“Növbəti qurultay da diasporumuzun
inkişafı üçün stimul olacaq”
Ümumrusiya Azərbaycanlıları
Konqresinin Stavropol vilayəti üzrə regional rəhbəri Fəxrəddin
Yarıyev: «Hazırlaşırıq ki, Stavropolda Rusiya Azərbaycanlı
Gənclər Təşkilatının nümayəndəliyini
yaradaq»
Dünyada
yaş təcrübəsi çox diasporlar var. Elə
diasporlar var ki, hələ öz dövləti
yaranmamışdan formalaşıb, təşkilatlana bilib və
bu gün yaşadığı ölkənin, hətta bəzən
dünyanın iqtisadi və siyasi proseslərinə təsir
göstərə bilir. Bunlara irland, yəhudi, erməni
diasporlarını misal göstərmək olar. Dünyada həm
də kifayət qədər təcrübəsi və
gücü olan diasporlar var: yunan, çin, hind, italyan
diasporlarının siyasi və maliyyə potensialından hətta
bu xalqların dövlətləri də dayaq kimi yararlana bilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev
demişdir: “Qüdrətli ölkə olmaq üçün həm
də güclü diaspora malik olmaq lazımdır.”
Diasporlarımızın yaranması və
formalaşmasının tarixi yaxın olsa da, böyük
işlər görülüb və nailiyyətlər əldə
edilib. Bu və ya digər məsələlərlə
bağlı Ümumrusiya Azərbaycanlıları Konqresinin
Stavropol vilayəti üzrə regional rəhbəri, “Odlar
yurdu” Azərbaycan Cəmiyyətinin prezidenti Fəxrəddin
Yarıyevin AZADİNFORM-a müsahibəsini təqdim edirik.
-Stavropol
vilayəti rəhbərliyinin Azərbaycana qarşı
münasibət necədir?
-
Çox yüksək səviyyədə. Hələ Vladimr
Putinin prezidentlik dövründə qubernator Çernoqorovla
birgə Azərbaycanda rəsmi səfərdə olduq. Bundan
başqa, bu ölkənin rəsmilərinin Azərbaycana səfərlərini
təşkil etmişik. Həmin nümayəndə heyəti Bakıda
Şəhidlər Xiyabanını, qaçqınların
yaşadığı yerlərdə olmuş və ermənilərin
azərbaycanlılara qarşı törətdiyi təzavüzün
nəticələri ilə yaxından tanış olublar. Hər
səfərimiz Stavropolda, dövlət televiziyasının
vasitəsilə dünyaya yayılıb.
-
İş adamlarının Azərbaycanla əməkdaşlığa
cəlb olunmasında hansısa qatqınız olurmu?
- Biz
bu kimi əlaqələrin yaradılması,
qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi məsələsində
maraqlıyıq. Bu istiqamətdə bir sıra təşəbbüsümüz
də olub və Azərbaycana bir sıra iş
adamlarının səfərlərini təşkil etmişik.
İqtisadi-ticari, diplomatik, mədəni əlaqələrin
inkişaf etdirilməsi ilə bağlı ikitərəfli
müqavilələr bağlanılıb. Ötən il aprelin
27-də Stavropolun qubernatoru başda olmaqla 135 nəfərlik
nümayəndə heyəti Azərbaycana səfər
etmişdi. Mən də nümayəndə heyətinin tərkibində
idim. Səfər çərçivəsində Stavropol-Azərbaycan
əməkdaşlığına dair üç müqavilə
imzalandı. Sözsüz ki, bu da diasporumuzun səmərəli
fəaliyyətinin tərkib hissəsi
idi.
- Bəs,
azərbaycanlılar Rusiyanın ictimai-siyasi həyatında nə
kimi rol oynayırlar?
- Demək
olar ki, aktivliyimiz yüksək səviyyədədir.
Rusiyanın çoxsaylı, o cümlədən ictimai-siyasi tədbirlərinə
rəsmi dəvət olunur və orada yaxından iştirak
edirik. Eyni zamanda bizim təşkil etdiyimiz tədbirlərə
də bu ölkənin dövlət və hökumət
nümayəndələri qatılır. Rus ictimaiyyətinin
marağını nəzərə alaraq, Azərbaycanda
keçirilən tədbirləri də orada təşkil
edirik. Rusiyada keçirilən seçkilərdə də
yaxından iştirak edirik. Hətta seçkilərdə fəal
iştirakımıza görə RF prezidenti D.Medvedev tərəfindən
təşəkkür diplomu almışıq. Mən Azərbaycanda
baş tutan 2 parlament və bir prezident seçkisində
Müstəqil Dövlətlər Birliyinin müşahidə
missiyasının tərkibində beynəlxalq müşahidəçi
qismində iştirak etmişəm. Mənim oranın dövlət
kanallarında da dəfələrlə
çıxışlarım olub. Həmin
çıxışlar vasitəsilə Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasına
çalışmışam.
-
Stavropolda 160 min erməni yaşayır. Maraqlıdır, necə
dolanırsınız?
- Bəli,
160 min ermənisi olan Stavropolda fəaliyyət göstərmək
çətindir, ancaq buna baxmayaraq, fəaliyyətimizlə
onları üstələyirik. Bu vilayətdə 45 minə
yaxın azərbaycanlı məskunlaşıb. Ancaq
soydaşlarımızın ermənilərə nisbətən
azlıq təşkil etməsi fəaliyyətimizə
heç bir təsir etmir, əksinə diasporumuzun işi ermənilərin
fəaliyyətinə nisbətən daha yüksəkdir. Bir
ara ermənilər tərəfindən Azərbaycanın
“dolma” yeməyinin guya onlara məxsus olması məsələsi
hallanmışdı. Lakin mən qəti etiraz etdim, efir vasitəsilə
bu yeməyin sırf Azərbaycan mətbəxinə aid
olduğunu əsaslandırdım. Bu gün Azərbaycan
diasporu milli maraqlarımızın müdafiəsi işində
də fəal iştirak edir. Azərbaycana qarşı müxtəlif
dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən
yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları
dərhal kəskin etirazlarını bildirirlər.
-Stavropolda
yaşayan ziyalıların, iş adamlarının, ümumiyyətlə
imkanlı şəxslərin diaspor, lobbi quruculuğunda
iştirakı hansı səviyyədədir?
- Bu
məsələyə cənab prezidentimizin də münasibəti
olub və qeyd edib ki, yaşadığınız ölkələrdə
çalışan iş adamlarının diaspor quruculuğuna
cəlb olunması üçün müəyyən səy
göstərək. Biz, bu vacib tövsiyəni rəhbər
tutaraq iş adamlarının fəaliyyətimizə
qoşulması istiqamətində müvafiq işlər
görmüşük. İndi apardığımız səylər
nəticəsində Stavropolda yaşayan imkanlıların,
ziyalıların demək olar ki, 80 faizini diaspor quruculuğunda
iştirakını təmin etmişik. Bu da fəaliyyətimizin
daha da aktivləşməsi, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinin diqqətinə çatdırması
istiqamətində apardığımız işlərin
reallaşmasına müsbət təsir göstərir. Yeri gəlmişkən
qeyd edim ki, digər diasporlarla da səmərəli münasibətlər
qururuq.
- Fəxrəddin
müəllim, Stavropolda gənclərimizin təhsil
almaları, dilimizin təbliği işləri ilə
bağlı hansı işlər görülür?
Yaşadığınız vilayətdə azərbaycandilli məktəb
fəaliyyət göstərirmi?
-
Düzdür, Stavropolda azərbaycandilli məktəb yoxdur,
amma bazar günü məktəblərimiz var. Orada şagirdlərə
Azərbaycan müəllimləri tərəfindən dərs
keçirilir. Şagirdlərimiz Azərbaycan hökuməti tərəfindən
müvafiq dərsliklərlə
təmin edilir. Dilimizin də hər zaman, hər yerdə
inkişafına çalışmaq bizim borcumuzdur. Bu yerdə
ümummilli liderimizin gözəl bir kəlamı yadıma
düşdü. O deyirdi ki, çalışın işlərinizi
rus dilində aparın, ancaq Azərbaycan dilinə yüksək
qiymət verin. Biz, ana dilimizin qorunması, onun
inkişafını yüksək səviyyədə təmin
olunmasına çalışmalıyıq. Bu, bizim hər
zaman borcumuz və vəzifəmizdir. Mən tədbirlərimizdə
çıxışımı da Azərbaycan dilində edirəm.
-Yaşadığınız
ölkədə Azərbaycan vətəndaşlarının
dinin mənsubiyyəti ilə bağlı problemləri yoxdur
ki?
-
Rusiyada bu məsələlərlə bağlı heç bir
problem yoxdur. Orada dini
durum Azərbaycanda olduğu
kimi sabitdir. Müsəlmanlar üçün məscidlər
var. Məscidlərin tikintisi
üçün heç
bir bürokratik əngəllər yoxdur.
Hər bir millətin nümayəndəsi azad ibadət edə bilir. Bizim orada dini işlər üzrə nümayəndəmiz də
var. Dinlə bağlı
orada bir sıra millətlərin nümayəndələrinin iştirakı
ilə tədbirlər
keçirilir. Biz orada vəhabilik, dini ekstremizmi birmənalı şəkildə
pislədiyimizi elan edirik. Bəyan edirik ki, terrorizmi islamla, dinlə bağlamaq olmaz. Azərbaycanın nümunəvi tolerant ölkə olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırırdıq.
Bir sözlə, hər bir ölkənin bu sahədə müvafiq qanunvericiliyi var.
Rusiyada da bu məsələ müvafiq qanunvericiliklə
tənzimlənir.
-Bu yaxınlarda paytaxt Moskvada ciddi iğtişaşlar oldu. Bu xoşagəlməz hadisələr Stavropolda təkrarlanmadı ki?
- Əlbəttə,
cinayətkarın Vətəni
yoxdur. Milliyyətindən asılı olmayaraq
istənilən cinayətkar
bağışlanılmazdır. Bəli, son dekabr hadisələri Moskvada böyük səs-küyə səbəb
oldu. Mənə elə gəlir
ki, bu, müəyyən
qüvvələrin təşkilatçılığı
nəticəsində baş
vermişdi. Amma Stavropolda
belə bir hadisə baş vermədi. Həmin iğtişaşların daha da genişlənməməsi
ilə bağlı hüquq-mühafizə orqanları,
eləcə də digər qurumların yığıncaqları keçirildi.
Həmin
yığıncaqlara biz də
dəvət olunmuşduq.
İclaslardan sonra biz də
müəyyən işlər
gördük.
- Qarşıdan Dünya Azərbaycanlılarının III Qurultayı gəlir. Qurultaya hazırlıq görürsünüzmü?
- Bu qurultay sözün həqiqi mənasında böyük bir təşəbbüsdür. Bu toplantıya hazırlığımız
yüksək səviyyədə
gedir. Hələ ötən ilin
18 dekabrında Moskvada
Ümumrusiya Azərbaycanlılarının
Konqresinin tədbiri oldu. Bu konqresdə
növbəti qurultay məsələsinə də
toxunuldu. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun da çıxışından
məlum oldu ki, yığıncağa
yüksək səviyyədə
hazırlıq işləri
aparılır. Mən, birinci
və ikinci qurultayın da iştirakçısı olmuşam
və üçüncü
qurultaya da böyük əhval-ruhiyə
ilə hazırlaşıram.
Onu da qeyd edim
ki, bu qurultay
sıradan bir toplantı deyil. Bu, əlli milyona
yaxın azərbaycanlıların
qurultayıdır. Əminəm ki, bu toplantı
diasporlarımızın inkişafı,
onların fəaliyyətinin
daha da aktivləşməsi
üçün bir stimul olacaq.
-Gələcək perspektivdə
hansı tədbirlər
gözlənilir?
- Biz hazırda qeyd etdiyim kimi, növbəti
qurultaya hazırlaşırıq,
ancaq bununla yanaşı bir sıra tədbirlərimiz
də olacaq. Bu yaxınlarda Stavropolun
mədəniyyət naziri
ilə görüşümüz
oldu. Görüşdə Azərbaycanla mədəni
əlaqələrin daha
da genişləndirilməsi
ilə bağlı müzakirələr apardıq.
İstəyirik ki, Azərbaycan
mədəniyyətinin orada
təbliği ilə bağlı müəyyən
işlər görək.
Məsələn, Azərbaycanın tanınmış şair
və yazıçıları,
tarixi şəxsiyyətlərinin
orada daha yaxından tanıdılması
ilə bağlı tədbir keçirməyi
düşünürük və bununla bağlı müqavilə
də bağlanılıb.
Bundan başqa, biz hazırlaşırıq
ki, Stavropolda Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
nümayəndəliyini də
yaradaq.
Atif Eyvazov
Kaspi.- 2011.- 14 yanvar.- S. 11.