Dünyagörmüş kişi ... 

 

Ömrünün 81 ilini yola salan akademik Xoşbəxt Yusifzadə həmişə başındadır: “Hələ ki yaşayır, çalışır, düşünür, sözümü deyirəm»

 

Çox vaxt deyirlər ki, insanın ömür yolu da onunla birgə doğulur. Hər kəs anadan olduğu gündən öz ömür yolunun izinə, cığırına düşərək yol gedir. Təbii ki, bu yolun sonu, qısa ya uzun olması Tanrıdan başqa kimsəyə bəlli olmaz. Amma keçilən yolun hər addımı, hər döngəsi, hər yoxuşu, hər enişi yolçunun göz yaddaşına hopar, hafizəsinə köçər, beynində, ürəyində iz salar. Bu yolun işığından insanlara da nur düşər. Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadə də Tanrının ona qismət etdiyi yolla gedir. Bu yolun əzabından, nə çətinliklərindən qorxmayıb. Onun fədakar insanlara xas olan yaşam fəlsəfəsi var.

Məhz uzun illərin gərgin zəhmətinin nəticəsidir ki, onu Azərbaycan neft sənayesinin canlı ensiklopediyası və əfsanəsi adlandırırlar. Onun adı şanlı neft tariximizi yaradan şəxsiyyət kimi tarixə düşüb. O, ölkəmizdə zəngin neft yataqlarının kəşf edilməsi və işlənməsinə böyük əmək sərf edən görkəmli mütəxəssis kimi tanınır.

Azərbaycan SSR Dövlət mükafatları laureatı, Azərbaycan Respublikasının Əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin rəhbərliyi altında Xəzər dənizində aparılan geoloji-kəşfiyyat işlərinin parlaq nəticələri bütün dünyaya bəllidir. Ümummilli lider Heydər Əliyev onun haqqındaAzərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdurdeyib.

 

Sınaq meydanı

 

Zirvəyə yetən insanlar hamısı o yolu necə keçibsə, Xoşbəxt Yusifzadə də o cür ağrılı, əzablı keçib. 81 il öncə Bakıda anadan olan X.Yusifzadə ağır  uşaqlıq illəri yaşayıb. Otuz yeddinci ilin sərt küləkləri onların da qapısını döyüb. Səkkiz yaşında atasını və bir çox yaxın qohumlarını "xalq düşməni" kimi həbs ediblər. Ailənin yükü anasının üstünə düşüb. Balaca Xoşbəxt  köməksiz ana himayəsində olmazın məhrumiyyətlər çəkib. Fəqət yaşadığı çətinliklər onu mətinləşdirib, həyatın sınaqlarına hazırlayıb. Onu əməksevər, zəhmətkeş insan kimi yetişdirib, ömür yolunu müəyyənləşdirməyə kömək edib. O, hər kəsin qibtə edəcəyi işgüzarlığa sahib olub. Ancaq Tanrı mərhəmətini də ondan əsirgəməyib. Ayrı-ayrı illərdə rastlaşdığı təsadüflər Xoşbəxt Yusifzadəyə uğurlar  qazandırıb.

X.Yusifzadə 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu mühəndis geoloq ixtisası üzrə bitirib. Elə həmin ildən “Neft daşlarıNQÇİ-də geoloq, baş geoloq, 1970-ci ildən Dənizdə Neft Qazçıxarma İstehsalat Birliyində baş direktorun müavini, eyni zamanda baş geoloq vəzifələrində işləyib. 1961-ci ildə namizədlik, 1987-ci ildə  isə Moskvada doktorluq dissertasiyasını müdafiə edib.

Görkəmli alim 170 elmi əsərin, o cümlədən 17 monoqrafiyanın, bir neçə ixtiranın müəllifidir. Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla yerinə yetirilməsində onun xidmətləri xüsusilə böyükdür. "Bahar", "Günəşli", "Azəri", "Çıraq", "Kəpəz" və başqa neft-qaz-kondensat yataqlarının kəşfi bilavasitə onun rəhbərliyi iştirakı ilə həyata keçirilib. Onun məhsuldar fəaliyyəti dövründə Xəzərdə 20 neft qaz yatağı kəşf edilib.

 

Əxlaq məktəbi

 

Görkəmli akademiki yaxından tanıyanlar, böyük alimliyindən ziyadə bütöv, dili, ürəyi təmiz, saf əqidəli insan kimi dəyərləndirirlər. Deyirlər ki, Xoşbəxt Yusifzadə məclislərin gözüdür, böyüklə böyük, kiçiklə kiçik kimi rəftarı var. Gənc nəslə qocalıq müdrikliyinə söykənən ağsaqqal öyüd nəsihəti, məsləhətləri də öz yerində. Heç şübhəsiz, görkəmli akademikin həyat yolu yetişən nəsil üçün layiqli örnəkdir.

Görkəmli akademik uzun şərəfli ömür yolunu "Ömrümün illəri və izləri" kitabında qələmə alıb. Bioqrafik mahiyyəti daşıyan  kitab Azərbaycanın böyük neft epopeyası haqqında maraqlı bir hekayətdir. Eyni zamanda, kitab son əlli beş ildə bu epopeyanın mərkəzi simalarından biri olmuş X.Yusifzadənin keçdiyi böyük həyat yolu, sevimli peşəsi, həmkarları, doğma yaxın adamları haqqında düşüncələrini əks etdirir. Bu illər ərzində Azərbaycanın siyasi sosial həyatında, o cümlədən, neft sənayesində bütün dünyanın diqqətini cəlb edən bir sıra əlamətdar hadisələr baş verib. Xoşbəxt müəllim də özünün 80 illiyi ərəfəsində həmkarları və dostları ilə, onu yaxından-uzaqdan tanıyanlarla görüşə “Ömrümün illəri izləri”nin əlavə edilib yenidən işlənmiş nəşri ilə gəlib.

Azərbaycan neft qaz sənayesinin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Yusifzadə Azərbaycanın yüksək mükafatlarına - «Şərəf» və «Şöhrət” və  "İstiqlal" ordenlərinə layiq görülüb.

 

Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!

Görkəmli akademikin keçən il keçirilən 80 illik yubileyində çıxış edən dövlət başçısı İlham Əliyev ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənilməsində, neft emalı sənayesinin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin böyük xidmətlərini xatırladıb: “Xoşbəxt Yusifzadənin elmi yaradıcılığı neftqaz sənayesinin aktual problemlərinin həllinə, neft-qaz geologiyasının inkişafına, yataqların işlənilməsinə və geofiziki axtarış üsullarının təkmilləşdirilməsinə dəyərli töhfə olub”. Müstəqil Azərbaycanın dünyanın məşhur neft şirkətləri ilə imzaladığı müqavilələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsində xüsusi fərqlənən Xoşbəxt Yusifzadə bu gün yorulmadan çalışır, elmistehsalat sahəsində öz səmərəli fəaliyyətini  davam etdirir. Ömrünün 81 ilini yola salan görkəmli akademik həmişə başındadır:  “Hələ ki yaşayır, çalışır, düşünür, sözümu deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: Biz əlimizdən gələni, bacardığımızı etdik, qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!”

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2011.- 14 yanvar.- S. 9.