“Yazılı
media ilə internet mediası
bir-birinə rəqib ola bilməz”
Demokratik Jurnalistlər Liqasının
sədri Yadigar Məmmədli hesab edir ki, bunlar
medianın paralel qollarıdırlar
Son vaxtlar əsas müzakirə mövzularından
biri də sosial medianın inkişafıdır. Xəbərlərin
sosial şəbəkələr
vasitəsilə yayılması,
media orqanlarında çalışmayanların
da xəbər istehsalına qoşulması
bu sahədə yeni mənzərənin yaranması ilə nəticələnib. İnternet
vasitəsilə təşəkkül
tapan və inkişafda olan bu media bəzən yeni media da adlandırılır.
Bəziləri yeni medianı klassik çap mətbuatına alternativ kimi görür. Belələrinin
fikrincə, yeni media zaman keçdikcə klassik medianı sıradan çıxaracaq.
Amma bu fikirlə
razılaşmayanlar da
var. Bunlardan biri də Demokratik Jurnalistlər Liqasının
sədri, tanınmış
jurnalist Yadigar Məmmədlidir.
- Yadigar bəy, son vaxtlar Azərbaycanda sosial medianın inkişafda olduğu müşahidə
olunur. Yeni medianın gələcəyi
ilə bağlı hansı fikirdəsiniz?
- Bəli, Azərbaycanda da yeni media yaranmaqdadır. Bir neçə ildir dünyada cərəyan edən proseslər bizim mediadan da yan
keçməyib. Bizim
də sosial media inkişafdadır. Statistik
məlumatlara görə,
2001-ci ildən etibarən
Azərbaycanda sosial şəbəkələrdən media vasitəsi kimi istifadə etmək meyilləri xüsusilə
çoxalıb. Xüsusilə
də gənclərimiz
çox fəaldırlar.
Təbii ki, bunun bir sıra
müsbət və mənfi cəhətləri
var. Mənfi cəhəti
odur ki, sosial şəbəkələrdə
xəbərlərin yayılmasına
nəzarət imkanları
yoxdur. Elə bu informasiyaların idarə olunması da problemdir. Burada heç bir qayda-qanun, nizam-intizam gözlənilmir.
Müsbət tərəfi
isə odur ki, sosial şəbəkələr
vasitəsilə xəbərlərin
paylaşması informasiyanın
yayılmasında zaman
itkisini aradan qaldırır.
- Bizdə sosial şəbəkələr
vasitəsilə müxtəlif
media qurumlarının hazırladığı
xəbərlər yayılır
və bir də ayrı-ayrı iştirakçıların statusları,
müxtəlif məsələlərlə
bağlı fikirləri.
Bunların hamısı
yeni medianın elementləri kimi qəbul oluna bilərmi?
- Təbii ki, sosial şəbəkədə
yayılan hər bir məlumatı medianın bir hissəsi hesab etmək olmaz. Siz dediyiniz məsələ
ilə bağlı xeyli müddətdir dünya səviyyəsində
də gərgin müzakirələr gedir və mübahisələr
var. Mən o fikrin tərəfdarıyam ki, sosial şəbəkələrdə
fəallıq göstərənləri,
blogerləri hamılıqla
media təmsilçisi hesab
etmək olmaz. Sosial şəbəkələrdə
yayılan xəbər
yalnız ictimai əhəmiyyət kəsb
edirsə, ona ciddi yanaşmaq lazımdır. Amma kimlərinsə korporotiv maraqları ilə bağlı xəbərləri
media ilə əlaqələndirmək
düzgün deyil.
- Sosial medianı bu sahədə yeni bir eranın başlanması kimi qəbul etmək olarmı?
- Təbii ki, yeni media bu sahədə
sıçrayışlı inkişafa səbəb olub. Təsəvvür edin ki, indi
mobil telefonlardan istifadə etməklə informasiyanı anındaca yaymaq mümkündür.
Bu, çox adi bir məsələdir. Məsələn, əvvəllər
televiziyaların hər
hansı bir yerdən canlı yayım təşkil etməsi çox çətinliklə başa
gəlirdi. Bunun üçün çox baha qiymətləri olan texniki vasitələrə
sahib olmaq lazım idi. İndi isə sadəcə mobil telefondan istifadə etməklə bu bağlantını qurmaq mümkündür.
Bu, hələ son demək
deyil. Yaxın zamanlarda informasiyaya anında çatım imkanlarımız daha da artacaq. Bütün
bunların hamısı
yeni medianın xidmətləridir. Yuxarıda
qeyd etdiyim kimi, bunun mənfi
tərəflərinin olduğunu
da unutmamalıyıq.
Nəzarətdən kənar
yayılan lazım olmayan informasiyalar son nəticədə bizim müəyyən zərərlə
üzləşməyimizə səbəb ola bilər. Ən əsası bundan cəmiyyət ziyan çəkə bilər.
- Bizdə xəbər saytlarının,
internet qəzetlərin sayı
da sürətlə artmaqdadır. İnformasiya
agentlikləri onlayn rejimində xəbər yayır, internet portallar çoxalırlar. Bütün
bunlar yazılı mətbuata ciddi rəqib hesab oluna bilərlərmi? Başqa sözlə, yeni medianın qəzetləri sıradan çıxarmaq imkanları
varmı?
- Bu tipli təhlükələr
tarixin müəyyən
mərhələlərində həmişə olub. Məsələn, kino yarananda deyiblər ki, teatr tamamilə
sıradan çıxacaq.
Amma biz bunun şahidi olmamışıq.
Televiziya yarananda dedilər ki, radiolar tamamilə sıradan çıxacaqlar.
Amma belə olmadı. İndi də deyirlər ki, yeni media qəzetləri sıradan çıxaracaq. Məncə
bu da reallaşmayacaq.
Yazılı media ilə
internet mediası bir-birinə
rəqib ola bilməz. Bunlar medianın paralel qollarıdırlar. Unutmaq lazım deyil ki, yeni medianın
özülü yazılı
medianın üzərində
qurulub. Normal yazılı
media internet mediasının inkişafından narahat olmamalıdır.
Əksinə, internet mediasının inkişafı yazılı
media üçün əlavə
imkanlar açır. Yazılı medianın müraciət etdiyi mənbələr artır.
Bundan başqa, xaricdə böyük
media holdinqləri var ki, onların nəzarətində olan qəzetlərin həm yüksək səviyyəli
saytları, həm radioları, həm də televiziyaları fəaliyyət göstərir.
Yəni yeni media yazılı mətbuat üçün bu kimi əlavə imkanlar açıb. Düzdür, hələlik
bizdə belə qəzetlər yoxdur, amma mən inanıram
ki, gələcəkdə
olacaq. Bu baxımdan hesab edirəm ki, yeni medianı,
internet portalları qəzetlərə
alternativ kimi görmək düzgün
deyil. Bunlar bir-birini tamamlayan elementlərdir.
- Bizdə yeni media nümunələri daha çox qəzetlərin hesabına məşhurlaşırlar.
Bu fikri bölüşürsünüzmü?
Yəni yeni yaranan saytları qəzetlər onlara istinad edəndən sonra tanıyırlar.
- Bəli, bu, həqiqətən belədir.
Bizdə daha çox o saytlar uğur qazanırlar ki, onların klassik mediaya bağlılığı və
ya çıxışı
var. Bunun özü də mənim yuxarıda söylədiyim
fikirləri bir daha təsdiqləyir. Bu baxımdan internet mediasının
klassik medianı sıxışdırıb gündəmdən
çıxaracağından qorxmaq lazım deyil. Bu, heç vaxt olmayacaq.
- Yeni medianın əsas nümunələrindən biri
də internet televiziyalarıdır.
Son vaxtlar bizdə də internet TV-lərin sayı sürətlə artır. Siz internet TV-lərin inkişaf perspektivini necə görürsünüz?
- Bəli həqiqətən
də bizdə internet
televiziyaları artmağa
başlayıb. Onların
bəziləri davamlı
fəaliyyət göstərməkdədirlər.
Amma təəssüf
ki, hələlik bizim bütün vətəndaşlarımızın internet televiziyalarını izləmək
imkanı yoxdur. Başqa sözlə, onların auditoriyası o qədər geniş deyil. Onlar daha
çox internet istifadəçilərinə
xidmət edirlər. Amma hesab edirəm
ki, internet televiziyalarının
qarşısında duran
bu problem bir zaman məsələsidir.
Gələcəkdə bu
problem həll olunacaq.
Müəyyən texniki
problemlər həll olunandan sonra biz internet televiziyalarını təkcə
kompyuterlər vasitəsilə
deyil, mobil telefonlarımızla da izləyə biləcəyik.
Bax onda internet televiziyalarının əhatə
dairəsi və rolu artacaq. Mən
bunu yaxın zamanların hadisəsi kimi proqnozlaşdırıram.
Yəni cəmiyyəti
daha tez, daha doğru informasiyalarla qovuşdurmaq
imkanları getdikcə
artacaq.
- Yadigar müəllim, bu günlərdə siz 50 illik yubileyinizi qeyd edirsiniz. Həyatınızın böyük
bir hissəsini media işinə həsr etmisiniz. Bütün yuxarıda qeyd etdiyimiz yeniliklər də nəzərə alınmaqla Azərbaycan mediasının gələcəyini
necə görürsünüz?
- Müstəqillik illərində
Azərbaycan mediası
böyük inkişaf
yolu keçib. Bu, bizim gözümüzün
qarşısında baş
verib. Bu illər ərzində bizim nəzərəçarpacaq uğurlarımız
da olub, problemlərimiz də. Təbii ki, bu müddət ərzində mediamız xeyli inkişaf edib. İmkanlarımız,
maddi-texniki bazamız,
kadr potensialımız,
peşəkarlığımız artıb. Bununla yanaşı, bütün
dünyada olduğu kimi bizim medianın
da yeni-yeni problemləri peyda olub. Məsələn, elə yeni medianın
yaranması ilə əlaqədar yazılı
mətbuat xeyli oxucu itirib. Qəzetlərimizin
tirajı xeyli azalıb, reklam qıtlığı var. İndi
bu problemlərin həlli yolları axtarılır. Mən inanıram ki, sonunda bu problemlər
öz həllini tapacaq. Ümumilikdə Azərbaycan mediasının
gələcəyinə çox
nikbin yanaşıram.
Ümid edirəm ki, Azərbaycan iqtisadiyyatının bu cür sürətli inkişafı son nəticədə
digər sahələrin,
o cümlədən medianın
da inkişafına təkan verəcək. Yaxın vaxtlarda Azərbaycan mediası bizim istədiyimiz qədər müstəqil
və bizim istədiyimiz qədər peşəkar olacaq. Mediamız cəmiyyətdə
ictimai rəyin formalaşmasında əsas
rol oynayan faktorlardan biri kimi qalmaqda davam
edəcək.
İlham QULİYEV
Kaspi.- 2011.-16 sentyabr.- S.5.