitişik rayonları da azad edəcəyik. Müstəqillik əldə etməklə Azərbaycan azad bir xalq kimi dünya dövlətlərinin, xalqlarının boy sırasına əlavə olundu. 20 illik müstəqillik ərzində Azərbaycan özünəməxsus inkişaf yolu keçərək regional liderə çevrildi. Bu gün biz iqtisadi potensialımız, silahlı qüvvələrimizin gücü ilə fəxr edirik. Bu gün müstəqil Azərbaycan beynəlxalq hüququn tam hüquqlu bir təmsilçisinə çevrilib. Biz dünyadakı bütün vacib beynəlxalq təşkilatların üzvüyük. Ötən 20 il ərzində biz özümüzə məxsus müstəqillik əxlaqı formalaşdırdıq.

- Ötən 20 il ərzində daxili siyasətdə nələri əldə edə bilmişik?

- Artıq Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur. 20 illik müstəqillik dövründə bir neçə dəfə prezident, parlament, bələdiyyə seçkiləri keçirilib. Bu müddət ərzində Azərbaycan demokratiya yolunda addım-addım irəliləyir. Artıq bir neçə mərhələni geridə qoymuşuq. Ölkənin iqtisadi cəhətdən inkişafı problemlərimizin həlli üçünbir təkan olub. Bu inkişafın davamı olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı addımlar atılıb, dövlət proqramları qəbul olunub. Bu proqramlar çərçivəsində Azərbaycan demək olar ki, tamamilə öz libasını dəyişib – biz yeni bir Azərbaycan qurmuşuq. Bu gün hər bir azərbaycanlı müstəqil dövlətimizin vətəndaşı olmağı ilə fəxr edə bilər. Əlbəttə ki, hər bir millət və dövlətdə olduğu kimi, bizdə də müəyyən problemlər mövcuddur. Amma ötən 20 il ərzində biz gələcəyə aparan ən doğru yolu seçə bilmişik. Məncə, əsas olan da budur. Bu yolla irəlilədikcə digər problemlərimizin də həllinə nail olacağıq. Vaxtilə babalarımız «Yox millətimin imzası imzalar içində» - deyə-deyə dünyalarını dəyişdilər. Bu gün isə hər bir Azərbaycan vətəndaşı fəxrlə deyə bilər ki, «Var millətimin imzası imzalar içində». Mən də fəxr edirəm ki, dünyanın ən yüksək bayrağının dalğalandığı məmləkətdə yaşayıram.

- Ötən 20 ildə xarici siyasət sahəsində də öz yolumuzu müəyyənləşdirə bilmişikmi?

- Bu istiqamətdə də lazım olan bütün addımlar atılıb. Xarici siyasətimizin tam formalaşmasında bizə mane olan əsas amil Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələ bir Domokl qılıncı kimi bizim başımızın üstündən asılı olaraq qalır. Xarici siyasətdəki əsas uğurumuz isə ondan ibarətdir ki, MDB-nin digər respublikalarından fərqli olaraq biz tam müstəqil siyasət yürüdə bilirik. 20 illik müstəqillik ərzində əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, bu gün respublikamızın ərazisində heç bir xarici ölkənin hərbi bazası yoxdur. Sərhədlərimizi özümüz qoruyuruq. Hökumət ardıcıl olaraq balanslaşdırılmış xarici siyasət həyata keçirməkdə davam edir. Xarici siyasətdə həlledici amil kimi milli maraqlarımızın qorunması faktoru çıxış edir. Başqa qonşularımızdan fərqli olaraq biz, problemlərimizi kənardan kiminsə gəlib həll etməsini gözləmirik.

- Ötən illərin təcrübəsi deməyə əsas verirmi ki, Azərbaycan hələ uzun illər öz müstəqilliyini qoruyub saxlaya biləcək?

- Məncə, bunun üçün hər bir əsas var. Bu gün hamı inanır ki, ümummilli liderimizin dediyi kimiAzərbaycanın müstəqilliyi  daimi dönməzdir. Heç bir xarici dövlət Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bunlar adi sözlər deyil. Birincisi, Azərbaycan artıq beynəlxalq hüququn tərkib hissəsinə çevrilib. Beynəlxalq hüquq hansısa ölkənin digər ölkəni işğal edib müstəqilliyini qəsb etməsinə imkan vermir. Digər tərəfdən, ikincisi, Azərbaycanın hərbi potensialı imkan verir ki, işğalçılıq niyyəti ilə torpaqlarımıza hücum edən istənilən dövlətin cavabını versin. Ən əsası isə Azərbaycan həm şimaldan, həm cənubdan torpaqlarımıza yönələn mənfur gözlərin, iti caynaqların qarşısında bütöv olaraq dura bilir. Azərbaycan xalqı torpaq, millət, dövlət, sərhəd müstəqillik məsələsində tam monolitdir. Dövlətimiz istənilən məqamda xalqı səfərbər etmək imkanlarına malikdir. Son 20 ildə bununla bağlı əldə etdiklərimiz qarşıdakı illərlə bağlı nikbin düşünməyə əsas verir.

- Müstəqillik illərində Azərbaycan tarixinin yenidən yazılması ilə bağlı məsələ gündəmə gəlib. Ötən illər ərzində bu istiqamətdə görülən işlər qaneedicidirmi?

- Bu müddət ərzində Azərbaycanın tarixi demək olar ki, tamamilə yenidən yazılıb. Tariximizlə bağlı bütün məqamlara yenidən baxılıb, milli konsepsiya hazırlanıb. Tarixçilərimiz tariximizin bütün məqamlarını ciddi şəkildə təhlil ediblər. 70 il müəyyən ideoloji çərçivə daxilində işləməyə məcbur olan tarixçilərimiz bu çərçivədən çıxaraq milli konsepsiyaya uyğun qura biliblər. Bunun nəticəsidir ki, qədim tariximizdən tutmuş bu günə qədər olan dövr tamamilə yenidən gözdən keçirilib. Güman edirəm ki, yeni nəsil bu işi uğurla davam etdirəcək. Amma tariximizdə hələ həll olunmamış mübahisəli məqamlar hələ qalır.

- Müstəqilliyimizin növbəti 20 ili ilə bağlı proqnozlarınız necədir? Qarşıda bizi nələr gözləyir?

- Güman edirəm ki, növbəti 20 il bizim üçün daha da uğurlu keçəcək. Bu illər ərzində müstəqil dövlətimizin bütün problemləri həllini tapacaq. Bu illər ərzində Azərbaycan dünyanın ən sivil, inkişaf etmiş, demokratik ölkələrindən birinə çevriləcək.

 

 

İlham QULİYEV 

 

Kaspi.- 2011.- 14 sentyabr.- S. 5.