«Milli Teleradio Şurası məsuliyyətdən qorxmur»

 

Nuşirəvan Məhərrəmli: «Biz efirimizi yad ünsürlərdən, yabançı filmlərdən qorumalıyıq»

 

Ötən həftə prezident İlham Əliyev “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” sərəncam imzalayıb. Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan telefilmlərin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq dövlət başçısı qərara alıb ki, milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 5 (beş) milyon manat vəsait ayrılsın.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli “Kaspi”yə müsahibəsində sərəncamın icra mexanizmi haqqında danışmaqla yanaşı ümumilikdə televiziya məkanımız haqqında sualları da cavablandırıb.

 

Variantlar

 

- Nuşirəvan müəllim, dövlət başçısının sərəncamından irəli gələn vəzifələr necə həyata keçiriləcək, hansı mexanizmlər var?

- Hazırda şurada, həm telekanallarla, həm də ictimaiyyətin bu sahə ilə bağlı nümayəndələri ilə məsləhətləşmələr gedir. Bu mövzu ilə bağlı ayrıca bir dəyirmi masanın keçirilməsini də planlaşdırırıq. Ən asan variantlardan biri müsabiqə yolu ilə ayrılan vəsaiti bölməkdir. Təbii ki,  bu yolla maliyyə vəsaiti kino ilə məşğul olan ayrı-ayrı insanlara ayrılacaqsa, bunun müsbət tərəfi var. Çünki bu, tam şəffaflıq və obyektiv şəraitdə həyata keçiriləcək. İstənilən insan öz işini ortaya qoya biləcək. Ancaq bunun başqa bir mənfi tərəfi də var ki, həmin hüquqi və ya fiziki şəxs öz filmini və ya serialı televiziyada nümayiş etdirə biləcəkmi? Televiziya kanalları onu alıb öz efirində göstərəcəkmi? Belə problem yaranır. Digər bir variant işə bilavasitə televiziya kanallarının özlərinin cəlb edilməsi və məsuliyyətin əsas hissəsinin onların üzərinə qoyulmasıdır. Bizim telekanallar bu işdə iştirak edəcək və müxtəlif prodüser şirkətləri ilə əməkdaşlıq edib ortaya keyfiyyətli iş qoyacaqlar.

Təbii ki, təkcə onlara pul ayırmaqla iş bitmir. Burada söhbət həm də ssenaridən, hansı mövzulara müraciət olunacağından gedir. Biz ayrı-ayrı istiqamətlər üzrə müsabiqələri elan etməyi fikirləşirik. Əsas istiqamətlər tərbiyəvi, maarifləndirici mövzulara aid olacaq. Azərbaycanda ailə-məişət mövzusunda müsbət ailə obrazının yaradılması, adət-ənənələr, böyük-kiçik münasibətləri, gənclərin həyat və fəaliyyətləri, maraqları, hərbi vətənpərvərlik və s. istiqamətlərdə mövzular müəyyənləşəcək. Gördüyünüz kimi bu, çox məsuliyyətli məsələdir və əsas odur ki, Milli Teleradio Şurası da bu məsuliyyətli məsələdən qorxmur. Bizə göstərilən etimadı doğrultmaq üçün bütün vasitələrdən istifadə edəcəyik. Biz efirimizi yad ünsürlərdən, yabançı filmlərdən qorumalıyıq. Bizim insanlarımız Latın Amerikası serialları ruhunda yox, öz milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar. Bu heç də qapalılıq demək deyil. Sadəcə, bizim efirimizdə xaricdə istehsal olunan filmlərin həcmi daha çoxdur. Bunun obyektiv səbəbi var. Çünki Azərbaycanda kino sahəsində böyük arxivimiz yoxdur ki, ondan yetərincə istifadə edək. Ona görə də məqsəd Azərbaycanın yerli televiziya filmlərinin çəkilməsini inkişaf etdirmək, yerli istehsalı stimullaşdırmaqdan ibarətdir. Hesab edirik ki, prezidentin sərəncamı Azərbaycan teleradio məkanında televiziya filmləri və seriallarının çəkilməsində ciddi canlanma yaradacaq.

-  Hərçənd, bizdə teleserialların çəkilməsi barədə fikirlər birmənalı deyil. Siz əminsinizmi, birdən-birə yaxşı teleseriallar ortaya çıxacaq?

- Təbii ki, “birdən-birə” cavabını vermək də çətindir. Azərbaycan dövləti yetişməkdə olan nəslin tərbiyəsinə xüsusi diqqət yetirir. Bu baxımdan dövlətin mövqeyi açıq ortadadır. Düzdür, televiziyaların seriallar çəkilməsi ilə bağlı müəyyən təcrübələri var. Ola bilsin ki, bütün insanlar həmin təcrübələri eyni cür qiymətləndirmirlər. Bununla belə, mövcud olanı dəyərləndirmək lazımdır. Hazırda da Azərbaycan kanallarında müəyyən qədər yerli istehsal var. Ancaq onların bəziləri çox bəsit, primitiv şəkildə olur. Filmlərdə hadisələr çox bayağı formada təqdim olunur. Ancaq əsas fakt odur ki, onlar bizim telekanallar tərəfindən ortaya qoyulur. Təbii ki, başlanğıc vacibdir. Növbəti addımda mövcud olanların keyfiyyətini daha da qaldırmaq nəzərdə tutulur. İndi televiziyada yayımlanan serialların, telefilmlərin sayını artırmaq üçün bizə gözəl şans yaranıb. Biz bu şansdan yararlanmalıyıq.

 

Peşəkarlıq ortaya qoyulmalıdır

 

- Bəzi kinorejissorlar kinonun incəsənət növü kimi tərbiyəvi əhəmiyyətinin olmamasını vurğulayırlar. Birmənalı olmayan fikrə sizin münasibətiniz necədir: teleserialların milli-mənəvi dəyərlərimizdə önəmli rolunun olduğunu düşünürsünüzmü?

- Hesab edirəm ki, hər bir ictimai fikrin çox böyük tərbiyəvi əhəmiyyəti var. Xüsusən də televiziyaların. Gənclər, uşaqlar bəzən ailədə valideynin dediklərindən daha çox televiziyada deyilənlərə qulaq asırlar. Bundan əlavə, insanlar uzun müddət ekran qarşısındadırlar. Ekran qarşısında olan mövcud vəziyyət onların həyat şəraitlərinə, məişətlərinə bu və ya digər şəkildə təsir edir. Bu baxımdan televiziyaların tərbiyəvi əhəmiyyətini böyük hesab edirəm. Biz insanlarımızı normal, sağlam mühitdə tərbiyə etmək istəyiriksə, efirə ən gözəl hisslər, mənəvi dəyərlərlə bağlı verilişlər gətirməliyik. Təbii ki, nöqsanlardan, problemlərdən də qaçmamalıyıq. Ancaq onları elə formada təqdim etmək lazımdır ki, tərbiyəvi əhəmiyyəti özünü göstərsin.

- Adətən, telekanallarda yayımlanan serialların mövzusu sevgi-məhəbbət, ailə-məişət dramları ilə bağlıdır. Ancaq son illərin təcrübəsi göstərdi ki, tarixi, dini mövzuda çəkilən seriallar da böyük auditoriya toplayır. Qurum kimi mövzu seçiminə qarışmaq hüququnuz olacaqmı?

- Biz telekanalların proqram siyasətinə və yaradıcılığına qarışmırıq. Bizim belə bir səlahiyyətimiz yoxdur. Bununla yanaşı, Teleradio Şurası ölkədə teleradio yayım siyasətinə dövlət nəzarətini həyata keçirən bir orqandır. Bu baxımdan əgər televiziya kanallarında ciddi problemlər varsa, bu məsələyə hansısa formada müdaxilə etməliyik. Qanunvericiliyin bizə verdiyi səlahiyyətlər çərçivəsində ictimaiyyətin maraqlarını qorumaq bizim üzərimizə düşür. Əgər bu gün Azərbaycanın efir məkanında xarici teleserialların həcmi artıqdırsa, bu haqda qərar vermək bizə aid olan məsələdir. Biz hətta, telekanalları məcbur edə bilərik ki, onların bir hissəsini yerli istehsalla əvəz etsinlər. Hər hansı televiziya kanalının rəhbəri lisenziyanı alarkən bütün işini xarici filmləri alıb efiri doldurmaqla bitmiş hesab etməməlidir. O, yerli məhsulu da ortaya qoymalıdır. Bu xalq, bu mühit, bu auditoriya üçün çalışmalıdır.

Mədəniyyət və Turizm Nazirliyinə hər il film çəkilişləri üçün 6-7 milyon manat dəyərində vəsait ayrılır. Əgər hesablasaq bu, 10 il ərzində 60-70, bəzən 80 film deməkdir. Amma ortada bir şey yoxdur. Əgər bu, Azərbaycan büdcəsindən ayrılıbsa, Azərbaycan tamaşaçısı üçün nəzərdə tutulubsa, təbii ki, bu, telekanallarda nümayiş olunmalıdır. Yox, əgər bu yalnız xarici kino festivallar üçün nəzərdə tutulubsa, mən bunu qəbul etmirəm. İstər bədii, istərsə də cizgi filmləri olsun, bunlar ilk növbədə Azərbaycan tamaşaçısı üçün olmalıdır. Əgər bunlar bu gün əlimizdə varsa və çox simvolik qiymətlə telekanallara satılarsa, biz onlardan istifadə edə bilərik. Təəssüf ki, onların qiymətləri həddən artıq şişirdilmiş formada verilir. Ona görə də efirimizdə daha çox xarici seriallar yayımlanır. Biz hər gün efirdə Azərbaycanla bağlı verilişlərin, serialların olmasında maraqlıyıq. Buna görə də seriallar həm mövzu, həm aktyorların oyunu, həm rejissor işi baxımından çox maraqlı olmalıdır ki, insanlar bezməsinlər. Təbii ki, burada peşəkarlıq ortaya qoyulmalıdır.

 

 

Ədəbi dil problemi

 

- Ötən həftə şura “Milli efir məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində aparılan monitorinqin nəticələrinə həsr olunan tədbir keçirib. KİV-də yayılan məlumatlara görə, nəticələr o qədər də ürəkaçan olmayıb.

-  Açığı, bu sahədə irəliləyişlər var. Məsələn, aparıcıların fəaliyyətində ciddi uğurlar hiss olunur. Bununla bərabər nöqsanlar da yetərincədir. Nöqsanlar daha çox qarışıq kəlmələrlə bağlıdır. Nəticədə eybəcər bir danışıq alınır. Müstəqillik əldə etdiyimiz bu 20 il ərzində bir çox azərbaycanlılar Azərbaycanda yaşaya-yaşaya hələ də öz dilinə laqeyd yanaşırlar, öz dillərini öyrənməyə çalışmırlar. Çox təəssüf ki, bu cür hallar şou xarakterli verilişlərdə də özünü çox  göstərir. ANS kanalında «Toy olsun» və “Lider” telekanalının «Qızıl pillə» verilişində bu, daha eybəcər formada olur. Təbii ki, biz bu insanlara inzibati qaydada  hökm verə bilmərik. Amma onlar efirin qaydalarına, ədəbi dil normalarına hörmətlə yanaşmalıdırlar. Yersiz, bayağı şit hərəkətlər var. Bütün bunlar tamaşaçıda haqlı olaraq narazılıq yaradır. Digər bir problem reklamlarla bağlıdır. Reklamlarda ədəbi dil normaları qorunmur.

- Siz dəfələrlə bayağı şou verilişlərin  telekanallarda yayımlanmasına öz  münasibətinizi bildirmisiniz. Bildiyim qədər problemlə bağlı dövlət başçısına da müraciət ünvanlamısınız. Amma telekanalların real mənzərəsi yaxşılığa doğru heç nə vəd etmir.

- Bəlkə də bunun müəyyən qədər zamana ehtiyacı var. Zamanın öz möhürü var. Biz inzibatçılığın tərəfdarı deyilik. Biz insanları başa salmaqla onların doğru yola gəlməsinin tərəfdarıyıq. Biz televiziyalar etdiklərinin doğru olmadığını zamanla anlatmaq fikrindəyik. Hesab edirəm ki, bu sahədə də uğurlar olacaq. Yadınızdadırsa, istər Azərbaycan dili ilə, istər xarici kanalların Azərbaycanın efir məkanına çıxması ilə bağlı və s. biz uzun müddət fikirlər bildirirdik. Nəhayət, onların hər biri haqqında xüsusi qərarlar qəbul olundu və həll etdik. İnanıram ki, bu məsələdə də Şuraya müəyyən səlahiyyətlər veriləcək. Çünki bu, zamanın tələbidir. Qonşu Türkiyədə də belə hallar uzun müddət müzakirə olundu və nəhayət onlara belə bir səlahiyyət verildi. Bizim şuraya da belə bir səlahiyyət verilərsə, təbii ki, əməkdaşlarımızın vəzifəsi ayrı-ayrı verilişləri bağlamaqdan ibarət olmayacaq. İnsanları hədsiz qıcıqlandıran, ədəbi dil normalarına uyğun gəlməyən, milli-mənəvi dəyərlərə zidd olan verilişlər bağlanarsa, hesab edirəm ki, digər televiziya kanalları belə verilişləri təqdim etməyə maraq göstərməz. Yəni bu, daha çox çəkindirici bir vasitə olar.

- Hamının maraqla baxdığı və qarşısından ayrıla bilmədiyi yaxşı televiziya və radionun açarı haradadır?

- Ümumiyyətlə, hazırda dünyada belə bir açar yoxdur. Təbii ki, bunlar şərti anlamdadır. Müəyyən qədər yaxşı, müəyyən qədər pis televiziyalar var. Hər bir televiziyanın öz auditoriyası mövcuddur. Bu baxımdan onun açarı da o auditoriyanın öz baxışlarıdır. Hər bir yaxşı televiziyanın açarı o tamaşaçıdadır. Tamaşaçı özü həmin açarı axtarıb tapır. Yəni açar insanların özündədir.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2011.- 15 sentyabr.- S.9.