“Nabucco” və Avropa Birliyinin geopolitik çağırışları
Birinci addım atıldı,
davamı olacaqmı?
Ötən həftə Bakıda Avropa Komissiyası ilə Azərbaycan arasında «Cənub qaz dəhlizi barədə birgə bəyannamə» adlı sənəd imzalandı. Bundan əlavə,
Azərbaycan və Avropa Komissiyası arasında 2011-2013-cü illəri
əhatə edən milli indikativ proqram haqqında qarşılıqlı anlaşma
memorandumuna imza atıldı. Bütün bunlar
isə Yeni Qonşuluq və Şərq tərəfdaşlığı
proqramları çərçivəsində
müəyyən olunan
əməkdaşlıq sahələrini
əhatə edir.
O ki qaldı imzalanan bəyannaməyə,
bu, xüsusi önəm kəsb edir. Bu ilk növbədə
Avropa İttifaqı ilə Azərbaycan arasında ənənəvi
proqramlardan kənar xüsusi bir önəm daşıyır.
Özü də çox
kiçik bir dairəyə - enerji resurslarının nəqlinə
aiddir. Məhz bu səbəbdən
də Avropa Komissiyasının rəhbəri
Joze Manuel Barrozu Bakıya gəldi.
Yaranmış mövcud vəziyyət toxunulması zəruri olan bir sıra aspektləri əhatə edir. İlk növbədə nümayəndə heyətinin tərkibində Barrozunun özünün olması böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də bəyannamənin adının seçilməsi təsadüfü deyil və çox əhəmiyyətli siyasi və strateji kontekst məna kəsb edir. Əlavə edək ki, Azərbaycandan sonra Avropa Birliyinin nümayəndə heyəti şərqə, Türkmənistana yollanıb. Heç şübhəsiz ki, bu səfər və imzalanan bəyannamə «Nabucco» qaz kəməri layihəsinin gələcəkdə reallaşması üçün növbəti addımdır. Bu kəmər perspektivdə Mərkəzi Asiya regionu ölkələrindən qazın Mərkəzi və Şərqi Avropa ölkələrinə tranzitini nəzərdə tutur. AB nümayəndə heyətinin Türkmənistana səfər etməsi də yaranmış bu vəziyyəti təsdiq edir. Axı bu ölkə «Nabucco» boru xətti üçün əsas mənbədir. Aydındır ki, Türkmənistanla heç bir bəyannamə imzalanmayacaq. Belə ki, Aşqabad AB-nin Yeni Qonşuluq Siyasəti, nə də Şərq tərəfdaşlığı üzrə partnyoru deyil. Belə olan halda ortaya belə bir sual çıxır- nə üçün bəyannamə «Nabucco»ya deyil, Cənub xəttini əhatə edir?
Qeyd etmək lazımdır ki, «Cənub
dəhlizi» anlayışı nəinki “Nabucco”
qaz kəmərini, həm də nəzəri
cəhətdən Transadriatik qaz kəməri (TAP), «Ağ
kəmər», eləcə də Azərbaycanın
qazının nəqlini həyata keçirəcək və
Türkiyə, Yunanıstan və İtaliyadan
keçəcək «ITGI» layihəsini özündə birləşdirir.
Bəyannamənin adının hazırkı mənasının
səbəbləri isə müxtəlifdir: ilk
növbədə demək lazımdır ki,
indiki ad «Nabucco» layihəsinin reallaşması ilə
bağlı deyil. Ölkəmiz «Nabucco» boru xəttinə dəstəyini
ifadə etsə də, orada iştirak edəcəyini bəyan etməyib.
İlkin olaraq Azərbaycanın
bu layihədə iştirakı Mərkəzi
Asiyadan ixrac olunacaq qaz üçün
tranzit ölkə olması ilə nəzərdə
tutulurdu. Lakin Transxəzər boru xəttinin reallaşması
ilə bağlı
problem ortaya çıxdı. Bunsuz isə
qazın nəqli, eləcə də “Nabucco” layihəsinin reallaşması mümkün
deyildi. Birinci mərhələdə nativ kimi “Şahdəniz”
qaz kəmərindən
istifadə nəzərdə
tutulurdu. Lakin Azərbaycan
və Türkiyə arasında qazın qiyməti və tarifi arasında fikir ayrılığı
yarandı və bu da ona
gətirib çıxardı
ki, “Şahdəniz” yatağının işlənməsinin
ikinci mərhələsi
bir neçə illiyə təxirə salındı. Hazırda tərəflər
bununla bağlı bir sıra əhəmiyyətli
nəticələr əldə
ediblər və bu məsələ gündəmdə deyil.
Bundan əlavə, Azərbaycan
«Nabucco» layihəsində
tranzit ölkə kimi iştirak etmək istəyir və bu da
onun geostrateji əhəmiyyətini artıra
bilər. Lakin «Nabucco»
layihəsinin inşası
üzrə iştirakçı
dövlətlər hesab
edir ki, Azərbaycanın bu istəyi, eləcə də Türkmənistanın
öz qazını dünya bazarlarına çıxarmağa şərait
yaradılması bu iki ölkənin ikitərəfli qaydada Transxəzər boru kəmərinin inşası
rolunda maneələri
aradan qaldıra bilər. Kompaniyalara optimizm verən
isə Türkmənistan
prezidenti Qurbanqulu Berdıməhəmmədovun hakimiyyətə
gəlməsi ilə bu iki ölkə
arasında olan gərginliyə son qoyulması
oldu. Lakin konsorsium üzvlərinin
əsas səhvi ondadır ki, onlar «Nabucco» layihəsini sırf kommersiya rakursunda görürlər. Halbuki, Azərbaycan
və Türkmənistan
tərəfindən bu,
geostrateji layihə kimi nəzərdən keçirilir. Transxəzər boru xəttinin reallaşması üçün
bu iki ölkəyə
siyasi dəstək və təhlükəsizlik
təminatı gərəkdir.
Necə ki, bunu ABŞ 1999-cu ildə İstanbul sammiti zamanı Bakı-Tbilisi-Ceyhan kəmərinə qarşı
etdi. Bu, Azərbaycana Xəzər üzrə qonşu ölkələrdən (Rusiya
və İran nəzərdə tutulur - müəl.) kəmərin
təhlükəsizliyi üçün
gələn təhlükələrin
aradan qaldırılmasına
imkan vermiş oldu. Sonda da bu iki ölkə ABŞ-ın maraqlarına uyğun olan layihəyə qarşı
çıxa bilmədilər.
ABŞ «Nabucco» layihəsinin reallaşmasını
istəsə də, layihənin siyasi mənada dəstəkləməkdən
yaxasını kənara
çəkir. Onun bu addımı atmasının
səbəbi isə xarici siyasətdə prioritet istiqamətlərdir.
Ən əsası, İraq və Əfqanıstanda aparılan müharibələrdir
ki, hazırda da bundan çıxış
yolları aranır.
Yeri gəlmişkən, «Cənub dəhlizi» terminin işlədilməsinin ikinci səbəbi məhz ABŞ-ın mövqeyi ilə bağlıdır. Belə ki, ABŞ Dövlət Departamentinin Xəzərin enerji problemləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın qismində başqa bir konkret layihənin adını çəkmədən dəfələrlə bəyan edib ki, «Cənub dəhlizi» layihəsini dəstəkləyir. Avropa Komissiyasının layihədə fəal iştirakı isə iki məsələni ortaya çıxarır: birincisi, «Nabucco» konsorsiumunun üzvləri nəhayət ki, başa düşdülər ki, siyasi dəstək və təhlükəsizlik təminatı olmadan nə Azərbaycan, nə də Türkmənistan Transxəzər layihəsinin reallaşması ilə məşğul olacaq. Bu ölkələr üçün isə bu cür təminat çox vacibdir. Necə ki, Gürcüstanda məlum avqust hadisələri zamanı bunun şahidi olduq. Belə ki, Qərb ölkələri sadəcə, həmin hadisələrə müdaxilə etmək istəmədilər. Hər iki ölkə çox gözəl anlayır ki, Transxəzər boru xəttinin reallaşması ilə onlar maraqlı tərəflərin mövqeləri ilə üz-üzə qalacaqlar. Bu səbəbdən də «Nabucco» konsorsiumu tərəfindən layihənin reallaşmasına olan münasibət kommersiya mərhələsindən sırf siyasi axara keçdi, konsorsiumun maraqlarını isə Avropa Komissiya ifadə etməyə başladı. İkincisi, AB bununla bir növ Birləşmiş Ştatları əvəzləmək və siyasi mərkəz kimi çıxış etmək, regional səviyyədə özünü göstərmək istəyir. AB üçün bu mövqe əhəmiyyətlidir. İndi ən mühüm məsələ odur ki, Avropa Komissiyası üzərinə düşən missiyanı yerinə yetirə və ABŞ-ı əvəz edə biləcək, ya yox. Axı Avropa Komissiyası uğur qazanacağı təqdirdə ümumi xarici siyasət, eləcə də enerji məsələsində konsolidasiyanın yeni mexanizmlərini işləyə və qlobal da olmasa, minimum regional aktyor kimi yeni müstəviyə çıxa bilər.
Avropa Birliyinin ötən əsrin 90-cı illərində müstəqil şəkildə Bosniya və Herseqovinada münaqişəni həll etmək kimi acı təcrübəsini də yaddan çıxarmaq lazım deyil. Qurum bu qənaətdə idi ki, Avropanın problemini avropalılar özləri həll etməlidirlər. Lakin münaqişə daha da qızışdı və yalnız ABŞ-ın müdaxiləsi ilə onu nizamlamaq mümkün oldu. Heç şübhəsiz, bu iki əhəmiyyətli məsələni müqayisə etmək olmaz. Lakin belə bir sual ortaya çıxır - AB Rusiyanın maraqlarını balanslaşdıra biləcəkmi? Necə ki, ABŞ bunu BTC ilə bağlı edə bildi. Əgər BTC-nin reallaşması Azərbaycanın iqtisadi cəhətdən müstəqil etdisə, Transxəzər boru xəttinin, ardınca da “Nabucco” reallaşması və dəstək əldə etməsi Mərkəzi Asiya ölkələrinə belə bir imkan verə bilər. Geosiyasət və onun miqyası indiki halda çox genişdir. Təbii ki, məsuliyyət də böyükdür. Lakin istənilən halda birinci addım atıldı. Bundan sonra bu addımlar davam edəcəkmi? Bunu isə zaman göstərər.
Azər Nuriyev
Kaspi.- 2011.- 18 yanvar.- S. 4.